İNSANIN ŞƏXSİYYƏTİNƏ TƏSİR EDƏN AMİLLƏR MİZAC

İNSANIN ŞƏXSİYYƏTİNƏ TƏSİR EDƏN AMİLLƏR MİZAC

İnsan doğularkən fitrət üzrə, yəni saf təbiətinin daha çox dominant olduğu mühitdə doğulur. Fitrət insanın saflığının, təmizliyinin, paklığının bir ifadəsidir. Dünyaya gələn insan bu paklıq və saflıq ilə doğulmaqla yanaşı, potensial olaraq insana mənfi və müsbət bütün xislətlərə meyil etmə gücü bəxş edilmişdir. Bundan başqa, nəsildən-nəslə keçən bəzi kodlar (xasiyyətlər, xəstəliklər...) da bir potensial kimi onun bünövrəsində mövcuddur. Bütün bunların bir insanda toplanması halını mizac olaraq açıqlaya bilərik.

Dünyaya gəldiyimizdə fitrət üzrə doğulsaq da, içimizdə mizac adlanan qarışıq bir güc vardır. Zaman keçdikcə insan böyüyür və istər-istəməz bu mizac başqa amillərin də dəstəyi ilə inkişaf edərək fitrəti öz təsiri altına alır. Mizacdakı pis duyğular (günahkarlığa meyil, üsyankarlıq, əxlaq pozuqluğu...) hakim olduqdan sonra, bu halların dəyişdirilməsi çox çətin bir prosesdir. Körpəlikdən etibarən fitrətin kölgəsi altında mizacımızda mövcud olan müsbət xislətlərin tərəqqi etməsini təmin etməli, mənfi təmayüllərimizin də önünü kəsərək zəifləməsi üçün şərait yaratmalıyıq.

Yumurta, kartof və qəhvəni 10 dəqiqə qaynatdıqdan sonra nə baş verdiyinə nəzər salsaq, görərik ki, eyni dərəcədə olan hərarət bərk olan qəhvəni əridərək su halına, sərt olan kartofu yumşaq hala, qabığı sərt olan yumurtanın isə içinə təsir edərək qismən sərt vəziyyətə gətirir. İnsan mizacı da məhz belədir; eyni hadisəyə şahid olan fərqli mizaca sahib insanlar bu hadisədən bir-birindən çox fərqli dərəcədə təsirlənirlər. Buna səbəb isə mizac quruluşumuzdakı fərqliliklərdir.

Toxumun içində həm fitrət, həm də mizac vardır. Münasib şəraitdə yetişərək böyüdükcə qol-budaq açaraq böyük bir ağac halına gəlir. Ağac bütövlükdə şəxsiyyətimizin ifadəsidir. Ağacdakı meyvələr xarakter və əxlaqımızdır. Toxum, yəni çəyirdək isə insan fitrəti və mizacıdır. Alma toxumundan alma, armud toxumundan armud, heyva çəyirdəyindən də heyva ağacı ortaya çıxır. Alma toxumu əkib heyva ağacı gözləmək əbəsdir. Normalda toxumda olan bütün maddələrin ahəngli və düzgün ölçüdə onun içində mövcud olmasını fitrətlə mizacın, insanın dünyaya gəlişi zamanı doğru bir biçimdə, ahəngli bir miqyasda onun daxili aləmində  var olmasına bənzədə bilərik.

Tənəffüs və hava

İnsanın nəfəs alma şəkli, havadakı oksigen miqdarı həmçinin hava təzyiqinin insan inkişafına təsiri böyükdür. Şəxsiyyətimizi sağlam bir şəkildə inkişaf etdirmək istəyiriksə, nəfəsi necə alıb-verdiyimizə, havanın təmiz olmasına diqqət etməyimiz lazımdır. Havanın soyuq, isti, yağışlı, nəmli, dumanlı, tozlu və başqa cür olması birbaşa  insanın həm bədəninə, həm də psixologiyasına təsir edir. Doğru şəkildə nəfəs almayan və yaxud pis hava şəraitində uzun müddət qalan insanların xarakterində mənfi təsirlər göstərməsi və fəsadlara səbəb olması qaçınılmazdır.

Qıda

İnsan təmiz və halal olan nemətlərdən istifadə etməlidir. Qidaların bizə təsiri oxuduğumuz kitabların, öyrəndiyimiz elmin təsirindən daha fərqlidir. Çünki kitab oxuyarkən içindəki biliklərin həyatımıza tətbiqinə niyyət edib bunu həyata keçirdikdə oxunmuş kitabın və içindəki biliklərin faydasını hiss edərik. Bundan fərqli olaraq yediyimiz haram və pis qidaların hansı niyyətlə yeyilməsindən asılı olmayaraq bizə əks təsirlərini göstərməyə başlayar. Mədəmizə girən qidaların təmiz (halal) və yaxud pis (haram) olması bizim davranışlarımıza birbaşa  təsir edən başlıca amillərdəndir.

Ailə və ictimaiyyət

Ailənin, ətraf mühitin və ictimaiyyətin insan şəxsiyyətinə təsiri inkar olunmazdır. Hansı mühitdə yaşamasından və yetişməsindən asılı olaraq insan ya mənfi, ya da müsbət təsirlərin təzyiqi altında qalır. Məhz buna görə də, uşaq tərbiyəsi ilə sadəcə məktəblər məşğul olmamalıdır. Bu mövzuda valideyn üzərinə düşən vəzifələr çox böyükdür. Böyüklərə hörmət, kiçiklərə mərhəmət, qonşu haqları, danışıq ədəbi və başqa bir çox məsələnin təməli məhz ailədə qoyulmalıdır.

Təhsil, elm və tərbiyə

Təhsil və elm əslində tərbiyəyə müsbət yöndə təsir etməlidir. Təhsilin artmasının müqabilində tərbiyənin azalması təzadlıqdır. Elmi artan bir insanın əxlaqında pozulmanın olması arzu olunan bir hal deyildir. Robert Frager “Mənəvi rəhbərlik” kitabında belə deyir: “Mənəviyyat psixologiyası insanın zəka, hissiyyat, ruh, maddi və ictimai qabiliyyətlərində, yaradıcılıq bacarığında ona işıq tutur”. “Mənəviyyat psixologiyası” olaraq tərcümə edilən məfhumu “mənəviyyat və ruhi mühit” olaraq başa düşə bilərik.

“Mən nəsli” kitabının müəllifi Jin M. Tveng: “Dövrümüzdəki gənclər açıq fikirli, məlumat və biliyə qarşı həris, xoş görüşlü.... olduqları qədər də özünə yer tapa bilməyən, mənəvi böhran keçirən, vurnuxma və şübhə içində olan insanlardır”, - deyir. Bu fikirlərə qatılmamaq mümkün deyil.

Bir insanı sadəcə birtərəfli görmək böyük bir müsibətdir. İnsanın maddi, mənəvi, elmi və buna bənzər yönlərdə paralel olaraq tərəqqi etməsi lazımdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz