Azərbaycan Türk Uşaq Ədəbiyyatı Və Uşaq Tərbiyəsi /
“Əgər hər kəs millətinin və dininin şəriətini qorumaq istəyirsə, təlim və tərbiyə almalıdır.” Azərbaycanın tanınmış pedaqoqu, professor Fikrət Seyidovun yaxın zamanlarda nəşr olunmuş “Uşaq ədəbiyyatında tərbiyə məsələləri (XIX-XX əsrlər)” adlı çox dəyərli kitabını vərəqləyəndə bu fikrin həqiqətinə inandım. Və əmin oldum ki, hər bir xalqın, millətin ədəb-irfana gedən yolu onun körpə uşaqlarının ana laylasından, onların bağça, məktəb illərində öyrəndikləri əxlaqi-estetik, dini meyarları özündə cəmləşdirən uşaq ədəbiyyatından başlayır.
XXI əsrin səkkizinci ilində Azərbaycan türk dünyasının uşaqlarının taleyüklü problemlərini düşünərkən XIX və XX əsrlərdə yaşayıb-yaradan söz, sənət adamlarının bu sahədə gördükləri işləri qeyd etdiyim araşdırmanın səhifələrində görməkdən, oxumaqdan məmnun oldum. Prof. F. Seyidov əldə etdiyi mənbə və qaynaqlar əsasında böyük maarifçi, pedaqoq və yazarların yaradıcılığına nəzər salaraq onların ortaya qoyduğu uşaq ədəbiyyatına istinad edərək indi məktəblərimizdə uşaq ədəbiyyatı nümunələrinin seçiminə xüsusi diqqət yetirməyi tövsiyə etmişdir. Əlbəttə, bu çox vacib və əhəmiyyətli məsələdir.
Unutmaq olmaz ki, ədəbi-ictimai mühitimizin çox yaxşı tanıdığı M. Mahmudbəyov, Abbas Səhhət, Fərhad Ağazadə, Firudin Köçərli, Rəşid bəy Əfəndiyev, Nəriman Nərimanov, M. Tağı Sidqi kimi ədib və şairlərimizin uşaqlar üçün yazdıqları əsərlərin yeni hazırlanan məktəb dərsliklərinə daxil edilməsinə böyük ehtiyac vardır. Bu baxımdan müəllifin haqlı iradının dərslik müəllifləri tərəfindən nəzərə alınması işin xeyrinə olardı.
XIX əsr Azərbaycan maarifinin, xüsusilə Naxçıvanda xalqın maariflənməsinin, gözəl uşaq ədəbiyyatının yaradılmasının tanınmış nümayəndələrindən olan M. Tağı Sidqinin (1854-1903) uşaqlar haqqında yazdığı bir şeirində oxuyuruq:
Nə qədər ki, var aləmdə fürsət,
Dərsinə eylə hər zaman diqqət.
...Ömrünü məsrəf eylə bir neçə il
Ta ki, təhsil elə bir neçə dil.
Rusi, farsi, türki, ərəbi
Bunları bilmək artırar ədəbi.
Dillərin öyrənilməsi ilə uşaqlarımızın dünya görüşünün artmasını, onların dünyada baş verən hadisələrə vaqif olmalarını təlqin edən bu böyük maarifçinin yaradıcılığını bir cümlə ilə ifadə etmək çətindir. Müəllifin “Kəblə Nəsir” adlı poemasında çox avam bir adamın başına gələn əhvalatlar incə yumor ilə irili-xırdalı bütün oxucuları dərindən düşündürür.
XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda nəşr olunan “Dəbistan”, “Rəhbər”, “Məktəb” adlı jurnallarda çap olunan uşaq ədəbiyyatı nümunələri yeni insan nəslinin tərbiyəsində mühüm rol oynamışdır. Bu jurnallarda adları yuxarıda qeyd olunan tanınmış söz, sənət adamları gələcəyin nurlu, işıqlı insanlarının yetişməsində təhsilin güc-qüdrətinə, onun insan həyatında mühüm roluna böyük dəyər vermişlər.
“Məktəb” jurnalında (1912, №13) görkəmli Azərbaycan şairi Hüseyn Cavidin “Bir qız” adlı şeirində insan mənəviyyatının zənginliyinə dair poetik dialoq xüsusilə diqqəti cəlb edir:
— Quzum, yavrum! Adın nədir?
— Gülbahar.
— Pəki, sənin anan, baban varmı?
— Var.
— Nasıl, zənginmidir baban?
— Əvət, zəngin, bəyzadə...
— Öylə isə, geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
Söylə, yavrum! Heç sıxılma...
— Var əfəndim, var... lakin
Müəlliməm hər gün söylər, onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti...
İnsan zəkasının ən gözəl söz incisi həmişə insanlara rahatlıq, yaşamaq üçün güc-təpər gətirmişdir. Su kimi sözün də insanın yaşamaq eşqinə gətirdiyi güc-qüdrət, ilham dünyanın insanlara bəxş etdiyi inci və mirvarilərə bənzəyir.
Uşaq ədəbiyyatı yarandığı gündən uşaqların gələcək həyat yoluna düşən bir işığa bənzəyir. Bu gün də həmin ədəbiyyatın daha uğurlu nümayəndələrini yaradan yazarlar, eləcə də məktəblilərə ana dili dərsliklərinin tərtibçiləri keçmişin bizə miras qalan yadigarlarından sükutla keçməməlidirlər. Ona görə ki, yaxın-uzaq keçmişin yazarlarının uşaqlara həsr etdikləri söz mülkündə uşaq tərbiyəsi məsələləri möhtəşəm bir sarayın sütunlarını xatırladır.
Serap MAGİLL
ŞƏRHLƏR