MƏHRƏMİYYƏT TƏLİMİ

MƏHRƏMİYYƏT TƏLİMİ

Məhrəmiyyət təlimi necə verilməlidir? Əvvəla bunu qeyd edək ki, bizim “məhrəmiyyət təlimi” deyərkən nəzərdə tutduğumuz xüsus ədəb sərhədlərini aşaraq hər şeyin açıq-aşkar danışılması, kiçik yaşdan etibarən uşaqların başının lüzumsuz mövzularla qarışdırılması deyildir. 

Bununla yanaşı, dünyanın min bir cür halının ola biləcəyinin uşağa uyğun bir dillə izah edilməsi lazımdır. Məhrəmiyyət təliminin uşaqlara ən asan şəkildə başa salınması üçün münasib olan yaş səviyyəsi 4-7 yaş arası sayılır. Hər bir valideynin uşaqların məhrəmiyyət təlimi haqqında diqqət etməli olduğu xüsuslar vardır.

Məhrəmiyyət təlimi mərhələ-mərhələ aşılanmalı, hər şeyin bir anda gerçəkləşməsi gözlənməməlidir. Mərhələ dediyimiz zaman aşağıda sadalayacağımız müəyyən dəyişiklikləri zamanla həyata keçirməyi nəzərdə tuturuq.

Uşaqların özlərini dərk etməyə başladığı yaşlardan etibarən onların həyatlarında müəyyən fərqliliklər başlamalıdır. Qız və oğlan (qardaş-bacı) müəyyən bir yaşdan sonra eyni yataqda yatırılmamalıdır. Peyğəmbərimiz (s.ə.s) buyurur: “Yeddi yaşındakı oğlan və qız uşaqlarının yataqlarını ayırın…”

Yetkinlik dövründə isə imkanlar daxilində qız və oğlan uşaqlarımızın otaqları ayrılmalıdır.

Uşaqlarımız geyinərkən və ya məhrəm halları əsnasında ayrı bir otağa keçməyə alışmalıdır. Onların başqası görmədən üstlərini dəyişdirmələri təmin edilməlidir. Bu anlayış onlara hələ kiçik yaşlarında qazandırılmalıdır.

Valideynlər ev içindəki geyimlərinə və bir-biriləriylə olan münasibətlərinə diqqət etməli, uşaqların yanında alt paltarla gəzməməli və ya məhrəmiyyət təliminə zərər verəcək açıqlıqda paltarlar geyinməməlidir. Uşaqlara, 3-4 yaşından etibarən, övrət bölgələrinin başqaları tərəfindən görülməsinin doğru olmadığı mərhələli şəkildə öyrədilməlidir. Bu mənada onlara nə cür geyimlər alırıq və geyindiririk, bu da önəmlidir.

Tualet ədəbləri kiçik yaşlardan etibarən öyrədilməlidir. Xüsusilə tualet ehtiyacını görərkən başqaları tərəfindən görülməməsi tənbeh edilməlidir. Analar uşaqlarını çimizdirərkən üstləri örtülü olmalı, uşağın da mümkün mərtəbə öz övrət yerini örtməsi öyrədilməlidir.

Uşağın övrət bölgələrini onları əzizləyərkən və oxşadarkən dilə gətirmək əsla düzgün deyil. Uşaqların yanında kobud və ədəbsiz sözlərin işlədilməməsinə diqqət göstərilməli, bunun ayıb və çirkin olduğu şüuru qazandırılmalıdır. Çünki belə danışıqlar uşaqların məhrəmiyyət həssaslıqlarını azaldır və həya duyğularını yox edir.

Uşağın şəxsiyyətinə hörmət göstərmək lazımdır. Hələ uşaqdır, nə qanır, kimi sözlər işlədib onun heysiyyətini görməzdən gəlmək doğru deyil. Hətta biz valideynlər belə, hər nə qədər çətin olsa da, onları öpərkən, oxşadarkən və ya otaqlarına girərkən icazə istəməliyik. Beləcə, uşaqlarda həm özlərinə, həm də başqalarına qarşı ədəb hissinin formalaşmasına zəmin hazırlamış olarıq.

Məhrəmiyyət təlimi ilə əlaqəli digər bir mövzu da televizor və internet istifadəsidir. XXI əsrin müsəlmanları olaraq bizlər bu gün üçün televizor və internetdən uzaq durmağın mümkün olmadığının fərqindəyik. Ancaq eyni zamanda bilirik ki, bu iki vasitənin uşaqlarımızın təlim və tərbiyəsi  baxımından çox mühüm təhlükələri vardır.

Uşaqların televizorda qavraya bilməyəcəyi səviyyədə bir səhnə ilə qarşılaşması onların psixoloji inkişafına ciddi zərbə vurar. Bu səbəblə uşaqlara inkişaf səviyyəsinə uyğun proqramlar izlədilməli, bu mövzuda seçici olmalı və nəzarətdən kənar buraxmamalıyıq. Hətta bəzi cizgi filmləri belə, hər nə qədər uşaqlar üçün hazırlandığı söylənsə də, onların ruh halına və əxlaqına mənfi yöndən təsir etməkdədir.

Bunu da unutmayaq ki, bu gün, valideyn nəzarəti altında olmayan bir uşağın internetdə başıboş qalması, cinayət hadisələrinin ən çox işləndiyi küçələrdə gəzməsi qədər təhlükəlidir. 

Övladlarımıza oyuncaq seçərkən də diqqətli olmalıyıq. Məsələn, qız uşaqlarına oyuncaq alarkən açıq-saçıq, silikon dodaqlı barbi kuklalar alırıqsa, bunların uşaqlarımıza göstərəcəyi təsiri düşünmək lazımdır. Uşaq oynadığı oyuncağı həqiqi sanır və oyuncağa görə öz gələcəyini şəkilləndirir. Eynilə davamlı silahla oynayan uşaqların davranışlarında olduğu kimi. Unutmayaq ki, bu kimi oyuncaqlar onların şüuraltına təsir edir.

Nəticə olaraq, məhrəmiyyət təliminin istənilən şəkildə reallaşması və bu duyğunun qazandırılmasında uşaqlarımıza qarşı həmişə diqqətli olmalı, yumşaq rəftar etməliyik. Qorxudaraq və ya məcbur edərək onların özünəinam duyğularını zədələməmək lazımdır. Dini duyğuları aşılamağın yeganə yolu onları sevdirərək başa salmaqdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz