Dr. Muzaffer Şahin ilə Reportaj
1950-ci ildə Bayburtun Karşıgeçit kəndində dünyaya göz açan Muzaffer Şahin ibtidai təhsilini orada tamamladı. 1973-cü ildə Ərzurumda İmam-Xətib məktəbindən məzun oldu.
Məktəb illərində Ərzurumun qabaqcıl alimlərindən İslami elmlər sahəsində xüsusi dərslər aldı.
1975-ci ildə təyinatla imam-xətib vəzifəsində çalışan Muzaffer bəy eyni zamanda Ərzurum Ali İslam İnstitutunda təhsilini davam etdirərək 1982-ci ildə oradan məzun oldu.
1983-cü ildə Muşun Bulanık rayonuna müfti təyin olundu. Həmin il istanbul Haseki Təhsil Mərkəzi IV dönəm Müfti və Vaizlər İxtisas Kursuna daxil oldu. 1986-cı ildə fərqlənmə ilə bu kursu tamamladıqdan sonra Diyanət İşləri Başqanlığının Din İşləri Ali Qurumuna mütəxəssis vəzifəsinə gətirildi.
1991-ci ildə Ankara Universiteti Sosial Bilimlər İnstitutunda yüksək lisansı bitirən Muzaffer bəy 2000-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək bu ünvana layiq görüldü.
Din İşləri Ali Qurumunda mütəxəssis vəzifəsində çalışarkən 24.04.2003 tarixdə eyni quruma üzv seçilən Muzafer Şahin 04.12.2003 tarixdə Din İşləri Ali Quruma başqan seçildi.
Din İşləri Ali Qurumda başqan vəzifəsində çalışarkən Türkiyə Cümhuriyyətinin Bakıdakı Səfirliyinin Din Xidmətləri Müşairliyinə təyin olunaraq 20.04.2007 tarixdə Azərbaycanda fəaliyyətə başladı.
Diyanət İşləri Başqanlığı tərəfindən nəşr olunmuş Qurani-Kərim Məalini hazırlayan heyət içərisində yer almaqla yanaşı müxtəlif mövzulu məqalələrin də müəllifidir.
Ərəb və fransız dillərini bilir. Evlidir. Səkkiz övladı var.
İrfan: Mübarək Doğum Həftəsinin tarixçəsi nədir? Nə zamandan və kimlər tərəfindən qeyd olunmağa başlamışdır?
Dr. Muzaffer Şahin:
Hz. Məhəmmədin dünyaya təşrif buyurması adlanan “Mövludi-Nəbi” əsrlərdən bəri müsəlmanlar tərəfindən “Mövlud Qəndili” olaraq qeyd edilməkdədir.
“Mövlud Qəndili” ilk dəfə 13-cü əsrdə Ərbil Atabəyi Müzəffərəddin Gökboru tərəfindən qeyd olunmuşdur. O dövrdən etibarən müsəlmanlar tərəfindən mədəni bayram kimi qeyd olunan Mövlud Qəndili Peyğəmbər sevgisi ətrafında dini təfəkkürün topluma aşılanması və milli ruhun inkişaf etdirilməsi üçün mühüm vasitə olmuşdur. Süleyman Çələbinin qələmə aldığı “Vəsilətun-Nicat” adlı şeirin əsrlərdən bəri şadlıqlarda, matəmdə, doğumda oxunması bunun bariz nümunəsidir.
Müsəlman olan şəxs İslamın Peyğəmbərini yaxşı tanımalı, örnək almalıdır. Bu məqsədlə Türkiyə Diyanət Vəqfi dini təfəkkürü məscidin xaricinə sirayət etdirmək, örnək insan olan hz. Məhəmmədin beynəlmiləl prinsiplərini və gətirdiyi dəyərləri bəşəriyyətə çatdırmaq, üçün “Mövlud Qəndili”ni xeyirli bir vasitə olaraq görmüş və 1989-cu ildə Peyğəmbərimizin doğum gününün içində olduğu həftəni “Mübarək Doğum Həftəsi” elan etmişdir. 1989-cu ildən etibarən Mövlud mərasimi “Mübarək Doğum Həftəsi” adı altında Türkiyədə və təmsilçiliklərimizin olduğu bütün ölkələrdə böyük həyəcanla keçirilir.
Mübarək Doğum Həftəsi hz. Peyğəmbəri anmaq, onu anlamaq, onun təmsil etdiyi yüksək dəyərləri həyatımıza işıq tutan məşəl halına gətirə blmək cəhdinin başqa bir təzahürüdür.
İrfan: Peyğəmbərimizin əsrlər öncəsindən bugünümüzə mesajı nədir? Müasir insanların hz. Peyğəmbərə ehtiyacı nə qədərdir?
Dr. Muzaffer Şahin:
Etiraf edək ki, İslamın ana qaynaqları olan Quranı və Peyğəmbəri məhdud ifadələrimizlə tərif etmək mümkün deyil. Lakin yenə də, hz. Peyğəmbərin bəşəriyyətə mesajları və bu mesajları qavrama xüsusunda qısaca olaraq bunları söyləmək yerinə düşər:
İslam tövhid dinidir. Hz. Peyğəmbər ilk vəhyi aldıqdan sonra bəşəriyyətə belə səslənmişdi: “Ey insanlar, “Allahdan başqa ilah yoxdur” deyin və xilas olun!” Hz. Peyğəmbər etnik qrup, dil, irq kimi fərqliliklərə baxmadan iman gətirən hər kəsin vəhdət içində olmasını istəmişdir.
Müsəlmanların “bir-birinə pərçimlənmiş bina kimi” (əs-Saff, 4) olmasını istəyən Allah təala bu xüsusda: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!” (Ali-İmran, 103) buyurur.
Birlik mövzusunu ələ alan ayələr bugünkü müsəlmanların nə üçün zəif olduğunu ortaya qoyur. Birlik ruhundan uzaqlaşanlar özlərini itirirlər. Özünü itirən millətlər isə varlıqlarını sürdürə bilməz. Deməli, müsəlmanların vəhdətini pozan, cəmiyyətin birliyini sarsıdan ən böyük amil təfriqədir.
Allaha gedən yeganə doğru yol İslamdır. Bu yolda gedən hər kəs anlayış tərzi nə olursa olsun qardaşdır. Dinin əsasına sirayət etməyən fərqliliklər bu yola birlikdə davam etməyə əngəl deyildir. Lakin yanlış dəyərləndirmə nəticəsində bəzi qruplar radikal anlayışa sahibdirlər. Eyni zamanda İslamın mülayim üzünü də bəsit mənfəətlər üçün istifadə edənlər var.
Bəzi müsəlman qrupların “firqeyi-naciyə”nin (xilas olan firqə) sadəcə özlərinin olduğunu elan edib, digər müsəlman qrupları əhli-bidət adlandıraraq onlardan uzaqlaşması İslamın əsasına tərs düşməkdədir.
Bu gün bəşəriyyət İslamın ilk illərində olduğu kimi Quran əxlaqını əsas alan İslami birliyə möhtacdır. Birliyi bərqərar etmək üçün boynumuza düşən ən vacib vəzifə batil və xürafata dayanan inancları aradan götürüb, İslami düşüncə və ictihad fərqliliklərinin müsəlmanlar tərəfindən dinin vazkeçilməz ünsürü olaraq mənimsənməsinin qarşısını almaqdır. Bunların yerinə Quran və sünnə əxlaqına əsaslanan, ağla üstünlük verən, qərarlı, geniş əhatəli bir əxlaq və düşüncə yerləşdirilməlidir.
İslamın gətirdiyi tövhid əsasları çərçivəsində eyni inanca sahib müsəlmanların ictihad fərqi səbəbi ilə bölünüb-dağılması çox acınacaqlıdır. Quranda da bildirildiyi kimi insanlar arasındakı fərqliliklər yalnız “tanışma” vəsiləsidir. Elə isə təfərrüata dair İslami düçüncə fərqliliklərinin təfriqəçiliyə vasitə edilməsi Quranın təlimi ilə üst-üstə düşmür.
Bu gün İslam dünyasının dörd bir yanında bir-birinə zidd olan görüşlər, yorumlar və modellər hakimdir. Bunlardan hansının həqiqətən İslama uyğun, hansının zidd olduğunu təyin edəcək, dünya müsəlmanlarına yol göstərəcək rəhbərlik təəssüf ki, yoxdur. Halbuki İslamın əsasında başıboşluq deyil, birlik-bərabərlik və bütövlük vardır.
Unutmamaq lazımdır ki, İslam tərki-dünyalığa qarşıdır. İslamın hökmləri ən çox inkişaf etmiş millətlərin hər bir ehtiyacını qarşılaya biləcə əxlaqi, siyasi və ictimai əsasları özündə cəm edir. Digər tərəfdən zaman və məkanın tələblərinə görə hökmlərinin dəyişdirilə bilməsi ilə də hər əsrin dini olmaq xüsusiyyətinə malikdir.
İslam alimlərinin bu gerçəyi dilə gətirdiyi kimi qeyri-müslim və ya hidayətə gəlmiş ilahiyatçılar da dinimizin bu özəlliyi üzərində ittifaq etmişlər.
Ən böyük şərqşünas olan I Goldziher (1850-1921): “İslamın dini qanunu (şəriəti) hüquqi həyatın bütün sahəsini özündə cəm edir” (Vorlesungen über den İslam,səh-56) deyərkən isveçrəli alim W.M. Watt: “Bir müsəlman üçün din həyatın hər yönünü əhatə etdiyi halda, sadə avropalı xristian üçün religion (din) həyatın ancaq kiçik bir bölümünü əhatə edir.” (Modern Dünyada İslam Vəhyi, səh- 21) görüşünü irəli sürür.
Vurğuladığımız kimi dinin hər çağda yaşayan insanlara əsas mesajı Quran və Peyğəmbər rəhbərliyində gözəl əxlaqı qazandırmaq və bərabərlik şüurunu yerləşdirməkdir.
Cana, mala, inanca və ağla zərər verməyə meyilli cərəyanlar qarşısında sükunət və güvən dolu bir həyata qovuşmağın həsrətini çəkən bəşəriyyət; qan, terror, intihar və savaşların pəncəsində inləyən dünyamız həyat iksiri olan vəhyin işığına, nifrət və intiqamı sevgi və şəfqətə çevirən əziz Peyğəmbərimizin isti nəfəsinə möhtacdır.
İrfan: Dünyanın müxtəlif yerlərində təxribatçı addımlar atılır, İslam Peyğəmbərinə qarşı yazılı və şifahi şəkildə təhqiredici çıxışlar edilir. Bu kimi böhtan və iftiralar qarşısında müsəlmanların mövqeyi necə olmalıdır sizcə?
Dr. Muzaffer Şahin:
Təəssüflər olsun ki, Avropa ölkələrində İslam əleyhinə çıxışların şahidi oluruq. Bu cür yanaşma tərzinin İslamafobiyanı yaymaq məqsədindən irəli gəldiyi hər kəs tərəfindən görülməkdədir. Buna baxmayaraq bəzi qruplar israrla İslamın müqəddəslərini təhqir edirlər. Bir neçə il əvvəl Danimarkada hz. Məhəmmədi təhqiredici karikaturaların nəşr olunması, İsveçdə Nerikes Allehanda adlı qəzetdə adi insana belə, söylənməsi doğru olmayan təhqiramiz ifadələrin yer alması bu məqsədə xidmət edən son nümunələrdir.
Qarşıdurmaya, kin və nifrətə zəmin yaradan bu cür həqarətlərə “söz və mətbuat azadlığı” adı altında haqq qazandırmaq olmaz. İnanclara və dini dəyərlərə hörmət etmək din və vicdan azaldığının ayrılmaz hissəsidir. Din, vicdan və ifadə azaldığı heç bir vaxt başqa inanclara həqarət etməyi doğru saymaz. Başqa inanclara hörmətlə yanaşmaq öz inancına və insanlığa hörmətdən irəli gəlir.
Müqəddəs dəyərlərə edilən bu təhqirlərə qarşı haqlı olaraq etiraz edən müsəlmanlar başqa inanclara sayğı göstərməyin öz inanclarına olan hörmətdən irəli gəldiyini düşünərək qarşı tərəfi təhqir etmədən hz. Peyğəmbərin ən böyük əxlaqi mirası olan vüqar və etidal çərçivəsində hərəkət etməlidirlər. Bu cür xətalara cavab vermək naminə şiddətə əl atmaq və eynilə qarşılıq vermək əlbəttə ki, yolverilməzdir.
İrfan: Azərbaycanda müşavir vəzifəsində çalışırsınız. Türkiyə ilə Azərbaycan münasibətləri nöqteyi-nəzərindən nə kimi layihələriniz var? Din Xidmətləri Müşavirliyinin funksiyası nədən ibarətdir?
Dr. Muzaffer Şahin:
Din Xidmətləri müşavirliyi Azərbaycanda 1991-ci ildə Din Xidmətləri Ataşeliyi olaraq açılmış, 1992-ci ildə müşavirliyə çevrilmişdir.
Müşavirliyin funksiyası dedikdə bunları ifadə edə bilərik:
Sevgi və hörmətə əsaslanan, birlik və bərabərliyi gücləndirici, ayrı-seçkilik salan təxribat və cərəyanlara qarşı tənbeh edici, insan haqlarına hörmətin önəmini vurğulayan, sosial yardımlaşmanı təlqin edən bir anlayışla İslam dininin inanc, ibadət və əxlaq əsasları mövzusunda vətəndaşlarımız maarifləndirilməkdə, səlahiyyətli dövlət orqanları ilə müştərək məscid və irşad xidmətləri həyata keçirilməkdədir.
Vətəndaşlarımızın dini və milli dəyərlərə bağlılığını gücləndirmək məqsədi ilə elmi konfrans və toplantılar təşkil edilməkdə və bu məqsədlə hazırlanan proqramlarda, nişan, nikah, xətm, mövlud, sünət və s. mərasimlərdə iştirak edilməkdədir.
Telefonla və ya birbaşa müşavirliyimizə yönəldilən dini suallar cavablandırılmaqdadır.
Hər il Qurban bayramında Türkiyə Diyanət Vəqfi və Diyanət İşləri Başqanlığı ilə müştərək olaraq buraya kəsilmək üçün göndərilən qurbanların kəsilərək paylanmasına tərəfimizdən nəzarət edilir.
Bu və bu kimi xidmətlərdə “Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi” və “Qafqaz Müsəlmanları İdarəsi”nin dəstəyini hər zaman hiss edirik. Yeri gəlmişkən hər iki qurumun sədrinə təşəkkür etməyi özümə borc bilirəm.
İrfan: İrfan jurnalı vasitəsilə oxuculara Mübarək Doğum ərəfəsində nə deyərdiniz?
Dr. Muzaffer Şahin:
Ali-İmran surəsinin 164-cü ayəsində bildirildiyi kimi hz. Məhəmməd Allahın ayələrini bizə açıqlayan, bizi pisliklərdən təmizləyən, elm və hikməti öyrədən bir peyğəmbərdir. Allahın lütfüdür.
Quran onun həyatını “ən gözəl model” olaraq təqdim etməkdə və ondan nümunə götürməmizi istəməkdədir. Lakin unutmamaq lazımdır ki. Onu təqlid etmək sünnəsini dar çərçivəyə həbs etmək deyil, əxlaqını və sünnəsini bütün yönləriylə tanıyaraq gözəl əxlaqını davranışlarımızın məhvəri halına gətirməkdir.
Onu örnək almaq sevgi və imanı sülhün təməl dirəyi etməkdir. Möminlərin bir-birilərinə sevgi ilə yanaşmasıdır.
O uca Peyğəmbəri örnək almaq dürüstlük, əmanəti qorumaq, insan haqlarına sayğı, kimsəsizlərə qanad gərmə, qonşuluq və qohumluq bağlarını qoparmamaq, yaxşı işlərdə yarışmaq və faydalı insan olmaq deməkdir.
Mübarək doğum hz. Peyğəmbərin bizə təqdim etdiyi bütün dəyərləri və öyüdləri anlamaq və bu anlayışla yaşamaq zamanıdır. Bu dəyərlərin fərqinə varmaq və onları yaşanan həyata çevirmək dindarlığımızın əsas hədəfi olmalıdır.
Varlıqların iftixar qaynağı, Allahın sevdiyi qulu hz. Məhəmmədin təmsil etdiyi qiymətli dəyərləri həyatın məşəlinə çevirən adam necə də bəxtiyardır!
ŞƏRHLƏR