İnsan qədər qədim olan Virus, SUİ-ZƏNN
Sözünü açdığımız zəmanə dərdlərindən biri olan viruslar budaqdan-budağa qonmağa davam edir. Kompyuterimizi korlayan, telefonumuzu sıradan çıxaran və s. bir çox viruslar artıq bizə tanışdır.
Bu viruslar ümumiyyətlə bəzi avadanlıqlarımızı xarab etsə də, onlardan daha dəhşətlilərinin insanlar arasında gen-bol gəzib-dolaşdığı acı bir həqiqətdir.
O, bir çox insanın daxilində uzun müddət qaldığı kimi bəzən onun varlığından xəbər tutmaya da bilirik. Bu da bizim dünyagörüşümüzlə əlaqədardır.
Bu dəhşətli virus mənəvi xəstəliklərdən biri olan SUİ-ZƏNDİR. Bu virusa yoluxan xəstələrin müayinə və müalicəsi öz istedadlarına görə müxtəliflik göstərə bilər.
Bilərək, ya da bilməyərək bizə yoluxan sui-zənn virusu barəsində Uca Rəbbimiz xəbərdarlıq edərək belə buyurmuşdur:
“Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır…” (əl-Hucurat,12)
Müqəddəs kitabımızda bizə ciddi xəbərdarlıq edilərək “sui-zəndən çəkinin” buyurulduğu halda bizə nə olub ki, özümüzü bu sağalmaz xəstəlikdən qurtara bilmirik?...
Baxın, başqa bir ayədə Rəbbimiz nə buyurur:
“Onların əksəriyyəti ancaq zənnə uyar, zənn isə əsla həqiqət ola bilməz...” (Yunus:36)
Bəli, biz zənnə uyuruq. Bununla da həm bir çox qardaşımızın günahını alırıq, həm də ara vururuq. Bununla da bir çox qardaşımız haqqında pis fikirləşdiyimiz kimi, başqalarını da bizim yalan zənnimizə inandırmağa çalışırıq.
Halbuki sui-zənn, dəqiq bilmədən hökm vermək, başqaları haqqında pis fikirləşmək böyük günahlardan biridir. Madam ki belədir, onda dəqiq bilmədiyimiz bir şey haqqında fikirləşmək və danışmaq çox səhv bir hərəkət deyilmi? Bax, oxu və bir az düşün, Allah təala bu barədə buyurur:
“(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə. Çünki qulaq, göz və ürək-bunların hamısı sorğu-sual olunacaqdır.” (əl-İsra, 36)
Rəsulullah (s.ə.s) belə buyurur:
"Pis zənn bəsləməkdən çəkinin. Çünki zənn, sözlərin ən yalanıdır." (Buxari, Müslim)
"Hər eşitdiyini söyləmək insana yalan olaraq kifayət edər." (Müslim)
“Sui-zənn səhv qərar almağa səbəb olur…” (Müslim)
Bir savaşda, kəlmeyi- şəhadət gətirən birisini öldürən kimsəyə, Resulullah (səs), “Kəlmeyi-şehadət söyləyən kimsəni nə üçün öldürdün?”-buyurdu. O kimsə da “Dili ilə söyləyirdi, amma qəlbi ilə inkar edirdi.”-dedi. Peyğəmbərimiz (s.ə.s) “Qəlbini yarıb baxdınmı?”-deyərək onu töhmətlədi.
Bu qədər qəti, dəqiq və açıq dəlilər olduğu halda bəs, daxilimizdə israr və inadla sui-zənn virusunu daşımağımızın səbəbi nə ola bilər, heç fikirləşdikmi?...
Bunun təməlində psixoloji bir narahatçılığın olduğu aydındır. Ona görə də bu xəstəliyin təməlində təkəbbür var, insanları həqir görmə var, daha mühüm olanı isə özünü həddən artıq bəyənmə var. “Mən daha yaxşı bilirəm, mən daha təcrübəliyəm” kimi özünü bəyənmə və təkəbbür qoxusu gələn cümlələrə dilini öyrəşdirən mömin bir müddət sonra öz dediklərinə o qədər inanır ki, daha heç kimi bəyənmir. Allah qorusun!
Bəs, bu virusun müalicəsi mümkündürmü?
Əslində sui-zənn virusunun müalicəsi çox bəsit və zəhmətsizdir. Necə? Qəlbimizə, beynimizə, daxilimizə hüsnü-zənn (yaxşı fikirləşmək) anti virusu yeritmək, dilimizi də buna öyrəşdirmək lazımdır. Gəlin bu barədə bizə ən çox köməyi dəyəcək olan Peyğəmbərimiz Həzrət Məhəmməd (s.ə.s)-in mübarək kəlamlarına qulaq asaq və sui-zənn deyilən bu xəstəlikdən qurtulaq:
Rasulullah (s.ə.s) bir gün Kəbəni təvaf edərkən:
“Ey Kəbə! Sən nə gözəlsən, qoxun da nə xoşdur! Sən nə ulusan, hörmətin də nə ucadır! Məhəmmədin ruhunu əlində tutan Zata and içirəm ki, bir möminin Allah qatındakı hörmət və qiyməti sənin hörmətindən daha böyükdür…
…Şübhəsiz Allah təala səndə bir şeyi haram qıldı; səni haram bölgəsi etdi. Fəqət möminin üç şeyini haram qıldı; malını, qanını və şərəfini… Bir də Mömin haqqında pis zənn bəsləməyi yasaqladı”(İbn Macə)
Əgər biz sui-zənnə məruz qalırıqsa onda nə etmək lazımdır? Əlbəttə səbirli olmaq, sonra peşman olacağımız davranış və hərəkətlərə əl atmamaq lazımdır.
Eşitdiyimiz bir sözün və ya xəbərin doğruluğunu araşdırmalıyıq.
Hər duyduğumuz, gerçək deyildir. Gerçək olduğunu qəbul etsək belə onu başqalarına söyləmək lazım deyil. Bəzi kimsələrin söz və davranışlarına baxaraq kiminsə haqqında təxminlə hökm vermək xətadır, günahdır.
HEKAYƏ
Dağ evində, əri təzəcə ölmüş təkbaşına yaşayan hamilə bir qadın, özünə yoldaş olması üçün dağda tapdığı yaralı bir gəlinciyi (heyvan cinsi) evində bəsləməyə başlayır. Gəlincik qadının yanından bir an belə ayrılmır, əl quzusu kimi daim onun yanında olur. Bir müddət sonra qadının uşağı dünyaya gəlir. Gəlincik uşağa zərər verməsin deyə qadın ona çox diqqət edir. Bir gün bu qadın qısa müddətlik evdən ayrılmağa məcbur olur. Gəlinciklə körpə evdə qalırlar. Aradan bir az keçmiş ana qaça-qaça evə qayıdır. Gəlinciyin ağzına bulaşmış qanı yaladığını görür. Ana qeyzlə gəlinciyə hücum çəkib bir andaca onu öldürür. Elə bu zaman içəri otaqdan körpənin ağlaması eşidilir. Ana körpənin yanına qaçır, uşağın beşiyinin içində parçalanıb öldürülmüş ilanı görür...
ŞƏRHLƏR