Həyatın Günəşi: SƏBİR

Həyatın Günəşi: SƏBİR

Səbir etməyi öyrənməliyik.

- Kimdən?

- Səbir etməyi ən yaxşı biləndən.

- Səbir etməyi ən yaxşı bilən kimdir?

- Şübhəsiz ki, Allah təaladır. Çünki Allah təaladan daha çox səbir edən yoxdur. Peyğəmbərimiz belə buyurur. Və sözünə belə davam edir:

İnsanlar Ona şərik qoşar; (Allaha deyil, başqasına ilah deyə tapar; bəzisi `İsa Allahın oğlu, bəzisi mələklər Allahın qızıdır deyərək Ona iftira edər). Amma yenə də Allah təala onlara sağlıq-səhhət və ruzi verər” (Müslim, Münafiqun 49)

Buna görə də Kainatın Rəbbinin bir adı da Səbur-dur; çox səbir edən. Ona iftira atan zalımları “siz mənə həqarət edirsiniz” deyə dərhal cəzalandırmır. Çünki Onun bir adı Həlim-dir. Yəni tələsik hərəkət etməyən. Səbur və Həlim olan Uca Rəbbimiz Qurani-Kərimdə doxsandan çox yerdə səbirdən bəhs edir. Bizim də səbirli olmağımızı istəyir.

Səbir edənə cənnət var

Uca Rəbbimiz səbri bizə belə tövsiyə edir:

“Ey iman gətirənlər! (Dində vacib olan hökmləri yerinə yetirməyin zəhmətinə, düçar olduğunuz bəlalara) səbir edin.” (Ali-İmran 200)

“Səbir edin, çünki Allah səbir edənlərlədir!.” (Ənfal 46)

 “Səbir et. Sənin səbir etməyin yalnız Allahın köməyilədir.” (ən-Nəhl 127)

Yenə Uca Rəbbimizin xəbər verdiyinə görə cənnətə girən bəxtiyarlara mələklər belə deyəcəkdir:

“(Dünyada Allah yolunda bütün çətinliklərə) səbr etdiyinizə görə sizə salam olsun!” (ər-Rəd 24)

Bizə səbir tövsiyə olundu

Əziz Peyğəmbərimiz -səllləllahu əleyhi və səlləm- səbir etməyi Səbur olan Rəbbindən öyrəndi. Yaşadığı müddətcə minlərlə əziyyətlərə və bəlalara sinə gərdi. Bizə həyatın bəlalardan ibarət olduğunu söylədi. Müsibətlərə dözməyin, müsibətsiz bir həyat sürməkdən daha yaxşı olduğunu öyrətdi.

Gözləri görməyən bir səhabə bir gün Peyğəmbərimiz -səllallahu əleyhi və səlləm-in hüzuruna gəldi və:

“Allaha dua et, mənə şəfa versin” dedi.

Peyğəmbərimiz ona:

“İstəyirsənsə dua edim; amma dərdinə səbir etməyin sənin üçün daha xeyirlidir” buyurdu. Fəqət adam səbir etmək yerinə şəfanı, sağalmasını üstün tutdu. Allahın Elçisi də ona şəfa üçün oxuyacağı duanı öyrətdi. (Tirmizi)

Hər dövrdə, bir an əvvəl sağalmaq və ya dərdinə səbir etmək mövzusunda insanların rəftarı bir-birindən fərqli olmuşdur. Başqa bir gün cüssəli və qara dərili bir xanım Rəsuli-Əkrəm -səllləllahu əleyhi və səlləm-in hüzuruna gəldi və:

“Mən epilepsiya xəstəsiyəm” deyə sözə başladı. “O zaman da üst-başım açılır. Nə olar, Allaha dua et, mənə şəfa versin” dedi.

Əziz Peyğəmbərimiz də ona:

“Əgər səbir edərsənsə, sənə cənnət var. Yox, sağalmaq istəyirsənsə, sənə şəfa verməsi üçün Allaha dua edim” buyurdu.

Bunun üzərinə o xanım:

“Mən xəstəliyimə səbir edəcəyəm. Ancaq epilepsiya tutduğu vaxt üst-başım açılır; üstümün açılmaması üçün dua edin” dedi. Peyğəmbərimiz -səllləllahu əleyhi və səlləm- də paltarının açılmaması üçün ona dua etdi. (Buxari, Müslim)

 

Ən xeyirli nemət

Allah təalanın bizə lütf etdiyi nemətlərin hansı daha üstündür?

Zənginlik?

Gözəllik?

Güc-qüvvət?..

Heç biri deyil. Peyğəmbərimiz -səllləllahu əleyhi və səlləm- bunu belə bildirir:

“Heç kimə səbirdən daha xeyirli və daha böyük bir nemət verilməmişdir” (Buxari, Müslim).

Əziz Peyğəmbərimiz -səllləllahu əleyhi və səlləm-in bildirdiyinə görə başa gələn dərd və sıxıntılar bir nemətdir. Çünki “Allah təala sevdiyi bəndələrini müsibətə düçar edər” (Tirmizi, Əhməd b. Hənbəl).

Yenə Peyğəmbərimiz -səllləllahu əleyhi və səlləm-in buyurduğuna görə, ən ağır sıxıntılar Peyğəmbərlərin başına gəlmişdir. Hər kəsin dindarlıq dərəcəsinə görə dərdi çox olar.

Allah təala bəndəsini günahlardan tamamilə təmizlənincəyə qədər onun başından müsibəti əskik etməz (Müslim, Tirmizi) Allah təala səbir edən bəndələrini ortaya çıxarıncaya qədər onları sıxıntılrla yoxlamağa, imtahan etməyə davam edəcəyini söyləyir (Muhəmməd 31). Halbuki biz cəhalətin verdiyi bir düşüncə ilə: “Allahım, mənim nə günahım var ki, başımdan dərdi əskik etmirsən?” deyə söylənir, deyinirik. Dərd və sıxıntıların yalnız günahkarların başına gələcəyini zənn edirik. Səbir haqqında bilməli olduğumuz əhəmiyyətli bir çey də var. onu Peyğəmbərimiz “Səbir ziyadır” (Müslim) deyə ifadə edir. Səbir eynilə günəş kimi işıq qaynağıdır; işığını özü istehsal edir və səbir edən insanın yolunu aydınladır. Onun həyatını gözəlləşdirir.

 

Hər işin başı səbirdir

Səbrin nə olduğunu bilmirik. Onun, başa gələn sıxıntılara dözməkdən ibarət olduğunu sanırıq. Halbuki səbir acılara, fəlakətlərə dözməkdən ibarət deyildir.

Səbir bütün həyatı əhatə edən bir şeydir. Məsələn savaşın çətinliklərinə dözərək düşmənə qalib gəlmək, ancaq səbirlə mümkündür. Amma biz bu igidliyə səbir demirik; ona qəhrəmanlıq deyirik, şücaət deyirik.

Digər yandan nəfsimiz zövq-səfa içində yaşamaq istəyir. Fəqət biz bu istəklərə qarşı özümüzü saxlayır, səbir edirik. Amma biz bu dirənişə səbir deyil, zöhd adını veririk.

Nəfsimiz qadağan edilən zövqləri də çox sevir. Fəqət din bu zövqləri qadağan etdiyi üçün ona qarşı dirənirik. Amma bu dirənişə də səbir deyil iffət deyirik. Bir də hirs, əsəb vardır; baldan dadlı olan hirs. Əsəbə hakim olmaq çətin işdir. Biz əsəbinə hakim olan igidlərin bu səbrinə hilm deyirik. Səbir dediyimiz fəzilətlər bunlardan da ibarət deyildir. Bizə əmanət edilən bir sirri saxlamaq da səbirdir. Tox gözlü olmaq, aza qənaət etmək də gücünü səbirdən alır. Nəfsin daha çox yeyib-içmə istəyinə qarşı gəlmək də bir səbir işidir.

Görüldüyü kimi müsəlmanca yaşaya bilmək üçün nəfsin saysız istəyinə qarşı gəlmək, onlara dirənib səbir etmək lazımdır. Səbir etmədən mükəmmələ çatmaq mümkün deyildir.

Nə xoşbətdir səbir sayəsində hədəfinə çatan igidlər…

zahidlər…

 namus və iffəti ilə yaşayanlar…

hilm sahibləri…

sirr saxlamağı bacaranlar…

aza qənaət edənlər…

Salam olsun onlara…

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz