SUAL? - CAVAB!
Sual: Balın zəkatı varmı, varsa, necə verilməlidir?
Cavab: Hənəfi fəqihlərinə görə, üşr torpağından bəslənən arıların balından 1/10 zəkat verilməlidir. Hamının istifadəsində olan ərazilərdən və ya meşələrdən bəslənən arıların balları isə üşr zəkatına daxil deyil. Bunun dəlili Əbu Səyyarənin özünə məxsus arı pətəkləri olduğunu bildirdikdə Hz. Peyğəmbərin (s.ə.s) bunların üşr zəkatını verməli olduğunu xəbər verməsidir (İbn Macə, Zəkat, 20). Bundan başqa Hz. Peyğəmbər (s.ə.s) Yəmən xalqına belə yazmışdı: “Bal istehsalçılarından üşr alınsın!” (Zeyləi, “Nəsbür-rayə”, II, 390). Ancaq onu da qeyd edək ki, şafei və maliki fəqihlərinə görə isə, baldan zəkat vermək vacib deyil. Əsaslandıqları dəlil isə Tirmizinin balın zəkatı məsələsi ilə bağlı mühüm bir hədisin olmadığını vurğulaması və balın südə qiyas edilməsidir. Həmçinin vurğulamaq lazımdır ki, bu gün arının balı üşr ərazisindən yığması qeyri-mümkün olduğuna görə balın gəliri əsas alınmalı və nisab miqdarına çatıb digər şərtlər də əmələ gəldiyi təqdirdə, gəlirin 1/40-dən zəkat verilməlidir.
Sual: Əkin məhsullarının zəkatı əvəzinə onların dəyəri verilə bilərmi?
Cavab: Malın zəkatı onun öz növündən verilə bildiyi kimi, başqa maddələrdən də verilə bilər. Belə ki, əkin məhsulunun zəkatını vermək istəyən bir müsəlman, onun öz növündən verə bildiyi kimi, onun qiymətini hesablayıb dəyərini də verə bilər. Həmçinin ticarət mallarının, eləcə də heyvanların zəkatı da malın və ya heyvanın qiymətinə görə hesablanıb verilə bildiyi kimi, malın və ya heyvanın özündən də verilə bilər. Ancaq vurğulamaq lazımdır ki, bu məsələdə yoxsulun mənfəətinə uyğun olana üstünlük vermək daha məqsədəuyğundur.
Sual: Əkin məhsullarının zəkatı necə verilməlidir?
Cavab: Hər cür əkin məhsulları ilə meyvələrdən onda bir və ya iyirmidə bir zəkat verilməlidir. Buna “üşr” adı verilir. Qeyd edək ki, əkin məhsulları və ya meyvələrdən zəkatın fərz olması üçün hədisdə qeyd olunduğu kimi 5 vəsq miqdarında olmalıdır. 5 vəsq bəzi alimlərə görə 650 kq, digər bəzi alimlərə görə isə 1 tondur. Ancaq Əbu Hənifəyə görə, məhsulların və meyvələrin miqdarından asılı olmayaraq üşrün verilməsi fərzdir. Əkin məhsulları və ya meyvələr tamamilə təbii yollarla sulanıb özbaşına əmələ gəlibsə, 1/10, ancaq sulanıb və xərc qoyulubsa, 1/20 zəkat verilir. Hz. Peyğəmbər (s.ə.s): “Yağış və çay suları ilə sulanan əkin məhsullarında onda bir, vedrə ilə sulananlarda isə iyirmidə bir vardır”, – deyə buyurmuşdur (Buxari, Zəkat, 55). Bundan əlavə, üşrdən zəkat verilərkən günümüzdə əkinçinin əlavə xərcləri olan gübrə və s. kimi xərclər hesablanıb çıxarıldıqdan sonra qalan miqdar nisaba çatarsa, yəni 650 kq., yaxud 1 ton olarsa, 1/10 və ya 1/20 üşr zəkatı verilməlidir. Bundan əlavə, qeyd edək ki, məhsul yığılmadan sahədə zay və tələf olarsa, əkinçinin üşr verməsi vacib olmaz. Ancaq məhsul yığıldıqdan sonra zay və tələf olarsa, üşrü verilməlidir. Çünki Uca Allah Qurani-Kərimdə: “Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü zəkatını verin”, – buyurur (əl-Ənam, 6/141).
Sual: Təməl ehtiyaclar üçün yığılan puldan zəkat verilməlidirmi?
Cavab: Təməl ehtiyaclar ev, ev əşyası, geyim, nəqliyyat vasitəsi və yemək kimi həyatın davam etdirilməsi üçün lazım olan şeylərdir. Bunları təmin etmək məqsədilə yığılan pullarla şifahi və ya yazılı müqavilə bağlanmışsa, yığılan bu pullar zəkata daxil deyil. Çünki şifahi və yaxud yazılı müqavilə nəticəsində yığılan bu pullar artıq təməl ehtiyac üçün xərclənmiş hesab olunur. Ancaq belə bir müqavilə bağlanmamışsa, yığılan pulun nisab miqdarına çatması və üstündən də bir il keçməsi nəticəsində zəkatı verilməlidir.
Sual: Zəkat hissə-hissə verilə bilərmi?
Cavab: Zəkat ibadətində əsas olan zəkat vacib olan şəxsin onu dərhal verməsidir. Lakin müəyyən səbəblərə görə zəkatın gecikdirilməsi kimi zərurət yaranarsa, hissə-hissə verilməsində hər hansı bir qəbahət yoxdur. Bundan əlavə, tam əksinə, zəkatın vaxtından əvvəl verilməsi də mümkündür. Belə ki, zəkatın vacib olması üçün nisab miqdarına çatan malın üstündən bir il keçməlidir. Ancaq buna baxmayaraq zəkat vacib olan şəxs istəsə, bir il tamamlanmadan zəkatını verə bilər.
Sual: Vitr namazında qunut duasını oxumağı unudan namazına necə davam etməlidir?
Cavab: Vitr namazında qunut duasını oxumaq vacibdir. Buna görə də qunut duasını tərk edən və ya gecikdirən namazını səhv səcdəsi ilə tamamlamalıdır. Vitr namazını qılan qunut duasını oxumadan rükuya gedərsə, ya qunut duasını oxumadan namazına davam edərək axırda səhv səcdəsi etməli, ya da rükudan sonra qunut duasını oxuyaraq axırda səhv səcdəsi etməlidir.
ŞƏRHLƏR