Hacilar Mədinə Bazarindan Nə Alirlar

Hacilar Mədinə Bazarindan Nə Alirlar

Möminə həyəcan lazımdır, həyəcana isə şərait. Hamının arzuladığı, ancaq müsəlmanların hamısına qismət olmayan həcc ziyarəti bu şəraitin ən təsirlilərindən biridir. Çünki həcc bütün insani dəyərləri özündə cəm edən yeganə ibadətdir.

Ona görə də həccə niyət etməyin özü əslində bir qəhrəmanlıqdır. Çünki bu qərara gələn insan öz hədəfini müəyyən etmişdir. Hədəf isə böyük cihaddır. Böyük cihad Peyğəmbər Əfəndimizin (səs) ifadəsi ilə “nəfslə mübarizə”dir. O nəfs ki, bütün gözəl işlərə əngəl pis işlərə isə şərait törədir.

Başda səbir və təvəkkül olmaqla bütün gözəl xüsusiyyətlər zəvvarın əsl silahı olmalıdır. Şeytan Əyyub (ə) kimi səbir abidələri və İbrahim (ə) kimi Rəhman dostlarına yaxın düşə bilməz. Çünki bu, onun yolunu kəsir. Ona sərf edənlər səbirsiz, təvəkkülsüz, təşəkkürsüz, dözümsüz və zəif xarakterli insanlardır.

Əməllərin məqbul olmasının birinci şərti ixlasdırİxlas isə görülən işi və ya edilən ibadəti yalnız və yalnız Allah üçün görməkdir. Buna nail olmaq üçün də qəlbi dünyəvi mənfəətlərdən uzaq tutmaq lazımdır.[1] Çünki Qurani-Kərimdə belə buyrulur:

“…Allaha çataçaq olan yalnız sizin təqvanızdır”[2]  Yəni səmimi-qəlbdən etdiyiniz ibadətdir.

Bunun üçün həcc insanın öz ev-eşiyindən başlamalı, birinci məqsəd təyin edilməli, sonra məqsəd güclənməli, bununla da zəvvar daxilən ziyarətə hazırlanmalıdır. Çünki “Niyyət xeyir (olanda) aqibət (də)  xeyir” olur.

 

Biz, Həccə gedənlər bir-bir çıxıb gəldik, Əlhamdülillah! Hərə heybəsinə müəyyən bir şey doldurdu… Onlardan bir qismi görünüşə dalıb ancaq maddi hədiyyələr gətirdi. Təsbeh, təsək, üzük, misvak, ətir və s.  Digərləri isə təkcə maddi hədiyyələrlə kifayətlənməyib mənəvi dünyalara dalaraq məhşəri xatırlamış qiyaməti yaşamış, şeytanları daşlamış, Uhudda savaşmış, Hirada dolmuş, Səvrdə ağlamışdır…

Onsuz da bu hallar yaşanmazsa, “...Məkkəyə getməklə dərviş hacı olmaz” sözü özünü göstərir.

Pakistanlı böyük İslam mütəfəkkiri Məhəmməd İqbalın duyğularından istifadə edərək (özüm də daxil olmaqla) həccə gedib-gələnlərə üz tutub sual verirəm:

“Nurlu Mədinə şəhərini ziyarət etdiniz. Üxrəvi  Mədinə bazarından könlünüzü nə kimi hədiyyələrlə doldurdunuz?… Hədiyyələriniz arasında[3] Həzrət Mühəmmədin siyasətindən, “Həzrət Əbu Bəkrin sədaqətindən, Həzrət Ömərin ədalətindən, Həzrət Osmanın səxavətindən, Həzrət Əlinin cəsarətindən”[4] və Həzrət Hüseynin şəhadətindən, az da olsa, bir nəsib ala bildinizmi? O müqəddəs yerlərin gözəl ab-havasından heç nə götürə bilməyən bir adamın adının quruca “Hacı” olmasının ya da olmamasının xeyri nədir?…”

Əgər bizə nəsib olan həcc ziyarətindən həyat boyu xeyir görmək istəyiriksə, onda biz:

-         İbadətlərimizi müntəzəm yerinə yetirməli;

-         Öhdəmizdə olan işləri layiqincə görməli;

-         Halal-harama çox fikir verməli;

-         Qul haqqına heç vaxt girməməli;

-         Daim insanlara əl tutmalı; 

-         Hacılığımıza yaraşmayan işlərdən bir dəfəlik əl çəkməli;

-         Hacılığımızdan etibar, şan, şöhrət məqsədli istifadə etməməliyik!

Vətənindən, millətindən, irqindən, rəngindən, cinsindən, malından asılı olmayaraq milyonlarla möminin eyni istiqamətə-Kəbəyə yönəlməsi nə böyük bir hadisədir! “Ləbbeyk” nidaları ilə Allaha qulluğun sevincini yaşayaraq hamının bir ağızdan “buyur Allahım! Hüzuruna gəldim.”- deməsi nə qədər əzəmətli bir vəhdət simvoludur! Burda hər şey necə də gözəldir!...

Allahım! “Ləbbeyk” ilə möminlərin dilləri birləşdiyi kimi, kaş könülləri də birləşəydi. O zaman işi-peşəsi haqsızlıq və zülm olan erməni və onun tərəfdarları layiq olduqları cəzaya düçar olar bununla da ədalət yerini tapardı...  

Fürsətdən istifadə edərək ziyarətdən qayıdan Hacı qardaşlarımızı təbrik edir, ziyarətlərimizin qəbul, getmə arzusunda olanlara qismət olmasını Uca Allahdan təmənna edirəm!

Hacı Arif Heydəroğlu

haciceylan@yahoo.com

01.01.2008 / ŞƏKİ


[1] Müxtəsər Elmihal, səh 163

[2] Həcc surəsi, ayə 37

[3] İslam İman İbadət, səh 373

[4] İslam İman İbadət, səh 374

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz