Göz Yaşlari İlə Yazilmiş Tərcümeyi-Hal

Göz Yaşlari İlə Yazilmiş Tərcümeyi-Hal

Günortadan sonra başlayan külək get-gedə daha da güclənirdi. Hava hələ qaralmasa da küçələrdən gediş-gəliş demək olar ki, tamamən kəsilmişdi. Belə havada nimdaş pencəyinin yaxasını qaldırıb cırıq ayaqqabılı ayaqlarının birini qoyub, o birini götürən birisi əlində tutduğu bir topa vərəqi sinəsinə sıxaraq tində dayanmışdı. Uzaqdan bir adamın gəldiyini görəndə sevindi və cəld addımlarla ona tərəf yüyürdü.

- Öz şeirlərimdir, əla şeirlərdir. Ucuz satıram, heç olmasa bircəsini alın, –deyib vərəqləri şıq geyimli, orta yaşlı kişiyə uzatdı və qəfil zərbə almış kimi yerində dondu, əlindəki vərəqlər yerə dağıldı. Ancaq bu sözləri deyə bildi:

- Şaiqciyim, bağışla, tanımadım...

Dəli xəzri yerə səpələnmiş vərəqləri göyə qaldırıb kimsəsiz Bakı küçələri boyu divarlara, daşlara çırpır, bir boşluğa aparırdı. Üzünü tük basmış, çoxdan daraq dəyməyən saçları dağınıq, nimdaş geyimli adamsa sanki onun deyilmiş kimi şeir yazılmış vərəqlərin birini də olsa küləyin əlindən almağa cəhd etməyərək “Şaiqciyindən” bu Bakı küçələrindən, ağaclardan, daşlardan, divarlardan, insanlardan qaçmaq, yox olmaq, itmək, ərimək istəyirdi. Küləyə təslim olaraq göydə fırlanıb gözdən itən vərəqlər kimi tale burulğanı da onu heçliyə sürükləyirdi. Üzü küləyə getdiyindənmi, yoxsa gözünə toz dolduğundanmı gözləri yaşardı. Yanağı boyu üzüaşağı yuvarlanan bu göz yaşları alışan qəlbinə sərinlik gətirirdi...

Qəfil görüşdən diksinərək özlərini itirən bu iki nəfərin biri – şıq geyimli Abdulla Şaiq, o biri – şeirlərini küçədə satan sərgərdan şair isə XX əsr Azərbaycan romantik ədəbiyyatının görkəmli nümayəndəsi Ağa Məhəmməd Hacı Əbdüssəlimzadə Hadi Şirvani və yaxud qısaca desək Məhəmməd Hadi idi...

İki əsrin hər birində iyirmi il olmaqla bir “çilə” çiləli ömür yaşadı Hadi. Həyatı bir qüdsi hədisi xatırlatdı mənə “Adəm (ə.s)-ın yarandığı palçığın üzərinə 39 il hüzn, qəm, kədər, bir il sevinc yağdı.”

Doqquz yaşında ikən atası vəfat edir. Anası başqa ərə getdiyindən körpə bacıları ilə nənə ümidinə qalır. Qayğıkeş nənə Ağa Məhəmmədin gələcəyinə çox ümid bəsləyirdi. Onun ərəb və farsca təhsil almasını çox istəyirdi. Lakin bir gün əcəl nənənin də qapısını döydü. Bu dəfə Mustafa Lütfü adlı bir qohumu Hadini himayəsinə alır. Lütfüdən ərəb-fars dillərini öyrənir. Lakin aldığı biliklər onu təmin etmir. Mükəmməl təhsil almaq arzusu kiçik uşaq qəlbində get-gedə böyüyür. Lakin maddi imkansızlıq, yetimlik əl-qolunu bağlayır. Varlı qohumlarından kömək istəsə də heç kəs ona kömək əlini uzatmır. Gənc Hadi sevir. Yetim və kasıb olduğu üçün qızı da başqasına ərə verirlər. Çox sonralar M. Hadi bu olayları belə qələmə alır:

Oxumaqçün nə qədər dadü-fəğan etdim isə

Olmadı zərrə əsərbəxşi şu istimdadım.

Dağə dersən eşidir, sonra verir əksi-səda,

Daşə dönmüşlərə əks eyləmədi fəryadım.

...

Acizəm tərcümeyi-halimi təhrirə... səbəb?

Doludur təlxi-həqayiqlə dili-naşadım.

 

Göz yaşları ilə yazılmış bu misralar şairin həm tərcümeyi-halı, həm də özünə yazdığı bir mərsiyə idi.

Kədər, qəm yağışı isə ara vermədən elə hey yağır, yağırdı... Bu yağışın əlindən qaçmağa yer, bir daldanacaq arayırdı.

1902-ci il Şamaxı zəlzələsi hadinin dağılmış tifaqını yenidən dağıtdı. Kürdəmirdə qərar tutan Hadi müəllimlik etməyə başlayır. Bu əsnada Həştərxanda “Bürhani-tərəqqi” qəzetini nəşr etdirən qohumu Mustafa Lütfü onu yanına işləməyə dəvət edir. Bir müddət orada yaşayır. 1906-cı ildə nəşrə başlayan “Füyuzat” məcmuəsində çalışır. Məcmuə qapanandan sonra “Tazə həyat” və “İttifaq” qəzetlərində işləyir.  

   Qəm-kədər yağışı isə hələ də yağır, leysana çevrilir... Kədər seli Hadini 1910-cu ildə Türkiyəyə aparır. “Təmim” qəzetində şərq dilləri üzrə mütərcim işləyir. 1913-cü ildə hərbi nazirin qətli ilə əlaqədar gəlmə ziyalılardan şübhələnən hökumət Hadini də həbs edərək. Salonikə sürgünə yollayır.

Aramsız yağışsa davam edir... Yunanlar Hadinin əlinin incə və ağ olmasından, nəzakət və rəftarından şübhələnərək onu türk casusu hesab edirlər. Bir yunan keşişi onu ölümdən xilas edir. Sürgündə ağır-əzablı həyat yaşayır. Günlərlə ac qalır. Sürgündən sonra Bakıya dönür.

Qəm, kədər yağışı isə elə hey yağır... Ağır iztirab, maddi ehtiyac, cismani zəiflik məğrur şairi sarsıdır. Ruhi xəstəliyə tutulur. Bir müddət müalicə olunur. Xəstəxanadan çıxanda I Dünya Müharibəsi başlamışdı. 1915-ci ildə Hadi Avstriya cəbhəsinə, Karpata gedir. Müsəlman əsgərlər arasında alay mollası vəzifəsində çalışır. “Meydani-hərb xatirələrindən” başlığı altında yazdığı şeirlərini Bakıya göndərir. Müharibə dəhşətləri, şahid olduğu vəhşətlər onu heyrətləndirir. Üstündə gəzdiyimiz bu torpağın, yer kürəsinin yeni bir adını kəşf edir:

Buldum bir ad bu torpağa – səyyarə məqbərə.

Səyyarə məqbərin dönüyor indi məhşərə.

 

1918-ci ildə yenidən vətənə dönür. Artıq qəm, kədər yağışı təkcə onun üstünə yox, vətəninə də yağır. Vətəninin düşdüyü vəziyyətlə heç cür razılaşmır. Azərbaycanı gəzdiyi, gördüyü yerlərlə müqayisə edir. Ölkəsini dünyanın ən mədəni, qabaqcıl ölkələri arasında görmək istəyir. Bunu görməyəndə təəssüflənir, “Qarışıq xəyallar”ı daha da qarışır.

İmzasını qoymuş miləl övraqi-həyatə.

Yox millətimin xətti bu imzalar içində...

 

Millətin imzasının millətlər içərisində olacağı günü çox arzulayırdı və buna dəli bir ümidi var idi. Çünki Hadi yaxşı bilirdi ki, ümidsiz insanlar və millətlər sevincdən məhrum olarlar.

“Vabəstədir ancaq əmələ şövkəti-millət

Millət edər ümmidlə kəşfi-mədəniyyət.

Ümmid ediyor Adəmi varəstəyi-gövhər.

Ümmidsiz adam görəməz ruyi-məsərrət.”

 

Hadinin şeirlərini oxuyuram. Hansısa bir qadına, gözələ yazdığı məhəbət şeiri arayıram. Əvəzində daha böyük şair sevgisindən, məhəbbətindən xəbər tuturam. Vətənçün ağlayan, vətənin gələcəyini elmdə, maarifdə görən şair qəlbinin ağrı-acıları hopan misralar, şeirlər məni yüz il əvvələ aparır. O mühit, o dövrün ziyalıları, onların millətə, milli kökə bağlılığı heyrətləndirir məni. Və özümün, müasirlərimin cılız vətən sevgisindən utanıram.

Qəm-qüssə yağışı davam edir... Bakı əldən-ələ keçir. Qırmızı ordu Azərbaycanı qan gölündə boğur. Azərbaycan milli ordusunun Gəncə qiyamı may ayında qəddarcasına yatırılır. Ölənlərin, itənlərin sayı-hesabı yoxdur.

Hələ 1918-ci ildə ermənilər tərəfindən evi-eşiyi yandırıldığı üçün Şamaxıdan Gəncəyə getməyə məcbur olan digər bir romantik şair Abbas Səhhətin ölüm xəbərini Azərbaycan oxucusuna çatdıran Hadinin də son günləri Gəncədə keçdi. Əli Nazimin yazdığına görə Gəncə qiyamından bir neçə gün sonra xəstəxanada yatırmış... sonrakı taleyi haqqında heç bir ətraflı məlumat yoxdur. Rus-bolşevik ordusu tərəfindən öldürülməsi ehtimalı daha böyükdür.

“Ey ol vəqti görən məsud, unutma bizləri yad et,

 Məzarım üstə gəl, dur, qəmli-qəmli ağla, fəryad et!

Oxu bu şeiri qəbrimdə ələt-təkrar övrad et,

Dur ey zindani-nisyanda yatan, azad olub aləm,

Sürurabad-hürriyyət gəlib dilşad olub aləm.”

 

Nə yazıq ki, məzarının yerini bilmirik ki, bu misraları gedib oxuyaq məzarının üstündə. “Qeyb olan şair”in qeyb olan məzarı...

Ey romantik, xəyalpərvər şairim! Sənin xəyalın, ruhun bütün dünyanı dolaşdığı üçün cismin də ruhunun ardınca dolaşır bu dünyanı. Bəlkə elə ona görə də qəbrini tapmırıq. Narahat cismin ruhuna qovuşmaq üçün dünyanı gəzir. Və az qala yüz ildir ki, narahat ruhunu tapa bilmir. Heç inanmıram ki, tapsın da.

Qəm, kədər yağışı isə hələ də yağır... Boş qalmış şair məzarına.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz