SUAL? - CAVAB!
Sual: Qurban kəsən qəssaba pul əvəzinə qurban ətindən vermək olarmı?
Cavab: Qəssaba pul əvəzinə qurban ətindən verilə bilməz. Çünki verilərsə, qurban ibadətini yerinə yetirmək üçün lazım olan xərcin bir hissəsi ona zəhmət haqqı kimi verilmiş olur. Hz. Əlinin (r.a) belə dediyi nəql edilmişdir: “Rəsulullah (s.ə.s) dəvələr kəsilərkən başında durmağımı, dərilərini və yunlarını yoxsullara paylaşdırmağımı əmr etdi. Onlardan hər hansı bir şeyi qəssab pulu kimi verməyi mənə qadağan etdi və: “Qəssabın pulunu özümüz verərik”, – deyə buyurdu” (Buxari, Həcc, 120-121).
Sual: Qurban kəsmək əvəzinə sədəqə verməklə bu ibadət yerinə yetirilmiş olarmı?
Cavab: İbadətlərin rükn və şərtləri olduğu kimi, məqsəd və hikmətləri də var. Bunları bir-birindən ayrı düşünmək mümkün deyil. Həmçinin ibadətlər yalnız əmr olunduğu vaxtda, tərzdə və sayda yerinə yetirilməlidir. Heyvanın kəsilməsi qurbanın rüknüdür. Hər bir ibadətin özünəməxsus yerinə yetirilmə forması var. Qurban ibadəti də yalnız qurbanlıq heyvanın üsuluna uyğun şəkildə kəsilməsi ilə yerinə yetirilə bilər. Məhz bu səbəbdən onun əvəzini infaq etməklə qurban ibadəti yerinə yetirilmiş olmaz. Hz. Peyğəmbər (s.ə.s) qurban bayramında Allah dərgahında ən sevimli olan ibadətin qurban kəsmək olduğunu, qurbanın kəsilən kimi Allah dərgahında qəbul edilmiş olacağını və qurban edilən heyvanın hər bir hissəsinin insan üçün bir savab olduğunu bildirmişdir (Tirmizi, Ədahi, 1).
Onu da qeyd edək ki, Uca Allahın razılığına nail olmaq məqsədilə kasıb və yoxsullara kömək etmək, yaxşılıq və xeyirxahlıq etmək də müsəlmanın mühüm vəzifələrindən biridir. Zərurət dərəcəsində möhtac olana yardım etmək dinimizdə fərz qəbul edilmişdir. Ancaq bu iki ibadəti bir-birinin alternativi kimi təqdim etmək düzgün deyil. Bu səbəbdən bir heyvanı kəsmədən sədəqə kimi bir fağıra vermək qurban ibadətinin yerinə keçmir. Həmçinin qurban pulunu da yoxsullara vermək surətilə qurban ibadəti yerinə yetirilmiş olmaz.
Sual: Bir kimsə nisyə qurbanlıq alıb kəsə bilərmi?
Cavab: Qurban ibadəti Uca Allaha yaxınlaşmaq niyyəti ilə yerinə yetirilən bir ibadətdir. Bu məqsəd də yalnız insanın öz mülkiyyətindəki heyvanı qurban etməsi ilə gerçəkləşər. Mülkiyyət heyvanı böyütmək, bağış və miras yolu ilə əldə edilməklə yanaşı, satın almaq yolu ilə də reallaşır. Nisyə alış-veriş caizdir; bu alış-veriş borcun ödənməsinin müəyyən vaxta qədər təxirə salınmasıdır. Odur ki, nisyə satın alınan bir mala satın alan sahib olduğu üçün, bu yolla alınan bir heyvanın qurban edilməsində də hər hansı qəbahət yoxdur.
Sual: Qurbanlıq heyvan çəki ilə alına bilərmi?
Cavab: Qurbanlıq heyvan canlı olaraq çəkilmək surətilə alınıb satıla bilər. Əgər cəmiyyətdə hər hansı bir aldatma və mübahisəyə yol verməyən bir adət-ənənə varsa, ətin qiymətini əvvəlcədən müəyyən etmək şərtilə kəsildikdən sonra əti çəkərək pulunun ödənməsi ilə də satın alına bilər. Bunun etibarlı olması üçün kəsilmədən əvvəl tərəflər arasında müqavilə tamamlanmalı və ətin qiyməti müəyyən edilməlidir. Kəsildikdən sonra da ətin miqdarındakı qeyri-müəyyənliyin aldatma və mübahisəyə yol açmayacaq şəkildə dəqiqləşdirilməsi şərtdir. Bundan əlavə, qurbanın başı, ayaqları və içalatı kimi bəzi yerlərinin satıcıda qalması şərti də qoşulmamalıdır.
Sual: Alınan qurbanlıq heyvan ölərsə, nə edilməlidir?
Cavab: Satın alınan bir qurbanlıq kəsilmədən əvvəl ölərsə, satın alanın imkanına görə fərqli hökmü var. Belə ki, əgər həmin şəxs imkanlıdırsa, yenidən qurbanlıq alıb kəsməlidir. Çünki ona vacib olan qurbanı kəsməmişdir. Lakin həmin şəxs yoxsuldursa, yenidən bir qurbanlıq almasına ehtiyac yoxdur. Çünki yoxsula qurban vacib deyil, o, satın almaqla özünə satın aldığı heyvanı kəsməyi vacib etmişdi. Aldığı heyvan öldüyü üçün də cavabdehlik aradan qalxmış olur və yenidən almağına ehtiyac qalmır. Həmçinin alınanda sağlam olan heyvan qurban edilmədən qüsur meydana gələrsə, əgər satın alan varlıdırsa, yeni bir qurbanlıq alıb kəsməlidir. Əgər yoxsul olarsa, həmin heyvanı kəsməsi kifayətdir. Kəsilmə zamanı meydana gələn qüsurlar isə qurbanlığa əngəl təşkil etmir.
Sual: “Ölü qurbanı” deyə bir qurban növü varmı?
Cavab: Dinimizdə “ölü qurbanı” və ya “qəbir qurbanı” deyə bir qurban növü yoxdur. Ancaq savabı ölüyə bağışlanmaq üzrə qurban kəsilə bilər. Bundan əlavə, qeyd edək ki, həyatda ikən vəsiyyət edənin qoyduğu miras kifayət edərsə, varislər tərəfindən vəsiyyəti yerinə yetirilməlidir. Hz. Əlinin də Hz. Peyğəmbər (s.ə.s) vəfat etdikdən sonra onun adına qurban kəsməsi və bunun Hz. Peyğəmbərin (s.ə.s) vəsiyyəti olduğunu bildirməsi məhz buna dəlalət edir. Odur ki, bu hədis vəsiyyəti olmayan bir ölü üçün varislərinin qurban kəsmə məcburiyyətinin olmadığına dəlalət edir. Ancaq bir şəxs savabını ölən ana və ya atasına, yaxud digər yaxınlarına bağışlamaq üzrə kasıblara və yoxsullara yardım edə biləcəyi kimi, qurban da kəsdirə bilər. Əgər ölənin qurban kəsilməsi ilə bağlı vəsiyyəti yoxdursa, bu qurban ətini yoxsullara verə biləcəyi kimi, varisin özü də yeyə bilər. Ölənin vəsiyyəti varsa, kəsilən qurbanın hamısı yoxsullara verilməlidir.
Sual: Toyuq, xoruz və qaz kimi heyvanlar qurban olaraq kəsilə bilərmi?
Cavab: Şübhəsiz ki, qeyd edilən heyvanlar qurban kimi kəsilə bilməz. Çünki qurbanlıq heyvan növləri ayə və hədislərlə açıq-aydın müəyyən edilmişdir. Belə ki, qurbanlıq heyvanlar Qurani-Kərimdə “bəhimə” kəlməsi ilə vurğulanmışdır. Uca Allah belə buyurur: “Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, məzlum yoxsullara da yedirin!” (əl-Həcc, 22/28) Bu ayeyi-kərimədə “bəhimə” adı ilə qeyd edilən heyvanlar həmçinin başqa bir ayədə “səkkiz cüt” – qoyun, keçi, inək və dəvə olmaqla erkək və dişi kimi izah edilmişdir.
Bundan əlavə, qeyd edilən heyvanların müştərək xüsusiyyətləri vəhşi olmayıb ev heyvanı və cüt dırnaqlı olmasıdır. Bu iki xüsusiyyəti daşımayan heyvanlar qurban edilə bilməz. Odur ki, maral, ceyran və dağ keçisi kimi heyvanlar cüt dırnaqlı olmasına baxmarayaq, yabanı olduğu üçün qurban edilə bilməz. Toyuq, xoruz və qaz kimi heyvanlar isə ev heyvanları olmasına baxmayaraq, cüt dırnaqlı olmadığı üçün qurbanlıq üçün istifadə edilə bilməz.
Sual: Yuxuda qurban kəsməyi əhd edən bunu yerinə yetirməlidir?
Cavab: Əvvəla qeyd edək ki, peyğəmbərlərdən başqa insanların gördükləri yuxular qəti bir hökmə dəlalət etməz, hər hansı məcburetmə qüvvəsi də yoxdur. Belə olan halda yuxuda qurban kəsməyi nəzir edən kimsənin bunu yerinə yetirməsi vacib deyil. Çünki Hz. Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Üç nəfərdən məsuliyyət götürülmüşdür: yatan oyananadək, uşaq həddi-büluğa çatanadək və ruhi xəstə olan sağalanadək” (Əbu Davud, Hüdud, 16).
Sual: Kəsilən qurbanın qanından alına sürtülməsi dinimizdə varmı?
Cavab: Kəsilən qurbanın qanının alına sürtülməsinin dinlə heç bir əlaqəsi yoxdur. Dini mənbələrimizin heç birində buna uyğun bir məlumat yoxdur. Odur ki, xalqımız tərəfindən yerinə yetirilən bu adət-ənənə başqa anlayışlardan bizə keçmişdir. Bu səbəbdən dini baxımdan qeyri-səhih olan bu kimi adət-ənənələrin tərk edilməsi məqsədəmüvafiqdir.
Sual: Qurbanlıq heyvanlarda qurban kəsilməsi üçün yaş həddi varmı?
Cavab: Qurbanlıq heyvanlarda yaş həddi var və bu məsələ Hz. Peyğəmbərin (s.ə.s) hədisi-şərifi ilə müəyyən edilmişdir (Əbu Davud, Dəhaya, 5; Nəsai, Dəhaya, 13). Belə ki, qurbanlıq heyvanlarda iribuynuzlu heyvanlarda 2 qəməri, qoyun və keçilərdə isə 1 qəməri ilin keçməsi şərtdir. Ancaq qoyunlarda 1 qəməri il keçməyib altı ayını doldurmuş və 1 yaşındakı kimi iri və kök olan heyvanlar da qurban kəsilə bilər. Qoyunlarda edilən sözügedən istisna şəxsən Hz. Peyğəmbər (s.ə.s) tərəfindən bildirilmişdir (Müslim, Ədahi, 13). Ona görə də bu istisnanı başqa heyvanlara da tətbiq etmək düzgün hesab edilməmişdir.
ŞƏRHLƏR