Mədinə Düşüncələri
Salam olsun! Görmək üçün həsrətini çəkdiyim
Sən, ey şəhərlər şəhəri, Mədineyi-Münəvvər!
Əssələmu aleykə! Candan artıq sevdiyim,
Aləmlərə rəhm olan, ey Həbibi-Peyğəmbər!
Salam olsun pak, müqəddəs uca olan şanına,
Sən ümmətin göz bəbəyi, ey bəşərin Təbibi,
Salam olsun səni sevən Alinə-Əshabına,
Salam sənə, səlat sənə, ey Allahın Həbibi!
Sən ey Rəsul! Gəlişinlə şərəfləndi bu şəhər.
Mədəniyyət beşiyinə çevrilmişdir Mədinə.
Tarix oldu ümmətinə eylədiyin bu səfər.
Bu şəhəri vətən etdin, gətirdiyin bu dinə.
Yəsribdin, ey Mədinə! Yəsrib kimi qalsa idin,
Səni kim tanıyardı, heç düşməzdin yada belə.
Sən Rəsulun gül ətrinə, pak nuruna bələndin,
Bu səbəbdən tanınırsan, düşmüsən dildən-dilə.
Ey Mədinə! İçindəki Məscidi-Nəbəvidə,
Bir nur ümmanı var, sən o nurun içində.
Bu nura möhtac hər kəs, mədəni də, bədəvi də.
Bu nur ilə işıqlanır axirətdə, evində.
Yer kürəsi bir vücuddur, Mədinə onun qəlbi,
Sən isə bu qəlbdə olan ruhusan bu cahanın.
Sənsiz dünya ölü leşə bənzəyərdi, ey Nəbi!
Sən anlatdın mənasını, dəyərini dünyanın.
Burda Peyğəmbərin əshabı, əhli-beyti,
Uyumuşdur burada ən şərəfli insanlar.
Onları bürümüşdür Rəbbin uca rəhməti.
Bizdən sizə salam olsun, ey burada yaşayanlar.
Dünyanın hər yerindən sayğı, sevgi yükü ilə
İnsanlar sel kimi hey gəlir axın-axın,
Bu bölgədə tövbə ilə sən Allahdan əfv dilə,
Müqəddəslik yatır burda iç-içə, yaxın-yaxın.
Bədir zəfər, Uhud ibrət, Xəndək hikmətdir bizə,
Sənin əziz xatirən var bunların hər birində,
Tutduğun yol Allah yolu, söylədiyin möcüzə
İstəyirdin hakim olsun haqq batilin yerinə
Sən qəlblərin günəşisən, ey Həbibi-Zülcəlal!
Sən olmayan könüllərdə hakim nəfsin zülməti.
Zülmətdə iman göyərməz, bilinməz haram-halal.
Sən getdiyin yolu tutan qazanacaq cənnəti.
Kimi sənlə qiyaslayım, kimi sənə bənzədim.
Bu dünyaya sənə bənzər Şəmsül-bəşər gəlməmiş.
Kitablarda tarix gəzdim, əsrləri izlədim.
Sənin qədər çox sevilən bir insan görülməmiş.
Sən elə bir sevgisən ki, zülmət qəlblər günləşər.
Sevgin ruha qida olub şəbnəm olur, bal olur.
Səni sevən hər kim olsa sevginlə mələkləşər.
Sevginlə yaşayanlar cənnət əhli hal olur.
Bizə Allah örnək üçün sevir ki, seçmiş səni.
Rəbbimizin sevdiyini fərzdir sevmək, istəmək.
Ucaltmışdır, ucaldacaq, Rəbbim səni sevəni,
Yazıq səni sevməyənə, Rəbbini sevmir demək.
Bu vətəni pakında göz gəzdirdim hər yerə
Sənə aid, sənə məxsus bir izini görməyə.
Mat qalmışam bunlardakı qərəzli təfəkkürə
Sənə aid nə var isə silinmiş bidət deyə.
Ey Rəsul! Sevgi ilə bidəti ayırd etməyən,
Əbu Cəhl, Əbu Ləhəb, yezidlər var hələ də.
Sənə Rəsulumsan dedi o vədindən dönməyən,
Rəbbin səni sevdiyini qanmadılar hələ də.
Xurma kötüyü ağladı səndən ayrı düşəndə,
Kötük qədər olmayan insan adlı bəşər çox.
Düşünürəm, ağlar, sızlar bu ümməti görəndə,
Bu gün İslam aləminin o kötükdən fərqi yox.
Nə bir alim, nə bir şair, nə qəhrəman, nə sultan
İnsanlığa hər sahədə olmadılar bir örnək.
Yaşayana doğru yolu sən göstərdin hər zaman.
Yaşayanla yaşamadı heç bir kimsə sənintək.
Sənə layiq söz deməyə, sözə möhtacdır bəşər.
Günahkarlar günahsızı axı necə vəsf edər?
Yanında təpələrtək görünürlər dahilər.
Vəsf edər səni hər kəs dərk edib sevdiyi qədər.
Yaddan çıxır atamız, unudulur anamız da.
Haqqı görmək istəyəndə, könül qəmlə dolanda.
Sən düşürsən yadımıza, durursan qarşımızda,
Mənim sözüm keçməz məndə, sənin sözün olanda.
Sən köçmədin dünyadan, getmədin heç aramızdan,
Çünki sən Rəbbimizlə, daim bizim qəlbimizdə,
Əsrlərdir yaşayırsan, heç çıxmadın yadımızdan.
Yaşayırsan bizimlə bir evimizdə, işimizdə.
Günahım çox, savabım az, bu tarazsız yükümlə
Gəldim hüzuri-alinə, sığındım şəfaətinə.
Üzrxahlıq etmək üçün sözü kasad dilimlə,
Deyim əfv et gözəl Allah, Həbibin hörmətinə.
Ümmətindən ola bilən nə xoşbəxtdir dünyada.
Həbibinə layiq elə bizi sən ey Rəbbimiz.
Duamızı qəbul eylə bu müqəddəs məkanda,
Gözəl Allah, səni daim zikr eyləsin qəlbimiz.
Ürəyimdə bir tərəddüd, həm ümüd var içimdə.
Könlümdəki bu nisgili silim deyə gəlmişəm.
Günahımla, savabımla, tövbə-dua dilimdə
Ümmətinə layiqəmmi bilim deyə gəlmişəm.
Sən Xatəmul-Ənbiya, Rahmətən-lil-Aləminsən.
Axirətdə bizi məhrum etmə şəfaətindən.
Gözəl Allah, Həbibinə şəfqətlisən, Rəhimsən,
Bizə də bir zərrə ehsan eylə o rəhmətindən.
Sığınmışam kainatı bürümüş rəhmətinə.
O əsmayi-hüsnanın, o cəlalın hörmətinə.
Məhəmmədül-Mustafanın ümmətini bağışla
Cümlə səni sevənlərin, sevdiklərin eşqinə,
Bu ümmətə şəfqətinlə cənnətini bağışla.
ŞƏRHLƏR