ELMƏ HƏSR OLAN ÖMÜR
“Müsəlmanlar elmlər tarixindəki müəzzəm yerlərini bilmədikləri üçün və ya səhv bildikləri üçün avropalılar qarşısında böyük bir aşağılıq duyğusu içindədirlər. Mənim məqsədim onlara atalarının elmlər tarixindəki yerini göstərmək və öyrətməkdir”.
Fuat Sezgin
İyunun 30-da dəyərli elm adamı, elm tarixinə böyük töhfələri olmuş Fuat Sezgin Haqqın Rəhmətinə qovuşdu.
Haqq-Təaladan rəhmət, yerinin cənnət və yazdıqlarının xeyirlərə vəsilə olmasını diləyirik.
Fuat Sezginlə tanışlığım
Təəssüflər olsun ki, gec tanıdım, gec anladım Fuat hocanı.
Bakıda seminarların birində müzakirədə elm tarixindən danışılırdı. Seminarın mövzusu: Şərq və Qərb idi. İkiyə bölünmüş dünyanın elmi nailiyyətləri danışılırdı. Danışılmadı. Açığı müəllimlər konkretlikdən qaçır, auditoriya mövzunun ağırlığını dərk edə bilmirdi. Sekulyar və liberallığı, pozitivizm və praqmatizmi deviz bilənlər Şərqi və onun dərin elmini yerdən-yerə vurur, dindar olduğunu bildiyim fəlsəfə müəllimi də sualların və tənqidlərin obyektini qavramlara çəkir və sanki kompleksə düşmüş kimi suallardan çəkinirdi. Şərq peripatetizminin modern dövr elminə təsiri, eləcə də orta əsr Qərb (Avropa) elminin hansı halda olduğunu bilirdik. Müəllimlər və auditoriya sağdan-soldan necə gəldi döşüyürdüsə, güc-bəla ilə imkan tapıb bir sual verə bildim:
“Hər şey Qərbdə yaxşı gedir, olsun. Bəs yaxşı, orta əsrlərdə haradaydılar? İtib-batmış kitablar orta əsrdə necə oldu birdən ortaya çıxdı? Necə oldu ki, XVI əsrdə birdən-birə Qərb kitablara sahib oldu, elmi mərkəzə çevrilməyə başladı?”
Açığı, sualımı məqsədli ünvanlasam da, dağınıq olsa belə cavab ala bilmədim. Hərçənd sual özüm üçün yeni oxumaların qapısını açdı. Kitabların, video dərslərin arasında gəzinərkən Fuat Sezgin adı ilə rastlaşdım. Elm tarixi ilə bağlı çalışmaları, məqalə və kitabları, muzeyi, bir müsəlman elm adamı kimi müsəlman alimlərin haqlarını özlərinə qaytarması uğrunda apardığı mübarizə, əzmkarlığı qarşısında nəinki Türkiyə, demək olar ki, dünyanın bütün nöqtələrində “İslamın elmə töhfəsi, elmi ixtirası yoxdur; onlar sadəcə qoruyucudurlar, heç bir elmi kəşf və icadları yoxdur” deyənlər Fuat Sezginin adı gələndə fikirlərini dəyişmək məcburiyyətində qalırdılar. Bununla da Fuat Sezginin əsərləri ilə tanışlığım başladı. “İslamda elm və texnika” kitabı referans kitablarımdan biri oldu. Fuat Sezgin zamanla müzakirələrimizin mərkəzində yer aldı. Çünki artıq bilirdik, əlimizdə qaynaqlarımız vardı. Ürəklə deyə bilirdik, kompleksimiz qırılmışdı, xəcalətimizdən əsər-əlamət qalmamışdı artıq, Fuat hoca sayəsində. Azərbaycan dilinə “İslam Elmlər Tarixi Haqqında Konfranslar” kitabı tərcümə edildi. Beləliklə, Azərbaycanda da bəzi qrupların arqumentləri iflasa uğradıldı.
Fuat Sezgin Kimdir?
Gün ərzində 17 saat çalışan, araşdıran, oxuyan, yazan;
Əsərləri yazılmış olduğu dildən oxumaq üçün, dəqiq tədqiq etmək üçün 27 dil öyrənən;
Elm tarixi, Ərəb-İslam Elmi ilə bağlı hər hansı kitab və ya məqalə yazılarsa, mütləq şəkildə adı çəkilən;
Almaniyanın ən nüfuzlu kitab mükafatına layiq görüldüyü halda Fələstinə qarşı çıxdıqları üçün imtina edən;
“Müsəlman alimlərin elmə heç bir töhfəsi yoxdur” deyənləri dəlillər, sübutlar və qaynaqlar göstərərək susduran;
Heç kimin bacarmadığı, bəlkə də, bacara bilməyəcəyi 17 cilddən ibarət GAS-ı ( Ərəb-İslam Elm Tarixi- “Ərəb Kitabiyyat Tarixi”) yazan;
Avropalı alim 30 ilə sadəcə 5 elmi maket hazırlaya bildiyi halda, qısa bir müddətdə 800-dən çox maket hazırlaya bilən;
45 mindən çox kitabla yaratdığı İnstitut içərisində ixtisasla bağlı kitabxanalardan Elmlər Tarixi Kitabxanası yaradan;
Ən əsası, İslam coğrafiyasında elmin ölmədiyini, müsəlman alimlərin elmdə əldə etdiklərini və özünün timsalında edə biləcəklərini göstərən;
Müsəlman elm adamıdır, Fuat Sezgin.
Fuat Sezgin 1924-cü ildə Türkiyənin Bitlis bölgəsində dünyaya göz açmışdı. İlk təhsilinə burada başlayır, ancaq Bitlisdə tam orta məktəb olmadığı üçün təhsilini Ərzurumda davam etdirir. Dövrünün ən məşhur və perspektivli ixtisası sayılan mühəndis olmaq üçün İstanbula gedir. Bir dəfə şərqşünas Hellmut Ritterin seminarında iştirak edir və bununla da düşüncəsi kökündən dəyişir, meylini şərqşünaslığa salır. Ertəsi gün qəbul üçün instituta gedir. Qəbulun son günü olması və Ritterin öz sahəsinin, elmin nə qədər çətin olduğunu dönə-dönə vurğulamasına baxmayaraq, fikrindən dönmür və qəbul edilir. Bir dəfə Ritter ondan soruşur ki, gündə neçə saatını elmə-oxumağa ayıra bilər. Fuat hoca “12 saat”, deyə cavab verir. Ritter isə “çox azdır” deyib, “bütün gününü ayırmalısan” deyə əlavə edir.
1943-cü ildə II Dünya müharibəsinə görə dərslər tətil edilir. Ritter Fuat Sezginə bu müddətdə ərəb dilini öyrənməyi tövsiyə edir və 6 ay ərzində evdən çıxmayaraq Təbəri təfsirini məalı ilə qarşılaşdıraraq ərəb dilini öyrənir. Hər ilə bir dil öyrənmək vərdişi başlayır Fuat Sezginin həyatında.
Fuat Sezginin əsas çalışmaları filologiya sahəsində doktorluq dissertasiyasından sonra başlayır. "Buxarinin mənbələri haqqında araşdırmalar" adlı dosentlik dissertasiyası isə yeni mərhələnin başlanğıcını qoyur və “Buxarinin qaynaqları” adı ilə nəşr edilir. Araşdırmanın əhəmiyyəti onda idi ki, Fuat Sezgin Buxarinin qaynaqlarının şifahi bilgilər deyil, yazılı materiallar olduğunu sübut edirdi. Nəinki Qərb (Avropa), hətta Şərqdə - İslam dünyasında da İslamın ilk dövrlərində yazılı materialların olmadığı düşünülürdü. Hocanın məhz bu çalışması artıq oriyentalistlərin yaydığı düşüncəni alt-üst etdi. Onun tamam başqa bir fikri də var idi. Carl Brokelmanın hazırladığı GAL-ın (Geschichte der Arabischen Litteratur) yetərsizliyi qarşısında yeni Ərəb-İslam Elm Tarixi hazırlanmalı idi. Bütün diqqətini bura yönəldir. İstanbulda kitabxanada məmur işlədiyi müddətdə, xarici ölkələrdə getdiyi kitabxanalarda, harda olursa olsun kitablar toplayır, qeydlərini aparırdı.
1960-cı ildə Türkiyədə baş verən hərbi çevriliş 147 elm adamının akademik fəaliyyətdən uzaqlaşdırılması ilə nəticələnir. Onların arasında Fuat Sezginin də adı çəkilir. Amerika və Almaniyadakı alim dostlarına məktub yazaraq, universitetlərində işləmək istədiyini bildirir. Universitetlər məmnuniyyətlə qəbul edəcəklərini bildirirlər, ancaq o, tək Elm Tarixi İnstitutu olan Frankfurt Universitetində işləmək fikrinə gəlir. Daha sonra dostu Willy Hartner onu 6 aylıq qonaq müəllim kimi qəbul edə biləcəklərini deyir. Fuat Sezgin belə cavab verir:
“Heç kədərlənməyin. Mən həyatımı daim planladım. Orta məktəbi bu vaxtda bitirəcəyəm, universiteti bu vaxtda, bu yaşda dosent olacağam... Və bütün bunlara müvəffəq oldum. Gördüm ki, məndə bir özünəarxayınlıq başlayıb. Ondan sonra hərbi çevriliş gəldi. Bir balığın üstünə atılan tor kimi mən də o torun içində qaldım. O zaman baxdım ki, bəşər olaraq mənim iradəmin bir sərhədi varmış. Bax o hadisədən sonra mən buna qərar verdim: Həyatımda əgər altı həftəlik bir gələcəyin zəmanəti olarsa, yəni o qədər yaşaya bilmə imkanım varsa, yeddinci həftəni düşünməyəcəyəm. İndi qarşımda iki ay daha var. Pul da yığdım. Qalanını düşünmürəm”.
Hartnerin də cavabı olduqca maraqlıdır. Fuat hocaya baxır, baxır və ayağa qalxıb onu qucaqlayaraq deyir: “Mən ateistəm, Allaha inanmıram. Fəqət bu qədər inanan insana nə qədər qibtə edirəm”.
Fuat Sezgin qərarlı idi. Lazım gələrsə, günün müəyyən bir qismində inşaatlarda çalışacaq, qalan zamanında isə oxuyacaqdı. Hartner isə digər universitetlərlə danışıqlar aparır, onun Almaniyada qalması üçün çalışırdı. Marburq Universitetinin rektoru onu yeni açılmış Şərqşünaslıq bölümünə dəvət edir və Fuat Sezgin iki il orada işləyir. Ancaq iki ildən sonra yenə Frankfurt Universitetinə qayıdır və Marburq daxil olmaqla digər təklifləri geri çevirərək, elm tarixi sahəsində işləmək istədiyini bildirir. 1965-ci ildə Cabir ibn Həyyan haqqında araşdırması ilə doktorluq ünvanını qazanır. Bir il sonra isə professor adını qazanır. 1967-ci ildə Fuat Sezgin əzmi sayəsində istəyinə nail olur, əziyyətinin bəhrəsini görür. Ərəb-İslam Elm Tarixinin ilk cildi nəşr edilir.
Artıq 17 cildi hazır olan GAS-ın (Geschichte des Arabischen Schrifttums) 18-ci cildi hazırlanırdı, təəssüf, böyük ustad aramızdan ayrıldı. GAS-ın əhəmiyyəti olduqca böyükdür. Dünyanın hər yerində, istənilən kitabxanasında Ərəb-İslam tarixi (elmi) ilə bağlı əl yazılarının siyahısı, harada olduğu, hansı kitabxanada olduğu barədə məlumatlar verilir. Buraya: Quran, hədis, tarix, fiqh, təsəvvüf, şeir, kəlam, tibb, zoologiya, simya, kimya, botanika, riyaziyyat, filologiya, coğrafiya, astronomiya, İslam fəlsəfə tarixi və s. kimi elmlər daxildir. Unudulmuş, aşkar olunmamış əl yazma əsərləri tədqiq edərək Brokelmanın və digərlərinin əsərlərindəki yanlışlığı düzəltmiş, yetərsizliyi isbat etmişdir. Bunun üçündür ki, Karl Brokelmanın GAL-ını inkişaf etdirmək üçün çalışan dünyanın fərqli ölkələrindən 10-dan çox alimdən ibarət bir komitə GAS-ı təqdir edir.
Frankfurtda qurduğu İslam Elm Tarixi muzeyində 800-dən artıq müsəlman alimin hazırladıqları və ya əl yazmalarda planlanmış alətlərin eynisini hazırlayır. Həmçinin dünyanın hər yerindən min bir əziyyətlə əldə etdiyi 45 min nüsxədən ibarət kitabxana qurur. Daha sonra ikinci belə bir muzey yenə Fuat hocanın rəhbərliyi ilə 2008-ci ildə İstanbulda qurulur.
Fuat Sezginin akademik çalışmaları irəlilədikcə mükafatlara layiq görülür, daha çox kitabxanalara, əlyazmalara əli çatırdı. 1978-ci ildə Kral Faysal İslami Elmlər mükafatına layiq görülür və bu mükafatla 1982-ci ildə Höte Universiteti daxilində Ərəb-İslam Elmlər Tarixi İnstitutunu qurur.
Fuat Sezgin yaşadığı müddətdə saysız-hesabsız mükafatlara layiq görülmüşdü. Son dövrlərdə adı və əsərləri ən çox qaynaq göstərilən türk-islam elm adamı oldu. Heç kimin görə bilməyəcəyi işlər gördü, yaza bilməyəcəyi sayda kitablar yazdı.
Amma təkəbbürlü olmadı, daha çox oxumağa, yazmağa çalışdı;
Kimliyini, dinini, dilini, inancını dəyişmədi;
Yaddaşının haradan və kimdən gəldiyini unutmadı.
Müsəlman kimi dünyaya gəldi, müsəlman kimi yaşadı, müsəlman kimi xidmət etdi, müsəlman kimi vəfat etdi.
Allah rəhmət eləsin...
ŞƏRHLƏR