Hər Gün Aşura, Hər Yer Kərbəla
Yer üzü vəhdət güzgüsü, camal və cəlal təcəllisi, cənnət və cəhənnəmin izdaşıyıcısıdır. Bəzi yerlər cənnət guşəsi və mələklər şəhəri, bəzi yerlər də cəhənnəm çuxuru və zəbanilərlə dolu qan gölü.
İnsan da belədir. Bəzi qəlblər mələklərdən daha uca, saf, bərraq, xalis, müttəqi, mütəvazi və mütməin, bəzi qəlblərsə kin, nifrət, zülmət, həsəd, təkəbbürlə dolu. İblislə qol-qola gəzənlər: başları göyə dəyərcəsinə məğrur və eqoistdirlər. Nəfsi-əmmarənin köləsi olmuşlar, dünya məqamını ən mühüm hədəf seçmişlər. Könülləri qaralmış, gözləri ucaları tərk etmiş, yüksəklərdədirlər. Ləzzət və şəhvət dayanacağındadırlar. Onların süflyoru şeytandır.
“Mən” deyənin yanında şeytan peyda olar. Əlində həqiqəti gizləyən min bir pərdə, saxta olan nə varsa hamısını cəzb etdirən min bir cila vardır. Bir dəfə qoluna girib yoluna düşməyəsən. Səni səndən qoparıb günah dəryasına daldırmağın minlərlə planını cızar, sonra da yalnızlığa tərk edər. Bu, əslində bir qiyamət hazırlığıdır. Kim iblisin qoluna girib gedərsə o gün yalnız və biçarə qalacaqdır. Pərdələr qalxacaq, həqiqət bütün çılpaqlığı ilə ortaya çıxacaq və inkar etmək mümkün olmayacaqdır. Minlərlə peşmanlıq bürüyər insanı, lakin olan olmuşdur. Bu, iblisin yoludur.
Rəsulların yolu tövhiddir. “Biz” deməyi bilməkdir. İslam mədəniyyəti söhbət və səhabə mədəniyyətidir. “Atam-anam sənə fəda olsun, ya Rəsulallah!” deyib anadan, atadan, maldan və candan keçməkdir. Var-dövlətini qardaşıyla bölüşməkdir. Kim bu yoldan çıxarsa bilməlidir ki, fərqində olmasa da qolunda iblis vardır. Sözündən cəhənnəm qoxusu gəlir. Allah Rəsulu ömrü boyu bunu söylədi və bunu təbliğ uğrunda yaşadı. Onun yanındakılar da yer üzündə nümunə olacaq səadət əsrini yaşadılar.
Allah Rəsuluna “işlərində məşvərət et” əmri gəlmiş, o da işlərini məşvərət ilə idarə etmişdir. Öz düşündüyünün ziddinə olsa belə. Çünki onun əxlaqı Qurandı.
Lakin onun yolu ilə gedənlərin bir qismi, kainatın varlıq səbəbinin dünyadan köç etməsindən bir insan ömrü qədər zaman keçmədən onun yolundan çıxmağa başladılar. Allah Rəsulunun əmisi Abbasın iniltilərinə dözə bilmədiyini gördükdə dərhal Abasın əllərini açan səhabənin övladlarından bir qismi Rəsuli-Kibriyanın mütəvazi həyatını, Hz. Ömərin dövlət rəisi ikən həsir üstə yatdığını və oğlu Abdullaha xilafət təklif edildikdə “bir ailədən bir qurban yetər” deyərək dünya məqamının məşəqqətini və məsuliyyətini dilə gətirməsini unutdular. Vəzifə tamahı gözlərinə min bir pərdə çəkdi. Həqiqət görünməz oldu.
Zövq və səfaya dalıb, eyş-işrət məclislərində şərabla qarın doyurdular. Saraylarında iblisin var-gəl etdiyini, fitnə saçdığını görmədilər. Zülmət çökdü, zülm hakim oldu.
Peyğəmbər gülünün qönçəsindən zülmə tabe olmasını istədilər. O da “əsla” dedi. Çünki babasının “Allaha üsyan xüsusunda bəndəyə itaət olmaz” sözləri hələ qulaqlarında əks-səda verirdi. Sanki dünən söyləmiş kimi idi.
Dinc qoymadılar və Hərəmi-Nəbi olan Mədinədən Hərəmi-Haqq olan Məkkəyə köçdü. Əhli-beyti Beytullahın şəhərində də rahat qoymayacaqlarını anladıqda kufəlilər ənsar kimi “gəl” dedilər. Babasının hicrətinin altmış birinci ilində o da hicrət etdi. Haram aylardan Məhərrəm idi. Cahiliyyə ərəblərinin susduğu bu ayın onuncu günü Can Hüseyn Canana qovuşdu.
Zülmə, zülmətə və zalıma “xeyr” deyərək.
Susuzluqdan qıvranan Kərbəla qan doldu və hələ qan qoxumaqda.
Ey şahi-mərdan, ey can içrə can.
Ey Zəhranın qönçəsi!
Sən zülmə qarşı canınla, başınla dimdik durdun. Canımız və başımız yoluna qurban olsun.
Lakin biz səni anlaya bilmədik. Sənin kimi dik dura bilmədik. Hələ də Kərbəlanın başı bəladan qurtarmadı. Qan qoxusu çəkilmədi.
Ey cənnət əhlinin Gənci!
Varlığın ümmətin ümididir. Əhli-beyt ümmət oldu bu gün. Acılar dörd bir yandan duyulur.
Ey Zəhranın atası!
Sən “təqva sahibləri əhli-beytimdəndir” dedin, amma biz əhli-beytin kimi dik dura bilmədik. Biz qönçələrinə sahib çıxa bilmədik, amma sən bizi şəfaətindən məhrum etmə!
Ey Beytin sahibi!
Səndən başqa sahibimiz yoxdur. Səni layiqincə tanıya bilmədiyimizi bilirik. Sənə layiqincə şükür edə bilmədiyimizi bilirik. Başımıza gələnlər layiq olduğumuzdur. Lakin sənin rəhmətin çox genişdir. Biz layiq olmasaq da Yusufun köynəyini gözlərimizə sürt ki, açılsın. Davudun sapandını əlimizə ver ki, Calutlar can sıxmasın. Yezidlər var-gəl etməsin. Qəzzada Əhmədlər, Mustafalar, Həsənlər, Hüseynlər susuzluqdan can verməsin. Bizi yuxumuzdan ayılt. Zalımın əliylə duracaqsa, bu qan durmasın.
Ey Hüseyn can!
Yezidlər çoxaldı. Kərbəla min dənə.
Artıq hər gün aşura, hər yer Kərbəla.
Kərbəla qapanmayan bir yara.
Ürəyimizin tən ortasında…
ŞƏRHLƏR