TARİX İÇİNDƏ OLDUĞUMUZ ANDIR
Tarixlə öyünmək
Tarix insan üçün qürurlanma vasitəsidirmi? Ya da insan hansı səviyyədə keçmişi ilə öyünə bilər? Tarixdə və tarix fenomenində insanı özünə cəlb edən və maraq oyandıran hədsiz sayda misal vardır. İnsanlar keçmişlərindəki pis xatirələrdən çox yaxşı və qürur verici hadisələri hafizələrində saxlayarlar, yeri və zamanı gəldikdə onu gündəmə gətirərlər. Bu, bəlkə də ilk anda insanın təbii haqqı kimi görülə bilər. Amma hədsiz dərəcədə tarixə vurğun olmaq bəzən insanı əsl məqsəddən uzaqlaşdırır.
Tarix anlayışı dəyişdi
Əvvəlki dövrlərdə millətlər hadisələri daha özünəxas yaşayırdılar. Yaşadıqları hər hansı bir hadisə özlərini daha çox maraqlandırırdı. Ancaq son əsrdə, xüsusilə 1918-ci il sənaye inqilabından sonra dünyada son qlobal müharibələrin bitməsi ilə sərhədlər ləğv olmuş, sanki millətlərin tarixləri ortaq bir tarixə çevrilmişdir. Yəni bundan yüz il sonra millətlər öz tarixlərini yazarkən əslində dünyanın ortaq tarixini yazmış olacaqlar. Bu da millətlər arasındakı ayırıcı xətlərin incəldiyini, hətta ortadan qalxdığını göstərir.
Sosial prizmadan
Məsələni sosial mənada dəyərləndirdiyimiz zaman işin içinə millət, irq, etnik quruluş və məhəlli təsirlər girməkdədir. O zaman bizi tarixi olaraq digərlərindən ayıran ünsürlər artır. Əgər məsələyə tarix milliyyətçiliyi perspektivindən baxacaq olsaq o zaman atalarımızın işlədiyi günahlar və savabların nəticəsinə də qatlanmaq məcburiyyətində qalarıq.
Kürəsəl bir dünyada, Amerikada yaşayan bir gənc ilə Azərbaycanda yaşayan bir gəncin yaşadıqları əslində bir-birindən çox da fərqlənmir. Elə isə insanlara tarix şüuruyla yanaşı insanlıq adına insanlığın ortaq tarixi şüurunu da vermək lazımdır. Çünki artıq əvvəlki kimi sərhədlər yoxdur və hamının həyat tərzi demək olar ki, eynidir. Mədəniyyətlərin bir-birinə qarışmasından söhbət gedirsə tarixi hadisələrin ayrı olması da mümkün deyil.
Sadəcə keçmişimizdə bizim atalarımızın bəşəriyyətin ortaq mənfəətlərinə etmiş olduqları xidmətlərlə öyünə bilərik. Bu da bir nöqtəyə qədər. Bizi yerimizdə saymağa məhkum edərsə, o zaman tarix xəstəliyinə tutularıq ki, o da millətlərin ətalətə sürüklənməsi üçün kifayətdir.
Yaxın tarixdə nailiyyət əldə etməyən millətlər elə-hey keçmişdən sitayişlə söz açar və keçmişdə yaşananları canlı tutmağa çalışarlar. Halbuki indiyə nəzər salmaq lazımdır. İndi nələr edildiyini sorğulamaq lazımdır. Hər kəs öz zamanında boynuna düşəni edib səhnədən çəkilmişdir. İçində olduğumuz anlarda sabah yaxşı xatırlanacaq hadisələrə imza atmaq əsl nailiyyətdir.
Şərq hər zaman acı yaşamış
Şərq millətlərinin tarixləri demək olar ki, eynidir. Son əsrlərdə dünyada qütblərin formalaşmasında bir qərb, bir də şərq var olmuşdur. Qərb istismar etmiş, digəri isə istismar olunmuş. Və təəssüf ki şərqin tarixi acılarla yazılmışdır. Təkcə Azərbaycana nəzər salsaq bu ölkənin yaxın tarixi belə bir çox acı hadisəylə doludur. Keçən əsrin əvvəllərində Bakının işğalı, azadlığa qovuşarkən 20 yanvar hadisələri, ermənilərin etdikləri, Qarabağın işğalı, Xocalı soyqırımı... Bütün bunlar göz yaşlarıyla xatırlanacaq hadisələrdir.
Tarix şüuru
Yuxarıda da ifadə etdiyimiz kimi sərhədlərin ortadan qalxdığı bir zamanda bu şüurun hərəkət mərkəzini yaxşı müəyyənləşdirmək lazımdır. Yeni nəsilləri bu acılara həssas ruhda yetişdirmək üçün içindən çıxılmayacaq bir kinə yönəltmədən istiqaməti müəyyənləşdirmək lazımdır.
Bir də, düşdüyümüz xətalardan biri də tarixi ola biləcək hadisələri siyasi-politik predmet halına gətirməkdir. Ən təhlükəli olan da budur. O zaman bu acılara vərdiş etmiş oluruq və həssaslığımızı itiririk.
Son cümlə
Xülasə: insanımıza milli tarix şüuru ilə yanaşı qlobal bir tarix şüuru da vermək lazımdır. Xüsusilə gənclərimizə keçmişin acılarını bayağılaşdıracaq və onları keçmişdə yaşanan milli hadisələrə qarşı hissiyyatsız hala gətirəcək bilgi və fəaliyyətlərdən uzaqlaşmaq lazımdır.
ŞƏRHLƏR