SƏMAVİ DİNLƏRDƏ QURBAN
Qurban kəlməsi lüğətdə “Allaha yaxınlaşmaq, yaxınlaşmaq üçün vasitə” mənalarına gəlir. Qurban Allahın razılığını qazanmaq üçün ibadət məqsədi ilə canlı və ya cansız bir varlığı Allaha təqdim etməkdir.
Qurban ibadətinin tarixi Həzrət Adəmə (ə.s) qədər uzanır. Ümumiyyətlə dinlərdə insanın qurban edilməsindən heyvanların qurban edilməsinə, müxtəlif içkilərin, yeməklərin təqdim olunmasına qədər fərqli qurban şəkillərinin olduğu bilinir. Dindən dinə şəkli və məqsədi fərqli olsa da, qurban ibadətinin əsasını Tanrıya yaxın olmaq düşüncəsi formalaşdırır.
- Yəhudilikdə Qurban
Qurban yəhudi dinində əsas ibadətlərdən biridir. Yəhudiliyə görə qurban ibadəti ilk olaraq Habil və Qabil ilə başlamışdır. (Təkvin, 4:3-5) Əski Əhddə Tanrıya qurban kəsmək mövzusunda Hz. Nuh (ə.s) misal göstərilir. Belə ki, Hz. Nuhun (ə.s) qurban təqdim etməsində səbəbin Tufana səbəb olan hadisələr və günah işlənməsindən peşmanlıq olduğu bildirilir. Bu qissədə görülən qurban ibadəti ilə “günah” arasındakı əlaqə Hz. Musa (ə.s) və sonrakı İsrail oğullarının həyatında da tarix boyunca davam etmişdir. Yəhudilikdə qurban ibadəti Hz. Musanın (ə.s) şəriəti ilə davam etmişdir. İnsanın qurban edilməsi isə qətiyyən qadağan olunmuşdur. (Levilər 18: 1) Yəhudi inancına görə, Tanrının Hz. İbrahimdən (ə.s) oğlu İshaqı (ə.s) qurban etməsini istəməsi, lakin onu qurban etmə təşəbbüsündə onun əvəzinə qoç göndərməsi “insanlardan qurban olmaz” şəklində anlaşılmışdır. Hz. Süleymanın (ə.s) Qüdsdə tikdirdiyi möhtəşəm məbədin həyətində qurban kəsmək üçün xüsusi yerlər var idi. Kəsilən qurbanların qanları hovuzlara tökülər, ətləri isə, ümumiyyətlə, yandırılardı. Qurbanları bu işlə vəzifəli hahamlar kəsərdi. Qurban ibadətini idarə edən hahamlar üçün xüsusi bir təşkilat da qurulmuşdu. İsrail oğulları e.ə. 70-ci illərdə Qüdsdən sürgün edilərək Süleyman məbədi dağıdıldıqdan sonra qurban kəsilən yerdən uzaqlaşdıqlarını irəli sürərək qurban ibadətinə son verdilər. Bundan sonra qurban ibadətinin yerini dua ibadəti almışdır.
- Xristianlıqda Qurban
Xristianlıqda qurban “verilən sözün tutulmadığı hallarda günahkar olmamaq üçün Allaha qarşı bir şey etməyə söz vermək” şəklində tələqqi edilmişdir. Xristianlıq anlayışına görə, çarmıxa çəkilməklə özünü fəda edən Hz. İsa (ə.s) həm baş rahib, həm də qurban olaraq əbədi nicatı təmin etmişdir. Necə ki yəhudilikdə məbəd dağıdıldıqdan sonra qurban ibadətinin yerini Tanrının sözü olan tövrat almışdır, xristianlıqda da qurbanın yerini “Tanrının kəlamı” olan (loqos) “İsa Məsih” aldı. Belə ki, Hz. İsanın (ə.s) çarmıxa çəkilməsi özünü Tanrıya qurban etmək şəklində izah edilir. Tanrıya təqdim edilən qurban heyvan deyil, birbaşa İsa Məsihin özüdür. Bu “ilk və son qurban”dır, təkrarına ehtiyac yoxdur. Bazar günləri edilən ibadətlərdə İsa Məsihin ətini və qanını təmsil edən “çörək və şərab” paylanır. Bu səbəblə İsa (ə.s) artıq tərk edilmiş olan Əski Əhddəki qurban sistemini aradan qaldırmışdır. Odur ki, xristianlar Hz. İsanın yeni bir qurban tətbiqatı gətirmədiyini irəli sürərək qurban ibadətini tərk etmişlər.
- İslamda Qurban
Qurani-Kərimdə qurbanla bağlı tarixi məlumatlar mövcuddur. Belə ki, “(Ya Rəsulum!) Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) demişdi: "Səni mütləq öldürəcəyəm! (Habil ona) belə cavab vermişdi: "Allah yalnız müttəqilərdən (qurban) qəbul edər!” (əl-Maidə, 27-31). İslamda qurbanın əsl tətbiqi Hz. İbrahimlə (ə.s) başlamışdır. Hz. İbrahim (ə.s) Allahdan bir uşaq istəmişdi. Duası qəbul olub bir övlad bəxş edildikdə isə onu qurban etməklə imtahan edilmişdi. Hz. İbrahim oğlu İsmaili qurban etmək məqsədilə kəsməyə cəhd etdiyi zaman ona imtahandan müvəffəqiyyətlə keçdiyi bildirilmiş və oğlunun əvəzinə böyük bir qurban verilmişdir. (əl-Saffat,103-107) Məhz bu səbəblə də İslamda qurban Hz. İbrahimdən (ə.s) gələn böyük ibadətlərdəndir. Qurani-Kərimin digər bir ayəsində belə buyurulur: “Rəbbin üçün namaz qıl və qurban kəs!” (əl-Kövsər, 2) Buradakı namaz, ən məşhur fikrə görə, bayram namazını, qurban kəsmək isə qurban bayramı günlərində kəsilən qurbanları ifadə edir. Uca Allahın kəsilən qurbanların nə ətinə, nə də qanına ehtiyacı vardır. Ona çatan sadəcə qurban kəsənin niyyəti, ixlası və təqvasıdır. Bu hadisə Qurani-Kərimdə belə zikr olunur: “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır”. (əl-Həcc, 37)
Qurban kəsməyin hikmətlərindən biri də hədsiz nemətlərə qarşı Allaha şükür etmək və günahların bağışlanmasını istəməkdir. Bundan başqa, Qurban kəsməklə həm kəsən ailə, həm də yoxsullar əsas qida məhsullarından olan ət baxımından bolluq tapar.
ŞƏRHLƏR