AZƏRBAYCAN RUHUNUN YORULMAZ PƏRVANƏSİ
Uzun zamandan bəri bir kitab yol gəlirdi bizə doğru. Nə yol bitirdi, nə kitab. Tilsimə düşmüşdü yollar da, kitab da, kitabın yazarı da. Daha doğrusu, yollar tilsimlənmişdi. Bu tilsimi qırmaq yetmiş ildən artıq sürmüş dəhşətli bir yuxunu dağıtmaq qədər çətin bir işdi.
Kitabın müəllifi Yavuz Bülent Bakiler səksəninci illərdə Azərbaycanın başına gələn və gəlməkdə olan müsibətlərlə bağlı bir kitab üzərində işlədiyini onu sevənlərə rahatca ulaşdıra bilmişdi. Ona görə rahatca deyirəm ki, o şeir yazdımı, vəd verdimi dərhal əks-səda verir, hər kəsə çatırdı. Kəlmə başı ürəyinin bütün riqqəti ilə “Can Azərbaycan!” deyib bu kəlməni dalğalandıran şair elə yazacağı kitabının da adının “Can Azərbaycan!” olacağını vəd etmişdi. Əslində, kitab çoxdan yazılmışdı, tədarük çoxdan görülmüşdü. Amma mətləb hasil olmurdu ki, olmurdu. Kitab son dərəcə mühüm bir qorxu ilə yaxalanmamaq üçün gündən-günə, aydan-aya, ildən-ilə təxirə düşürdü. Şair sonralar həmin kitabın ilk səhifəsində yazacaqdı ki: “Yazmaqda nədən gecikdim?”
Bu şairin meydana atıldığından bəri dili pərgar, əlləri od-alov, qələmi kəskindən kəskin... Nədən gecikərdi ki?! Həmin yazıda yavuz bülent Bakiler elə bunları açıqlamaqda.
Azərbaycana 80-ci ildə ilk gəlişindən bəri Azərbaycan varlığının canlı dili, ölçüyəgəlməz zəngin mənəvi ruhu və bütünlüklə bu diyarın pərvanəsinə çevrilmiş birisi!
Əcaba, özümü özünü pərvanəyə çevirdi Yavuz bəy? Yox! Azərbaycan taleyinin və tarixinin bilməcə sualları yağır gözümüz qarşısına. Onlara əl-ayaq versək çaya dönər, dənizə axar, dənizləri dalğalandırar...
Tarixin dolanbac yolları ilə 18-ci əsrin əvvəllərində Türkiyənin Sivas bölgəsinə köç edən bir ailənin soyumayan, səngiməyən, varlığını qeyb etməyən ruhundan nəşvünüma tapdı sonralar Yavuz bəy. O gündən bu günə az zmana keçməyib üstümüzdən, amma bu müddətdə varlığını hifz edib saxlamaq da böyük hünərdi. Ağdam bölgəsinin ab-havasını, məlahətli türk ləhcəsini, sözünün-savının şəhdüşəkərini gündəlik həyatında çörəyinə yavanlıq eləyib ruhuna qida kimi yedizdirib yaşayan bu ailə tarix boyu türk varlığının bəqası uğrunda çoxdan-çox mücadiləyə qoşulmuş və əksəriyyətində ya şəhid olmuş, ya da qazi. Bu şanlı nəslin tarixindən sıxıb-sıxıb bir özət versəm, necə də yeridir: Yavuz Bülent Bakilerin ulu dədələrindən hələ də Qarabağ torpağında kök atıb bu cənnətməkanın nicatını gözləyən Hacı Əli Murad Qarabağ torpağında şairin heç vaxt yrvatdan düşməyəcək Məkkəsi, Mədinəsi! Onun oğlu Hacı Ali Fərəhşad Ağdandan köç edərək Maraşda yerləşir. Və yenə Maraşda yaşayaraq o torpağa gömülən Məhəmməd Sabir də köçdükləri torpağa kök atmanın bir timsalını göstərmiş insanlardır.
Yavuz ulu dədələrinin xatirəsini kitablardan deyil, nəslin çəlik yaddaşından çox bacarıqla hifz edib toplaya bilmişdir. Və yeri düşdükcə deyir ki, nəslinin ulu kişilərini itirən ürəyinin qanını və ruhunun cilasını itirmiş sayılır.
Sivasın Gürün bölgəsində böyük dədələrindən Hacı Mahmud əl-Qarabaği də bu şairin toxumalarına cila vermiş mötəbər insanlardandır. Keçən əsrdə Ərzurumun müdafiəsində şəhid düşən Camal Əfəndinin və Sivasda vətən torpağına qarışan babası Cəzmi Bakilərin ruhlarını uzun müddətdir ki, Azərbaycan varlığına bitib-tükənməz məhəbbətiylə yazıb dillərdə dastan eliyən, düz yazıları və şeirləri ilə Yavuz Bülənt Bakilər sanki onların unudulmaz xatirəsinə Fatihələrlə üz tutur.
Yavuz Bülənt Bakilər sanki Azərbaycanın bu gün Türkiyədə kimsə tərəfindən təyin edilməmiş qanuni səfiridir. Gündəlik həyatımızın bütün problemləri ilə maraqlanır, sevincimizə və kədərimizə cani-dildən şərik çıxır. Tək şərik çıxmaqla qalmır bu adam, onların çözülməsində felən iştirak edir.
Mübarizə aparıb dizinə döyüldüyündə geri qayıdan vətənin müdafiəçisi deyil. Əsl ər olan kişi son damla qanına qədər bu yolda can qıyan kimsələrdir. Səksəninci ildə Azərbaycana ilk gəlişində min bir çətinliklə qarşılaşan Yavuz Bülənt Qarabağ torpağına rəhmətlik Bəxtiyar Vahabzadənin yardımı ilə gedib çıxa bildi. Buna baxmayaraq amansız rejimin iti gözləri onun Anadoluda yatan dədələrinin qəbrinə bir təbərrük kimi səpmək istədiyi bir ovuc torpağı onun əlindən alıb, şairi dədələrinin hüzuruna əliboş qaytardılar. Bir insanın vətən müqəddəsatından istəyəcək bundan artıq nə ola bilər ki? İnsanın bağlarını vətənlə büsbütün kəsməkdən günah nə ola bilər ki? Belə bir rejimdə yaşadıq uzun zaman.
Yazılarının birində “Marksizim br böyük yalan və zülm imperatorluğudur!” –deyən yavuz Bülənt Azərbaycan həqiqətlərini tək türkiyədəki soydaşlarımıza deyil, onların vasitəsiylə dünyaya çatdırmaq yolunda, həqiqətən çox böyük mənəvi qəhrəmanlıq örnəyi göstərmişdir. Təkcə mənəvi qəhrəmanlıqmı?! Cismən də onu məhv etməyin qərarlaşdırıldığı aşkar oldu. Amma vətəni, mənəvi dəyərləri uğrunda ayağa qalxan Yavuz kimi yavuz oğullar hər hədəylə oturmurlar.
Yavuzun çox mövzusu, çoxtərəfli fəaliyyəti var: “Üsküpdən Kosovaya” kitabı ilə türk varlığının vətən sevgisini və bu sevgi uğrunda çəkdiyi əzab-əziyyəti usta bir dillə, yanar bir ürəklə bütünlüklə Türk dünyasına aşılaya bildi.
Bir televizyon proqramçısı kimi onun silsilə şəklində olan “Avropada Türk izləri”, “Türkümüz-Türklüyümüz” və ümumən Avropada çox yüksək qarşılanan və dilimizin keçmişinə və bugününə aydın güzgü tutan “Sözün doğrusu” uzun zaman müddətində mavi ekrandan böyük həyəcanla və sevgiylə seyr edilmişdir. Əbəs deyil ki, axırıncı seriyadan olan veriliş nə qədər quruluş və toplumların mükafatları ilə dəyərləndirilmişdir.
Yavuz bəydə adilik içində qeyri-adiliyi ilə seçilib şəkillənən bir səs bəxtəvərliyi var. Bu səs geniş kütləyə məxsus hər evdə başa düşülən və hər kəsin içindən xəbər verən sirayətedici bir möcüzədir. Yavuz bəy sanki ulu dədələrimizin hələ də qalmaqda olan diliylə danışır. Amma bugünün texniki inqilablar dövrünün bütün qavramlarına söykənən söhbətlərini o uluların da başa düşəcəkləri tərzdə dilə gətirir. Adətən, çox mülayim və pıçıltını xatırladan bu dil yeri gələndə anidən sərtləşib çəliyə dönür və ötkəmliyi ilə diqqəti cəlb edir. Yavuz kəlmələrlə, amma bunların sehrli bir rabitəsiylə qurur söhbətini. Onun televizyon dili ayrıca bir elmi tədqiqə dəyən bir mövzudur.
Yavuz bəyin qəlbinə toxunmasın: onun nəsr dili şeir dilindən də ötə bütün türklük üçün gərəklidir! Bu adam tək bir kəlmə ətrafında bu sözün yaranıb təşəkkül tapması yolunda nə qədər bacarıqla at səyridir və Azərbaycan münəvvərlərinin ruhlarından qopan vətən sevgisinin bütün çalarlarını dil vasitəsilə başımız üzərində taca çevirməyi bacarır.
Yavuz Bülənt heç vaxt Azərbaycandan kənarda yaşadığı düşüncəylə ömür sürmür. O, həmişə toplumumuzda və toplumdakıların hər birinin dünyasında varlığını davam etdirməyindədir.
Deyəsən, mənim haşiyəm xeyli uzun çəkdi. Çünki “Can Azərbaycan!” kitabını nədən gecikdirdiyinin səbəbini izah etmək istəyirdim. İstər Bəxtiyar vahabzadə, istər rəhmətlik Xudu Məmmədov və istərsə mən hər görüşümüzdə onu ehtiyatlı olmağa çağırırdıq. Qaş qayırdığı yerdə vurub göz çıxarıldığını da qoca tarix bizə çox deyib. Bizim həqiqətimizin bəyanı ilə yatmış pələngi üstümüzə qaldırıb bizlərdən çoxumuzu parçalatdıra biləcəyi ehtimalı da həqiqət idi. Yavuz Bülənt kitabında sonralar bunu yerli-yerində dilə gətirəcəkdi. Amma doğrusu bu ki, bizim mülahizələrimizi nəzərə aldı və “Can Azərbaycan!” kəlmə olaraq dillərdə dastan olsa da günümüzə gəlib çatmadı və bugünlərdə qəflətən onun yerinə bu yolun əvvəlində yazdığı “Azərbaycan ürəyimdə bir şah damardır” şeirinin adı ilə yayınlanan kitabı bir müjdə olaraq bizə çatdırıldı. Arzu edilən “Can Azərbaycan” bir kitabın üstünə çıxmasa da buradakı bütün yazıların qanını, cövhərini təşkil etdi. Yavuz bəyin hər kəlməsində “Can Azərbaycan!” var. Bir kitab boyda və denya boyda “Can Azərbaycan!” Şairin məram şeiri olan “Azərbaycan ürəyimdə bir şahdamardır” əsəri məmləkətimiz üçün doğrudan öygülərin öygüsü, sevgilərin ulu tərənnümü olan bir əsərdir. İstər Anadoluda, istərsə də bizdə Hər kəsin dilinin əzbəri olmalı bu şeirdə bir ürəyin odlu-alovlu səngiməz ruhunun döyüntüləri yaşamaqdadır. Kitabdakı düz yazılar da sanki bu şeirə tabe tutulub.
“Azərbaycan ürəyimdə bir şahdamardır” kitabı mövzu rəngarəngliyi baxımından bədii dillə yazılmış bir ensiklopediya kitabını xatırladır. Tarixin qaranlıq çağlarından günümüzə hər şey var burda! Torpağımıza, dilimizə, mənəvi dəyərlərimizə, oxunmuş türkülərdir sanki! Zatən nəsr dili də odla-alovla yoğrulan, bir sənət səviyyəsinə qaldırılan bu yazılarda vətəndaş deyilən, özünü türk sayan hər soydaşımız qəlbinin bütün döyüntüləri ilə burada asanlıqla və səriştəylə qarşılaşa bilər.
Azərbaycanın ürəyində bir şah damar olan və Azərbaycan ürəyində şah damar olan bu kitab məmləkətimizin həqiqətlərini dünya türklüyünə və türklüyə hörmət qoyan hər kəsə çatdırmaq yolunda inanıram ki, çox böyük bir sənət əsəridir. Bu kitab haqqında, buradakı başlıqların və mövzuların hərəsi haqqında nə qədər danışmaq və yazmaq mümkündür. Amma jurnalın həcmini nəzərə alıb mən bununla kifayətləndirm: oxucunun daha böyük ləzzətlə kitabla baş-başa qalacağına içimdə böyük inam var.
Bəlkə də oxucu şah damarımızın tərənnümü olan bu kitabı hardan əldə edəcəyini fikirləşdi. Onda da deyərəm ki, şükürlər olsun ki, axır ki, türkiyə bizə çox yaxın oldu və görünən dağın arxası da uzaqda deyil.
Axtaran tapar.
ŞƏRHLƏR