Rəcəb, Şaban, Ramazan…

Rəcəb, Şaban, Ramazan…

Kiçik yaşlarımızda böyüklərimizdən eşitdiyimiz bütün nağılların sonunda göydən üç al­­­­ma düşərdi həmişə. Uşaq təxəyyülümüzə yuxarılardan gələn bir pay idi o üç almalar...

 Şəxsən rol aldığımız həyat adlı nağılımızın da bir fəsli olan hər ilin sonuna doğru üç alma düşər göydən. Yuxarılardan, aləmlərin Rəbbindən bizə pay göndərilən üç alma – Rəcəb, Şaban, Ramazan. Rəsulullah (s.ə.s)-in dediyi kimi, biri (Rəcəb) Allahın, biri (Şaban) Allahın Rəsulunun, sonuncusu isə (Ramazan) ümmətin... (Camius-Sağir, c.4, səh-18) Əslində isə hər biri ümmətin bağışlanması və saysız savab əldə etməsi üçün düşər göylərdən.

Hər ilin sonuna doğru yaşadığımız üç aylar biz bəndələrin o ili xeyir-həsənətlə başa vurmağımız üçündür. İl boyu işlədiyimiz günah və xətalara kəffarə olar, savab əməllərimizə əlavə fəzilətlər qatar bu üç ay. Həyat adlandırdığımız nağılımzı yaxşı başa vurmaq üçün Allahın bizə göndərdiyi üç almaya bənzər...

Üç aylar dediyimiz Rəcəb, Şaban və Ramazanın ilin sonuna  doğru olmasında əlbəttə ki, bir çox hikmət və səbəb vardır. Bu üç aylardan iki ay sonra isə həcc mövsümü dediyimiz Zilhiccə ayı gəlir. O həcc ki, məhşərin bir parçasıdır və biz bənədlərə dünyada ikən Allahın hüzurunda Ərəsət meydanında hesab verməyi xatırladır. Üç ayları və Zilhiccəni bir-birindən ayırmamaq daha doğru olardı hər halda. Belə düşünmək mümkünsə, üç aylar Allahın bəndələrinə tanıdığı bir şansdır və bu üç aylar boyunca ara vermədən ilahi rəhmət və bərəkət yağar üstümüzə. Rəhmət və məğfirət yağmurlarında təmizlənərək paklanan ruhlar Zilhiccədə Haqqın divanına durmağa hazırlaşar sanki. Rəcəb və Şaban, insanı Ramazana hazırladığı kimi, Ramazan da Zilhiccəyə hazırlar bizi. İki ay sonra məhşəri bir meydanda Qadiri-Mütləqin hüzurunda dayanmağa. Elə isə aradakı iki ay nə üçündür əcəba?

Tez-tez bir-birimizdən soruşuruq: “Əgər içində olduğumuz bu ay, yaşadığın son ayındır, ömrünün son beş günü qaldı, son bir günün qaldı və s. desəydilər nə edərdin?” Məhz Ramazanla Zilhiccə arasındakı iki ay buna bənzəyir məncə. Müsəlman olan kəs həyatı boyu qazanmış olduğu savabları əlində saxlama təlaşı ilə və saleh əməllərinə ləkə bulaşdırmadan Allahın hüzuruna çıxmağa can atmalıdır. Üç ayların feyzini itirmədən, mənəvi havadan ayrılmadan, tövbəsinə sadiq qalaraq iki ayı adladıqdan sonra Həcc ayında təmiz bir ruhla ilahi dərgaha yönələn bir insan kimi.

Digər tərəfdən həyatımızı bir qum saatına bənzədə bilərik. Hər saniyəmiz kiçik bir qum dənəsinə bənzər. Saatın üst qismindən altına doğru dayanmadan axın edən bu qum dənəcikləri ömrün tükənən saniyələridir ki, onlar da dəqiqələri, saatları, günləri, ayları və illəri meydana gətirir. Ömrümüz  hər ilin başında bir dəfə çevrilən qum saatına bənzər sanki. Hər dəfə çevrildikcə ömürdən bir il geri qalır və daha bir ilə ayaq basırıq. Kiminin saatı altmış dəfə, kimininki yetmiş dəfə, kimininki iyirmi dəfə... çevrilər. Və saatımızın bir daha çevrilməsi, yəni Allahın bizə bir il daha möhlət verməsi, zaman tanıması məhz bu üç aylara təsadüf edən Bərat gecəsində gerçəkləşir. Ramazanla davam edir, Zilhiccənin həcc mövsümüylə daha bərəkətli hala gəlir. Lakin bir də düşünün ki, bu il qum saatımız çevrilməyəcək və yaşadığımız bu il son ilimizdir...

Elə isə gəlin əlimizdə olan fürsətləri yaxşı dəyərləndirək, ilahi feyzlə bərəkətlənmiş anları, zamanları Allahın rizası istiqamətində keçirək. Qum saatımızdan süzülərək tükənən ömrümüzü bərəkətli hala gətirmək əslində öz əlimizdədir.

Göydən üç alma düşdü. Biri Rəcəb, biri Şaban, biri də Ramazan...

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz