Bakı İslam Universitetinin İslamşünaslıq fakültəsinin dekanı Hacı Fuad Nurullayev ilə reportaj

Bakı İslam Universitetinin İslamşünaslıq fakültəsinin dekanı Hacı Fuad Nurullayev ilə reportaj

İrfan: Hörmətli Hacı, oxucularımıza Əhli-beyt haqqında ümumi məlumat vermənizi rica edirik!

Hacı Fuad: Bismilləhir-rahmənir-rahim. Uca Allah həqiqətən də hər bir yaratdığının qəlbində öz yaradanına sevgi və mərhəmət qoymuşdur. Allaha həmd olsun ki, bizi yaratdıqlarının ən şərəflisi qılmışdır. Allah insanlığa böyük dəyər verdi və insanlığın ən şərəflisi, ən dəyərlisi olaraq da Xatəmul-Ənbiya Məhəbbət Mustafanı yaratdı. Əhli-beyt dedikdə, Əhli-beyt sevgisi dedikdə təbii ki, Peyğəmbər və onun ailəsi gözümüzün önünə gəlir. Mən deyərdim ki, qəlbində Əhli-beyt sevgisi olmayanlar özlərini islamdan qəbul etməsinlər. Əhli-beyt dedikdə Rəsulullah, onun qızı Hz. Fatimə, əmisi oğlu və kürəkəni Hz. Əli, nəvələri Hz. Həsən və Hz. Hüseyn nəzərdə tutulur. Ancaq bir çox alimlərin fikrinə görə Əhli-beyt dedikdə Həzrət Peyğəmbərə yaxın olan digər insanlar da nəzərdə tutulur, hətta onun xanımları göz önündə canlanır. Təbi ki, Peyğəmbər ailəsinin yaxınları, Peyğəmbərin doğmaları onun Əhli-beytindən hesab olunanlardır. Lakin bugünün özündə də sırf Həzrət Zəhra və Həzrət Əli övladlarına seyid deyilir. Bir də Peyğəmbər nəslindən olanlar, yəni Peyğəmbərin əmisi uşaqları, yaxınları var. Onlar da o şəcərəni özləri üçün böyük şərəf qəbul edirlər. Əhli-beyt elə bir sevgidir ki, hər bir müsəlmanın qəlbində yaşanır və qorunur. Həzrət Peyğəmbərin gözəl hədislərindən biri ondan ibarətdir ki, Peyğəmbər son vəsiyyətlərində ümməti arasında müqəddəs Qurani-Kərimi və Əhli-beytini əmanət qoymuşdur. Şübhəsiz ki, Peyğəmbərin Əhli-beyti Qurana bağlıdır. Quran öz nurunu Əhli-beytlə dünyaya çatdırır. Allah böyük Quran yükünü, islam yükünü Rəsulu Məhəmməd Peyğəmbərin üzərinə qoydu və o da bu yükü öz Əhli-beyti ilə çəkmişdir. Əhli-beyt bu nuru şərəflə dünyaya çatdırmışdır. Əhli-beyt deyəndə mən onu diqqətimə gətirirəm ki, bu, zadəganlıq şəcərəsidir. İslamın elə bir ağalıq, elə bir yüksəliş təbəqəsidir ki, onu tanıyanlar islama, yəni o dəryaya düzgün baş vura bilirlər, onu layiqincə dərk edə bilirlər. Əhli-beytsiz islam dünyasını tanımaq, onu qəbul etmək çox çətin bir şeydir. Hər birimizin boynunda Quranı müqəddəs bir əmanət olaraq qorumaq vacib olduğu kimi, Əhli-beyti də qorumaq, yəni onun haqqını qorumaq, onun ehtiramını qorumaq, onun şərəfini daim saxlamaq da bir borcdur. Ona görə də mən islam dünyasını öz yazılarımda, müsahibələrimdə həmişə Əhli-beyt sevgisinə səsləmişəm. Əgər müsəlmanların qəlbində Əhli-beyt sevgisi varsa, islam birliyindəən söz açmaq mümkündür.

 Əhli-beyti sevənlər həqiqi ibadət əhlidirlər. Bu sevgi insanları birləşdirir. Sadə bir məntiqlə düşünəndə ki, mənim müsəlman qardaşım da, mən də Əhli-beyt sevgisi ilə yaşayırıq, o zaman bir-birimizə doğma olarıq, əziz olarıq.

  

İrfan: Bu gün Azərbaycanda Əhli-beyt məhəbbəti kifayət qədərdirmi? Sizcə bu sevgi hansı səviyyədə olmalıdır?

 

Hacı Fuad: Təbii ki, Azərbaycan mühitinə nəzər etdikdə görürük ki, burada əhli-beyti əksər insanlar tanıyır. Ancaq tanımaq anlayışı fərqlidir, Əhli-beyti sevmək başqa şeydir. Əhli-beyt haqqını boynunda daşımaq tamam başqadır.

 

İrfan: Hacı, bəziləri Əhli-beyt sevgisi altında müəyyən qruplar formalaşdırır. Əhli-beyti sevmək üçün hər hansı bir qrupa daxilmaq lazımdırmı. Yoxsa bu hər bir müsəlmanın borcudur?

Hacı Fuad: Düz deyirsiniz, bəziləri elə fikirdədirlər. İslamda qruplaşma yoxdur. Bir yol var, o da Allah yoludur. Bu yol düz yoldur, əyilməzdir. İnsan əgər bu yolu getməzsə, mütləq ikinci bir yolu gedər ki, o da şeytanın yoludur, vəsvəsə yoludur, həsəd yoludur. Allah bizi bu ikinci yoldan uzaq etsin. Allahı sevən, Peyğəmbəri sevən Əhli-beyti də sevər. Əhli beyti sevmək hər bir müsəlmanın boynunda haqdır. Ona görə hər hansı bir qrupa daxil olmağa ehtiyac yoxdur. Əhli-beyti sevmək üçün müsəlman olmaq kifayətdir. Çünki bu gün bir çoxları Əhli-beyt adından istifadə edərək öz məram və niyyətlərini gənc nəslə aşılayırlar. Bu şəkildə yetişənlər ifrata varırlar, fanat olaraq yetişirlər. Bu isə gələcəkdə böyük ziddiyyətlərə gətirib çıxarda bilər. Ancaq şükürlər olsun ki, bizim Azərbaycan cəmiyyətində belə bir təhlükə yoxdur. Çünki şəxsən bizim universitetdə Əhli-beyt sevgisi tələbələr arasında Quran və Sünnə işığında düzgün istiqamətdə təbliğ edilməyə çalışılır. Bunun üçün də biz əlimizdən gələni edirik. İnsan Əhli-beyti sevmək üçün gərək elmə yiyələnsin. Əhli-beyti layiqincə sevmək üçün onlara Quranla, elmlə yanaşmaq lazımdır. Hz. Əlinin bu barədə gözəl bir sözü var. Deyir ki: “Bir insan Əli dərgahına elmsiz girərsə, ya orda boğular, ya da ordan Əlallahı olaraq çıxar.” Yəni ifrata varar. Küfrə düşər. Əhli-beyt sevgisi məntiqlə, savadla, pak nəfslə olmalıdır. Bunun üçün heç bir qrupa, dəstəyə ehtiyac yoxdur. Bir şeyi də qeyd etmək istəyirəm. Bu gün çox sevindirici haldır ki, Türkiyə televiziyasında Əhli-beyt sevgisinə yönəlik verilişlərin sayı artıb. Həmçinin bəzi ərəb ölkələrində bu səpkidə tədbirlər həyata keçirilir. Bu, islamın vəhdətinə aparan yoldur. Keçən il Hacı Firudinlə Liviyaya getmişdik. Oradan da Uqanda ölkəsinə səfərimiz oldu. Qəddafi adına böyük bir məsciddə dünyanın Əhli-beyt sevərləri toplanmışdı, çox böyük konfrans oldu. Orada bütün dünya müsəlmanlarından nümayəndələr vardı – ağdərili, qaradərili, sarıdərili. Hamı bir dəyər ətrafında birləşmişdi. Bu dəyər Əhli-beyt sevgisi idi. Əslində Əhli-beyt sevgisi bizi birləşdirən dəyər olmalıdır. Yoxsa bəzi qruplar kimi Əhli-beyt üzərində ixtilafa düşüb bir-birimizdən ayrılmamalıyıq. Əgər biz ağılla, imanla hərəkət etsək bu sevgi bizi gələcəkdə ümumi vəhdətə aparacaqdır.  

İrfan: Məlum olduğu kimi Hz. Hüseynin soyundan gələnlərə seyid deyilir. Bizim seyidlik məqamına olan hörmətimiz nə cür olmalıdır? Təəssüflə qeyd edək ki, bu gün cəmiyyətimizdə seyidliyi istismar edən insanlar da var, bu barədə nə deyərdiniz?

 

Bu məsələ mənim ən ağrılı yerlərimdən biridir. Hətta çıxışlarımda da dəfələrlə bu mövzuya toxunmuşam. Bəzən qapı-qapı gəzən “seyid”lərlə rastlaşırıq. Dəfələrlə özüm şahid olmuşam. Qapını döyüb deyirlər ki, mən seyidəm, seyidin nəzirini verin! Bir neçəsinə başa salmağa çalışmışam ki, əzizim, seyid qapı-qapı gəzib dilənməz. Seyid ərəb dilində ağa deməkdir. Bir insan ağadırsa və onun ağalıq kökü Hz. Peyğəmbərə söykənirsə, bu insan gözütox olmalıdır. Əgər bir seyid ehtiyac içindədirsə, onun ehtiyacını qarşılamaq biz müsəlmanların borcudur. Seyidləri tanımalı, ehtiyac içində olanlarına özünü toparlayana qədər xüms zəkatı verməliyik. Şəriət dilənməyi seyidə qadağan edir. Həqiqi seyid həyatı boyu bu addımı atmaz. Qapıları gəzib dilənçilik edənlər seyid deyil. Bu məsələ ilə bağlı İmam Hüseynin övladlarından misal verə bilərəm: İmam Hüseyn şəhid edildikdən sonra ailəsi əsir alınmışdı. Əsirlər Şama gətirilmişdi.  Onları şəhərin kənarında bir xarabalıqda saxlayırdılar. İmam Hüseynin 3-4 yaşlı qızı Ruqəyyə xanım o xarabalığın qapısı önündə əyləşib yola baxırdı. Bir gün yoldan keçən bir qız uşağı onu görüb halına acıdı və atasından bir az pul (başqa bir rəvayətdə meyvə) alıb ona vermək üçün yanına gəldi. Xanım Ruqəyyə qızın verdiyini almadı və bibisinin tapşırığının belə olduğunu dedi: “Biz Peyğəmbər nəsliyik, sədəqə almarıq.”

Peyğəmbər nəsli, seyid nəsli sədəqə almaz. Onlara xüms verilər. O da müəyyən bir müddətlik. Seyid də digər insanlar kimi işləyib alnının təri ilə qazanmalıdır. Bir daha deyirəm, seyidin dilənməsi doğru deyil.

İrfan: Hacı, sözünü etdiyimiz bu insanlar necə peyda olub?

Hacı Fuad: Bildiyiniz kimi Əməvilər və Abbasilər dövründə bir zamanlar seyidlərə qarşı təqiblər vardı. Bu zaman bəzi seyidlər öz şəcərələrini atıb hicrət etdilər. Onlar şəcərələrini atdıqları zaman bəzi adamlar bu şəcərələrə öz adlarını yazdırdılar. Beləliklə də saxta seyidlər ortaya çıxdı.  

 

İrfan: Bu gün Azərbaycanda məhərrəmlik və aşura sizcə doğru dəyərləndirilirmi?

Hacı Fuad: İlk növbədə qeyd edim ki, məhərrəmlik ayı islamın müqəddəs aylarındandır. Haram aydır. Bu ayda dava-dalaş, müharibə, qan tökmək qadağandır. Bəzən qan tökmək ifadəsini yanlış anlayaraq soruşurlar ki, bu ayda qurban kəsmək olarmı? Əlbəttə olar. Burada qan tökməkdən məqsəd müharibədir. Hicri təqvim ikinci xəlifə Hz. Ömər zamanında qəbul edilmişdir və bu təqvimin ilk ayı məhərrəmdir. Məhərrəm ayı gözəl aydır, mübarək aydır. Bu ay Adəm Peyğəmbərdən bəri əlamətdar günlərə şahid olmuşdur. Hz. Adəmin tövbəsi bu ayda, aşura günü qəbul olmuş, Nuhun gəmisi bu gün quruya çıxmış, Yunus Peyğəmbər bu gün balığın qarnından xilas olmuşdur... Lakin İmam Hüseynin şəhadəti bu aya düşdükdən sonra onu matəm kimi qeyd etməyə başladılar. Bəzi elmsiz adamlar bu günü qeyd edərkən bəzi xürafələrə baş vururlar. Məs: zəncir vurmaq, baş yarmaq və s. Bütün bunlar tamamən əsilsiz və gərəksiz işlərdir. Aşura gününü ən doğru dəyərləndirmək bu günlərdə Hz. Peyğəmbərin, Hz. Əlinin, İmam Hüseynin yolunu, amalını öyrənməklə mümkündür. Məhərrəmlik ayında İmam Hüseyn adına mərasimlər keçirilir. Əslində bu tədbirlərdən doğru faydalanmaq lazımdır. İnsanların bir araya toplandıqlarını fürsət bilib, onlara Rəsulullahın yolunu, Hz. Hüseynin yolunu və əqidəsini doğru aşılamaq lazımdır. İmam Hüseyn nə deyirdi? O, zülmü ortadan qaldırmağa çalışırdı. Deyirdi ki, ey insanlar, azad olun, dünyada sülhü bərqərar edin!

Əgər biz İmam Hüseyni doğru anlasaq, onun sevgisi ətrafında birləşə bilsək nəinki Azərbaycanda, hətta bütün dünyada əmin-amanlıq olar. Hindistanın mənəvi atası sayılan Mahatma Qandi hind xalqı ingilis əsarətindən qurtulduqdan sonra xalqa belə səslənmişdi: “Mən bu azadlıq məktəbini İmam Hüseyndən öyrəndim. Amma təəssüf ki, onu sizə çatdıra bilmədim.” Unutmayaq ki, şəhidi olmayan məmləkətin azadlığı yoxdur.

İrfan: Fuad müəllim, vaxtınızı ayırıb gözəl duyğuları, məlumatları bizimlə paylaşdığınız  üçün sizə öz minnətdarlığımızı bildiririk!

Hacı Fuad: Mən də son olaraq belə bir dua ilə sözümü bitirmək istərdim: “Uca Allah bizi bu dünyada və axirətdə Əhli-beytdən ayrı salmasın!” 

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz