Allah Üçün Məhəbbət Və Qəzəb
Məhəbbət sevən insanın sevdiyində özünə aid xüsusiyyətləri görməsindən qaynaqlanır. Allah təala bir bəndəsini öz cəmal sifətlərini gördüyü nisbətdə sevər.
Yəni bir mömin Allah və Rəsulunun əmr və tövsiyə buyurduğu gözəl əxlaq ilə əxlaqlandığı nisbətdə ilahi məhəbbətə nail olar.
Bu aləmdə hər şey ziddi ilə qaimdir. Məhəbbətin ziddi nifrət olduğu üçün Allahın sevmədiklərinə nifrət etmək də Onu sevməyin ən təbii ölçüsüdür. Necə ki, Allah təala “həbibim” deyə adlandırdığı Rəsuluna əziyyət verən Əbu Ləhəbə lənət etmiş və bu ilahi qəzəbini Qurani-Kərimdə bir surə ilə bütün insanlığa bəyan buyurmuşdur. Dolayısı ilə qeyd edək ki, ziddinə nifrət edilmədən yaşanan bir məhəbbət nöqsandır, ciddiyyət və səmimiyyətdən uzaqdır.
Məhəbbətin xaliqi, mənbəyi və son qayəsi Allah təaladır. Mömin bütün fani məhəbbətləri ilahi sevgiyə gedən yolda pillə bilməlidir. Həqiqi məhəbbət fani məhəbbətlərin dar hüdudunu aşdıqdan sonra başlar. İlahi məhəbbətin ləzzəti qarşısında digər məhəbbətlərin fani və anlıq ləzzətləri eynilə günəşin qarşısındakı bir şam işığı kimi sönük qalar. Həzrət Mövlana bunu necə də gözəl ifadə edir:
“Allah təala bir udumluq ilahi məhəbbətə elə bir xüsusiyyət vermişdir ki, ondan nəsib alan iki aləmin təlaşından qurtular.”
Allah dostları məhəbbətdə zirvələşməyin ən gözəl nümunələridir. Allah məhəbbətini layiqiylə dadan möminlər Allahı, Rəsulunu və onların sevdiklərini də sevərlər. Ata-ana, oğul-uşaq, mal, can, dost-tanış, qonum-qonşu, millət, vətən və bu kimi şeyləri, yəni Allahın bütün nemətlərini Allah üçün sevmək isə həqiqi məhəbbətə layiq olmağın nişanələridir. Çünki Allahdan qeyrisinə yönəlmiş kimi görünən bu cür məhəbbətlər də əslində Allah üçün olduğundan qəlbə rahatlıq verir.
Nübüvvət ağacının meyvələri
Bir gün Rəsulullah (s.ə.s) Həzrət Əlidən soruşdu:
“- Ya Əli Allahı sevirsənmi?”
“- Bəli, ya Rəsulallah, sevirəm!”
“- Onun Rəsulunu da sevirsənmi?”
“- Bəli, ya Rəsulallah!”
“- Qızım Fatiməni də sevirsənmi?”
“- Bəli, ya Rəsulallah!”
“- Bəs, Həsənlə Hüseyni sevirsənmi?”
“- Bəli, ya Rəsulallah!”
Bu cavabdan sonra Rəsulullah (s.ə.s):
“Ya Əli, könül bir dənə, sevgi isə dörddür. Bir qəlbə bu qədər sevgi necə sığışır?” buyurdu. Hz. Əli bu suala heç bir cavab tapa bilmədi. Fikirli halda evinə qayıtdı. Hz. Fatimə Hz. Əlini fikirli görüb səbəbini soruşdu:
“- Sizi fikirli görürəm, yoxsa kədərli bir hadisə baş verib? Əgər sizi narahat edən şey dünya ilə bağlıdırsa kədərlənməyə dəyməz. Axirət ilə əlaqəli məsələdirsə, nədir sizi üzən?” Hz. Əli başına gələnləri danışdı. Hz. Fatimə məsələdən hali olunca gülümsədi və:
“Haydı, atamın yanına get və bu sualın cavabını belə ver!” deyərək bəzi şeyləri izah etdi. Hz. Əlinin qəlbi bu izahlardan xoşnud oldu və Rəsulullahın hüzuruna gəldi:
“Ya Rəsulallah, insanın sağı, solu, önü, arxası dediyimiz tərəfləri vardır. Mən Allahı ağlım və imanımla, sizi ruhum və imanımla, Fatiməni insani nəfsimlə, Həsənlə Hüseyni də atalıqdan qaynaqlanan sevgi ilə sevirəm.” –dedi. Həzrət Peyğəmbər bu cavab qarşısında təbəssüm edərək:
“Ya Əli, bu sözlər ancaq nübüvvət ağacının budağından dərilmiş meyvələrdir.” buyurdu.
Qəlbi cəzb edən dünya məhəbbətləri
Allah təalanın quluna vəd etdiyi əbədi səadət müqabilində dünyəvi arzulara qapılaraq Rəbbini unutmaq -Fəridəddin Əttarın nəql etdiyi bir hekayədə olduğu kimi- bir padşahın yanında böyük ehtiramı olan bir ov köpəyinin ov əsnasında adi bir sümük parçasına meyil salıb, əsl sahibi olan padşahı unutması kimi bir axmaqlıqdır. Dünya imtahanında insan da eynilə bu misaldakı kimi bir çox sümüklərlə və ya qarmağın ucundakı yemlərlə qarşılaşır. Həzrət Mövlana nə gözəl buyurur:
“Elə balıqlar vardır ki, suyun içində hər şeydən əmin ikən acgözlüyü səbəbilə qarmağa keçmişdir.”
Bir bəndənin nəfsani arzuların əsiri olub Rəbbini unutması da bundan fərqsizdir. Dünyanın aldadıcı bər-bəzəyinə qapılaraq Haqq qatındakı ülvi məqamını zay etmək, nadir brilyantlarla bəzədilmiş qızıl bir vazanı adi bir qabla dəyişməyə bənzər. Həzrət Mövlana insanın bu qəribə aldanışını da belə bir təşbehlə izah edir:
“Quzunun qurddan qaçması qəribə deyil. Çünki qurd quzunun düşməni və ovçusudur. Heyrət ediləcək şey quzunun qurda sövdalanıb könül verməsidir.”
Həqiqi mömin məxluqatın ən şərəfli varlığıdır. O, məhəbbət sərmayəsindən yanlış istifadə edərək bu şərəf və heysiyyətini itirəcək dərəcədə alçalmamalıdır. Maddi varlığının həva və həvəslərini (istəklərini) təmin etməyi həqiqi səadət zənn etmək kimi bir səfalətə düşməməlidir.
Ayədə belə buyurulur:
“(Ya Rəsulum!) Nəfsini özünə tanrı edəni gördünmü?..” (əl-Furqan, 43)
Hədisi-şərifdə isə:
“Allahın yer üzündə ibadət edilən saxta tanrılardan ən çox qəzəb etdiyi həva və həvəsdir.” buyurulur. (Heysəmi, I, 188)
Allaha dost olmaq üçün nəfsin əsarətindən xilas olmaq gərəkdir. Başqa bir ifadə ilə, nəfsin arzularına məğlub olmamaq lazımdır ki, Haqqın dostu olmaq mümkün olsun.
Lakin imanın rəhbərliyindən məhrum olaraq məhəbbətini haraya həsr edəcəyini bilməyən kəs okeanın ortasında sükanı qırılan bir gəmiçiyə bənzər. Nəfsani parıltılar onu arxasınca sürüyüb aparar. Ağlı, düşüncəsi və vicdanı darmadağın olar. Çünki haqq ilə məşğul olmayan qəlbi batil işğal edər. Eynilə düşmən istilasına məruz qalmış ölkə kimi, bayağı məhəbbətlərə əsir olmuş bir qəlbdə də hüzur qalmaz.
İmanın izzətinə zidd olan məhəbbətlər möminin özü ilə mücadiləsinə, imanını zədələməsinə, hətta inkar bataqlığına düşməsinə səbəb olur. Elə isə, mədəmizə haram bir loğmanın girməməsinə diqqət etdiyimiz kimi layiq olmayan məhəbbətləri də qəlbə buraxmamaq xüsusunda da eyni həssaslığı göstərməliyik. Qəlbdə iman məhəbbətinin mühafizəsi üçün də:
Layiq olana məhəbbət, haqq edənə nifrət
Məhəbbət və nifrət duyğuları Allah üçün olmazsa, qəzəb ediləcək olana məhəbbət bəslənər, məhəbbət duyulacaq olana da biganə yanaşılarsa, bu, bir növ fəlakət olar. Bu səbəblə məhəbbəti layiq olana, xüsuməti haqq edənə yönəltmək şərtdir. Ayeyi-kərimədə:
“Ey iman gətirənlər! Allahdan qorxun və sadiqlərlə bərabər olun!” (ət-Tövbə, 119) buyurulur.
Çünki salehlərdən daima feyz, ruhaniyyət və pozitiv enerji sirayət edər. Bunun ziddi olaraq din düşmənlərinə və fasiqlərə məhəbbət isə fəlakət gətirər. Bu etibarla yenə ayeyi-kərimədə:
“...Zalımlarla birlikdə olma!” (əl-Ənam, 68) buyurulur.
Bir din düşməninin inşa etdiyi bir divara belə “Nə gözəldir” deməkdən dolayı qəlbə mənfi bir təsir özünü göstərir. Çünki onun feilini və ya əsərini bəyənmək, o Allah düşməninin etibarını yüksəldəcəyi üçün Allahın qəzəbini cəlb edər. İslam şəxsiyyətini zədələyən bu hal bir çox möminlərin qəflət göstərdiyi bir imtahan vəsiləsidir.
Bu xüsusda, tarixdə II Bəyazidin göstərdiyi incə fərasətindən nümunə götürməliyik. II Bəyazidin dövrü Osmanlı mədəniyyətinin təməllərinin atıldığı bir zamandır. Məşhur italyan memarı və rəssamı Leonardo da Vinçi Bəyazid xana məktub yazır. İstanbuldakı came və digər əsərlərin plan və layihələrini şəxsən özünün hazırlamasını təklif edir. Bu təklif vəzirlər tərəfindən sevinc və həyəcanla qarşılanır. Bəyazid xansa bu təklifi rədd edərək belə deyir:
“Əgər bu təklifi qəbul edərsək ölkəmizdə üslub və ruh etibarilə kilsə memarlığına bənzər bir memarlıq hakim olar, öz islami memarlığımız inkişaf etməz və formalaşmaz!..”
Bu doğru qərar fərasət sahibi olan bir möminin islam vüqarını və iman əsalətini ifadə edir. Necə ki, II Bəyaziddən sonra Osmanlı islam sənəti də zirvəyə çıxmışdır. Bu anlayış sayəsində İslamın ruhu həndəsəyə nəqş olunmuş, bu günə qədər dəyərini qoruyan Süleymaniyyə və buna bənzər abidələr silsiləsi meydana gəlmişdir.
Əgər bu həssaslıq göstərilməmiş olsaydı islamın hüzurunu, zərafətini, estetikasını, ehtişamını əks etdirən sənət əsərləri meydana gəlməzdi. Memar Sinanlar, Xəttat Hamidullahlar, Karahisarilər və bənzərlərinin yetişə biləcəyi yüksək bir mədəniyyət zəmini inkişaf edə bilməzdi. Bununçün hər xüsusda islam vüqarını mənimsəyib, qeyri-müslimlərin həyat tərzinə can atmaqdan çəkinmək lazımdır.
Allah dostları zalım, fasiq və kafirlərin nəinki həyat tərzinə meyil etmək, onların yaxşılıqlarından belə uzaq durmuşlar. Çünki insan ehsanın quludur. İnsanın qəlbində yaxşılıq edənlərə qarşı bir yaxınlıq və cazibə hissi baş qaldırar. Bu səbəblə bir zərurət nəticəsində ehtiyacını ərz etmək məcburiyyəti olduqda, salehlərə müraciət etmək, namərdlərə möhtac olmaqdan Allaha sığınmaq lazımdır.
Necə ki, ehtiyacı üçün başqalarından bir şey istəyib-istəməyəcəyini soruşan səhabəyə Rəsulullah:
“Xeyr, istəmə! Ancaq istəmək məcburiyyətində qalsan, heç olmazsa salehlərdən istə!” - buyurmuşdur. (Əbu Davud, Zəkat, 28)
Əsri-səadətdə baş verən bu hadisələr də Allahın qəzəb etdiyi kimsələrə qarşı sahib olunması vacib olan qəlbi səviyyənin ən gözəl misallarındandır.
Müşriklər müsəlmanlara qarşı həyata keçirdikləri qətliamla Hüdeybiyyə sazişini iki ildən sonra pozmuşdular. Üstəlik Allah Rəsulunun yenidən etdiyi sülh təklifi ilə razılaşmamışdılar. Daha sonra isə qorxuya düşərək Əbu Süfyanı Mədinəyə göndərdilər.
Mədinədə heç kəs Əbu Süfyana üz göstərmədi. Peyğəmbər (s.ə.s)-in zövcəsi Ümmü Həbibə Əbu Süfyanın qızı olduğu halda, evinə qədər gələn atasının oturmaq istədiyi mindəri altından çəkdi. Əbu Süfyan heyrətlə:
“Qızım mindəri mənə, yoxsa məni mindərə layiq görmədin?” –dedi. Ümmü Həbibə anamız:
“Bu mindər Rəsulullahındır. Sən nəcis bir müşrik olduğun üçün onun üstündə oturmağa layiq deyilsən!” cavabını verdi. Əbu Süfyan eşitdiyi sözlər qarşısında donub qaldı:
“Qızım, sən bizdən ayrıldıqdan sonra çox dəyişmisən.” –dedi. Ümmü Həbibə anamız:
“Xeyr, Allah məni islam ilə şərəfləndirdi.” deyərək iman məhəbbətinin hər şeydən üstün olan dəyərini ifadə etdi. (İbn Hişam, IV, 12-13)
İman şərəfi bütün fani təəssüblərdən üstündür. Atası olsa belə Allah üçün nifrət edilməli olan adama qəzəblə yanaşmaq yalnız imanın əsalətindən irəli gəlir.
Əsri-səadətdən başqa bir misalsa belədir:
Allah Rəsulu (s.ə.s) Hüdeybiyyə sülhündən əvvəl Hz. Osmanı elçi olaraq Məkkəyə göndərmişdi. Hz. Osman müsəlmanların gəliş məqsədinin ümrə etmək olduğunu desə də müşriklər buna izin vermədilər. Osman (r.a)-ı göz altına alaraq:
“İstəyirsənsə, sən Kəbəni təvaf edə bilərsən!..” dedilər. Bütün müsəlmanlar təvaf həsrətilə yanıb-tutuşurdular. Hətta bəziləri Hz. Osmanın Kəbəni təvaf edəcəyini düşünərək ona qibtə edirdilər. Lakin o sadiq səhabə:
“Həzrət Peyğəmbər Kəbəni təvaf etmədikcə mən də etmərəm. Mən Beytullahı ancaq onun arxasında təvaf edərəm. Allah Rəsulunun qəbul edilmədiyi bir yerdə mən də yoxam...” deyərək islam vüqarı ilə möhtəşəm bir cavab verdi. (Əhməd, IV, 324 )
Gerçək məhəbbətin əlamətləri
Bir söhbət əsnasında Səvban (r.a) Rəsulullah (s.ə.s)-ə çox dalğın vəziyyətdə və kədərlə baxırdı. Belə ki, onun bu halı Rəsulullahın diqqətini çəkdi. Mərhəmətlə soruşdu:
“Ya Səvban, bu nə haldır?” Peyğəmbər aşiqi Səvban belə cavab verdi:
“Anam, atam və canım sənə fəda olsun, ey Allahın Rəsulu! Sənin həsrətinlə o qədər yanıb-tutuşuram ki, nurundan ayrı keçirdiyim hər an ayrı bir hicran olur. Dünyada belə ikən, axirətdə necə olacağını düşünüb kədərlənirəm. Siz orada Peyğəmbərlərlə birlikdə olacaqsınız. Mənim isə harada olacağım bəlli deyil. Üstəlik cənnətə girə bilməsəm, sizi görməkdən tamamən məhrum olacağam. Bu fikirlər məni şox üzür.” Bu sözlər qarşısında Allah Rəsulu:
“İnsan sevdiyi ilə bərabərdir...” buyurdu. (Buxari, Ədəb, 96)
Allah və Rəsulunu sevməyin əlaməti isə itaət və təslimiyyətdir. Rəsulullahın təlimatlarına səmimiyyətlə itaət etməzsək, şəfaətini istəməyə üzümüz olmaz. Qurani-Kərimdə də belə buyurulur: “(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın.” (Ali-İmran, 31)
Allah üçün sevmək sevgiyə sevgidən başqa əvəz gözləməməkdir. Belə bir sevgi imana dərinlik və ləzzət bəxş edər. Hədisi-şərifdə imanın ləzzətini ancaq bu üç xüsusiyyəti daşıyan möminlərin dada biləcəyi bildirilir:
“1. Allah və Rəsulunu hər şeydən daha çox sevmək,
2. İmandan sonra küfrə düşməyi atəşə düşmək qədər təhlükəli görmək,
3. Allah üçün sevmək, Allah üçün qəzəblənmək.” (Buxari, İman 9, 14)
Təbii ki, imanın ləzzətini dada bilmək üçün məhəbbətin sırf Allah üçün olması şərtdir. Bunun da bəzi əlamətləri vardır. Səhl (rəhmətullahi əleyh) bunu belə izah edir:
“Allahı sevməyin əlaməti Qurani-Kərimi sevməkdir. Allah və Quran sevgisinin əlaməti Peyğəmbər (s.ə.s)-i sevməkdir. Peyğəmbər sevgisinin əlaməti sünnəni sevməkdir. Sünnəni sevməyin əlaməti axirəti sevməkdir. Axirəti sevməyin əlaməti dünyadan xoşlanmamaqdır. Dünyadan xoşlanmamağın əlaməti də axirət azuqəsi olacaq qədəri xaricində onun varlığından uzaq durmaqdır.”
Allah üçün məhəbbət və qəzəb
Rəvayətə nə görə Allah təala Hz. Musadan:
“Sırf Mənim üçün işlədiyin bir əməlin varmı?” –deyə soruşdu.
Musa (ə.s) da:
“Allahım, Sənin üçün namaz qıldım, oruc tutdum, sədəqə verdim, səcdə etdim. Sənə həmd etdim, kitabını oxudum, Sənin adını zikr etdim.” –dedi. Allah təala buyurdu:
“Ya Musa, namaz sənin bələdçindir, oruc sənə qalxandır, verdiyin sədəqə üstünə kölgə olacaqdır, səcdədə etdiyin təsbih sənin üçün cənnətdə ağac olacaqdır. Kitabımı oxuman sənin üçün cənnətdə köşk və huri hazırlayacaqdır. Mənim adımı zikr etmək də sənin işığın olacaq. Sırf Mənim üçün hansı əməli işlədin?” Bunun müqabilində Musa (ə.s):
“Ya Rəbb, mənə sırf Sənin üçün işləyəcəyim əməli xəbər ver ki, onu işləyim!” –dedi. Allah təala belə buyurdu:
“Ya Musa, özünə Mənim üçün bir dost seçdinmi, Mənim üçün birisinə düşmən oldunmu?” Bununla da Musa (ə.s) Allah qatında ən məqbul əməlin Onun üçün sevmək və Onun naminə düşmənlərinə nifrət etmək olduğunu anladı. (Mükaşəfətul-qulub, 86)
Bütün ibadət və müaməlatın kamalı ruhi dərinliyimiz nisbətindədir. Buna görə də qəlbimizdəki məhəbbət və nifrət nəfsimiz üçün deyil, Allah üçün olmalıdır. Rəsulullah (s.ə.s) də həqiqətin inkarı və bir haqqın tapdanması xaricində qəzəblənməzdi. Bir haqsızlıqla qarşılaşdıqda isə, haqq yerini tapana qədər hirsi soyumazdı. Əsla özü üçün hirslənməz, kiminləsə münaqişə etməzdi.
Xülasə olaraq deyə bilərik ki, insanı yanlış hərəkətlərə sövq edən qəzəb nəfsdən qaynaqlanan və cilovlanmalı olan qəzəbdir. Lakin dinə, imana, mənəviyyata qarşı təcavüz olarsa, buna biganə qalmaq qəzəbə hakim olmaq deyildir. Belə bir davranış dərin qəflətdir. Allahın rizasına nail olmaq üçün qəzəbə hakim olmaq qədər, lazım gəldikdə qəzəblənmək də çox mühümdür.
Həzrət Ömər küfrə, zülmə, haqsızlığa qarşı son dərəcə sərt və cəlallı idi. Buna görə də onun olduğu yerdə heç kim haqsızlıq etməyə cürət etməzdi. Onun Allah üçün sahib olduğu qəzəb hisslərinə görə şeytan belə ondan qaçardı.
Bir gün bəsirət sahibi olan möhtərəm bir şəxs Cüneyd həzrətlərinin yanına gedir. Şeytanın sürətlə ondan qaçdığını görür. O şəxs Cüneyd həzrətlərinin yanına yaxınlaşdıqda üzünün halından çox qəzəbləndiyini görür. Dərhal soruşur:
“Ey Cüneyd, insan qəzəbləndikdə şeytan ona yaxınlaşar. Lakin siz qəzəbli olduğunuz halda şeytan nə üçün sizdən qaçır? Bunun hikməti nədir?” Cüneyd həzrətləri bu cavabı verir:
“Bilmirsinizmi, biz öz nəfsimiz üçün qəzəblənmərik. Başqaları nəfsləri üçün qəzəbləndikləri üçün şeytan onlara ürcah olur. Bizim qəzəbimiz Allah üçün olduğundan şeytan bizdən qaçar.”
Allah təala bu qəlbi səviyyəni bizə də lütf etsin! Məhəbbətimizi və qəzəbimizi ilahi rizasına müvafiq qılsın! Bizə haqqı haqq bilib ona sarılmağı, batili də batil bilib ondan uzaqlaşmağı nəsib etsin!
Amin!..
ŞƏRHLƏR