Mayor Muxtar Həşimov: “Vətənin müqəddəsliyini daim yaddaşlarda diri tutmalıyıq!” Müsahibə

Mayor Muxtar Həşimov: “Vətənin müqəddəsliyini daim yaddaşlarda diri tutmalıyıq!” Müsahibə

Mayor Muxtar Həşimov 1956-cı ildə Laçın rayonunun Cicimli kəndində anadan olub. 1981-ci ildə Laçın rayonunun Qorçu kənd orta məktəbində ixtisası üzrə müəllimliklə əmək fəaliyyətinə başladı. 1988-ci ildə erməni silahlı təcavüzü qarşısında silaha sarılan Muxtar müəllim 1996-cı ilə qədər cəbhə bölgəsində hərbi xidmət göstərmiş, 2020-ci ildə Şanlı zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsində də iştirak edərək Qarabağ müharibəsinin hər iki mərhələsinin iştirakçısı olmuşdur.

 

Mayor Muxtar Həşimov:

“Vətənin müqəddəsliyini daim yaddaşlarda diri tutmalıyıq!”

 

İrfan: Salam, Muxtar müəllim, bilirik ki, sizin əsl ixtisasınız müəllim olub. İllərlə müəllim işləmisiniz, direktor müavini olmusunuz. Necə oldu ki, istiqaməti dəyişib hərbi sahədə yer aldınız?

Muxtar Həşimov: Əvvəla, mən də sizi salamlayıram, hər zaman döyüşçülərə, Vətən müharibəsi iştirakçılarına dəyər verdiyinizə görə sizə, kollektivinizə təşəkkür edirəm. Ermənistanın Azərbaycana qarşı təcavüzkar mövqe tutduğu ilk illərdə Laçın rayonunun Cicimli kənd orta məktəbində direktor müavini idim. Bundan əvvəl Laçının Qorçu, Qazıdərəsi kəndlərində də müəllim işləmişdim. Artıq öz kəndimizdə işləyirdim. Bizdə hadisələr digər bölgələrdən əvvəl başladı. 1988-ci ildən biz özümüzdən asılı olmayaraq faktiki müharibəyə cəlb olunduq. Yaşadığım kəndin ərazisi belə idi ki, üç tərəfdən erməni kəndləri ilə əhatə olunmuşduq – Cicimli Laçının sərhəddəki axırıncı kəndidir. Tək çıxış yolumuz Güləbird kəndi istiqamətində idi.  Belə bir vəziyyətdə kənd həmişə ermənilər tərəfdən təzyiqlərə məruz qalırdı. Mal-qaramızı oğurlayırdılar, hətta bir çobanımızı öldürmüşdülər. Kəndi tez-tez atəşə tuturdular. Müharibə başlayana qədər – dörd il müddətində biz kəndimizi qorumaq üçün müdafiə dəstələri düzəltdik; gecələr növbə çəkirdik, gündüz işimizə gedirdik - məktəbin zavuçu idim. Kəndin dörd yerində müdafiə postları qurmuşduq. Müdafiə komitəsinin sədri olduğuma görə, gecələr, demək olar ki, yatmırdım. Hər gecə bütün postlara baş çəkirdim ki, nəsə çətinlikləri, ehtiyacları olar. Silah, demək olar ki, yox idi.

- Bəs nə ilə müdafiə olunurdunuz?

- Əksəriyyət soyuq silah idi – balta, yaba və s. Hər postda bircə dənə quş tüfəngi vardı. 1991-ci ildə nizami ordu yaranmağa başlayanda biz bölük şəklində Laçın alayının tərkibinə alındıq. Əvvəl birinci əlahiddə batalyon, sonra alay quruldu. Silah ilə - avtomatlarla təmin olunduq. Bundan sonra müdafiəni daha yaxşı təşkil edə bildik. Təəssüflər olsun ki, bəzi anlaşmazlıqlar, yaxud xəyanət nəticəsində, səbəb nə olursa olsun, Şuşa işğal olunanda (8 may, 1992) Laçın rayonu çətin vəziyyətdə qaldı. Artıq Şuşa istiqamətindən də müdafiə olunmaq zərurəti yaranmışdı. Mərkəzdən gətirilmiş qoşun hissələri geri çəkiləndən sonra ancaq yerli əhali ilə bu işi təşkil edirdik. Laçın şəhəri ağır artilleriya atəşinə tutulurdu. Əhali şəhəri boşaltmışdı. Buna baxmayaraq, bizim cənubda yerləşən kəndlərimiz – Cicimli, Güləbird, Qazıdərəsi, Səfiyan, Fərəcan kəndlərində müdafiəni davam etdirirdik. Laçının işğalından (17-18 may, 1992) sonra da biz bir ildən çox – 1993-cü ilin sentyabr ayının sonuna kimi həmin kəndlərdə müdafiə olunmağa davam etdik. Döyüşlərdə Laçının bir neçə kəndini düşməndən azad etdik, düşmənə xeyli sayda itki verdirdik, xeyli zirehli texnikasını ələ keçirdik. Bu müddət ərzində taqım komandirindən sonra bölük komandiri, taborun qərargah rəisi, tabor komandiri, briqada komandirinin müavininə qədər döyüş yolu keçdim. Mayor hərbi rütbəsinə qədər yüksəldim. Döyüşlərdə üç dəfə ağır yaralansam da, hər dəfə yenidən cəbhəyə qayıtdım. Atəşkəs imzalanana kimi ön cəbhədə vuruşmağa davam etdim.

- Bəs atəşkəsdən sonra necə, müəllimliyə qayıtdınız, yoxsa hərbi sahədə qaldınız?

-  Atəşkəsdən sonra da hərbi xidmətimə davam etdim. Müdafiə postlarının qurulması, ordunun formalaşması üçün əlimdən gələni edirdim. Atəşkəs şərti idi, sərhəd bölgəsində yer-yer atışmalar davam edirdi. 2003-cü ilə qədər hərbi xidmətimi davam etdirdim. Sonra ehtiyata buraxıldım. Rus dili və ədəbiyyatı müəllimi olsam da, artıq o dilə, o ixtisasa rəğbətim qalmamışdı. Yenə də məktəblərdə hərbi sahədə öz bildiklərimi öyrətməyə, faydalı olmağa çalışdım. Naxçıvanski adına hərbi liseydə, 261 saylı məktəb-liseydə, 290 saylı məktəbdə hərbi rəhbər kimi çalışdım, Bakıda Müəllimlər İnstitutunda hərbi sahə ilə bağlı, mülki müdafiə ilə bağlı mühazirələr oxudum. Yəni bundan sonrakı illərdə də hərbi sahə ilə əlaqəmi kəsməmişdim. Sadəcə son bir neçə il idi ki, səhhətimlə bağlı təqaüdə ayrılmışdım.

- Bəs yenidən döyüşlərə cəlb olunmağınız necə, özünüz könüllü getdiniz, yoxsa rəsmi bir tələb oldu?

- Vətən müharibəsi başlayanda dərhal hərbi komissarlığa gedərək müraciət etdim. Ürək çatışmazlığı və şəkər xəstəliyi səbəbilə müalicə alırdım. Səhhətimi, yaşımı, əvvəlki müharibədə aldığım yaraları nəzərə alaraq heç bir komissarlıq müraciətimi qəbul etmədi. Yaşım altmışı keçdiyi üçün ehtiyatdakı zabit kimi də müraciətimə baxmırdılar, qanun buna yol vermirdi. Ümidimi kəsib qayıtdım evə. Bir gün - müharibənin onuncu günü idi, 44 günlük müharibə davam edirdi -  evə zəng gəldi. Həmin vaxt ordumuz xeyli irəliləmişdi. Cəbrayıl rayonu və bir çox kəndlərimiz azad edilmişdi. Məni təcili Müdafiə nazirliyinə çağırırdılar. Orada bir hörmətli general-leytenantımızın qəbulunda oldum. Mənimlə birgə Laçından başqa bir cəbhə yoldaşım – mayor Çingiz Qəhrəmanovu da çağırmışdılar. Qoşunlarımızın irəliləməyə davam etdiyini, artıq düzənlik, açıq sahələrdən keçərək dağlıq, meşəlik əraziyə çatdığını dedi. Tezliklə Laçın-Qubadlı ərazisində olacağıq dedi, orada bizə ərazini tanıyan şəxslər lazım olacaq. Sənədlərimizə əsasən o bölgədə batalyon – tabor komandiri olduğumuzu bilirdi. Dedi ki, hər iki rayon ərazisində xidmət etmisiniz, ərazini sizdən yaxşı tanıyan olmaz, oraya gedə bilərsiniz? Dedim ki, nə danışırsan, bundan ötəri ölmürük?.. Səhhətimi soruşdu, dedim ki, bunlar hamısı ikinci dərəcəli məsələlərdir. Söhbətimiz axşam saatlarında baş tutmuşdu, doqquz-on radələrində. Səhər tezdən saat yeddidə avtobus təşkil olunacaqdı. Özümüzlə otuz-qırx nəfər köhnə döyüşçülərdən götürə biləcəyimizi dedi. Belə də etdik, Laçının “Qazi və şəhid ailələri birliyi”nin sədri Babək müəllimlə əlaqə saxladıq, o da köməklik etdi, otuz nəfər laçınlı döyüşçü ilə - biri Qubadlıdan idi - birgə  səhər tezdən cəbhə bölgəsinə yola düşdük. Ora çatan kimi Daşburun ərazisində silahlanıb döyüşlərə atıldıq. Bizim istiqamətimiz bilavasitə Laçın-Qubadlı ərazisi idi.

- Müharibə qurtarana qədər orada qaldınız?

- Bəli, Şuşa azad edilənə, ayın onunda müqavilə imzalanana qədər səngərdə, əsgərlərin yanında idik. Bütün kəşfiyyat işlərində, hücumun qurulmasında iştirakımız olurdu. Döyüş üçün nə lazımdırsa, kömək edirdik. Gecə postlarında Laçının dağlarında, sıx meşələrdə insanı vahimə basır. Gənc əsgərlərə dəstək üçün hər postda mütləq bizim dəstədən, təcrübəli döyüşçülərdən bir nəfər dayanırdı. Həm ərazinin müdafiəsində, həm də açıq ərazi döyüşlərində iştirak edirdik. Təsadüfi deyil ki, bizim otuz nəfərlik dəstədən səkkiz nəfər bu döyüşlərdə yaralandı. Mənim üçün çox xoş, əvəzedilməz bir duyğu idi ki, öz kəndim (Cicimli) istiqamətində döyüşü mənim özümə həvalə etmişdi, general Əfəndiyev. Mənim həyatımın mənası, həyatımın istəyi bu idi. Dörd il bundan əvvəl həccə getmişdim. Orada da, Kəbənin qarşısında dayanıb dua etmişdim ki, ya Rəbbi, vətənimizi qaytarmağa bizə kömək elə, o döyüşlərdə mənə də əlisilahlı iştirak etməyi qismət et! Həcc yoldaşlarım təəccüb edirdilər ki, bu yaşda hələ də əlinə silah götürüb döyüşə getməyi düşünürsən? Dedim ki, bu mənim ən böyük arzumdur.

- Muxtar müəllim, Qarabağ müharibəsinin hər iki mərhələsində iştirak etmisiniz. O ilk illərlə müqayisədə ordumuzun inkişafını necə dəyərləndirərdiniz?

- Oğullarımızın ruh yüksəkliyi, vətənpərvərliyi, sizə deyim ki, hər iki müharibədə çox yüksək səviyyədə idi. Azərbaycan oğlu, Azərbaycan əsgəri hər zaman vətənini çox sevib. Vətən uğrunda yüzlərlə, minlərlə şəhid vermişik – həm birinci müharibədə, həm də ikincisində. Amma onu da deyim ki, birinci müharibədə silahımız yox idi, arxamız, dayağımız yox idi, bir çox çətinliklər var idi. Hərc-mərclik var idi, vahid rəhbərlik yox idi. Batalyonlar öz döyüş istiqamətlərini özləri təyin edirdi. Belə şeylər, təəssüf ki, ümumi döyüşə təsir edir. Amma indiki təşkilatçılıq, komandanlıq, silah, texnika tamamilə başqa idi. Həmçinin qardaş ölkələrdən böyük köməkliklər olurdu, bunu danmaq olmaz. Eləcə yanında olduğunu, arxanda dayandığını ifadə etməsi belə insana çox böyük mənəvi dayaq, ruh yüksəkliyi verir. Bütün bunlara baxanda çox böyük fərqlər görürdük. Biz zəfəri, qələbəni orada, səngərdə yaşadıq, həmin gün sevincimizin həddi-hüdudu yox idi. İnsan adi bir münaqişədə üstün çıxanda sevinir. Bu isə Vətənlə, torpaqla bağlı idi, bu sevinci kəlmələrlə ifadə etmək mümkün deyil. Bu bizim üçün sonsuz bir həyat neməti oldu, buna görə Allaha çox şükür edirəm.

- Qazandığımız zəfəri qorumaq, bu duyğuları gələcək nəsillərə aşılamaq üçün nələr etməliyik?

- İyirmi beş ildən çoxdur ki, mən də hərbi hissələrdə, məktəblərdə, ali məktəblərdə gənclərimizin bu səpkidə təlim-tərbiyəsi ilə məşğul olmuşam. Bütün dərslərimizin, danışıqlarımızın mövzusu Vətəni sevmək, bunu quru-quru dildə söyləmək yox, həqiqətən hiss etmək olub. Son dövrlərdə biz həqiqətən şahidi olduq ki, insanlarımız, gənclərimiz necə həvəslə orduya gedir, hərbi xidməti yerinə yetirirlər. Cənab Ali Baş Komandanımızın da dediyi kimi: Bizim ordumuzda bir nəfər də fərari olmamışdır. Amma düşmən ordusunun yarısı silahını qoyub qaçmışdı. Bu əvhali-ruhiyyəni qorumaq, yaşatmaq lazımdır. Mən bu sahədə tez-tez qardaş Türkiyədə şahidi olduğum bir nümunəni dilə gətirirəm: Analar övladını döyüşə göndərərkən deyir ki, oğul, get Vətəni qoru, şəhid ol! Təkcə şəhid olmaqla da razılaşmır, deyir ki, əgər sırtından (arxadan) güllə yarası alsan, sən mənim övladım deyilsən! İndi bizim analarımızın da bu səviyyədə yüksək duyğulara sahib olduğunu son döyüşdə hiss etdik, şahidi olduq. Belə analarımız olduğu müddətcə heç bir zaman məğlub olmayacağıq. Ümumiyyətlə, bütün ziyalılar, jurnalistlər, yazıçılar, hamımız çalışmalıyıq ki, millətimizi bu ruh yüksəkliyində saxlayaq, Vətənin müqəddəsliyini daim yaddaşlarda diri tutaq. Üstündəki evdir, tikilidir, mühüm deyil, bunlar dağılsa da, yenidən tikmək olar; mühüm olan o torpağa hakim olmağımızdır. Gəncləri bu şüurla yetişdirməliyik.

- Təşəkkür edirik, Muxtar müəllim.

- Əsl mən təşəkkür edirəm. Allah xalqımızı, millətimizi, sizləri qorusun!

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz