ƏSRİ-SƏADƏT MÖCÜZƏSİ
“Həqiqətən, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!”(Qaf, 50/16)
Ayənin zahiri mənasına nəzər yetirdikdə Uca Allahın insanın qəlbindən keçən hər bir şeydən xəbərdar olduğu başa düşülür. Çünki Allah insanı Özünün yaratdığını və yaradıcının da yaradılanla bağlı hər bir şeydən xəbərdar olmasının təbii olduğunu vurğulayır. Belə ki, insanın içindən keçən hisslərini onun yaxınlığında duran belə anlaya bilməz. Ancaq Rəbbimiz gizli-açıq hər bir şeydən xəbərdar olduğunu və buna görə də müsəlmanların əməlləri ilə yanaşı, düşüncə və niyyətlərində də diqqətli olmalarını tövsiyə edir.
“Yaxın” və “uzaq” ifadələrini eşitdikdə ağlımızda fiziki bir məsafə təsəvvürü yaranır. Ancaq insan ağlının təsəvvür edə biləcəyi hər cür maddə və məkandan uzaq, münəzzəh olan Uca Rəbbimiz yaratdığı məxluqata “şah damarı” bənzətməsi ilə öz nəfslərindən daha yaxın olduğunu ifadə edir. Şah damarı insanın beyninə qan daşıyan və həyatı üçün çox mühüm bir damardır. Bu damar öz funksiyasını itirərsə, beyin də funksiyalarını itirər və həyat sonlanar. Bu baxımdan şah damarı olmadan yaşaya bilməyən insanın Rəbbindən uzaq şəkildə yaşaması da düşünülə bilməz. Allah-Təalanın öz qullarına olan yaxınlığı və yaradılanların Ondan uzaqlığı zaman və məkan ölçüləri ilə izah edilə bilməz.
Digər tərəfdən, başqa bir ayeyi-kərimədə Rəbbimiz: “Bəndələrim Məni səndən soruşduqda de ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm...” (əl-Bəqərə, 2/186) – buyurur. Burada ifadə edilən “yaxınlıq” Allahın yaratdığı insanların hər cür ehtiyacını təmin etməsi, insana insanın özündən belə daha mərhəmətli olması və dualarını qəbul etməsi kimi izah edilir.
Şübhəsiz ki, Allahın insana yaxın olması üçün insanın Allaha yaxınlaşmağa cəhd etməsi lazımdır. İnsanın imanının güclü, əməlinin isə ixlaslı olması onu Allaha yaxınlaşdıran əsas vasitələrdəndir. Nəticə etibarilə insan aciz bir varlıqdır. Halbuki, o, özünün çox güclü olduğunu zənn edir. Ancaq həyatda qarşılaşdığı böyük bir problem ona acizliyini xatırladır və o, dərhal yardım ala biləcəyi yaxın bir sığınacaq axtarır. Ən gözəl sığınacaq isə Rəbbimizdir. Ona görə də hər bir mömin daima Allahın nəzarətində olduğunu hiss etməli və Ona yaxın olmağa səy göstərməlidir. Qurani-Kərimdə Allaha yaxın olanlar üçün “ مُقَرَّبُون - yaxınlaşdırılmışlar” (əl-Vaqiə, 56/11) ifadəsi keçir və bu kimsələrin alacaqları böyük mükafatlardan bəhs olunur. Uca Allah bizləri Allaha yaxın, şeytandan uzaq bəndələrindən eyləsin.
ŞƏRHLƏR