Məsnəvidən
* Özümüzə nəzarət edərək Haqq təaladan ədəbli bir insan olmaq xüsusunda bizi müvəffəq etməsini niyaz edək. Çünki ədəbi olmayan kəs Allahın lütfündən də məhrum qalar.
* Ədəbi olmayan, yalnız özünə pislik etmiş olmaz, ədəbsizliyi səbəbiylə bütün dünyanı sanki oda salmış olar.
* Zəhmət və baş ağrısı olmadan ilahi lütf olaraq İsrail oğullarına göydən süfrə enirdi.
* Həzrət Musanın qövmü arasında olan bir neçə ədəbsiz: “Hanı sarımsaq? Hanı mərcimək?” deyə deyinirdilər.
* Buna görə göydən enən sürfə artıq enmədi. Çörək kəslildi, bildirçin əti ilə qüdrət halvası yoxa çıxdı. Bundan sonra insanlara təkcə əkin əkmə, yer belləmə, toxa və oraq yorğunluğu qaldı.
* Həzrət Musa yenidən şəfaət etdikdən sonra Haqq təala göydən yenə süfrə endirdi. Boşqablar içində nemət göndərdi.
* Lakin axmaqlar yenə ədəbsizlik etdilər. Dilənçilər kimi süfrədə acgözlük etdilər.
* Həzrət Musa onlara yalvardı: “Bu süfrə davamlı gələcək. Yerüzündən qalxmayacaq, əskilməyəcəkdir.” dedi.
* Böyük bir zatın süfrəsində olub acgözlük etmək, tamahkar olmaq nankorluqdur.
* Dilənçi surətli acgözlərin tamahı səbəbilə onlar üçün ilahi rəhmət qapısı bağlandı.
* İnsanın başına qəm, kədər, sıxıntı olaraq nə gəlirsə gəlsin bunların hamısı utanmazlıqdan, ədəbsizlikdən və axmaqlıqdan gəlir.
* Dost yolunda ədəbsiz, utanmaz olan şəxs başqalarının da yolunu kəsmiş olur. Belə şəxs mərd deyil, namərddir.
* Halbuki ədəb səbəbilə bu göylər nura qərq olmuşdur. Mələklər də ədəbləri səbəbilə təmiz və məsum olmuşlar.
BAQQAL VƏ TUTUQUŞUNUN HEKAYƏSİ
Bir baqqal vardı. Onun bir tutuquşusu vardı. Gözəl səsli, yaşıl rəngli bu tutuquşu danışmağı da bacarırdı.
Baqqal dükanında gözətçilik edər, alış-verişə gələnlərə lətifələr danışar, onlarla zarafat edərdi.
İnsanlar bir söz soruşduqları zaman onlara insan kimi cavab verər, onlarla danışardı.
Tutuquşuların özünəxas cəh-cəhi də çox gözəldir.
Baqqal bir gün evinə getmişdi. Tutuquşu da dükanda gözətçilik edirdi.
Bir pişik qovduğu siçanı tutmaq üçün birdən-birə dükana girdi. Yazıq tutuquşu canının qorxusundan yerindən sıçradı.
Dükanın bir küncünə tərəf qaçdı, orada olan gülyağı şüşələrini aşırtdı, içindəki yağları dağıtdı.
Dükanın sahibi sevinclə evdən gəldi, tacir ədası ilə içəri girdi, öz yerində əyləşdi.
Bir də gördü ki, dükanı yağ içindədir, paltarı da yağ olmuşdur. Bunları tutuquşunun etdiyini düşündü.
Tutuquşunun başına vurub tüklərini yoldu, nəticədə tutuquşunun başı keçəl oldu.
Bundan sonra tutuquşu bir neçə gün danışmadı. Baqqal da etdiyinə çox peşman olub deyinməyə başladı.
Baqqal saqqalını yolmaqda: “Vay, nemət günəşim bulud altına girdi!” deməkdə idi.
“Kaş ki, o zaman əlim qırılaydı, o şirin dilli tutuquşunun başına vurmayaydım” deyə fəryad edirdi.
Tutuquşunun təkrar danışmasını təmin etmək üçün kasıblara sədəqə verir, hədiyyələr paylayırdı.
Bu hadisədən üç gün-üç gecə keçdikdən sonra baqqal dükanında kədərli, çaşqın və ağlamaqlı bir halda oturmuşdu.
Əcəba, bu quş bir də nə vaxt danışmağa başlayacaq deyə düşünürdü.
Tutuquşu yenidən danışsın deyə ona cürbəcür şeylər göstərirdi.
Bir dəfə dükanın qarşısından başıaçıq bir dərviş keçirdi. Onun saçları dibindən qırxılmış, başı par-par parlayırdı.
Tutuquşu onu gördükdə dilə gəldi və: “Ey yoldaş!” deyə keçəl dərvişə səsləndi:
“Ey keçəl, nə üçün bu günə düşdün? Yoxsa sən də şüşədəki gül yağını dağıtdın?”
Tutuquşunun dərvişi özü kimi zənn etməsinə, özünə oxşatmasına və özü ilə müqayisə etməsinə görə camaat gülməyə başladı.
Ey könül, tutuquşu kimi gülünc olmaq istəmirsənsə, sən də seçkinlərin, pak insanların hər halını öz halınla müqayisə etmə.
Bütün insanlar vəliləri öz nəfsləri ilə müqayisə etdikləri üçün yoldan çıxmışlar. Bu səbəbdən Allahın seçkin bəndələrindən çox az adam xəbərdar olmuşdur.
ŞƏRHLƏR