MUAMMER YAVUZ: “PASPORTUMUZDAKI AY-ULDUZU GÖRƏNDƏ ÖPÜB GÖZLƏRİNİN ÜSTÜNƏ QOYDULAR”.
Muammer Yavuz kimdir?
1950-ci ildə Konyada anadan olan Muammer Yavuz elektrik mühəndisidir. Türkiyədə 45 il bu sahədə fəaliyyət göstərib. Təqaüdə çıxdıqdan sonra bir çox xeyriyyə fəaliyyətlərində könüllü iştirak edib. Qafqaz və Türk dünyasına vurğun olan Muammer Yavuz dəfələrlə Azərbaycanda, o cümlədən türkdilli dövlətlərdə olub.
İrfan: Muammər bəy, Azərbaycana xoş gəlmisiniz. Öncə ziyarətinizin səbəbi haqda məlumat verərdiniz, mümkünsə.
- Qurban bayramı səbəbi ilə könüllü olaraq gəlmişəm. Azərbaycanın dilbər guşələrindən olan Şəki bölgəsində kəsmək üçün qurbanlar gətirmişik. Builki bayram sevincini qardaşlarımızla birlikdə yaşamaq istəyirik.
- Niyə məhz Azərbaycan? Sizi bura bağlayan nədir?
- Azərbaycan bizim “ata yurdumuz” dediyimiz Ulu Türküstanın bir parçasıdır. Mənim bura ilə bağım qədimdir. 1918-ci ildə mərhum babam Abdullah Çavuş - Hacı Mehmet oğlu Abdullah Qafqaz İslam Ordusunun tərkibində Konyadan on iki yoldaşı ilə könüllü olaraq bu bölgəyə gəlmişdi. Babam Nuru paşanın köməkçilərindən idi, ona gələn telefonlara baxırdı. İki il Gəncədə qalmışdılar. Məhəmməd Əmin Rəsulzadənin cümhuriyyəti elan etdiyi o illərdə bayrağı ilk olaraq yüksəldənlərdən biri də babam idi. Biz balaca olanda babam Nuxadan (Şəkidən) bəhs edərdi. Biz Nuxanın hara olduğunu soruşanda, “Nuxanı necə tanımırsınız! Niyə axı Nuxanı tanımırsınız?!” deyə bizi danlayardı. Bəzən keçmiş günləri xatırlayanda söhbət arası əsasını hiddətlə yerə vurub “polkovnik, polkovnik!..” deyərdi. O zamanlar biz başa düşmürdük, məgər buralarda zabit rütbəsi imiş. Buraların gözəlliklərindən həsrətlə danışardı. “Baba, biz də oralara gedəcəyik” deyəndə, “oğlum, oraları ruslar işğal etdi, artıq gedə bilməzsiniz” deyib ağlayardı.
- Bəs sizin buraya ilk səfəriniz necə baş tutdu?
- 1990-cı ildə, 20 Yanvar hadisələrindən sonra biz Ankaradakı Sovet səfirliyinə məktub yazdıq, müraciət etdik. Dedik ki, biz ata torpaqlarımızı görmək istəyirik. Madam ki siz “perestroyka i qlastnost” (yenidənqurma və aşkarlıq) deyirsiniz, icazə verin biz də öz ata torpaqlarımızı görək. O zaman Konyada Aydınlar Ocağında “İzci qrupu”nun rəhbərlərindən idim. Təşkilat olaraq müraciət etmişdik. Cavab gəlməyəndə bir daha ərizə yazdıq ki, filan müraciətimizə cavab gəlməyib. Sonra bizə cavab gəldi. Dedilər ki, siz İnturist təşkilatımızın nəzarətində Gürcüstandan girib Azərbaycan torpaqlarını gəzə bilərsiniz. On günlük icazə vermişdilər. Dərhal xarici pasportlarımızı hazırlayıb viza üçün müraciət etdik. Bizə xüsusi viza verdilər və Sarp qapısından Sovet ərazisinə daxil olduq.
- Necə qarşıladılar, keçişdə problem çıxmadı ki?
- O zaman əlimizdə Qurani-Kərimlər, əlifbalar, cüzlər, uşaqlar üçün müxtəlif hədiyyələr var idi; şokolad, saqqız, türk bayraqları və s. Sərhəddən buraxıb-buraxmayacaqlarını da bilmirdik. Sarpda gömrük məmuru soruşdu ki, “içində nə var?” Dedim ki, “uşaqlar üçün hədiyyələrdir”. “Başqa nə var?”- dedi. Dedim, “Quran kitablarıdır”. Ehtiyatla sağına soluna baxıb bir daha soruşdu, “Quran var dedin?”. Dedim ki, “bəli”. “Neçə dənə?” Dedim ki, “altı dənə”. Gəlib çantanı açdı, “birini götürə bilərəmmi? - dedi, - mən acaram, biz də müsəlmanıq”. Quranı gizlicə götürüb bir kənara qoydu. Dərhal pasportlarımızı möhürlətdirib bizi sərhəddən keçirdi. Çantamızdakı bu qədər şeylə sərhədi keçdiyimizə inana bilmirdik. Anadoludan torpaq da götürmüşdük ki, şəhidlər xiyabanına səpək. O zaman xiyaban olduğunu da bilmirdik, eləcə şəhid məzarlarına səpmək üçün üç kiloya yaxın torpaq gətirmişdik. Sonra Gəncəyə gəldik. Bir gecə orada qaldıq. Gəncədə məclis binası var idi, indi ora Kənd Təsərrüfatı Universitetidir. Orada ADR-in ilk məclis salonu var, o zaman salon köhnə əşyaları ilə olduğu kimi saxlanılırdı. Hətta Nuru paşanın, M.Ə.Rəsulzadənin şəkilləri də vardı.
- O ilk gəlişinizdə neçə nəfər idiniz?
- İki nəfər idik, Konyadan. Sonra universitetə getdik, rektorla tanış olduq, müəllimlərlə görüşdük. Onlara Mehmet Akifin “Safahat” əsərini verdim. Səhəri gün rektor gəldi: “Muammər bəy, sən məni çaşbaş etdin, Quran kimi bir kitab vermisən, səhərə kimi oxudum”, - dedi. Bunları deyərkən ağlayırdı.
- Bəs yanınızda gətirdiyiniz Anadolu torpağını necə, xiyabana səpə bildinizmi?
- O zaman mərhum Elçibəy universitetdə işləyirdi, onunla görüşdük. Hətta Elçibəyin yaxasına “türk bayrağı” rozetini də taxdım. Yanımıza adam verdi, torpağı şəhidliyə apardıq, sağ tərəfdəki qəbirlərin hər birinə sıra ilə səpdik. Beləcə girişdəki ilk 30-40 məzara Anadolu torpağı qarışdırdıq. Hər gün yeni-yeni şəhid qəbirləri açılırdı həmin günlərdə, Qarabağdan şəhidlər gəlirdi. Hətta Xəlil Rzanın oğlu Təbriz də o illərdə şəhid oldu. Atası ilə tanış olmuşduq, Allah rəhmət eləsin Xəlil Rzaya. Bəxtiyar Vahabzadə ilə, Məmməd Arazla, bu on gün ərzində bir çox şair və ədəbiyyatçılarla tanış olduq. Bu arada mən elektrikçi olduğum üçün ogünkü “Azərenerji”nin sədri Müslüm İmanovla da görüşdük. Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və köməkçisi Salman Musayevlə tanış olduq. Bizə Təzəpir məscidini və digər məscidləri gəzdirdilər.
- Bundan sonrakı səfərləriniz necə oldu?
- Müharibə davam edirdi. Biz öz aramızda hər görüşümüzdə nə edə bilərik, necə kömək göstərə bilərik deyə məsləhətləşirdik. Sonra Konya bölgəsindən yardımlar toplamağa başladıq. Hələ Şuşa işğal edilməmişdi. Şuşaya xeyli dava-dərman apardıq. Ağdam-Ağdərə bölgəsində çadırlar qurularkən Kızılayla gəldik, oraya da dərman yardımı çatdırdıq. Müslüm İmanovla görüşümüzdə demişdim ki, “bizim Konyada işlək vəziyyətdə, lakin istifadə edilməyən bir elektrik stansiyamız var, onu Azərbaycana gətirsək işlədə bilərsiniz?”. Müslüm bəy Türkiyədəki enerji nazirliyi ilə əlaqə saxladı. Allah rəhmət eləsin, Turqut Özal izin verdi və biz həmin stansiyanı 100-ə yaxın yük maşını ilə Konyadan Naxçıvana daşıdıq. Mərhum Heydər Əliyev o zaman Naxçıvanda Ali Sovetin sədri idi. Tez-tez gəlib nəzarət edər və soruşardı, “bu stansiya nə vaxt qurtaracaq, nə vaxt fəaliyyətə keçəcək?”. Biz də 20 günə bitəcəyinə söz vermişdik. Eyni zamanda Azərbaycandan iyirmiyə yaxın mühəndisi Konyaya aparıb stansiyanı işlətməyi öyrətdik. Stansiya yanacaqla işləyirdi, amma Naxçıvanda bunu təmin edəcək baza yox idi. İlk vaxtlar yanacağı da İqdir şəhərindən təmin edirdik.
- Qurban üçün Şəkiyə gedirik, dediniz. Bəs Şəki ilə əlaqələriniz necədir?
- Şəkini çox sevirəm. Şəkinin mərhum qazısı Səlim əfəndi ilə elə ilk səfərimdə tanış olmuşdum. Səkkiz il əvəl Şəkini Konya ilə qardaş şəhər elan etdik, onun protokollarını da mən hazırlamışdım. Ozamankı Xarici İşlər naziri Əhməd Davudoğlu ilə görüşdük. Konya Məram Bələdiyyə başçısı və Şəkinin Bələdiyyə sədri ilə görüşdük. Cənab prezident İlham Əliyev, sağ olsun, icazə verdi və Şəkiyə gəlib imzaları atdıq. Bundan sonra daha yaxın əlaqələrimiz davam etdi. Bu il də Qurban üçün gəldik. Biz daha əvvəl Türk dünyası olaraq Qərbi Trakyada, Çeçenistanda, Çin sərhədində uyğur türklərinə qurbanlar kəsmişdik. Çin sərhədindən içəri keçə bilməsək də, sərhəd bölgələrdə yaşayan uyğur türklərinə beş il boyunca qurban yardımları etdik. Keçən il Şəkiyə gəldik. O zaman Şəki mədrəsəsinin müdiri Abdurrəhman müəllim demişdi ki, “Muammər abi, siz elə həmişə Çin sərhədinə gedirsiniz, qardaş şəhərə gəlmirsiniz”. Beləcə, iki ildir Qurban bayramını Şəkidə oluram. Bizim bura ilə könül bağlarımız 1918-ci ildən bəri qüvvətli şəkildə davam edir. Əlbəttə, bu əlaqələrin və yaxınlığın davam etməsində cənab prezident İlham Əliyevin xidmətləri böyükdür. Yeri gəlmişkən, Gəncliyə Yardım Fondunun çalışmalarını da təqdirlə qeyd etmək istərdim. Türkiyə və Azərbaycanda Gəncliyə Yardım Fondu kimi dürüst fəaliyyət göstərən vəqflər sayəsində hər iki ölkənin etimadını doğrultmaq mümkün olub. Azərbaycan-Türkiyə qardaşlığına xidmət edən bu kimi təşkilatları, eləcə də “İrfan” jurnalını təbrik edirəm.
- Azərbaycana gəlişlərinizdə yaşadığınız təsirli anlardan yadda qalan nə var? Bizimlə bölüşərdinizmi?
- İlk gəlişimizdə çox çətinlik çəkmişdik. Əslində Sarp qapısından geri çevriləcəyimizi gözə almışdıq. Heç olmasa, sərhəddə bir türk qardaşımızla qucaqlaşıb ağlaşmağa da razı idik. Amma Allah elə bir qapı açdı ki... Gürcüstanla sərhəddə Qırmızı körpü var, dedilər ki, Azərbaycanla sərhəd buradan başlayır. Hələ Sovet rejimi olmasına baxmayaraq, orada bizim avtobusu saxladılar və dedilər ki, biz Azərbaycan polisiyik, sizi sərhəddən içəri buraxmaq üçün sənədlərinizi yoxlamalıyıq. Türkiyədən gəldiyimizi deyəndə inanmadılar. Pasportlarımıza baxdılar. Üstündəki ay-ulduzu görəndə öpüb gözlərinin üstünə qoydular. Avtobusun bir müddət burada gözləyəcəyini dedilər. Tarixi Qırmızı körpüyə yaxından baxmaq istəyirdim. Bu zaman orada bir-iki uşaq gördüm. Soruşdum ki, bu nə çayıdır? Dedilər ki, Kür çayıdır. Bizdə belə şeirlər var: “Kür, Araz coşduqca; Tuna, Volqa daşdıqca...” Dedim ki, “Arazdır, yoxsa Kür?” Həyəcanla: “Kür çayıdır, Qarsdan gəlir”, - dedilər. Hardan gəldiyimizi soruşdu. Türkiyədən gəldiyimi dedim. “Ola bilməz”, - dedilər, - “Türkiyədən gələ bilməzsən”. Yaxamdakı ay-ulduzlu rozeti göstərdim, birisi: “aypara!”- deyə qışqırıb üstümə gəldi. Dedi ki: “Bilirsənmi biz burada niyə çimirik? Bəlkə, Qarsda kiminsə bu çaya əli toxunur, o suya toxunmaq üçün çimirik”. Çılpaq və islaq olmasına baxmayaraq qucaqlaşıb ağladıq. “Elə isə mən də bu çaya toxunum”, - dedim və ayaqqabımı çıxarıb dizə qədər suya girdim. Onlar su çiləyib məni islatdılar, mən də onları. Belə bir duyğulu an yaşamışdım, heç unutmaram.
1992-ci ildə Konyada Qarabağa dəstək üçün mitinq təşkil etmişdik, on beş min nəfər iştirakçı qanlı barmaqları ilə imza atıb o müraciəti Mütəllibov hakimiyyətinə ünvanlamışdıq. O imzalı kağızlarla gəlib nümayişlərə dəstək vermişdik. Hətta həmin imzalı kağızı mitinqdə yığışan kütləyə də göstərmişdim.
- Qiymətli vaxtınızı bizə ayırdığınız üçün çox təşəkkür edirik.
- Mən də təşəkkür edirəm, bütün qardaşlarımı ürəkdən salamlayır, hər birini bağrıma basıram...
ŞƏRHLƏR