MÜSBƏT VƏ MƏNFİ ÖRNƏYƏ DAİR … OSMAN NURİ TOPBAŞLA MÜSAHİBƏ - 2

MÜSBƏT VƏ MƏNFİ ÖRNƏYƏ DAİR … OSMAN NURİ TOPBAŞLA MÜSAHİBƏ - 2

O nümunəvi şəxsiyyətlərin könüllərdə yaşayan hikmətli sözlərinin, ibrətli hallarının, həyat düsturu olan qissələrinin arxa planına nəzər yetirilsə, bütün bunların Nəbəvi əxlaqın əksi olduğunu görmək mümkündür.

MÜSƏLMAN ŞƏXSİYYƏTİNİN ÜSTÜN VƏSFLƏRİ

İrfan: Bir neçə aydır ki, Abdulqadir Gilani həzrətlərinin sözləri üzərinə dəyərləndirmələr edirsiniz. Daha əvvəl Həzrət Mövlana, İmam Rəbbani, Şah Nəqşbənd kimi böyük İslam şəxsiyyətləri ilə bağlı da dəyərləndirmələr etdiniz. Həmçinin “Altun Silsilə” adlı əsərinizdə Rəsulullah dən bu günə qədər gəlmiş Allah dostlarından yazdınız. O mümtaz şəxsiyyətləri də Rəsulullahdan mənən bəslənmiş və yaşadıqları dövrün müsbət nümunələri kimi görə bilərikmi?

Osman Nuri Topbaş: Əlbəttə. Çünki Haqq dostları insanlığa örnək şəxsiyyət olaraq ərməğan edilmiş Rəsulullah r -in zamanlara yayılmış zirvə təmsilçiləridir. Onlar imanı eşqlə yaşayan Peyğəmbər varisləridir. Quran və Sünnədən feyz alaraq könüllərini gözəl əxlaq və davranış mükəmməlliyinə yüksəldən bəxtiyar insanlardır. Həzrət Peyğəmbər və Onun ali əshabını görə bilməyənlər üçün tabe olunacaq örnək şəxsiyyətlərdir. Sanki Nəbəvi əxlaqın müxtəlif zaman və məkanlarda açılmış şöbələri kimidirlər. Onların könül feyzinin mənbəyi Rəsulullah r -dir.

O nümunəvi şəxsiyyətlərin könüllərdə yaşayan hikmətli sözlərinin, ibrətli hallarının, həyat düsturu olan qissələrinin arxa planına nəzər yetirilsə, bütün bunların Nəbəvi əxlaqın əksi olduğunu görmək mümkündür.

Məsələn, Xatəmi-Əsam həzrətlərinin yanına zəif, dərdli və pərişan halda bir qadın gəlir. Dərdini açdığı əsnada qadından qeyri-ixtiyari çirkin bir səs eşidilir. Zavallı qadın utandığından qıpqırmızı qızarır. Şeyx həzrətləri isə sanki heç nə eşitməyibmiş kimi ciddi-ciddi qadının üzünə baxır və əlini qulağına aparıb:

“Nə dediyinizi başa düşmədim, qulağım çox ağır eşidir, yüksək səslə danışın, mən karam”, - deyir.

Ayıbının gizli qaldığını zənn edən qadın bir anda sanki yenidən doğulmuş kimi rahatlıq tapır.

Heç bir millətin ədəb-ərkanında misli görülməmiş bu nəzakəti səbəbi ilə Xatəm həzrətlərinə “Əsam”, yəni kar ləqəbi qoyulur. Çünki Xatəm həzrətləri bu hadisədən sonra da özünü kar kimi aparır ki, qadın eşidib utanmasın. Yalnız qadın vəfat etdikdən sonra yanındakılara:

“Artıq qulaqlarım yaxşı eşidir, yavaş danışa bilərsiniz”, - deyir.

İndi isə əsri-səadətdə baş vermiş bir hadisəyə nəzər salaq:

Allah Rəsulu r əshabı ilə birlikdə dəvə ətindən hazırlanmış yemək yeyirlər. Namaza qalxacaqları zaman kiminsə dəstəmazının pozulduğunu hiss edirlər. Fəxrə-Kainat r həmin adamın camaat içində utanmaması üçün “Dəvə əti yeyənlər dəstəmaz alsın”, - buyurur. Yəni bir adamın xəcalət çəkməməsi üçün bütün camaata yenidən dəstəmaz aldırır.

Buna bənzər başqa bir nəzakət örnəyi belədir:

Həzrət Ömər t başqaları ilə birlikdə bir evdə idi. Aralarında Cərir bin Abdullah t da vardı. Həmin əsnada Həzrət Ömər naxoş bir qoxu hiss etdi və:

“Bu qoxu kimdən gəldisə tez qalxıb dəstəmaz alsın”, - dedi.

Cərir t:

“Ya Əmirəlmöminin, buradakı hər kəs dəstəmaz alsa daha yaxşı olmazmı?! – dedi.

Bu alicənab düşüncəyə heyran olan Həzrət Ömər t ona:

“Allah sənə rəhmət etsin! Sən cahiliyyə dövründə də alicənab insan idin, İslamdan sonra daha da nəcib insan oldun”, - buyurdu. (Əli əl-Müttəqi, Kənz, № 8608)

Gördüyümüz kimi Xatəmi-Əsam həzrətlərinin sərgilədiyi nəzakət və xoş davranış Allah Rəsulunun və Onun yetişdirdiyi səhabənin nümunəvi əxlaqının əksidir. O əxlaqın zamanlara yayılmış misallarından biridir.

Yenə Haqq dostlarından Səriy Səqati həzrətləri bir anlıq qəflətə düşərək din qardaşının çəkdiyi acıya biganə qaldığı üçün keçirdiyi peşmanlıq hissini belə ifadə edir:

“Bir gün Bağdad bazarı yanmışdı. Tələbələrimdən biri qaçaraq yanıma gələrək: “Ustadım, Bağdad bazarı tamamən yandı, yalnız sizin dükanınız salamat qaldı. Gözünüz aydın”, - dedi. Mən də həmin an dükanı yanan digər qardaşlarımı düşünmədən öz nəfsim adına “əlhəmdulillah” dedim. Otuz ildir ki, yaşadığım o qəflət anıma görə istiğfar edirəm”.[1]

Başqa bir misal:

Bir gün Davud Tai həzrətlərinə xidmət edən tələbəsi ona:

- Bir az ət bişirmişəm, lütfən buyurun, - dedi. Ustadının sükutunu razılıq əlaməti sayaraq əti gətirdi. Lakin Davud Tai həzrətləri önünə qoyulan ətə baxaraq:

- Filan yetimlərdən nə xəbər var, oğlum? – deyə soruşdu.

Tələbəsi vəziyyətlərinin yaxşı olmadığını ifadə mahiyyətində:

- Bildiyiniz kimidir, əfəndim! – dedi.

O böyük Haqq dostu:

- Elə isə bu əti onlara apar, - dedi.

Hazırladığı yeməyi ustadının yeməsini arzu edən tələbəsi:

- Əfəndim, siz də uzun zamandır ət yeməmisiniz, - deyərək israr etdi. Lakin Davud Tai həzrətləri bunu qəbul etməyib:

- Oğlum, bu əti mən yesəm, bir müddət sonra çölə çıxar, ancaq o yetimlər yesə əbədiyyən qalmaq şərti ilə Ərşi-Əlaya çıxar! – dedi.

Haqq dostlarının məhz bu kimi qayğıkeşlik və isar əxlaqının təməlində Nəbəvi əxlaqın yatdığında şübhə yoxdur. Necə ki, Rəsulullah r də ümmətinin aclarını doyurmadan əsla özünü doyurmağı düşünməzdi. Dünya malı adına əlində olanları infaq etmədən rahat yata bilməzdi. Möhtacların müşkülünü həll etmək, dərdlilərin dərdinə əlac olmaq, acları doyurmaq Ona elə mənəvi həzz verirdi ki, öz aclığını unudurdu.

Hədisi-şəriflərdə belə buyurulur:

“Mömin qardaşının dərdi ilə dərdlənməyən bizdən deyil”. (Hakim, IV, 352; Heysəmi, I, 87)

“Qonşusu ackən tox yatan (kamil) mömin deyil”. (Hakim, II, 15)

Bu Nəbəvi əxlaqın bir təzahürü olaraq Həzrət Mövlana belə demişdir:

“Şəms g mənə bir şey öyrətdi, (lakin zehnimə deyil, qəlbimə nəqş etdi): “Yer üzündə bir mömin üşüyürsə, isinməyə haqqın yoxdur”. Mən də bilirəm ki, yer üzündə üşüyən möminlər var və artıq isinə bilmirəm!..”

Gözəl əxlaqı tamamlamaq üçün göndərilən Rəsulullahın nümunəvi şəxsiyyətini zamanlara və diyarlara daşıyan bu kimi Allah dostlarının tərbiyəsində olmaq dünyada nail olunacaq ən böyük nemətlərdən biridir. Yavuz Sultan Səlim xan bu hissiyyatla belə demişdir:

“Padişahı-aləm olmaq bir quru qovğa imiş,

Bir vəliyə bəndə olmaq cümlədən əla imiş”.

Tarixdə imperiyaları diz çökdürüb yeni bir Dünya dövləti inşa edən, bir dövrə xitam verib, yenisini başladan, İstanbulu fəth edərək Peyğəmbər müjdəsinə nail olan Fateh Sultan Mehmed xan da o mübarək fəth günü:

“Bu sevinc və hüzur halım yalnız bu qalanın fəthinə görə deyil, Ağşəmsəddin kimi əziz və mübarək bir Allah dostunun mənim zamanımda və mənimlə birlikdə olmasındandır”, - demişdir. Çünki o da Rəsulullah r -in örnək şəxsiyyətinin məhz həmin dövrdə yaşayan kamil təmsilçisi mövqeyində idi.

Rəsulullah r Məkkənin fəthi zamanı müzəffər sərkərdə olmasına baxmayaraq qürur, təkəbbür, lovğalıq halı gəlməsin, qulluq səyi zəifləməsin, axirətə rəğbət azalmasın, dünyaya uyulmasın deyə tam mütəvazi şəkildə:

اَللّٰهُمَّ لَا عَيْشَ اِلّٰا عَيْشُ الْاٰخِرَةِ

“Ey Allahım! Əsas həyat, axirət həyatıdır”[2] deyə dua etmişdi. Ağşəmsəddin həzrətləri də Məkkədəki o Nəbəvi hissiyyatı sanki İstanbul üfüqlərinə daşıyan örnək şəxsiyyət idi.

Ona gördə də Ağşəmsəddin həzrətləri İstanbulun fəthindən sonrakı ilk Cümə namazının ardından Okmeydanında təşkil olunan fəth və zəfər mərasimində müzəffər orduya nəsihət etdi. Onları qəflətə düşməməyə dəvət edib həmd, şükür və infaqa səslədi:

“Ey qazilər, bilin ki, hər biriniz üçün Axırzaman Peyğəmbəri r: “Onlar nə gözəl əskərdir...” buyurmuşdur. Ümid edirəm ki, hamınızın günahları əfv olunmuşdur. Allah Rəsulunun bu iltifatı müqabilində siz də döyüş qənimətini israf etməyin, xeyir-həsənat üçün xərcləyin!..”

Beləliklə İstanbulu fəth edən ordunun fəzilətini yeni bir fəzilətlə taclandırmaq üçün hər birini şəhərin abadlaşdırılmasına və xalqın istifadə edəcəyi xeyriyyə qurumları qurmağa təşviq etdi.[3]

Bütün bu misallar göstərir ki, Nəbəvi əxlaqla əxlaqlanan həqiqi möminlər Rəsulullahın gözəl nümunə oluşunu sonrakı zamanlarda da yaşada bilmişlər. Bu şərəfli vəzifəni bu gün də həyata keçirmək mümkündür.

 

Oxuduğumuz zaman hər Allah dostunda fərqli bir vəsfin önə çıxdığını görürük. İmam Rəbbanidə şəriət həssaslığı, Şah Nəqşbənddə yaradılana xidmət, Mövlanada eşq kimi...

İlk sualımızda Abdulqadir Gilanidən söz açdıq. Gilanini oxuyarkən bu Allah dostunda hansı vəsfin üstünlük təşkil etdiyini görürsünüz? Məşhur əsəri “Fəthur-Rəbbani”ni ilə verdiyi əsas mesaj nədir?

- Hər felində hikmət sahibi olan Allah-Təala kainatdakı bütün varlıqları fərqli yaratmışdır. Qullarına da bir-birindən müxtəlif maddi-mənəvi xüsusiyyətlər lütf etmişdir.

Eyni mənbədən, yəni Kitab və Sünnədən feyz alan saysız Haqq dostları da sanki bir kristalın eyni işığı rəngarəng əks etdirən fərqli prizmaları kimi məna aləmində nail olduqları təcəllilərin təzahürü baxımından fərqlilik ərz edirlər.

Necə ki, dəryaların da özlərinə məxsus rəngi yoxdur. Onlarda müşahidə olunan rəng səmadan aldıqları işığın müxtəlif əksləridir. Allah dostlarının halı da Haqq-Təalanın əsma təcəllilərinin onlardakı fərqli təzahüründən ibarətdir.

Məsələn, Allah-Təala bəzi vəli qullarını Şah Nəqşbənd kimi mənəvi təsərrüf və mərifətullahda misilsiz himmət dəryası qılmış, bəzisini Məcnun kimi eşq səhrasında dolaşdırmış, bəzisini heyrət vadilərində gəzdirmiş, bəzisini ilahi əzəmət qarşısında dilsiz qılıb sükut və hal lisanı ilə irşadla vəzifələndirmiş, bəzisini Yunus Əmrə kimi eşqi-ilahinin bülbülü qılmış, bəzisini də Həzrət Mövlana kimi dilindən hikmət inciləri saçılan ucsuz-bucaqsız məna dəryası etmişdir.

Böyük Haqq dostu olan Abdulqadir Gilani həzrətləri də hər şeydən əvvəl alim və arif mürşidi-kamildir. XI-XII əsrlərdə yaşamasına baxmayaraq ixlasının bərəkəti səbəbi ilə Haqq-Təala bu gün də irşadına təsir gücü bəxş etmişdir.

Abdulqadir Gilani həzrətlərinin “Fəthur-Rəbbani”adlı əsərini böyüklərimiz də oxuyar və söhbətlərində oxudardılar. Yazılarımızda və söhbətlərimizdəistifadə etdiyimiz bu qiymətli əsərin bizı görə ən mühüm mesajlarından bəzisi belə xülasə edilə bilər:

Elm həddən artıq lüzumludur, amma təkbaşına kifayət etməz. Mütləq surətdə saleh əməllərlə dəstəklənməsi lazımdır. Əməl də kifayət etməz, onun da riyadan qorunub ixlasla əda edilməsi zərurəti var.

Elmin irfana çevrilməsi üçün nəfsin təzkiyə olunaraq təmizlənməsi şərtdir. İnsanın elmi okean qədər geniş olsa da zəhərlənmə təhlükəsi var. Qarunda, Bəlam bin Baurada bu zəhərlənmənin şahidiyik. Hər ikisi vaxtilə saleh bəndələrdən olduğu halda nəfslərinə meyl etmələri onları zəhərlədi.

Deməli, hər mömin özünü nəfsinin şərindən qorumalıdır. Nəfsin təzkiyə edilməsi ən mühüm məsələdir. Bir hədisi-şərifdə:

“(Əsl) mücahid nəfsinə qarşı cihad edən kəsdir”, - buyurulmuşdur. (Tirmizi, Fədailul-Cihad, 2/1621; Əhməd, VI, 20)

Abdulqadir Gilani həzrətlərinin tez-tez “tövhid”i vurğuladığını görürük. Həqiqətən də etiqad dinin ən həssas nöqtəsidir. Çünki tövhid inancı əsla şəriklik qəbul etmir. Əqidə mövzusunda zərrə qədər də olsa güzəşt yolverilməzdir.

Hər bir mömin İslamın izzət, heysiyyət və vüqarını qorumaq məcburiyyətindədir. Bunun üçün zəlalət içində yaşayanlara bənzəməkdən, küfr və qəflət əhli ilə münasibətdən qaçmaq lazımdır. Saleh və sadiqlərlə bərabər olub onlardan mənən istifadə etməyə can atmaq lazımdır.

Mömin başına gələn hər imtahanda sədaqətlə imanına sadiq qalmalı, ilahi-təqdirə riza göstərməli, özünü Allahdan başqasına möhtac hiss etməməli, fani varlıqlardan gələcək mənfəətə gözütox olmalı, daima axirət əndişəsini dünya təlaşından öndə tutmalıdır. Dünyaya qarşı qəlbən zöhd və riyazət halında yaşamalıdır. Qəflət və gərəksiz işlərdən uzaq durmalıdır. Hər zaman Quran və Sünnəyə tabe olmalıdır. Haramlardan atəşdən qaçan kimi qaçmalı, halal yolla qazanıb halalla qidalanmalıdır. Xəsislikdən çəkinməli, səxavətli və fədakar olmalıdır. İsraf və göstərişdən uzaq olmalı, sadə və mütəvazi yaşamalıdır.

Həmçinin mömin vaxtın qiymətini yaxşı dərk etəli, əcəl gəlib çatmadan tövbə edib halını islaha yönəlməli, ömrünün geri qalan hissəsini saleh əməllərlə əhya etməyə çalışmalıdır.

Təsəvvüfün qayəsi kəramət göstərəcək səviyyəyə çatmaq deyil, qulluğu kamala çatdırmaqdır. Şəriəti kamil və layiqincə yaşamaqdır. Mərifətullah, məhəbbətullah, xaşyətullah, ixlas və təqvaya çataraq ömür boyu istiqamət üzrə qulluq etməkdir…

Xülasə, deyə bilərik ki, Abdulqadir Gilani həzrətlərinin əsərlərindəki ana mesajlar İslamı eşq və vəcd içində, təqva həssaslığı ilə yaşamaqdır.

- Sami Əfəndi və atanız Musa Əfəndi bu əsrin tanıdığı Allah dostlarındandır. Əminik ki, “Gözəl örnək” olma nöqteyi-nəzərindən həm Sami Əfəndi, həm də Musa Əfəndi haqda söyləyəcəyini çox şey var. Şahidi olduğunuz gözəl xatirələrdən bir neçəsini bizimlə də paylaşarsınızmı? Təbii ki, bir Allah dostunun könül dünyasındakı zənginliklər tamam başqadır, biz sadəcə görünən həyatlarını təqib edə bilirik. İnsanlıq keyfiyyəti olaraq “Bu insandır” dedirdən hansı gözəl səhnələrə şahid oldunuz?

Bu haqda anlada biləcəyimiz xeyli xatirə var. Lakin burada xüsusilə ifadə etmək istədiyim cəhət o böyüklərimizin mərhəmət və şəfqət üfüqünün sonsuz olmasıdır.

Həzrət Peyğəmbər r-in:

“Mərhəmət sizin anladığınız kimi yalnız bir-birinizə olan mərhəmət deyil. Əksinə, bütün məxluqata şamil olan mərhəmətdir. Bəli, bütün məxluqata şamil olan mərhəmət...”[4] buyurduğu kimi, Sami və Musa Əfəndidə bütün məxluqata qarşı yüksək mərhəmət duyğusu gözə çarpardı. Bağçadakı köpəkdən, pişikdən tutmuş göydəki quşlara qədər uzanan geniş mərhəmətə sahib idilər. Bizim kimi onları da Allahın yaratdığını düşünərək Yaradandan ötrü yaradılana şəfqət və mərhəmətlə nəzər salar, onlardan məsul olduqlarını əsla unutmazdılar.

Qurban bayramına yaxınlaşdığımız bu günlərdə fürsətdən istifadə edərək Sami və Musa Əfəndinin qurban xüsusunda riayət etdiyi bəzi ədəb davranışlarını qeyd etmək istərdim:

Sami Əfəndi həzrətləri və rəhmətlik atam Musa Əfəndi həzrətləri qurban kəsərkən həddən artıq həssas davranardılar.

Qurbanlıq heyvana su içirər, kəsiləcəyi yerə sürükləyərək aparılmasına qarşı çıxar, əgər kiçik baş heyvandırsa, qucağa alınaraq şəfqətlə aparılmasını istəyərdilər. Mütləq qurbanın gözünü bağladar, bir çuxura iki qurban kəsdirməzdilər. yaxud çuxur təmizləndikdən sonra ikinci qurbanı kəsdirərdilər. Heyvanı kəsəcək bıçağın iti olmasına diqqət edərdilər. Heyvana əziyyət vermədən gözəl şəkildə kəsilməsini arzu edərdilər.

Şübhəsiz ki, bu həssas davranışlra Rəsulullah r -in uca əxlaqının o peyğəmbər varislərindəki təzahürü idi.

Aləmlərə rəhmət olaraq göndərilən Rəsulullah r bir gün qulağından tutduğu qoyunu dartaraq kəsməyə aparan bir nəfərlə qarşılaşdı. Dərhal müdaxilə edərək belə buyurdu:

“Heyvanın qulağını burax, boynunun kənarından tut!”. (İbn Macə, Zəbaih, 3)

İbn Abbas t-ın nəql etdiyinə görə:

“Bir nəfər kəsmək üçün qoyunu yerə yatırıb gözünün önündə bıçağını itiləyirdi. Allah Rəsulu r həmin adama belə buyurdu:

“Olmaya onu dəfələrlə öldürmək istəyirsən? Bıçağı onu yerə uzatmadan itiləyə bilməzdin? (Hakim, IV, 257)

Başqa bir hədisi-şərifdə də:

“Sizdən biri heyvanı qurban edəcəyi vaxt bunu cəld və tam etsin!” buyurulmaqdadır. (İbn Macə, Zəbaih, 3)

Bu və bu kimi Nəbəvi həssas ölçüləri həyatlarına düstur edən Sami və Musa Əfəndimiz də qurban kəsilərkən gətirilən stula oturmaz, Allahın əmrinə təzim məqsədi ilə heyvanın qanı tamamən axana qədər ibadət vəcdi ilə, ədəb-ərkana riayət edərək ayaq üstə dayanardılar. Allahın nemətlərini təfəkkür edərək qulluq şüuru içərisində olardılar. Beləliklə digər ibadətlər kimi qurbanın da təfəkkür və məna cəhəti yüksək bir ibadət olduğunu və böyük ədəblə əda edilməsinin zərurətini öz halları ilə bizə təlqin edərdilər.

Biz də qurban vəsiləsi ilə xüsusilə bunu düşünməliyik ki, Allah-Təala bizi kəsiləcək qurbanlıq kimi də dünyaya göndərə bilərdi. İnsanlar bizi qurban kəsərdilər. Ona görə kəsilən qurbanlara Xaliqin şəfqət və mərhəmət nəziri ilə baxmalı, onlara qarşı həddən artıq həssas davranmalıyıq.

Necə ki, ayeyi-kərimədə belə buyurulur:

“Hər kəs Allahın mərasiminə (həcc əməllərinə, yaxud qurbanlıq heyvanlara) hörmət etsə, bu (hörmət), şübhəsiz ki, qəlblərin”. (əl-Həcc, 32)

Qurani-Kərim kimi, Kəbeyi-Müəzzəmə kimi, azani-Muhammədi kimi qurban da Allahın nişanələrindəndir. nəticə olaraq qurbanlıq xüsusunda göstəriləcək ədəb və həssaslıq Allaha duyduğumuz təqva hissinin bir təzahürüdür. Onsuz da Allah-Təala qurbanın ətinə və ya qanına deyil, bu ibadət vəsiləsi ilə Haqqa ərz edəcəyimiz dua, qulluq və təqvamıza dəyər verir. Yəni qurbandan məqsəd də təqva imtahanını qazana bilməkdir. Allaha itaət və təslimiyyətimizi ortaya qoymaqdır.

Ayeyi-kərimədə qurbanlar haqqında belə buyurulur:

“Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır…” (əl-Həcc, 37)

Mövlana həzrətləri də insanların bu həqiqətdən qafil qalmaması üçün “Keçinin kölgəsini qurban etmə!” – deyə xəbərdarlıq etmişdir. Yəni qurbanın həqiqətinə var, bu günləri ət bayramı zənn etmə. Çünki Haqq-Təala qurbanlar vəsiləsi ilə bizim qulluqdakı səmimiyyətimizi sınağa çəkir. Ona olan məhəbbət, itaət, təslimiyyət və sədaqətimizi imtahan edir.

Bunu da unutmamaq lazımdır ki, Ramazan bayramı kimi Qurban bayramı günləri də bir tətil fürsəti deyil, ictimailəşmə günləridir. Qohum-əqrəbanı ziyarət, ehtiyac sahiblərinin könlünü almaq, dünyadan köçənlər üçün xeyir-həsənat göndərib ruhlarını şad etmək, din qardaşları ilə ünsiyyəti artırmaq, küsülülükləri bir kənara qoymaq kimi vəzifələrin icra ediləcəyi ictimai ibadət günləridir.

Digər tərəfdən Həzrət İbrahim u-ın əziz xatirəsi olan qurban könüllərimizi Allah üçün fədakarlıq duyğusunun təfəkküründə dərinləşdirməlidir. həqiqətən İbrahim u çox ağır və çətin imtahanlardan keçdi. Allahın lütfü ilə bütün imtahanlardan alnıaçıq çıxaraq Haqqa “Xəlil”, yəni “Dost” oldu. Kasıblıqdan qorxmadan bütün var-dövlətini infaq etdi, bütpərəst bir qövmə qarşı tövhid mücadiləsində heç bir tərəddüd etmədən Nəmrudun atəşinə atıldı. Bununla da lazım gəldikdə canını təslim edə biləcəyini sübut etdi. İnsan üçün ən ağır imtahanlardan biri olan övlad xüsusunda da Allah-Təalaya itaət və təslimiyyət abidəsi oldu.

Demək ki, qurban sırf bir heyvanın kəsilməsi deyil, Allah üçün fədakarlığın simvoludur. necə ki, Kosova şəhidi I Murad Xan düşmən ordusu ilə qarşılaşdığı zaman əllərini ilahi dərgaha açaraq ümmətə bayram olacaq bir zəfər lütf etməsini və bu bayramın qurbanı olaraq da onu yanına almasını Haqq-Təaladan istəmişdi. Fatehin əsgərləri İstanbul surlarına dırmaşarkən: “Bu gün şəhid olmaq növbəsi bizdədəir”, - deyirdilər. 15 İyul günü tankın önünə uzanan igidlərin halı da eyni fədakarlığın bir başqa təzahürü idi.

Xülasə, qurban könüllərdəki “Allah üçün fədakarlıq” həyəcanını inkişaf etdirmək mövsümüdür.

Sami Əfəndi və Musa Əfəndi də qurban bayramını bu həqiqətlərin təfəkkürü içində və böyük bir qulluq ədəbi ilə əhya edərdilər.

Digər tərəfdən onların Yaradandan ötrü yaradılanlara şəfqət və mərhəmətlərinin genişliyinə dair bir çox nümunəvi davranışları vardı. Məsələn, mərhum atam Musa Əfəndi belə bir hadisə nəql etmişdi:

Sami Əfəndi ilə səyahət edərkən Ürgüpdə bir nəfər maşına yaxınlaşıb onlardan siqaret pulu istəyit. Bəzi yol yoldaşlarının səssiz etirazına baxmayaraq:

“Madam ki, istəyir vermək lazımdır”, - deyib həmin adamın arzusunu yerinə yetirir. Bundan razı qalan ehtiyac sahibi niyyətini dəyişib:

“İndi gedib bu pulla çörək alacağam”, - deyərək sevinclə oradan uzaqlaşır.

Xalis niyyətin bərəkəti ilə halal qazancdan verilən təmiz pul alan adamın qəlbini xeyrə meyl etdirir. Siqaret almaqdan uzaqlaşdırıb çörəyə istiqamətləndirir.

Deməli, Allah üçün işlənən xeyir əməllərdə qarşımızdakı adamın qəlbi halından çox öz qəlbi halımızın mühüm olduğunu unutmamalıyıq. 

Bu misalı qəlb gözü ilə təhlil etdiyimiz zaman Nəbəvi bir həqiqəti xatırlayırıq. Bir hədisi-şərifdə belə buyurulur:

“(Vaxtilə) bir nəfər:

“Mütləq sədəqə verəcəyəm”, - dedi. Gecə sədəqəsini götürüb evindən çıxdı və bilmədən onu bir oğruya verdi. Ertəsi gün camaat danışmağa başladı: “Təəccüblüdür, bu gecə bir oğruya sədəqə verilib”. Sədəqəni verən adam: “Allahım sənə həmd olsun. Mən mütləq sədəqə verəcəyəm”, - dedi. Sədəqəsini götürüb evdən çıxdı və onu bir fahişəyə verdi. Ertəsi gün camaat arasında dedi-qodu yayıldı: “Belə şey olmaz. Bu gecə bir fahişəyə sədəqə verilib”. Sədəqə verən adam “Allahım, fahişəyə sədəqə verdiyim üçün sənə həmd olsun. Mütləq sədəqə verəcəyəm”, - dedi. Sədəqəsini götürüb evindən çıxdı və onu varlı bir adamın ovcuna qoydu. Bu dəfə camaat “Bu nə işdir! Bu gecə varlı bir adama sədəqə verilib”, - deyə danışmağa başladı. Adam: “Oğruya, fahişəyə və varlıya sədəqə verdiyim üçün sənə həmd olsun”, - dedi.

Yuxuda həmin adama belə dedilər:

“Oğruya verdiyin sədəqə bəlkə onu utandırıb etdiyi oğurluqdan vaz keçirəcəkdir. Bəlkə fahişə etdiyi əməldən dönüb iffətli qadın olacaq. Bəlkə varlı da bundan ibrət götürüb Allahın ona verdiyi maldan möhtaclara paylayacaq”. (Buxari, Zəkat, 14; Müslim, Zəkat, 78)

Budur xeyirdə xalis niyyətin və Yaradandan ötrü yaradılanlara şəfqət və mərhəmətin bərəkəti…

Sami Əfəndi atasından qalan böyük mirası almayıb qardaşlarına dövr etmişdi. Hüquq təhsili almasına baxmayaraq qul haqqına girmək qorxusu ilə bu sahədə işləməyib Tahtakalədə mühasibatçılıq etmişdi. Qul haqqı barəsində həddən artıq həssas idi. Məsələn, möhtərəm ustad işə getmək üçün paraxodla Karaköyə keçərdi. Bilet alarkən insanları gözlədərək qul haqqına girməmək üçün əvvəlcədən xırda pulunu hazır edərdi.

Karaköydən Tahtakaləyə qədər də avtobusa minməz, bu ehtiyacından fədakarlıq edərək piyada gedər, avtobusa verəcəyi pulu da infaq edərdi.

Böyüklərin qul haqqı xüsusundakı bu incə düşüncəsi bizim üçün necə də böyük nümunədir.

Halbuki bu gün yolda nələrlə qarşılaşırıq. Maşınla haqsız şəkildə hər kəsi ötüb keçmək məharət zənn edilir. O qədər adamın qul haqqına girildiyi ağıla gəlmir.

Mərhum atam Musa Əfəndinin də xüsusilə infaqda müstəsna nəzakət, zərafət və nəzakəti gözə çarpır. Çünki ayeyi-kərimədə:

“…Allah qullarından tövbəni qəbul edər, sədəqə alar…” (ət-Tövbə, 104) buyrulur. Bu etibarla kiməsə zəkat, sədəqə, hədiyyə və s. verərkən onu həddən artıq nəzakətlə təqdim etməyə çalışardı. Zərfin üstünə nəzakətlə “Möhtərəm Filankə Əfəndi, qəbul etdiyiniz üçün təşəkkür edirik” yazardı. Çünki qayəsi ilahi nəzərgah olan bir qəlbə girmək, beləcə Allahın rizasına nail olmaqdı. 

Ailə daxilində ən böyük səyi uşaqlarına Allahın kəlamını öyrətmək, gözəl Quran təhsili verə bilmək və Allah Rəsulunu sevdirmək idi.

Xidmətində duranlara iltifat edər, “Xidmət edən kəs qövmün əfəndisidir”[5] hədisini xatırladardı.

O vaxtlar quşçuluq fermaları yox idi. Toyuğun qiyməti qırmızı ətdən üç dəfə baha idi. Toyuğun da ən ləzzətli yeri bud tərəfidir. Çox vaxt anam, yaxud atam:

“Biz istədiyimiz vaxt toyuğun budunu yeyə bilirik. Bu gün budunu evdə işləyənlərə saxlayaq”, - deyərdi. Özləri üçün istədiklərini din qardaşları üçün də istəyə bilmək nəzakəti onların üstün keyfiyyətlərindəndi.

Mərhum atam xidmət edənin xidmət etdiyi adamdan daha irə gedə biləcəyini təlqin edərdi. Çünki qəlblər Allaha açıqdır. Onun üçün daima xidmətə təşviq edərdi. Vəfatına yaxın belə deyərdi:

“Kaş vücudumda bir az taqət olaydı, kəndbəkənd gəzib bu təqva yolunu tövsiyə edəydim”.

Ümməti-Muhammədin dərdi ilə dərdlənərdi. Məsələn, biz Azərbaycana gedərdik, bir həftə, on gün qalıb qayıdardıq. Təyyarəmiz gecənin bir yarısında gəlsə belə bizi gözləyər, yanına gedən kimi “Vəziyyət necədir?” – deyə soruşardı. Yəni müsəlmanların dərdini öz dərdi bilərdi.

Biz ticarətlə məşğul olarkən bir nəfər tez-tez dükana gəlib yardım istəyərdi. Bir dəfə satıcı dözə bilməyib hirslə:

“Daha dünən gəlmişdin, hər dəfə olmaz axı!” – dedi. Bunu mərhum atam içəridən eşitdi. Satıcını yanına çağırıb belə dedi:

“Bax, oğlum! Biz elə hey Allahdan istəyirik. Səhər yeməyimizi yedik, günorta bir daha istəyəcəyik, axşam yenə. Bu adam isə səndən iki-üç gündən bir gəlib istəyir…”

İstəyəni əliboş qaytarmamaq, verməməyə alışmamaq üçün az da olsa nə isə verməli olduğumuzu söyləyərdi. Allah-Təala da ayeyi-kərimələrdə Rəsulullahın timsalında biz möminlərə belə buyurur:

“Dilənçini (qapıdan) qovma!” (əd-Duha, 10)

“Əgər (onlara verəcək heç nə tapmadığın üçün) üzlərinə baxa bilmirsənsə, heç olmasa onlara könül alan bir söz söylə!” (əl-İsra, 28)

Musa Əfəndi g bir söz verdisə onu mütləq tutardı. Məsələn, dülgər Xəlil Əfəndi vardı. Bir gün Bandırmaya gedirdilər, mən də maşını sürürdüm. Saat səkkizdə Üsküdarda görüşməli idik. Musa Əfəndi:

- Oğlum, saat neçədir? – deyə soruşdu.

- Səkkiz, - dedim.

Bir anlıq duruxdu.

- Bir-iki dəqiqə də gözləyək, - dedi. İki dəqidə də gözlədikdən sonra:

- Davam et, - dedi. Qartala, maşınları keçirən bərə stansiyasına getdik. Sonra Xəlil Əfəndi qan tərə batmış halda özünü çatdırıb:

- Salamun aleykum dedi. Atam çox incə səslə:

- Və aleykum salam, - dedi. Lakin heç nə soruşmadı.

Xəlil Əfəndi yolda tıxaca düşdüyünü söyləyərək üzrxahlıq etmək istəsə də Musa Əfəndi:

- Bax, oğlum, yolda tıxac varsa, ona görə götür-qoy edib bir az tez çıxacaqsan. Verdiyin sözü mütləq tutmalısan, - dedi.

Cümə namazına gedərkən də maşını mən sürərdim. Yolda hər hansı bir gecikmə olma ehtimalına görə evdən erkən çıxardıq. Bəlkə də yarım saat əvvəldən Ərənköyə çatardıq. Lakin Ərənköyə çatanda da birbaşa Sami Əfəndinin qapısına getməzdik. Mərhum atam 100-150 metr qalmış maşını ara küçələrin birində saxladar, orada gözləyərdik. Əfəndi babanın çıxmağına tam beş dəqiqə qalmış: “İndi qapıya sürə bilərik”, - deyərdi.

Sami Əfəndi də sanki qurulmuş saat kimi tam gediləcək dəqiqə qapıya çıxardı. Gözləməmək və gözlətməmək ən çox əhəmiyyət verdikləri həssas tərəflərindən biri idi.

Təbii ki, bunlar da öz növbəsində nümunə götürüləcək müsəlman nəzakəti, zəriflik və incəlikdir…

Musa Əfəndimizin həyatı həddən artıq nizam-intizamlı idi. Bu, hər halına əks olunmuşdu. Namaz qılmaq üçün sərilmiş səccadənin saçaqları belə qarışmış olsa, zərif könlü bundan narahat olar, saçaqları düzəltmədən namaza durmazdı.

Bütün bu üstün vəsflər Həzrət Peyğəmbərin nəzakət və zərafətinin o Haqq dostlarındakı təzahürü idi. Necə ki, bu hadisə Həzrət Peyğəmbərin də dağınıqlıqdan və pintilikdən narahat olub, səliqəli və intizamlı olmağı arzulamasının bariz bir misalıdır:

Allah Rəsulu bir gün məsciddə olarkən içəri saç-saqqalı dağınıb bir adam girir. Peyğəmbərimiz əli ilə ona çıxmasını işarə rdir. Sanki saç-saqqalını düzəltməsinə işarə edir. Həmin adam saçösaqqalını düzəldib qayıdanda Rəsulullah r:

“Hər hansı birinizin şeytan kimi saç-saqqalı dağınıq halda gəlməsindənsə bu cür (səliqəli) gəlməsi daha yaxşı deyilmi?” – buyurur. (Muvatta, Şəar, 7)

Bir sözlə, Sami Əfəndi və Musa Əfəndi eynən digər Haqq dostları kimi  Rəsulullah r -in nümunəvi əxlaqından pay götürmüş, Nəbəvi gözəllikləri şəxsən yaşamaq surəti ilə təmsil və təbliğ edərək yolumuza işıq tutan ulduz simalardı.  Allah onlardan razı olsun…

- Sonda məsələnin mənfi tərəfinə də təmas edək… İstər Quranda, istərsə də Rəsulullahın ifadələrində “Bunlar kimi olmayın” tərzində xəbərdarlıqlar da var. Bu gün hər hansı bir müsəlmana “Bu hallar sizdə olmamalıdır” deyə biləcəyimiz xüsuslar nələr ola bilər?

- Müsəlman şəxsiyyətində zahiri günahlar olmadığı kimi batini günahlar da olmamalıdır. Müsəlmanlar olaraq zahiri haramlarda ümumiyyətlə uzaq dururuq. Çünki bunlar zahiri üzümüzdə əks olunan, başqaları tərəfindən də görülən qüsurlardır. Heç bir müsəlman bunu özünə yaraşdırmır. Lakin batini haramlar üçün eyni sözü söyləmək o qədər də mümkün deyil. Çünki onların zahirə əks edən tərəfi yoxdur. Bə səbəblə daha çox işlənən günahlar məhz onlardır.

Halbuki bir çox batini haramın Allah qatında neçə-neçə zahiri haramdan daha ağır günah olduğu bildirilmişdir. Məsələn, müsəlman asanlıqla donuz əti yeyə bilməz. Bunu son dərəcə ağır günah sayar. Halbuki bunu etməkdən çəkinən bir müsəlman din qardaşının arxasında danışar. Qeybətin ölü əti yemək qədər ağır günah olduğunu bildiyi halda bu günaha bir o qədər əhəmiyyət göstərməz.

Buna görə Allah-Təala:

“Günahın aşkarından da, gizlisindən də əl çəkin!..” (əl-Ənam, 120)

“… Açıq və gizlin pis işlərə yaxın düşməyin!..” (əl-Ənam, 151) buyurmaqdadır.

Əbul-Həsən Haraqani həzrətləri insanın batini günahlara qarşı ümumi qəflətinə diqqət çəkərək belə buyurur:

“Təndirdən paltarına qığılcım sıçrasa, tez onu söndürməyə çalışırsan. Bəs dinini yandıracaq bir qığılcımın, məsələn, təkəbbür, həsəd və riya kimi pis vəsflərin qəlbində yer etməsinə necə yol verirsən?!”[6]

Dedi-qodu və qeybət lovğalıq və eqoizmdən doğan, başqalarını xor görərək özünü üstün bilmə meylidir. “O bunları edir, amma mən etmirəm” deməkdir.

Qeybət halallıq alınmadığı təqdirdə qarşılığı qiyamət günü ödənəcək bir qul haqqıdır. Hədisi-şəriflərdə bildirildiyi kimi Ramazan ayını əhya edənin bütün günahları bağışlanar, lakin qul haqqı xaric. Şəhidin də bütün günahları bağışlanar, lakin qul haqqı xaric.[7] Hesablaşma qiyamət günü olacaq. İnsan o gün savabı varsa dedi-qodu etdiyi adama verəcək, savabı yoxdursa qeybət etdiyi adamın günahları yüklənəcək.

Buna görə də hədisi-şərifdə halallaşmağa təşviq olunaraq belə buyurulur:

“Ey insanlar kimin üzərində bir (qul) haqq(ı) varsa, dərhal ödəsin. Dünyada rəzil olacağını düşünməsin. Bilin ki, dünyadakı rüsvayçılıq axirətdəki rüsvayçılığın yanında xəfif qalar”. (İbn Əsir, əl-Kamil, II, 319)

Bir başqa xüsus:

Müsəlman əsla təkəbbürlü olmamalıdır. Allahın qullarını xor görmək insanın axirətini məhv edən böyük günahdır. Rəsulullah r belə buyurmuşdur.

“Bir adamın din qardaşını xor görməsi günah olaraq ona kifayətdir”. (Müslim, Birr, 32)

Məsələn, bir sahibkar bəzən işçisini danlayar. İşçi haqlı da olsa cavab verə bilməz. Çünki bilir ki, cavab versə işdən qovulacaq. Bir mömin daima düşünməlidir ki, güclü olmaq və ya yuxarı vəzifədə olmaq ona özünü aşağıdakı din qardaşından üstün görmə haqqını verməz. Ayeyi-kərimədə buyurulduğu kimi:

“…Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır…” (əl-Hucurat, 13)

Xidmətçiyə “tez bir stəkan su gətir” demək də var, “zəhmət olmasa bir stəkan su gətirərsənmi” demək də var. Hər ikisində su istəyirsən. Amma birində kobudluq var, digərində nəzakət. Bu da bir gerçəkdir ki, gətirilən su gətirənin ruh halına görə təsir edər. birinin gətirdiyi fayda verməz, digərinin gətirdiyi şəfa olar.

Ona görə daima özümüzü qarşımızdakı adamın yerinə qoyacağıq. Biz onun yerində olsaq, bizə qarşı necə rəftar edilməsini istəyiriksə, biz də qarşımızdakı ilə o cür rəftar edəcəyik. Təəssüf ki, bu gün bir çox imkan sahibi bunu düşünmür.

Böyük fəlakətlərdən biri də göstəriş və israfdır. Hovuzlu evlər, lüks maşınlar, marka geyinmə istəyi və s... Halbuki israf haramdır. Ayeyi-kərimədə belə buyurulur:

“Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!”. (əl-İsra, 27)

İsraf güc göstərərək aşağılıq hissini ört-basdır etmə cəhdidir. Var-dövləti, geyim-keçimi ilə özünü dəyərli qəbul etdirməyə çalışmaqdır. Halbuki insanı dəyərli qılan şəxsiyyət və xarakteridir. İsraf və güc nümayişi ilə özünü cəmiyyətə qəbul etdirməyə çalışanlar öldükləri zaman qəbirdə tək-tənha qalarlar. Onu şəxsiyyəti gücü, vəzifəsi və etibarı üçün sevənlər bütün bunlar əlindən çıxdığı zaman gözdən itərlər. Yəni israf və güc nümayiş etdirmək yolu ilə başına dost yığanlar axirətdən əvvəl günahlarının cəzası ilə qarşılaşarlar.

Yəhya bin Muaz g həddən artıq dünyaya tamah edən bir İslam hüquqçusunu gördükdə ona belə nəsihət etmişdi:

“Ey elm sahibi insan!

- Köşkləriniz Bizans imperatorlarının köşkünə,

- Evləriniz İran hökmdarlarının evinə,

- Yaşadığınız məskənlər Qarunun yaşadığı məskənə,

- Qapılarınız Talutun qapısına,

- Geyiminiz Calutun bəzəkli libasına,

- Həyat tərziniz şeytanın həyat tərzinə,

- Yox oluşunuz inkarçıların yox oluşuna,

- İdarəçiliyiniz Fironun idarəçiliyinə,

- Hakimləriniz tələsik hökm verən və rüşvətçi hakimlərə,

- Ölümünüz cahiliyyə ölümünə bənzəyir.

Bunun harası Muhammədilik oldu?!

Xəsislik, sırf özü üçün sərvət yığmaq müsəlman əxlaqı ola bilməz. Geniş müsəlman kütlənin aclıq, xəstəlik və ehtiyac içində çırpındığı günümüzdə sırf öz səadətini düşünərək sahib olduğu imkanları paylaşmamaq bir növ pulun bütpərəsti olmaqdır. Vicdanların daşlaşmasının əlamətidir.

Ədəbsizlik və həyasızlıq da əsla müsəlmana yaraşmaz. Ədəb və həya Allahın insana verdiyi hissdir. Digər məxluqlarda belə bir hiss yoxdur. Onlar üçün sorğu-sual da yoxdur. möminin gözündə, qulağında, danışığında, oturub-duruşunda, geyim-keçimində, xülasə, hər şeyində ədəb və həya olmalıdır.

Uzun sözün qısası, bu mövzuda deyiləcək çox söz var. Lakin xülasə etməli olsaq:

Müsəlman şəxsiyyətində İslam əxlaqı ilə ziddiyyət kəsb edən heç bir davranışa yer yoxdur. Xüsusilə yalan, həsəd, din qardaşlarına qarşı nifrət və düşmənçilik, qüsur axtarma, zülm, insafsızlıq, vicdansızlıq, mərhəmətsizlik, məncillik, riyakarlıq, acgözlük və bu kimi çirkikn hallar əsla olmamalıdır.

Mömin əlindən, dilindən, halından və sözündən insanların əmin olduğu, faydalandığı “rəhmət insanı” olmalıdır. Əks təqdirdə yanlış hal və davranışlarının sadəcə özünə deyil, mənsub olduğu İslamın insanlıq nəzərindəki etibarına da xələl gətirəcəyini, bunun da axirət vəbalı olacağını əsla unutmamalıdır.

Rəbbimiz aləmlərə rəhmət olaraq göndərdiyi Həzrət Peyğəmbərə layiq bir “rəhmət insanı” və “xeyirli ümmət” ola bilməyi, yaşayışımızla İslamı təmsil və təbliğ etməyi hər birimizə nəsib etsin.

Amin!..



[1] Xatib əl-Bağdadi, Tarix, IX, 188; Zəhəbi, Siyər, XII, 185-186.

[2] Buhârî, Rikāk, 1.

[3] Bax. Samiha Ayverdi, Türk Tarixinde OSMANLI ƏSRLƏRİ, İstanbul 1999, s. 227-228.

[4] Hâkim, IV, 185/7310.

[5] Deylemî, el-Firdevs bi-Me’sûri’l-Hitâb, Beyrut 1986, II, 324.

[6] Harakānî, Nûru’l-Ulûm, s. 239.

[7] Bkz. Müslim, İmâre, 119.

 

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz