"Qərb-Şərq Divanı"nda İslami baxışlar

"Qərb-Şərq Divanı"nda İslami baxışlar

Klassik alman şairlərindən Y.V.Höte və H.Haynenin lirik şeirlərindən bir qismini alman dilindən Azərbaycan türkcəsinə tərcümə edən tanınmış alim və mütərcim Ələkbər Qubatovun "Lirika" adlı kitabında könül oxşayan, ürəkləri ovsunlayan poetik parçalar təqdim olunmuşdur.Orijinal mətnlə qoşa verilən poetik tərcümələr məni bu sətirləri yazmağa ruhlandırdı.Açığını deyim ki, hər oxunan kitabın, yaxud əsərin oxucunu özünə ram edən sirri, cazibəsi onun mənəvi dəyərlərimizə, düşüncəmizə gətirdiyi yenilik, orijinal ruh və zənginlik meyarları ilə ölçülür.Belə əsərlər hafizəmizdə  unudulmaz  izlər buraxır, fikrimizin, sözümüzün yol yoldaşına çevrilir.

İrqindən, dinindən asılı olmayaraq bütün insanlığın, bəşər övladının mənəvi-ruhani dünyasına min bir naxış, özəllik və gözəllik bəxş edən İslami zənginlikləri görüb dəyərləndirmək əslində ən böyük insanlıq duyğusunun, müdrikliyin  təntənəsidir.

Qədim folklor nümunələrində görkəmli Türk sərkərdəsi Attilanın adına, şəninə min bir nəğmə qoşan dünya xalqlarından biri də almanlar olmuşdur.Y.V.Hötenin "Qərb-Şərq divanı" XIX əsrin əvvəllərində nəşr olunanda onu Qərbi Avropanın iç dünyası heyrət və heyranlıqla qarşılamışdı. Bu poeziyanı təqdir edənlər alman ədəbiyyatının zəngin ənənələrində yaşayan keçmişin şərqli ruhuna səcdə etmişlər. Zaman-zaman ayrı-ayrı dünya xalqlarının dillərinə tərcümə olunan Hötenin Divanında Məhəmməd Peyğəmbərin, müqəddəs "Quran"ımızın şəninə söz qoşan alman şairinin lirikasında sehr möcüzəsi bu gün məni də heyrətə gətirdi.

"Qərb-Şərq divanı" ilə şair müsəlman dünyasının ən məşhur və tarixi şəxsiyyətlərinə, o cümlədən Məhəmməd Peyğəmbərimizə, Azərbaycanın klassik türk şairi Nizami Gəncəviyə, bütün dünyanı lərzəyə salan türk sərkərdəsi Əmir Teymura, Hafiz Şiraziyə...şeirlər həsr etmişdi Y.V.Hötenin öz "Divanı"na yazdığı mühakiməsində bir həyat həqiqəti vardır.Qərb oxucusuna Şərq dünyasının əzəmətini, qüdrətini, sirr və hikmətini bəyan edən şairin açıq etirafına diqqət yetirək. "Qərb-Şərq divanı"nın müəllifi (Höte-Ş.X.) özünün bir müsəlman olması şübhəsini rədd etməz. "Müsəlman olmağın şübhəsini rədd etməyin qəbahət olmadığını söyləyən,  şairi bu kəlamı yazmağa sövq edən nə olmuşdur? Təbii ki, bir sözün qulpundan yapışıb bir alman şairinin müsəlman olduğunu  dünyaya faş etmək istəyində olmasaq da, bunu mütəfəkkir  şair  olan zəka sahibinin mənəvi dünyasından qopan  açıq  etirafı kimi qəbul etmək olar.Fikrimizcə Höteni zəngin Şərq-müsəlman mənəviyyatına qovuşduran mənbə İslamın valehedici mənəvi-ruhani dəyərləri olmuşdur.

Cənnəti vəsf edər əsil müsəlman,

Elə bil oranı görüb gəlibdir.

            Əslində İslamın təməli Quran,-

Hər sözü könlünə hörüb gəlibdir-

yazan Höte, müqəddəs Peyğəmbər  Həzrət Məhəmməd Mustafanın şəxsiyyətinə və əməllərinə olan heyrət və vurğunluğunu gizlədə bilməmişdir.

"Ey şirin cocuğum" adlı lirik ricətində Höte dünyanın peyğəmbərləri sırasında  Məhəmməd Peyğəmbərimizə verdiyi qiyməti, ürəyində gəzdirdiyi sevgini qanadlı misralarının  şeriyyətinə çevirmişdir:

Gerçəkdən gerçəyə oldu pənahım

            Ulu Məhəmmədi sən yaxşı tanı.

            Bil, yoxdu Allahdan başqa Allahım,

            Deyərək fəth etdi bütün dünyanı.

  

            Hötenin Hafizə həsr etdiyi şerinin mündəricəsində də böyük şairin müqəddəs Quranımıza, inancımıza Hafizin obrazı və dili ilə poetik cavabı könül oxşayır.

            Şair Hafizin poetik obrazında onun Qurani-Kərimə olan sevgisini aşağıdakı misraların içində belə ifadə etmişdir:

            Uymadım sərvətə,mala yox dedim,

            Nəqş oldu beynimə Kəlami-Qədim,

            Bilmədim zamanın əzabı nədi.

            Ruh alıb Peyğəmbər hədislərindən

            Hafiz ləqəbini daşıyıram mən.

 

            Fikrin, dərin düşüncələrin qanadlarında Şərq olaylarında mənəvi, dini-ruhani dəyərlərimizin gözündən su içən Hötenin Qərbin də, Şərqin də insanlarına olan məhəbbət duyğusu onun poeziyasının ana xəttini təşkil edir.

            Azərbaycanımızın Quba rayonunun Alpan (bu oba qədim Alban torpağımızın adını özündə yaşadan böyük ziyalılar ocağıdır) kəndində dünyaya gələn mütərcim Ələkbər müəllim Qubatovun, Hötenin Lirikasından etdiyi tərcümələrində könlümüzü özünə ram edən bir duyğu, bir sevgi gördüm.Bu duyğu, bu sevginin ən uca qaynağını isə müsəlman Şərqindən, Məhəmməd dünyasından alman şairi Hötenin ürəyinə, zehninə köçən, işıqlı misralara çevrilən ilahi eşqin cazibəsində axtardım.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz