SUAL? - CAVAB!

SUAL? - CAVAB!

Sual: Bank kartı ilə edilən alış-verişlərdə mağazaların təqdim etdiyi cashback və bonuslardan istifadə etmək olarmı?

Cavab: Bank kartları ilə edilən alış-verişlərdə yığılan bonuslardan istifadə etmək sözügedən bonusları verən mağazanın və ya marketin qazacının dini baxımdan halal olub-olmamasına bağlıdır. Belə ki, qazancının əksər hissəsi halal olan market və mağazaların təqdim etdiyi hədiyyə və yaxud bonuslardan istifadə etmək caizdir. Lakin qazancının əksər hissəsi haram olan market və mağazaların verdiyi hədiyyə və bonuslardan istifadə etmək caiz deyil. Bank kartları ilə edilən alış-verişlərdə hədiyyə və bonus fəaliyyətində bank və mağazalar aralarındakı müqaviləyə əsasən bu fəaliyyətdə iştirak edirlər. Odur ki, bu kimi hallarda hədiyyə verənin qazancına görə hərəkət edilməlidir. Gəlirinin əksər hissəsini dinin qadağan etdiyi sahədən qazanan market və ya mağazaların təqdim etdiyi bonuslar məcburiyyət qarşısında əldə edilsə belə, onlar heç bir savab gözləmədən yoxsul insanlar üçün sərf edilməlidir.

Bundan əlavə, qeyd edək ki, bankların dövlət və ya özəl müəssisələrdə işləyənlərə, həmin müəssisələr tərəfindən verilən maaşların onlardan alınmasına üstünlük vermələri müqabilində verdiyi bonuslar hədiyyə xarakterli olsa da, bankların gəlirlərinin əksər hissəsi kreditlərdən gəldiyi üçün bunların alınması caiz deyil. Odur ki, məcburi olaraq bu hədiyyələri alan şəxslər bunları özləri və baxmaqla məsul olduqları yaxınları üçün yox, heç bir savab gözləmədən ehtiyac sahibi yoxsullar üçün sərf etməlidirlər. Hal-hazırdakı banklar tamamilə faizli sistem əsasında fəaliyyət göstərdiyinə görə onların əldə etdiyi qazanc da məhz bu yolla meydana gəlir və bunlardan istifadə etmək caiz deyil. Onlar tərəfindən verilən müxtəlif hədiyyələr məcburiyyət qarşısında götürülürsə, heç bir savab gözləmədən ehtiyac sahiblərinə verilməlidir.

Sual: Bir nəfər ziyana şərik olmadan aylıq və ya illik müəyyən qazanc müqabilində bir sahibkarla şəriklik müqaviləsi bağlaya bilərmi?

Cavab: Sahibkarla şəriklik müqabilində verilən sərmayə qazanca və ziyana ortaq olmaq şərti ilə verilə bilər. Belə olan təqdirdə onlar arasında “müdaribə”, yəni iş-sərmayə şərikliyi meydana gəlir. Odur ki, sərmayə sahibi ziyana şərik olmadan hər ay müəyyən bir məbləğ müqabilində gəlir əldə etmək şərti ilə müqavilə bağlayarsa, qeyd etdiyimiz bu müdaribə şərikliyi etibarsız olar. Əgər bu formada bir müqavilə bağlanarsa, İslam hüququna görə, sərmayədən əldə edilən qazanc və yaxud ziyan bütövlüklə sərmayə sahibinə aid olur. İşi görən sahibkar isə gördüyü işə müvafiq pulunu almaqla kifayətlənər. Əks təqdirdə, yəni sadəcə qazanca şərik olmaq məhz sələmçiliklə məşğul olmaqdan başqa bir şey deyil.

Sual: Böyük günah işləyən kəs namaz qıldıra bilərmi və yaxud belə bir kimsənin arxasında namaz qılmaq olarmı?

Cavab: Əvvəla qeyd edək ki, namaz qıldıran şəxs imamlığa layiq olmalıdır. Belə ki, onun kifayət qədər dini biliyi olmalı və Qurani-Kərimin tilavətini yaxşı bacarmalıdır. Bundan əlavə, ruhi xəstə olmamalı və həddi-büluğa çatmalıdır. Məhz qeyd edilən xüsusiyyətləri daşıyan bir kəs haramı halal, halalı haram saymadıqca, böyük günah işləmiş olsa da, müsəlman sayıldığı üçün namaz qıldıra bilər və onun arxasında qılınan namaz da etibarlıdır. Həzrət Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində belə buyurmuşdur: “Yaxşı və pis (təqva sahibi və günahkar) hər müsəlmanın arxasında namaz qılın!” (Əbu Davud, Salət, 64) Lakin imamın günahlardan çəkinən, insanlar tərəfindən sevilən, müsbət əxlaqi keyfiyyətlərə yiyələnmiş bir müsəlman olması daha məqsədəuyğundur. Belə olan təqdirdə, sözügedən xüsusiyyətləri daşıyan bir şəxs olduğu halda fasiq olan, yəni böyük günah işləyən və yaxud kiçik günahlarda israr edən bir şəxsin imam olması ən azı məkruh, yəni xoşagəlməz bir haldır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz