AZADLIQ CARÇISI

AZADLIQ CARÇISI

Nə zindandan çəkiniriz, nə qanlı dar ağacından.

Çünki Türküz, ər köksümüz al qırmızı dan yeridir.

Ə. Xaqani

18 il bundan əvvəl bir oktyabr günündə 71 il əvvəl itirdiyimiz azadlığımızı tapdıq, həsrətini çəkdiyimiz müstəqilliyimizə yenidən qovuşduq.

1920-ci ilin baharında ucalıqdan endirilən üçrəngli bayrağımız 1991-ci ilin sonbaharında yenidən dalğalandı. Həmin gün – oktyabrın 17-də Azərbaycan Ali Sovetinin binasında deputatlar xalqın tələbi və təkidi ilə Azərbaycanın müstəqilliyini elan etdilər.

Lakin xalqımızı azadlığa aparan bu yollar qanlı-qadalı və keşməkeşli idi. Yaman çox gözlədik Azadlıq gününü. Böyük qardaşlarımızın (rusların) sayəsində dədə-baba torpaqlarımızı itirə-itirə gəlib çatdıq bu günlərə. Bizə 131 min kv.km miras qalan ərazinin ancaq 86.9 kv.km-nə sahib olduq. 1937-ci ili gördük, 1990-cı ilin dəhşətlərini yaşadıq. 1991-ci ildə Azadlığımız bizə qızıl xonçada verilmədi, o azadlıq birdən-birə göydən düşmədi. 1988-ci ildə başlaan və gündən-günə güclənən milli-azadlıq hərəkatı 1991-ci ildə öz kuliminasiya nöqtəsinə çataraq azadlığımızı gerçəkləşdirdi. Milli-azadlıq hərəkatının əsası isə 1960-cı illərin əvvəllərində qoyulmuşdu. Bu o vaxtlar idi ki, B. Vahabzadənin “Gülüstan” poeması şagird dəftərlərində ev-ev gəzir, əl-əl dolaşırdı. Bu o vaxtlar idi ki, İsmayıl Şıxlı xalqın mənliyini, kişiliyini, qeyrətini özünə qaytarmaq üçün “Dəli Kür” romanında Cahandar ağa kimi bir surət yaratmışdı. Bu o vaxtlar idi ki, Xəlil Rza Ulutürk əvvəlcə institut auditoriyalarında, institutdan kənarlaşdırıldıqdan sonra isə tələbə və fəhlə yataqxanalarında gəncləri mübarizəyə hazırlayırdı.

“Doğransam da parça-parça, tikə-tikə, rizə-rizə

Mübarizə, mübarizə, mübarizə” –

deyərək hayqırır, Sovetlər İttifaqının 15 respublikasından biri olan doğma vətəninin əsarət altında inlədiyini görür, olmayan azadlıqdan dəm vuranların yalanlarına dözməyərək:

“Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,

Qolumdakı zəncirləri qıram gərək, qıram-qıram!” – deyirdi.

1959-cu ildə Moskvada Qorki adına Ümumittifaq Ədəbiyyat İnstitutunu bitirən gənc Xəlil Rza Azərbaycan Pedoqoji İnstitutunun filologiya fakültəsində Sovet Ədəbiyyatından mühazirələr oxuyur. Tez bir zamanda tələbələrin sevimlisinə çevrilir. Çoxlarının üstündən sükutla keçdiyi acı həqiqətləri qorxmadan deyən X. Rzanın tələbələrdə milli şüurun oyanmasına çalışır. Pərəstişkarları çoxaldıqca bədxahları da çoxalmağa başlayır. “Azadlıq”, “Vətən” deyən səsini boğub “doğru yol”a çağırmaq istəyənlər meydana çıxdı. Çək-çevirlər, hədə-qorxular, “öyüd-nəsihətlər” baş alıb getdi. Xəlil Rzanı isə tutduğu yoldan döndərmək çətin idi. Xəlil yürüşdə idi. O böyük, müqəddəs yolun yolçusu idi.

Nə mərəz, nə qərəz... heç ölüm belə

Məni öz yolumdan saxlaya bilməz. –

Deyərək öz məramını hamıya – dostlara da, düşmənlərə də bəyan edirdi. Alovlu çıxışları, odlu, çılğın şeirləri ilə yaddaşların pasını təmizləməyə çalışır, yatanları silkələyib ayıldırdı. Daş kitabələrdə həkk olunmuş: “Özünə qayıt, Türk oğlu, sən o vaxt güclü olursan” deyimini xatırladırdı oxucusuna, dinləyicisinə. Milli özünüdərki, milli yaddaşı formalaşdırırdı gənclərdə. Az qala küçə-küçə bölünmüş xalqı milli birliyə səsləyirdi:

“Mən... Sən... O... Biz –

Milli birlik qayəmiz,

Dini birlik qayəmiz” –

deyən X. Rza yaxşı bilirdi ki,

El birləşsə vətən olar

Vətən insan yığınına dönə bilər

Yavaş-yavaş.

 

Vətən sevgisi Xəlil bəy üçün hər şeydən üstün idi və həyatının qayəsini vətənə xidmətdə görürdü.

Tutaq ki, var istedadın, ilhamın da, biliyin də

Rədd ol, itil gözlərimdən

Əgər yoxsa vətən eşqi, sümüyündə, iliyində.

Xəlil bəy köləliyə nifrət edirdi, köləliyi qəbul etmirdi. “Kölə romanlar”, “kölə şeirlər” onun yaradıcılığına yad idi. “Azadlıq təşnəsi” olan Xəlil bəylə ilk şəxsi tanışlığım yada düşür. 1971-ci ilin qışı idi. İpə-sapa yatmayan Xəlil Rzanı 2 il idi ki, institut auditoriyalarından uzaqlaşdırmışdılar. Bir neçə ay işsiz qalandan sonra çətinliklə də olsa Akademiyanın Ədəbiyyat İnstitutunda işə düzəlmişdi. Ədəbi əlaqələr şöbəsinin kiçik otağında Xəlil bəylə görüşdüm. Diqqətimi Şıxəli Qurbanovun divardan asılmış şəkli cəlb etdi. Bir az söhbət edəndən sonra ayrıldıq. Ayrılanda mənə italyan yazıçısı R. Covanyollinin “Spartak” romanını oxumağı msləhət gördü. Sözün düzü əvvəlcə çox təəssüfləndim. Ş. Qurbanovun şəklini başının üstündən asan, milli özünüdərkdən, milli özünəqayıdışdan danışan X. Rza görəsən niyə bu əsəri oxumağımı istəyirdi? “Spartak” filminə dəfələrlə baxsam da romanı oxudum və Xəlil bəyin nə demək istədiyini başa düşdüm. Anladım ki, kölə psixologiyasından xilas olmalı, qollarımızdakı, beynimizdəki paslı buxovları qırmalıyıq. Biz də bir-birini məhv edə-edə Roma imperiyasının çiçəklənməsinə xidmət etdiklərini dərk edəndən sonra mübarizəyə qalxan Spartak və digər qul-qladiatorlar kimi döyüşə atılmalıyıq.

Xəlil Rza yaradıcılığında “Ana dili” mövzusu da qırmızı bir xətlə keçir. Xəlil bəyi tanıyanlar onun doğma dilə bağlılığını yaxşı bilirdilər. Dilimizin təmizliyinə çalışan, onu lazım olmadan yalançı sözlərlə korlanmasına qarşı mübarizə aparırdı. Xəlil bəy yanında söylənilən Azərbaycan dilində qarşılığı ola-ola işlədilən hər yabançı sözə görə o sözü işlədəni 5 quruş cərimə edirdi. Və bu hərəkətini belə izah edirdi:

Dilini qorumursa, qoy cibini qorusun. Pulu hər şeydən üstün tutanlar özləri də bilmədən dilimizə xidmət edəcəklər.

Kim qoruya bilməyirsə öz yurdunu, yuvasını,

Udmasın yurd havasını!

Kim qorumur öz dilini,

itsin mənim gözümdən qoy ilim-ilim.

 

1988-ci il...

“Yer üzünün əhriməni[1] - erməni

İnsanlığın düşmənidir düşməni.”

İl çox ağır gəldi. Mənfur ermənilər Kremldəki havadarlarına arxalanaraq qədim türk torpaqlarını – Qafanı, Vedini, Zəngibasarı türklərdən təmizlədilər. Xəlil bu hadisələrə biganə qala bilməzdi. Xəlil Rza Ulutürkün gur səsi meydanlardan gəlir:

Səngəri gen, ürəyi dar

Gör nə qədər düşmənin var.

Mini gizli, beşi aşkar

Dişi qanlı canavarlar

Əl çəkəcək səndən haçan?

Qalx ayağa Azərbaycan!

Xalq ayağa qalxır. Bakıda komendant saatı tətbiq edilir. Mitinqlər isə davam edir. Xəlil Rza mübarizənin ön sırasındadır. O, meydan epopeyasının salnaməçisidir.

Hələ 80-ci illərin əvvəlində yazdığı “Hara gedir bu dünya?” poemasında belə bir misra var:

XX əsrin sonunda hər xalq

Azadlıq fənnindən imtahan verir.

Bu, bizlərə bir mesajdır. Xalq azadlıq fənnindən imtahan vermək üçün ayağa qalxmışdı. Və bunu gözləməyə mərkəz Bakını qan dənizinə döndərdi. 1980-ci ilin 20 yanvarı Azərbaycanın böyük dünya ilə əlaqəsi tamamən kəsilib. Telestudiyanın enerji bloku partladılıb. Radiolar “Danışır Bakı” demir. Ancaq axşamlar “Azadlıq” studiyasının Azərbaycan dilində verilən bir saatlıq verilişlərində doğma Azərbaycandan xəbər tuturuq. Və hər gün Xəlil Rzanın “Davam edir 37” şeirini dinləyirik.

“Nə qədər ki, istedadı addım-addım pusanlar var,

Xalq dərdini hayqırmağın əvəzinə

                                         əqrəb kimi susanlar var.

Nə qədər ki, iş başında bunca kütbaş,

                                                        kəmsavad var.

... Nə qədər ki, başçı olur başsız canlar,

Bir millətin mənliyini talam-talam talayanlar.

... Davam edir 37 –

Daha kəskin, daha ciddi!”

Və dinlədikcə həqiqətləri anlayırdıq. Yerin-göyün qan ağladığı, Bakının qana boyandığı o günlərin birində - daha dəqiqi, şəhidlərin dəfninin 7-ci günündə “Azadlıq radiosu” bir ağır xəbəri də bizə çatdırdı: “Moskvadan gələn DTK əməkdaşları Xəlil Rza Ulutürkü həbs ediblər.” Bir neçə gündən sonra onun ən ağır cinayətkarlar üçün nəzərdə tutulan Lefortova zindanına salındığını xəbər verdilər. Bir zamanlar Fələki Şirvani, Ə. Xaqaninin yaratdığı “həbsiyyə” şeirlərinə daha bir “həbsiyyə” yaranır. Xəlil Rza Ulutürkün “Zindandan gələn səs”i Azərbaycanı silkələyir, təlatümə gətirir. Xəlil Rzanın azad edilməsi üçün imza toplanır. Azərbaycanın müxtəlif yerlərində, şairin evində Xəlilsevərlərin aclıq kampaniyası başlayır.

Xəlil bəy isə zindanda da susmur. Qan içində qoyub gəldiyi ağlar gözlü Bakısından nigaran şair vətənin əyiləcəyindən, sınacağından qorxur:

Yerindəmi vətənimin əzəməti, ləyaqəti?

Andı ulu, eşqi qəti mərdlərinin cəsarəti?

Zindan həyatı ulutürkün əzmini, vüqarını sarsıda bilmir. Təkcə bir şeyə təəssüflənirdi Xəlil bəl: böyük mübarizədən ayrı salınmağına. O, gur səsiylə hamıya bildirir ki, hər an səddi yıxacaq, dəmir kimi gəldiyi zindandan polad kimi çıxacaq. Xəlil Rza Ulutürk özünə inanır. Çünki o, azadlıq hərəkatına şan-şöhrət qazanmaq üçün gəlməyib. Ötəri hisslər ona yaddır. Xəlil Rza özünü vətənsiz ikiqat, üçqat yetim sayır və dəmir barmaqlıqlar arasından çıxıb Azərbaycana qayıdacağına bütün varlığıyla inanır:

Mən yenə gələcəm Azərbaycana,

Şəninə şərqilər deyəcəyəm mən.

Acı tüstüsünü bal kimi udub

Odunu qaymaq tək yeyəcəyəm mən.

Şəninə şərqilər deyəcəyəm mən.

 


[1] Zərdüşt dinində şər allahı

 

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz