Sevgi Çiçəyi
XXI əsrdə elm və texnikanın sürətli inkişafı səbəbilə internet dünyasında göz açan körpə balaların gələcəyini düşünərək, adını eşidib çoxunun mənasını belə bilmədiyimiz sözlərin dünyasında içimizdəki boşluğun ehtiyacı olan sevgidən yazmaq istədim. Sevgidən yazmaq istəyini hiss edərək yazdım bu sətirləri.
Sevgi – Dünyanın ən kiçik bir qum dənəsində, ən əlçatmaz zirvəsindədir.
Sevgi – Rəhmətlə, nurla yağan yağışın damlasında, rəng-rəng açan çiçəklərin naxışındadır.
Sevgi – Ayağımızın altındakı torpaqdadır. Həyat üçün ümidlənən torpaqdakı toxumdadır.
Sevgi – Hicran oxlarının sancılıb qaldığı sevdalı sinələrdən çıxan ahlarda, alovlanan eşqləri daha da atəşləndirən iki damlacıq göz yaşlarındadır.
Səhərləri qucaq-qucaq rəhmət saçan mələklərin qanadında, səcdələrdə gül yanaqlara tökülən inci-inci yaşlardadır.
Sevgi – Zikr içində Həbibullaha salətu-salam gətirən daşlardadır.
Sevgi – Gülşəni gözəlləşdirən güldə, güllər aşiqi, çəmənzarlar padişahı bülbüldədir.
Sevgi – Peyğəmbərlər, sultanlar, şəhidlər, alimlər bəsləyən; cənnətlərlə şərəflənən anaların qucağındadır. Anasının əlindən möhkəm tutaraq nura, işığa – istiqbala yürüyən o məsum baxışlı balacanın baxışındadır.
Sevgi – Əsrlər öncəsi mübarək Hirada Haqqa həbib olma şərəfinə məzhər olan Həbibullahdadır. Onları üç günlük müsafir saxlayaraq şərəflənən Sevrdə, Ona yoldaşlıq edən ikinin ikincisi Hz. Əbu Bəkrdədir.
Sevgi – Quranında, azanında, namazında, Məkkeyi-Mükərrəmədə, canlar cananını ağuşuna alaraq şəfqətli bir ana kimi onu himayə edən Mədineyi-Münəvvərədə, yaşıl qübbəli Məscidi-Nəbəvidə, Rövzeyi-Mutahharadadır.
Canlar canı, nəbilər sultanı Həzrət Məhəmməddədir.
Ağlımızın içindəki balaca bir dünyada, qəlbimizin içindəki ağıldadır.
Sevgi – Canımızın tacı olan ruhumuzda, ruhumuzun gedəcəyi o əlçatmaz yolçuluqdadır.
Sevgi – Haqq yoluna baş qoyanların ayağının tozundadır.
La ilahə illəllah deməkdən usanmayan könüllərin gözündədir.
***
Sevgi dünya həyatının mayəsidir. Ağılla, müsəlman kimi yaşamağın qayəsidir.
Əl-ələ, çiyin-çiyinə verərək “Müsəlmanlar bir-birinin qardaşıdır” düsturuna bağlanaraq çevrəmizi genişlədək, möhkəmlədək, qoruyaq bu sevgimizi. Bizim olub bizə verilən, qiymətini bilmədiyimiz sevgimizi. Hər evdə bir sevgi gülü əkək ki, o yuvada göz açan övladlarımızın ilk gördüyü, ilk qoxladığı, ilk sevdiyi Sevgi gülü olsun. O Sevgi gülünü ayələrlə, dualarla, hədislərlə bəsləyərək Sevgi çiçəklərini çoxaldaq – gözəlliyə qərq eyləyək bu cahanı. Dünyamızın gözəlliyə ehtiyacı olduğu bu zamanda, silahların yandırdığı küllər içində belə, yetişdirək bu gülləri.
Qəlblərin, ruhların ehtiyacı gülşənə girmək, könül bağçasını qurmaqsa əgər, zatən gülün gözündəki sevgini görmək nəsibi var onda.
O göz heç zaman ağlamaq üçün bazara getməz...
Göz özü can bazarında göz yaşı səpəcək...
Qoy o göz yaşları imanımızın ruhumuza damlatdığı şəbnəmlər olsun! Könlümüzdəki Sevgi gülünün üstünə saçsın. Ətirli, sevimli bir gül olaraq güllərin Əfəndisinin hüzuruna çıxa bilsin. Çox deyil, min deyil, milyon deyil, sadəcə bir gül yetər. Hərəyə bir gül yetişdirək.
Ya Rəbbim! Bizə sevdiklərini sevməyi, yoluna talib olanları təqib etməyi, sevərək getməyi, sevərək bağışlamağı, sevərək ağlamağı ehsan et!
ŞƏRHLƏR