TARİXİ ŞƏXSİYYƏTLƏRİN TƏRBİYƏDƏKİ ROLU

TARİXİ ŞƏXSİYYƏTLƏRİN TƏRBİYƏDƏKİ ROLU

Tarix nə öyünmək, nə də başqalarını aşağılamaq üçün oxunur. Bir meyvə başqa bir meyvəylə aşılandığı zaman belə kökü ilə əlaqəsi kəsilmir. O, bütün qidasını, dəstəyini fərqli olsa da gövdəsi və onun bağlı olduğu kökdən alır. Əslində kökə bağlılıq dəyişimin və inkişafın təməl qaynağı olmalıdır. Tarix bizim gələcəyə ümid saçacaq, şimşəklər çaxdıracaq bir qaynağımızdır. Ondan ayrı düşdükdə quruyar və inkişaf etmərik. Tarixə sahib çıxmaq gələcəyi zəmanət altına almaq deməkdir.

Tarixi keçmişdə yaşanmış zəfərlərlə öyünmə səbəbi və ya keçmişdəki məğlubiyyətləri öyrənərək bizi məyus edəcək, hətta tarixə söydürəcək bir səbəb olaraq deyil, bugünün böhranına həll yolu tapacaq, qaranlığı aydınladacaq və gələcəyin şəfəqlərinə sürükləyəcək bir vasitə olaraq oxumalı, bilməliyik.

 Bütün ümidini tarixə bağlayan yerinə tarixdən güc alan bir tarix şüuruyla gələcəyi tarixi şəxsiyyətlərin xarakterlərinin üzərində inşa edəcək nəsil yetişdirmək...

Fərdlərin və cəmiyyətlərin formalaşmasında tarixi şəxsiyyətlərin rolu danılmazdır. Uşağın gündəlik həyatında zahiri olaraq ata-ana və xarici ünsürlərin təsirli olduğu kimi mənəvi dünyasında tarixi şəxsiyyətlərin həyatlarının bilinməsi, oxunması təsirli olur. 

Bəzi hadisələr vardır ki, onların təkrar yaşanması demək olar ki, imkansızdır. Sözünü etdiyimiz hadisələrdə yer almış şəxsiyyətlərin xaraktelərindən həm biz, həm də yeni nəsil xəbərdar olmalıdır. Bu hadisələrin bilinməsi övladlarımızla keçmiş zaman arasında bir körpü qurar və onların inkişafına müsbət mənada təsir edər. Tariximiz bu baxımdan son dərəcə zəngindir. Kimisi cəsarəti, kimisi fədakarlığı, kimisi sədaqəti ilə şöhrət tapmış böyüklərimiz var. Füzulinin şeirdə və ədəbiyyatda oynadığı rolu, Seyyid Yəhya Şirvaninin elm və irfanı, Hüseyn Cavidin, Əhməd Cavadın, Mikayıl Müşfiqin vətənpərvərliyi, Hacı Zeynəlabdin Tağıyevin xeyriyyəçiliyi nümunə göstərilərək bu şəxsiyyətlərin işığında tarixə düşəcək nəsillər yetişdirmək imkanımız var.

Unutmamaq lazımdır ki, insanlar şəxsiyyətlərə vurğundurlar. İnsan oğlunun fitrətində başqalarını örnək alma, başqasından nümunə götürmə duyğusu vardır. Buna görə də Allah təala bəşəriyyətə sadəcə kitablar göndərməmiş, onların canlı nümunələri olan peyğəmbərləri nümunə göstərərək hər birinin ideal kimi qəbul olunmasını istəmişdir. Bu baxımdan ilk insanın da Peyğəmbər olması faktı çox diqqətçəkicidir.  Məhz bu gerçəyi gözardı etmədən hər zaman gənclərə doğru örnəklər göstərməli, onların bu xüsusda arzuedilməz qapıları döyməsinə fürsət verməməliyik.  

Tariximizdə var olan mümtaz şəxsiyyətləri mümtaz edən xarakter keyfiyyətlərini bugünümüzə daşımaq və onları mümtaz qılan özəllikləri uşaqlarımıza qazandırmaq tarixə düşəcək nəsillər yetişdirmə xüsusunda mühüm addım atmaq deməkdir. Əks təqdirdə kapitalizmin çarxlarında şöhrət olma, tez varlanma, eqoizm, yüksəlmək üçün başqalarından istifadə etmək, zəhmət çəkmədən qazanmaq, zövq və əyləncə mərkəzli yaşamaq kimi qəribə bir həyat fəlsəfəsinə məruz qalan övladlarımızın xarakter inkişafında da problemlər baş qaldıracaqdır. Sosial məsuliyyətlərdən uzaqlaşaraq eqoistləşmək də, tarixin insana yüklədiyi missiyadan uzaqlaşmaqdır. Bir millətin gələcəyini görmək üçün onların gənclərinə baxmaq kifayətdir demişlər. Bu gün gələcəyimizi necə görmək istəyiriksə gənclərimizi də o istiqamətdə yetişdirməliyik.

Doğruluq, çalışqanlıq, fədakarlıq, cəsarət, yardımlaşma, sədaqət, ədalətli olmaq, ədəbli olmaq, məsuliyyət şüuruna sahib olmaq, güvənilən biri olmaq kimi yüksək keyfiyyətlər mənbəyi olan tariximizlə, dəyərlərimizlə və qəhrəmanlarımızla yenidən tanış olmalıyıq. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz