Ay Doğsun Içimizə
Ay, günəş kimi sünbülləri saraldaraq üzümü şirinləşdirərək insanlara birbaşa xidmət etməsə də, günəş kimi tərlətməməsi, gözü qamaşdırmaması, gecələri aydınlatması və bir çox səbəblərlə daha sevimlidir.
Ay işığı sevgilinin gözəlliyini və ecazkarlığını artırmışdır. Qızların adının başına günəş deyil, ay layiq görülmüşdür. (Ay qız) Hər nə qədər günəş təqvimindən istifadə edənlərin sayı ay təqvimindən istifadə edənlərdən çox olsa da, ədəbiyyatda ayın üstünlüyü günəşdən daha artıqdır.
Ayın yuvarlaqlığı insanın başına bənzəyir. İnsan, əl-ayağı və ya başqa üzvü ilə deyil, əsasən üzü ilə fərqlənir. İnsanın üzünə ən çox bənzəyən göy cismi aydır. Sevgilinin üzü ay kimidir. Hətta sevgilinin gözəlliyindəki üstün dərəcəni ifadə etmək üçün “ayda ləkə var, onda isə yoxdur” deyilir.
Həyatın eniş və yoxuşlarını xatırladan ay böyümə (bədirlənmə) və kiçilmə mərhələlərindən keçər. Kamaldan zəvala, zəvaldan kamala doğru daima yol qət edər. Bununla belə mesaj verməkdədir: Ey insan, gəncsən, daşı sıxsan suyunu çıxara bilərsən, mənim bədir halım kimi möhtəşəmsən, amma kəsilmiş insan dırnağını andıran hilal halımı da unutma! Uşaqlığın hilal kimidir, gəncliyin bədirlənmiş ay. İxtiyarlıq, bədirlənmiş ayın hər gecə bir parça əskilməsi kimi gənclikdən qopardaraq gəlir.
Ərəb dilində cansız varlıqlar müənnəs (qadın) və müzzəkkər (kişi) cinslərinə ayrılır. Günəş qadın, ay isə kişi cinsindədir. Günəş daha böyük olduğu halda nə üçün qadın cinsindədir? Günəş gecə meydana çıxamadığı üçün qadın cinsinə aiddir. Aysa qaranlıqda görünmə cəsarətinə sahib olduğu üçün kişi cinsindəndir.
Daşın sərt olmadığını, odun yandırmadığını və suyun boğmadığını söyləyən sultanların yanında İstanbul təpələrindən doğan ay, çatlamış çəyirdək qabığına dönərək, utancından özünü yerlərə atar. Ay doğdu üzərimizə Ankara, İstanbul təpələrindən…
İnsan bəzən yorulduğunun fərqinə varmaz. Yatağına uzandığı zaman çox yorulduğunun fərqinə varar. Qaranlıqlarda yaşayan insan da bəzən aydınlıqdan məhrumiyyətin fərqində olmaz. Nə zaman ki, Bakı təpələrindən doğan ay onu aydınladar, o zaman Qurani-Kərimdəki “bu gediş haraya?” xitabını dərk edər. Ay doğdu üzərimizə Bakı təpələrindən…
Bir stəkan su içərik və ardından bir daha içərik. Öz-özümüzə: “nə qədər susamışammış,” deyərik.
Xəstələnib, dünyanı və hadisələri köndələn seyr etdiyimiz zaman, sağlam vaxtımızda nə qədər lüzumsuz işlərin ardınca düşdüyümüzü dərk edərik.
Bir-bir bütün hüceyrələrimizlə saflığımızı itirmişik, xəbərimiz yox. Özümüzü Məryəm saflığındakı Mələk hiss edərək aldanırıq.
Şamaxı, Qəbələ, Zaqatala, Samsun, təpələrindən doğan aya fəda olum.
Əvvəllər “Allah bilir” deyərdik, indi “google bilir” deyirik. “Google”a soruşulacaq ən mənasız sualın “ay hardan doğar” olduğunu düşünürəm. Başını qaldır, bax! Elə bir təpə yoxdur ki, oradan doğmasın. Elə bir kirli su gölməçəsi yoxdur ki, ayın əksi oraya vurmasın.
Ey ay, xoş gəldin. Səni gündüz də axtardıq. Quruduq, cücərt bizi…
Özümüzü aldatmışıq. qəflətimizi istirahət, cəhalətimizi elm, nankorluğumuzu reallıq zənn etmişik.
Haqsızlıq, ədalətsizlik mənasında olan zülm, kəlmə olaraq qaranlıq, qaranlıqlar mənası daşıyır. Elə zülmət sözü də buradan gəlir. Gün gələr bir söz, bir çay, bir söhbət, bir baxış, bir cüt göz yaşı, bir hədiyyə, “Könül bağçası”ndan çıxan bir yazı qaranlıqları dəf edən ay olar. Hər barmaq izinin fərqli olması kimi, o insanı aydınladacaq ayın gününün, saatının və şəklinin də fərqli olduğunu düşünürəm.
Kəramət başdadır, tacda deyildir
Hərarət oddadır, sacda deyildir.
Hər nə ararsan özündə ara
Qüds də, Məkkə də həcdə deyildir.
Bu misralardan ilhamla deyirik: Gözünü İstanbul, Bakı, Əliabad, Adana səmalarından aşağı endir, ay axtarmaqdan vaz keç. Ayın doğuşunu həmişə havada gördün, Vəda təpələrindən zühurunu eşitdin. Bir dəfə də özündə gör. “Ay doğdu üzərimizə Vəda təpələrindən” deyənlər ayın üzlərinə doğuşunu görməklə deyil, onu daxillərində zühur etdirərək qurtuldular.
“Günəşin işığı məşriqlə məğribi aydınlatsa da, evə girişi pəncərənin böyüklüyünə görədir.” – deyir Mövlana...
Ey ay doğduğu üçün sevinərək gözünü qırpmadan baxanlar, pəncərənizə baxmazmısınız? Gözləriniz ayda, amma pəncərələriniz pərdəli. Ay, açıq pəncərə və qapı axtarır. Bu nə təzaddır ki, aya can atarsan, pərdələri açmazsan! Həm yağmur duasına çıxarsan, həm də çətirini almazsan! Yoxsa sən də “ay doğdu üzərimizə” deyərək qabıqdan içəri girə bilməyənlərdənsən?
Qaranlıqlar ayı gözlər, ay da qaranlıqları. Haydı, oyan və bir gecəlik də olsa pəncərələri aç. Sabahı gözləmə. Ayı görə bilməsən də bil ki, hər zaman göydədir. Gözlə, gözlə, yenə gözlə, gələcəkdir... Göyü tərk etmədi O. Göydən nə yağdı ki, yer qəbul etməsin? Ay, özünə baxan kimdən üz çevirdi ki?
Son söz: Ay
ŞƏRHLƏR