BALINCIN ALTINDAKI PULLAR
(əvvəli keçən sayımızda)
Hüzrlərdən birinə özünün sürdüyü maşınla gələndə, o dəqiqə pıçıldaşıb belə bir nəticəyə gəldik: yüz faiz oğlunun puluyla alıb.
Mersedesin işlənmiş, köhnə modeliydi. Bunu mollanın gözdən pərdə asmağına, təzəsini almağa imkanım yoxdu-ya yozduq. Sonralar qonşu kənddəki hüzrə avtobusla getdiyini eşidəndə, məhəllədəki uşaqlardan biri əlini əlinə bərk vurub belə demişdi: “A kişi, on beş kilometr nədi ki, benzinə pul verməyə simiclik edəsən”. “Bəs pulu elə yığırlar da,” o birisi tez izah eləmişdi. Halbuki, maşını xarab da ola bilərdi.
Bir müddət sonra Mersedesi satdığını eşitdik, səbirsizliklə mollanın alacağı təzə maşının markasını müzakirə elədiyimiz bir vaxtda o, qəfil ürəktutmasından rəhmətə getdi və biz onu yavaş-yavaş unutduq.
Üç il sonra Həcc ziyarətinə getdim. Məndən onlarçün dua oxumasını istəyənlərin adlarını kağıza yazıb özümlə götürmüşdüm, Kəbədə qıldığım saysız-hesabsız namazların arasında əllərimi açıb əziz-yaxınlardan sonra atamın əmisi nəvəsi Nazimin bu il BDU-nun tarix fakültəsinə daxil olması, anamın dayısı nəvəsi otuz yaşlı Firəngizin yaxşı bir oğlan tapıb ərə getməsi, bibim Elmiranın şəfası, dostum Mircamalın iş tapması üçün, kimsə yaddan çıxmasın deyə, yaxın-uzaq qohumların hamısının sağlamlığı üçün bir xeyli dualar oxudum. Oturub təvaf edənlərə tamaşa edirdim, elə bir haldaydım ki, iyirmi il məktəbdə coğrafiyadan dərs deyən atamı haqsız yerə işdən çıxaran direktoru görsəydim, ona salam verib, “Allah ziyarətinizi qəbul eləsin, Məcid müəllim” deyərdim. Birdən necə oldusa, molla Vəli yadıma düşdü, içim titrədi, elə bildim, düz qabağımda dayanıb yazıq-yazıq mənə baxıb deyir: “Bəs mən?” İlk dəfəydi, xəyalımda bic-bic gülümsəmirdi. Növbəti namazımda “O dünyan rahat olsun, hacı” duasını elədim, bir az rahatlandım.
Həcdən bir ay sonra qonşu kəndə, uzaq bir qohumumuzun hüzrünə getmişdim. Bir stəkan çay içib, mərhumun ruhuna Fatihə oxuyub mağardan çıxhaçıxda yaşlı bir kişi mənə yaxınlaşdı.
- Bala, sən qəsəbədənsən? - gülərüzlə soruşdu.
- Hə, nədi ki? - təəccüblə ona baxdım.
- Sən rəhmətlik hacı Vəlini tanıyırdın?
- Əlbəttə, tanıyırdım. Onu bizdə tanımayan varıydı ki?
- Bilirsən, o, nə aləm kişiydi?
- Həə elədi, - əlavə nəsə demək istəmədim, fikirləşdim, yəqin, rəhmətlik hacı bir vaxtlar bununla məzələnib kefini açıb.
- Gəl sənə bir şey göstərəcəm.
Hardasa əlli metr gedib hündür bir təpəyə çıxdıq, kənd burdan əl içi kimi görünürdü.
- Ora bax, - kəndin ortasını göstərdi. - Görürsən o məscidi?
Gözümə yaşıl günbəzli, iki minarəli böyük bir məscid dəydi.
- Hə, yadımdan çıxdı adımı deyim, adım Nəcəfdi, məşədi Nəcəf kimi tanıyırlar məni bu kənddə. Hacı sağ olanda, mən köhnə məscidin axunduydum. Beş-altı il əvvəlin söhbətidi, mayın sonlarıydı, hardasa olardı gecə on bir, on ikinin yarısı, radioya qulaq asırdım, çöl qapı taqqıldadı. Gedib qapını açdım, görəm kim, rəhmətlik hacı, əlində diplomat. Nəysə, oturduq, çay içə-içə ordan-burdan danışdıq, sonra diplomatını açdı, içində pul dolu torba. Torbanı mənə verib dedi ki, içində on beş min manat var, bəs eşitmişəm, təzə tikilən məçidivizçün pul çatmır. Dedi, on mini oğlu verib, beş mini özününküydü. Çıxanda gülə-gülə dedi ki, qəsəbədə cavanlar mənə sataşırlar, bəs pulları balışıvın altına yığırsan, balış hündür olur, boynun ağrıyır deyə yata bilmirsən.
Bunları deyib Məşədi Nəcəf güldü, sonra mənə kəndin təzə körpüsünü göstərib, onun tikilməsiçün molla Vəlinin yenə gecə onlara gəldiyini danışdı.
- Bu dəfə beş min manat gətirmişdi. Dediyinə görə, satdığı maşının puluydu. Yenə gülə-gülə dedi, ay məşədi, bu cavanlar məndən əl çəkmirlər də, hələ də balınc-döşək söhbəti eliyirlər...
Yolda fikirləşirdim, axı hacı niyə qəsəbəmizdə məscidin, ya məktəbin tikintisinə on manat xərcləməyə-xərcləməyə, durub bizdən on yeddi kilometr aralıdakı kəndə gedirmiş, savab qazanmağa.
Sonralar rəhmətliyin ortancıl kürəkəniylə söhbət edəndə, hər şey aydın oldu mənə. Deməli, Stalinin kilsələri, məscidləri ucdantutma sökdürdüyü, anbarlara çevirtdirdiyi vaxt həmin kənddə allahsızlıq kampaniyasına qoşulub köhnə məscidin divarına külüng vuranlardan biri də molla Vəlinin böyük əmisi, orda dil-ədəbiyyat müəllimi işləyən Əlizamin olur. Üstəlik, məscidin həyətindəki nəzir qutusunu sındırıb ordan götürdüyü pulları camaatın gözü qarşısında yelləyərək, “Bilmirəm sizin Allahınız hardadı, mənimki yerdəki kommunist partiyasıdı, ona görə də bu pullar partiyanın hesabına keçəçək!” qışqırır. NKVD qorxusundan namazı atan o biri qardaşların buna görə Əlizaminə evdə belə bir kəlmə deməyə cürətləri çatmayıbmış.
- Rəhmətlik səsi titrərəyə-titrəyə mənə deyirdi ki, - kürəkəni sonda əlavə elədi, - bu həyatda mənimçün qaranlıq qalan məsələlərdən biri də əmimin ölənə yaxın qardaşlarına yazıq-yazıq baxıb “Birdən o dünya olsa, görən, Allah məni bağışlayacaq?” deməsi oldu. Qayınatam uşaq olanda, əmisi onu belinə mindirib həyətdə gəzdirirmiş, oyuncaqlar alırmış. Deyirdi, onda bütün uşaqlar kimi Allahı göydə yaşayan saçı, saqqalı ağ olan baba kimi təsəvvür edirdim, ağlıma girmirdi ki, Allah baba əmimə necəsə pislik edə bilər. Qardaşları bir tərəfdən Əlizaminə təskinlik verirmişlər ki, bəs Allah bağışlayandır, əgər ürəkdən tövbə edirsənsə, hər şey yaxşı olacaq. Hacı tez-tez mənə zərrə qədər imanı olan xilas olacaq ayəsini misal gətirib özünə təsəlli verirdi ki, Allah əmisini bağışlayacaq. Deyirdi, gərək elə eliyəm, heç olmasa əmimin o dünyada əzabları az olsun. Elə ona görə eşidəndə ki, həmin kənddə nəyisə tikirlər, remont eliyirlər, rəhmətlik gecəynən pul dolu diplomatla qaçırdı ora.
ŞƏRHLƏR