Peyğəmbərin Əxlaqi İlə Əxlaqlanmaq
Yaradılış olaraq kainatdakı varlıqların ən şərəflisi olan insanın həqiqi qiyməti maddi quruluşundan daha çox, mənəvi dünyasında, yəni əxlaqında gizlədilmişdir.
İnsanlığın əxlaq və fəzilət tarixi, eyni zamanda haqq dinlərin tarixidir. Çünki gözəl əxlaq dinin könüldə yaxşı həzm edilməsinin, yetişib kamala çatmasının nəticəsidir. Bu baxımdan İslam əxlaqı dinimizin kökü, əsası və özüdür.
Bir əxlaq nizamının qiyməti onun nə qədər ilahi mənşəli olmasından asılıdır. Çünki insan təbiətini ən yaxşı bilən onun yaradıcısı olan Allah təaladır. Bu baxımdan insanlıq aləminin əxlaqı özü tərəfindən heç bir şey söyləmədiyi ilahi bəyan ilə sabit olan Həzrət Peyğəmbər (s.ə.s) və onun qəlbinə nazil olan Qurani-Kərim ilə kamala yetmişdir.
Allahın razı olduğu xasiyyət və davranışlardan ibarət olan gözəl əxlaq Həzrət Peyğəmbərin mübarək dili və əməlləri ilə bəşəriyyətə təbliğ olunmuşdur. Allah Rəsulunun əxlaqını soruşanlara Həzrət Aişə (r.a) “Onun əxlaqı Qurandır” (Müslim, Müsafirin 139) buyurduğu kimi, peyğəmbər əxlaqı tamamilə “Quran əxlaqı”ndan ibarətdir. Allah Rəsulunun canlı bir Quran mahiyyətindəki ömrü boyunca hər hal və hərəkətinə pak qəlbi şərəfinə endirilən Qurani-Kərimin faktiki bir təsiri olmuşdur.
Allah təala İslam ilə istədiyi “kamil insan” modelini Həzrət Peyğəmbərin şəxsində nümayış etdirmiş, onu bütün bəşəriyyət üçün nümunəvi şəxsiyyət etmişdir.
Yenə onun əxlaqını tərənnüm etmək üçün belə buyurmuşdur:
“Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!” (əl-Qələm, 3-4)
Allah Rəsulu da:
“Mən başqa bir məqsədlə deyil, ancaq gözəl əxlaqı tamamlamaq üçün göndərildim”. (Muvatta, Hüsnül-xulq, 8) buyuraraq vəzifəsinin əsasını qısaca ifadə etmişdir.
Həqiqətən, o Varlıq Nurunun ülvi təşrifi ilə dünyanın qaralmış üfüqlərı nura qərq oldu, insanlığın gözlədiyi yeni bir səadət günəşi doğdu, qəlblər nurlandı, bəsirətlər açıldı, həyatın bulanıq axarları duruldu. O uca Peyğəmbərin feyz və bərəkəti ilə aləm əbədi bir bahara qovuşdu. İnsanlığı həqiqi şərəf və heysiyyətinə, gözəl və xeyirli əməllərə, haqqa, ədalətə və bərabərliyə o çatdırdı. Həyat və əbədiyyətin sirrini o öyrətdi.
Rəsuli-Əkrəm bütün insanlığa, hətta kainatdakı bütün yaradılmışlara rəhmət oldu. Yenə o mərhəmət Peyğəmbəri bizə səssiz kainat kitabının səhifələrini açdı. Gizli və məchul dillərin zikr və təsbihatını izhar etdi. İnsanlıq heysiyyətini itirmiş və heyvani bir həyata düşmüş ürəkləri həqiqi insani izzət, şərəf və heysiyyətə qovuşduraraq könüllərdəki məhəbbət sarayının sultanı oldu.
Həzrət Peyğəmbərin ən yaxşı davamçısı səhabələr və Haqq dostlarıdır. Bunların izi ilə getməyi borc bilən möminlər də həqiqi insanlıq heysiyyətinə yaraşan bir əxlaqa sahib olmuşlar. Səhabələr könüllərini Allah Rəsulunun məhəbbəti ilə doldurub ona hər xüsusda itaət etməklə onun əxlaqı ilə əxlaqlandığı üçün Allah təala onları tərifləmişdir:
“(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!” (ət-Tövbə, 100)
Biz indi səhabə olmaq imkanında deyilik. Ancaq ayədə buyurulduğu kimi “onlara gözəlliklə tabe olan” möminlərdən olub, Allah təalanın rizasına nail olmaq imkanı və ehtimalımız həyatımız boyu davam edir.
Səhabələrdən sonrakı əsrlərdə də Peyğəmbərimizin (s.ə.s) əxlaqını bizlərə ən gözəl əks etdirənlər Allah dostlarıdır, hansı ki, Allah-təala onları bizə nümunə olaraq göstərir. Onlar:
“Bilsəniz ki, Allahın dostlarına qorxu yoxdur; onlar üzülməyəcəklər” (Yunus surəsi, 62) ayəsində buyurulduğu kimi Haqq qatında pak, ülvi bir mövqeyə sahibdirlər. Şübhəsiz ki, bu ilahi təminata nəsib ola bilmək üçün o Haqq dostlarının izilə getmək lazımdır.
Səhabələr və Haqq dostları Allah Rəsulunun mübarək şəxsiyyətindən layiqli şəkildə pay alaraq onda faniləşdikləri üçün həyatları boyunca göstərdikləri bütün davranış gözəllikləri, əsasən onun gözəl əxlaqından əks edən fəzilət nümunələri hökmündədir. Çünki harada gözəllik varsa, onun əksidir. Onun nuru olmadan aləmdə bir çiçək belə açmaz. Biz onun üzündən varıq. O, solmayan, əksinə, gün geçdikcə təzəlik və təravəti daha da artan, başdan-ayağa nurdan meydana gələn ilahi bir qönçədir.
Səhabələr Allah Rəsulunun tələbələridir. Onun nəbəvi əxlaqını öyrənmək istəyən səhabələr göydəki ulduzlar kimi insanlığa fəzilət nümunələri göstərmişlər. nəbəvi əxlaqın səhabələrdəki təzahürlərindən ibarət olan saysız fəzilət nümunələrindən bir neçəsi belədir:
Əbü Dücanə (r.a) xəstə ikən ziyarətinə gedən biri onun simasının nur kimi parladığını gördü və ona:
“ - Çöhrən niyə belə parıldayır?, - deyə soruşdu. O da:
“ - Mənim iki, bəlkə də üç əməlim var ona görə, - deyə cavab verdi:
1. Məni maraqlandırmayan mövzularda susuram.
2. Könlüm möminlərə qarşı sui-zəndən uzaqdır.
3. Hər möminə qarşı hüsnü-zənn bəsləyirəm.” (İbn Səd, III,557)
Allah Rəsulunun iman qardaşlığı xüsusundakı təbliğ və təkidlərinin səhabədəki təzahürlərindən bir başqası olan İbn Büreydə əl-Əsləmə belə nəql edir:
“Bir nəfər İbn Abbasa pis sözlər söyləyir. İbn Abbas (r.a) isə sakit dayanır. O şəxs heyrət içində İbni Abbasa nə üçün cavab vermədiyini soruşduqda, İbn Abbas:
“ - Məndə üç xasiyyət var ki, o adama cavab verməyimə mane olur”, - deyərək onları saymağa başlayır:
1. Allahın Kitabından bir ayə oxuyanda: kaş ki, bütün insanlar bu ayədəki məna və hikmətləri biləydilər, -deyə dua edirəm.
2. Müsəlman bir hakimin ədaləti bərpa etdiyini eşidəndə çox sevinirəm. Halbuki o hakimlə heç bir maddi-mənəvi yaxınlığım yoxdur.
3. Müsəlmanların məskənlərinə yağış yağdıqda da çox sevinirəm, halbuki o yerlərdə nə otlayan bir heyvanım, nə də bir ərazim var.” (Heysemi, IX, 284)
Məhz könlün din qardaşlığının məhəbbətilə dolmasının səhabələrdəki gözəl bir misalı budur. Səhabələri rəhbər qəbul edən, onlara gözəlliklə tabe olan möminlərin könüllərinin tək bir ürək halına gəlməsi lazımdır. Mömin qardaşının sevinci ilə sevinib, iztirabı ilə kədərlənmək hər bir möminin əsas xasiyyəti olmalıdır.
Həzrət Əli (r.a) belə buyurur:
“İki nemət var ki, məni hansının daha çox sevindirdiyini bilmirəm. Birincisi, bir kimsənin etiyacını qarşılayacağımı ümid edərək mənim yanıma gəlməsi və bütün səmimiyyətilə məndən kömək istəməsidir. İkincisi də, Allah təalanın o kimsənin məşəqqətini mənim vasitəmlə aradan qaldırması, yaxud asanlaşdırmasıdır. Bir müsəlmanın sıxıntısını azaltmağı dünya dolusu qızıl və gümüşə sahib olmaqdan üstün tuturam.” (Əli əl-Müttəqi, VI, 598/ 17049)
Səhabələri bu qədər şəfqətli və mərhəmətli edən xüsus Allah Rəsuluna duyduqları sonsuz məhəbbət və onun ardınca getmək səy və həyəcanı daşımaları idi. Belə ki, onlar Allah Rəsulunun sevdiklərini öz sevdiklərindən üstün tutar, lazım gəldikdə arzularından vaz keçməkdə heç bir tərəddüd etməzdilər.
Belə ki, Həzrət Ömər (r.a) Peyğəmbərimizin azad etdiyi Zeyd bin Harisənin oğlu Üsaməyə 3500 dirhəm ayırmış, öz oğlu Abdullaha isə 3000 dirhəm vermişdi.
Abdullah atası Həzrət Ömərin bu qərarına etiraz edərək:
“ - Niyə Üsaməni məndən üstün tutursan? O, döyüşlərdə məndən çox iştirak etməyib axı?” -demişdi.
Həzrət Ömər (r.a) o əvəzsiz ədaləti ilə bərabər nə qədər zəngin bir könül sahibi, həm də çox təvazökar bir insan olduğunu göstərən bu cavabı vermişdi:
“ - Oğlum! Peyğəmbərimiz Üsamənin atasını sənin atandan daha çox sevərdi. Üsaməyə də səndən daha çox məhəbbəti vardı. Elə bu səbəbdən də Peyğəmbərin sevdiyini öz sevdiyimdən üstün tutdum”. (Tirmizi, Mənaqib, 39/3813)
a
Bu gün biz də səhabələr kimi Peyğəmbərin məhəbbəti ilə dolub onun yüksək əxlaqını öyrənmək məcburiyyətindəyik. Aradan keçən əsrlərə baxmayaraq, onların heç bir zaman azalmayacaq, solmayacaq gözəlliklərini yaşayıb yaşatma gücündə olmalıyıq... Çünki Kainatın fəxri Peyğəmbərimizin həqiqi ümməti olmağın şərəf və bəxtiyarlığının layiqli əvəzi budur.
Ömər bin Xəttabın (r.a) bu rəvayəti səadət əsrindən sonra gəlib Quran və Sünnə istiqamətində həyat yaşayanlar üçün böyük bir nəbəvi müjdəni əhatə edir.
“Bir gün Həzrət Peyğəmbərimizlə birlikdə oturmuşduq. Allah Rəsulu (s.ə.s) bu vaxt:
- “İman edənlər arasında ən üstün imana sahib olanlar kimlərdir bilirsinizmi?” - deyə soruşdu.
Səhabələr əvvəlcə mələkləri, sonra peyğəmbərləri və daha sonra şəhidləri ən üstün iman sahibi kimi göstərsələr də Peyğəmbər (s.ə.s) hər dəfə:
- “Bəli, onlar elədir və bu onların haqqıdır. Allah onları belə uca mərtəbəyə çıxarmışsa, bu payın onlara verilməsinə nə mane ola bilər? Amma mən bunları soruşmuram”, - buyurdu.
Səhabələr:
- “Onda kim olduğunu siz söyləyin, ya Rəsulallah!” deyəndə Peyğəmbər (s.ə.s) belə cavab verdi:
-“Onlar indi ata və babalarının sülbündə olan bəzi kəslərdir ki, məndən sonra gələcəklər, məni görmədikləri halda mənə iman gətirəcəklər, məni təsdiq edəcəklər və Quranı oxuyub onun əmr etdiyi kimi ona əməl edəcəklər. Bax, iman edənlər içində ən üstün imana sahib olanlar onlardır”,. (Hakim, IV 96/6993; Heysəmi, X, 65)
Hədisi-şərifdəki müjdəni doğru başa düsüb Quran və Sünnə istiqamətli bir həyat yaşamaq hər bir möminin vəzifəsidir. Əks halda, axirətdə Həzrət Peyğəmbərin (s.ə.s) böyük şəfaətini gözlədiyimiz halda onun bizdən şikayətçi olması mütləqdir ki, insan üçün bundan böyük bir ziyan təsəvvür oluna bilməz. Belə ki, özlərinə göndərilən Qurani-Kərimin əksinə bir həyat tərzi yaşayanlar haqqında Peyğəmbərimizin axirətdə Rəbbinə şikayət edəcəyi ayədə belə bəyan edilir:
Peyğəmbər də “Ey Rəbbim! Həqiqətən qövmüm bu Quranı tərk etmişdi!” - deyəcək. (əl-Furqan, 30)
Bax, axirətdə bu nəbəvi tənqidə düçar olmamaq üçün ona ümmət olmağın tələb etdiyi kimi yaşamaq lazımdır. Bunun yolu da Qurani-Kərimi ədəbinə uyğun bir şəkildə, yəni tələffüzünə, təcvidinə riayət edərək bol-bol tilavət etmək, onun məna dərinliyinə malik olmaq və duyğu dərinliyi içində həssaslıq və məhəbbətlə həyata tətbiq etməyə çalışmaq lazımdır.
Belə yaşayanlara Allahın Rəsulunun bu dünyada və axirətdə məhəbbət və şəfqət qanadları açıq olacaqdır. Ancaq Quran və Sünnəni tərk edib yanlış yollara düşənlər axirətdə böyük bir peşmançılıq və pərişanlığa düçar olacaqlar.
Əbu Hüreyrədən (r.a) rəvayət edildiyinə görə, bir gün Həzrət Peyğəmbər səhabələri ilə birlikdə qəbiristanlığa getmiş və oraya çatanda:
“Allahın salamı üzərinizə olsun, ey möminlər diyarının sakinləri! İnşallah, bir gün biz də sizə qoşulacağıq. Qardaşlarımızı görməyi çox istərdim. Onlar üçün çox darıxdım”, buyurmuşdur.
Səhabələr:
“ - Biz Sənin qardaşların deyilikmi, ya Rəsulallah?” soruşduq-da:
Həzrət Peyğəmbər (s.ə.s):
“ - Siz mənim səhabələrimsiniz, qardaşlarımız isə hələ yer üzünə gəlməyənlərdir” -buyurdu.
Bu sözdən sonra səhabələr:
“ - Ümmətindən hələ dünyaya gəlməyənləri necə tanıyacaqsan, ya Rəsulallah?” -dedilər.
Peyğəmbərimiz (s.ə.s):
“ - Bir adamın alnı və ayaqları ağ olan atı olsa, bu at bir sürü qara atın içərisində seçilməzmi?” -deyə soruşdu.
“ - Bəli, seçilər, ey Allahın Rəsulu” dedilər. Bundan sonra Həzrət Peyğəmbər (s.ə.s) belə buyurdu:
“Bax, o zaman onlar dəstəmazlı olduqları üçün üzü nurlu, əl və ayaqları parlaq olaraq gələcəklər. Mən əvvəlcədən hovuzun başına gedib onları qonaq etmək üçün gözləyəcəyəm. Diqqət edin, bu zaman bəziləri yad dəvənin sürüdən qovulduğu kimi mənim hovuzumdan qovulacaqlar. Mən onlara “Gəlin buraya” deyə nida edəcəyəm. Mənə: “Onlar səndən sonra hallarını dəyişdirdilər, (sənin Sünnənə əməl etməyib başqa yollara düşdülər, böyük günahlar etdilər)” deyiləcək. Bundan sonra mən də:
- “Uzaq olsunlar” -deyəcəyəm. (Müslim, Təharət, 39)
a
Allah təalaya şükürlər olsun ki, biz aciz qullarını heç bir əvəz ödəmədən Həzrət Peyğəmbərin ümməti olmaqla şərəfləndirdi. Bu ilahi lütfün həqiqətlərinə çataraq Rəsulullahın (s.ə.s) məhəbbətinə -“qardaşlarım”- iltifatına layiq olmağın yolu Onun sünnəsinə sıx-sıx sarılmaqdan və əxlaqı ilə əxlaqlanmaqdan keçir.
Bir yaradılış möcüzəsi olan dünyanın fəxri Peyğəmbərimizin (s.ə.s) gözəl əxlaqını bəşəri istedad və güc daxilində kamil şəkildə qavramaq, bilmək və bəşər kamalının məhdud imkanları ilə layiqli ifadə edə bilmək mümkün deyildir. Bu aləmdən alınan düşüncə tərzi onu izah və ifadə etmək üçün kifayət deyildir. Bir stəkana bir ümmanı sığdırmaq mümkün olmadığı kimi, Nuri-Məhəmmədini layiqi ilə dərk etmək də mümkün deyildir. Onu izah etmək mənasında ağzımızdan tökülənlər isə aciz idrakımıza onun əvəzsiz gözəlliklərindən əks olunan qırıntılar nisbətindədir.
Ya Rəbb! Rəsulunun uca əxlaq və ruhaniyyətindən qəlblərimizə pay nəsib et! “Anam, atam, canım sənə fəda olsun, ya Rəsulallah!” deyən mübarək qəlblərin dərin hissiyyatları ilə könüllərimizi islah et!
Amin!
ŞƏRHLƏR