Ariflər Sultani- Ramazanoğlu

Ariflər Sultani- Ramazanoğlu

“Həyat bir şokolad qutusudur” yazan hansısa Oskar mükafatçısının aforizmi məni min bir fikir, sual içində düşündürsə də, əsl insan həyatının nə demək olduğunun mükəmməl tərəfini axtarırdım.

 Elə həmin gün İstanbuldan gələn Loğman bəyin hədiyyə etdiyi kitabı oxuyanda sanki bir anlıq rahatlıq tapdım.

 Türkcədən ingilis dilinə tərcümə nəşrinin mütərcimi Süleyman Derinin çox sadə və anlaşıqlı dildə ərməğan etdiyi bu kitabın müəllifi Musa Topbaş Əfəndi idi. Doğrusu, kitab müəllifinin xatirəmdə yaşayan nurani, pirani çöhrəsi bu dünyanın sevinc-kədər yükünü çöhrəsində yaşadan bir fotoşəklini yenidən gözlərimin önünə gətirdim. Onun “Şeyx Mahmud Sami Ramazanoğlu - Ariflər Sultanı” adlı kitabını oxuya-oxuya “Həyat nədir” sualının cavabını axtardım. Əsl həyatın şokolad qutusundan çox həyatda özünü axtaran insanlara bir mayak, arxa-dayaq olmaq nümunəsinin nə demək olduğunu təfəkkür etmək istədim.

İslami zənginlikləri göz bəbəyi kimi qoruyan, Allahın insanlığa bəxş etdiyi mənəvi və maddi nemətləri ehtiyacı olanlarla bölüşməyi, onlara yardımçı olmağı öz həyat məramına və fəlsəfəsinə çevirənlər bu dünyanın ölməzləri, ölümsüzlüyün “pərvanələri”, Allahın yaxın dostlarıdır. Müəllifin kitabında söz açdığı ustad həyatının - Sami Əfəndinin ən unudulmaz həyati anları, müdriklik fəlsəfəsi cəm olunmuşdur.

Mütərcimin ingilis nəşrinə yazdığı “Ön söz” də oxucuya çox mətləblərin sirrini açır. Sami Əfəndi ilə ilk görüşündən sonra Musa Əfəndinin dünya görüşündə çox dəyişikliklər olduğunu qeyd edir. Öz həyatını islamın, eləcə də ustadı Sami Əfəndinin xidmətinə həsr etməyi özünə şərəf bilən Musa Əfəndinin xidmətinə həsr etdiyi kitabında bir yox, iki fədakar ruhani ömrünün həyat həqiqətlərinin etirafı öz ifadəsini tapmışdır desək səhv etmərik.

Təxminən 20 ilə yaxın Şeyx Sami Əfəndi ilə Məkkədə və Mədinədə yaşayan Musa Əfəndinin ustadına olan hədsiz rəğbət və sevgisi mənə Mövlana Cəlaləddin Ruminin Şəms Təbrizi ilə mürşid-mürid münasibətini xatırlatdı.

Mütərcimin “Ön söz”də yazdığı kimi, Musa Əfəndi Sami Əfəndiyə o qədər bağlı olub və qaynayıb qarışmışdır ki, əgər kitabının sərlövhəsində Musa Əfəndi ilə Sami Əfəndinin yeri dəyişdirilsəydi, birincisinin yazdığı hər şey elə onun özünə aid edilərdi.

Kitabın ingilis dilinə tərcüməsində müəllifin öz ustadı haqqında həyati, ruhani və unudulmaz görüş və düşüncələri ibrətamiz hekayətlərlə incələnmişdir.

Kitabı oxuyub qurtaranda sanki dünyanın ən ləziz nemətini- yeməyini daddığını hiss edirsən. Bu nə tərif, nə də təhrifdir. Sadəcə ürəyimdən keçən ilahi varlığımıza şükranlığın ifadəsidir.

Quran ayələrinin, müqəddəs Peyğəmbərimiz Həzrət Məhəmmət Mustafa (s.ə.s)-in  və digər Peyğəmbərlərin kəlamlarının şərhini vermək, Allah adamlarının həyatını və yaxşı xüsusiyyətlərini, onların Allah yolunda səbrini, dözümünü və Onun yolunda canlarını fəda etdiklərini öz müridlərinə təlqin etmək Sami Əfəndinin ən müqəddəs məramı olmuşdur.

Bu söhbətlər içində Musa Əfəndinin ustadının, Məhəmməd Peyğəmbərin “qəlb və onun tərbiyə olunması” haqqında çox məşhur bir hədisini şərhi nə qədər təsirli və ibrətamizdir. O nəql edib deyərdi ki, ürəyi Allah yaratmışdır. Deməli qəlb Kəbədən daha vacibdir, ona görə ki, ikincini İbrahim Peyğəmbər tikdirmişdir. Qəlb birbaşa Allahın yaratdığı əsərdir.

Türk dünyasının dini, ruhani, ədəbi və mədəni zənginlikləri əsrlər boyu bütün dünyanı özünə heyran qoymuş, Şərqin mənəvi, ruhani zənginlik səltənəti olduğunu özündə ehtiva etmişdir.

Mütərcim Süleyman Derinin türkün mənəvi, ruhani dünyasından gələn çox ibrətamiz bir həyat salnaməsini- Şeyx  Mahmud Sami Ramazanoğlunun həyatına həsr olunmuş bir kitabı tərcüməyə gətirməsi və nəşri “Erkam” nəşriyyatının töhfəsi kimi dəyərləndirilə bilər. Ürəklərə işıq gətirən bu tərcümə kitabı Allahın dostlarından biri olan ariflər sultanı haqqında çox mətləbləri bəyan edir. Bu kitabı oxuyanda mənə elə gəldi ki, həyat bir şokolad qutusundan çox uca Allahımızın bütün insanlara bəxş etdiyi ilahi sevgiyə qovuşmaq meydanıdır...  

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz