Unutduqca Təkrarlanir Bəlalar

Unutduqca Təkrarlanir Bəlalar

İstər şəxsi həyatda, istərsə də cəmiyyət həyatında baş verən hadisələr mütləq şəkildə daha əvvəl də baş verənlərin təkrarıdır. İlk insan Adəm Peyğəmbərdən bəri tarix minlərlə hadisələrin şahidi olmuşdur. 

Heç şübhəsiz ki, bu və ya digər şəkildə bu hadisələr bir-birlərinə müəyyən mənada oxşar hadisələrdir. Sual yarana bilər ki, bəs bu hadisələr niyə təkrarlanır? İnsan kəlməsi bir görüşə görə “nisyan”, yəni unutmaq kəlməsi ilə eyni kökdəndir. “Nisyan” unutqanlığı, yaddaşsızlığı ifadə edir. Və bütün hadisələr əslində daha əvvəl olanların unudulması səbəbilə baş verir.

Tarix isə heç nəyi unutmur, ancaq bəzən tarixi unutdururlar. Bir millətin tarixini unutması isə kiçilmək deməkdir! Kiçilmək, dəyərini itirməkdir.

Nəyə görə faciələrimizə bu qədər etinasızıq? Nəyə görə tarixin inkaredilməz həqiqətlərini dünyaya çatdıra bilmirik? Ermənilər əsassız genosidlərinə dünyanı inanandırdıqları halda, niyə biz yaxın tariximizdəki Xocalı qəddarlığını lazımi şəkildə tanıda bilmirik?

Bəlkə bu, bizim faciəmizi milliləşdirə bilməməkdən irəli gəlir. Bəlkə də, biz ümummilli ideya arxasında birləşə bilmirik!

Tarixə nəzər saldıqda görürük ki, tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gəlmişdir. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir. Bu faciələr, yalnız ildönümlərində gündəmə gətirilməməlidir.

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

XX əsrdə azərbaycanlılar müntəzəm olaraq erməni terroruna, erməni soyqırımına məruz qalmışdır. 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra zorla ikiyə bölünmüş Azərbaycanın şimalına, yəni Rusiyaya birləşdirilmiş ərazisinə İrandan, Türkiyədən və qeyri-ölkələrdən erməni ailələr köçürülmüşdür. Qafqazın bəzi ərazilərində də onlara yer verilmiş, yaşayış üçün də hər cür şərait yaradılmışdır.

XIX əsrin əvvəllərindən başlayaraq ermənilər tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşmış, beləliklə də azərbaycanlılar öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulmuş, onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir.

Ötən əsrdə dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım və deportasiya siyasəti onu göstərir ki, ermənilərin xalqımıza olan tarixi münasibəti dəyişməyib və dəyişməyəcək.

1905-1907-ci illər birinci rus inqilabı dövründə çarizm öz hakimiyyətini qorumaq üçün milli ədavətləri qızışdırdı. Bundan ermənilər yararlandılar və əsrlər boyu çörəyini yedikləri, suyunu içib, torpağında yaşadıqları azərbaycanlılara qarşı tarixdə görünməmiş qırğına başladılar. 1905-ci il hadisələrində ermənilər azərbaycanlıları qırırdı və bu vəziyyətə rus hakimiyyəti biganəliklə baxırdı. Ermənilər Bakıda, Şamaxıda, Gəncədə, Qubada, Lənkəranda, Qarabağda, Zəngəzurda və başqa yerlərdə qırğınlar törətmişdilər. Tarixi faktlar göstərir ki, ermənilər azərbaycanlıları çox böyük qəddarlıqla, özlərinə məxsus amansızlıqla öldürmüşlər.

  1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox əhalini erməni vəhşiləri xüsusi amansızlıqla qətlə yetirmişlər.

Ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905-1907-ci illər, 1918-1920-ci illər) 2 milyona yaxın azərbaycanlı, ermənilər tərəfindən qətlə yetirilmiş, öz ev-eşiyindən zorla qovulmuşdur.

Mart qırğını zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadınının meyidi tapılmışdır.

Tariximizə 31 mart qırğını kimi daxil olmuş bu dəhşətli hadisə xalqımızın tarixinə qanlı hərflərlə yazılmışdır.

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə mərhum prezident Heydər Əliyevin 27 mart 1998-ci il «31 mart Azərbaycanlıların Soyqırımı haqqında» fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırım günü elan edilmişdir. Bu hadisələri, onların dərslərini unutmağa haqqımız yoxdur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz