NİYYƏT HANSI MƏNZİLƏDİR?

NİYYƏT HANSI MƏNZİLƏDİR?

Allahın birliyini və Onun Elçisini qəbul edən hər bir kəsin Rəbbimizin din adına Hz. Peyğəmbər vasitəsilə bəşəriyyətə göndərdiyi hər şeyi səmimiyyətlə qəbul etməsi şərtdir. 

Qurani-Kərim və hədisi-şəriflər müsəlman olmaq üçün iman etməli olduğumuz hər şeyi bizə bildirməkdədir. Bütün bunların xülasəsini Allah Rəsulu məşhur “Cibril hədisi” adlandırılan bir hədisində belə bildirir: İman Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, xeyir və şərin Allahdan gəldiyinə inanaraq qədərə iman etməkdir”. Elə isə deyə bilərik ki, iman bir bütündür və hər bir şərtinə iman etmək lazımdır. Əks təqdirdə “Mən Allaha inanıram, amma mələklərinə inanmıram”, yaxud “öldükdən sonra dirilməyə inanmıram” kimi arqumentlər irəli sürmək insanı iman dairəsindən çıxarar. Çünki Uca Allah qətiyyətlə öldükdən sonra dirildiləcəyimizi və hesaba çəkiləcəyimizi xəbər verməkdə, bizi gözləyən əbədi bir axirət həyatının olduğundan bəhs etməkdədir. Dünya və axirət səadətinə nail olmaq istəyən insan Allahdan gələn hər şeyə “eşitdik, itaət etdik!” deyərək təslim olmaq məcburiyyətindədir.

Bəli, insan oğlu bu dünyada bir yolçudur. Bu yolda müəyyən çətinliklər, bizi yanlış yerə aparacaq yol ayrıcları da var. Əslində hər bir yol ayrıcı yolun sonunda qarşımıza çıxacaq və üzərinə “Cənnət”, “Cəhənnəm” lövhələri yazılan iki fərqli yolun buradakı başlanğıcıdır. Hansına gedəcəyimizə bu gündən qərar verməli və yol xəritəmizə yaxşı bələd olmalıyıq. Belə bir məsəl var: “Niyyətin hara, mənzilin ora!”. Yəni insanın çıxdığı yolda öncə niyyət etməsi şərtdir. İnsanın niyyət etməsi şərt olduğu kimi yol uzunu niyyətini pozmaması da başqa bir şərtdir. Yola çıxan hər kəs getdiyi yolun tələblərinə riayət etməlidir.

Allah-Təala insan oğlunun önünə iki yol qoyduğunu və bu ikisindən birini seçməsi üçün ona sərbəstlik verdiyini Bələd surəsində belə bildirir: Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?!” (əl-Bələd, 10) Qurani-Kərimdə xeyir yolunu tutanların da, şər yolunu tutanların da axirət aqibətini xəbər verir. Elə isə hər kəs yolunu seçməli, seçdiyi yola layiq ömür sürməlidir. Rəvayətə görə bir gün Bəhlül Danəndənin üst-başı toz-torpaq içində uzun yoldan gəldiyini görən Harun Rəşid ondan soruşur: “Bu nə haldır, ey Bəlhul, hardan gəlirsən?” Bəhlul cəhənnəmdən gəldiyini deyir. Harun Rəşid: “Cəhənnəmdə nə işin vardı?” – deyə soruşduqda “Od almağa getmişdim”, -cavabını verir. Harun soruşur: “Gətirə bildinmi bəs?”. Bəhlul deyir: “Xeyr, gətirə bilmədim, cəhənnəmdə od yoxdu”. Təccəüblənən Harun: “Necə yəni? Dəhənnəm od alovdan ibarət deyilmi?”, -deyir. Axtardığı məqamın yetişdiyini görən Bəhlul Danəndə bu hikmətli cavabı verir: “Mən də elə bilirdim. Cəhənnəm zəbanilərindən soruşdum, dedilər ki, zənn etdiyinzi kimi burda od olmaz, hər kəs odu dünyadan özü ilə gətirir”. Deməli, bu gün dünyada işlədiyimiz əməllər sabah bizi yandıracaq odun da ola bilər, cənnət köşkümüzü bəzəyən gül-çiçək də. Əbədi həyatı gülüstan içində yaşamaq istəyənlər ömür yolunu gülə layiq başa vurmalıdırlar.

Xülasə, Bizi axirətə aparan ömür yolumuzda diqqət etməli olduğumuz bəzi məqamlar var. Çünki getdiyimiz yolda bizim üçün qoyulan qaydalara riayət etmədən, arzuladığımız mənzilə çatmaq imkansızdır. Nə üçün gəldiyimizi, haraya getdiyimizi bilməklə yanaşı bu yolçuluqda riayət etməli olduğumuz başqa mühüm məsələlərsə yol tədarükü və etibarlı bələdçidir. Əlbəttə ki, səfərə çıxan adamın hər şeydən əvvəl yol tədarükünə və etibarlı bir bələdçiyə ehtiyacı var.

Yola çıxan tədarük görər. Elə isə yol üstə olduğunu dərk edən, axirət səfərinə çıxdığının fərqinə varan ağıl sahibləri yol tədarükü görməli, azuqələrini hazırlamalıdırlar. Bəs nədir tədarük ediləcək azuqə? Allah-Təala axirət yolçusu olan bizlərə ruhumuzu daşıdığımız bədən çantamıza “təqva” azuqəsini də əlavə etməyi məsləhət görür. Belə ki, Uca Rəbbimiz Qurani-Kərimdə həcc ibadəti ilə bağlı hökmləri bildirdikdən sonra buyurur: “Ey iman gətirənlər, (axirət üçün) tədarük görün. Ən yaxşı tədarüksə şübhəsiz ki, təqvadır”. (əl-Bəqərə, 197) Çünki insanı Allahın əmr və qadağalarına riayət etməyə səsləyən, ömür yolçuluğu əsnasındakı bütün davranışlarını nizamlayan ən önəmli duyğu məhz təqva duyğusudur. Azuqəsiz səfər olmadığı kimi, azuqəsi təqva olmayan cənnət yolçusu da olmaz.

Təqva azuqəsini təmin etdikdən sonra ikinci vacib məsələ etibarlı bir bələdçidir. Gediləcək ünvanı yaxşı tanıyan, qarşıya çıxacaq maneələri dəf etməyin yollarını bilən bələdçinin olması eyni zamanda mənzil başına sağ-salamat çatmağın təminatçısıdır. Axirət yolçusu olan insanın ən gözəl bələdçisi isə Həzrət Peyğəmbərdir. Çünki O, yol sahibinin seçərək bizə göndərdiyi və bütün yolları bilən müstəsna bir rəhbərdir. Tərəddüdə düşəcəyimiz bütün yol ayrıclarında bizə doğru istiqaməti göstərəcək ən etibarlı bələdçidir. Yola çıxanlara “təqva” tədarükü görməyi tövsiyə edən Qurani-Kərim eyni zamanda bu yolu Rəsulullahın bələdçiliyində qət etməyin vacibliyini bildirir:  (Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!”. (Ali-İmran, 31) Elə isə Allahı sevənlər, yolun sonunda cəmalullahın seyr edildiyi cənnət köşklərinə varmaq istəyənlər Hz. Peyğəmbərə tabe olmalıdırlar. Çünki dahi şairimiz Marağalı Əvhədinin də dediyi kimi:

“Kimsə özbaşına qovuşmaz Yara,

Yalnız Muhammədlə gedilər ora”...

Qiyamətin qopduğu, ağla-qaranın, yaxşı ilə pisin bir-birindən ayrıldığı məhşər günündə “Kaş, mən də peyğəmbərlə birlikdə bir yol tutaydım” deyərək əllərini gəmirən zalımlardan[1] olmamaq üçün bu dünyada ikən yolumuzu Onunla birlikdə qət etməliyik.


[1] əl-Furqan, 27

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz