Cəhənnəm Odunun Dəyməyəcəyi Göz

Cəhənnəm Odunun Dəyməyəcəyi Göz

Fənər işığının altında növbədəki post-patrul xidmətindəki əsgərlərin adları oxunmağa başlandı. Əsgərlərə belə deyilirdi: Siz posta gedirsiniz, qalxın, cəld olun, üstünüzü geyinin, yoldaşlarınızı düşünün, gecikməyək, onları vaxtında dəyişək.

Əsgərlər elə hesab edirdi ki, sanki postdan beş dəqiqə əvvəl qayıdıblar. Gecənin zülmətində postdan iki saat əvvəl qayıtmışdılar. Və bu yolu yenidən qət edilməli idilər. Postun vaxtına hələ 40 dəqiqə var idi. Lakin hər tərəf qarla örtülmüşdü, 15 dəqiqəlik yolu indi 30 dəqiqəyə getmək mümkün idi. Əsgərlərin geyinib hazırlaşması, silahların götürülməsi və s. Elə tam vaxtında çağırılmışdıq.

Çöldə qatı qaranlıq hakim idi. Göz-gözü görmürdü. İki saat əvvəl səngərdəki qar dizə çatırdı, amma indi bu qar qurşağa və daha yuxarı çatırdı. Külək və çovğun bütün qarı sanki səngərin içinə süpürmüşdü. Ancaq bu yol və bu qar aşılmalı və qət edilməli idi. Bu qarın altında düşmən postu ilə üzbəüz dayanaraq torpağın keşiyini çəkən, düşməni müşahidə edən əsgər yoldaşlarımız dəyişilməli idi. Nəhayət ki, qarı yara-yara postumuza yaxınlaşdıq. Uzaqdan bir adam gəldiyimiz istiqamətdə fənər işığı yandırır və “duuur parooool” deyərək kim olduğumuzu soruşdu. Çətin də olsa postumuza vaxtında gəlib çatmışdıq. Post-patrul xidmətindəki əsgərlər sağ-salamat idilər və heç bir hadisə də baş verməmişdi. Ancaq, bir az geciksəydik onların soyuqdan donma ehtimalı var idi. Bundan başqa ətrafda hərlənən ac düşmən itləri, tülkü və çaqqallar hər an əsgərlərə hücum edə bilərdilər. Azacıq qəflət, azca mürgü və yuxu düşmənin postumuza girməsi üçün kifayət idi. Post müddəti boyunca düşmən tərəfinə nəzarət edən əsgərin nəsibi bir düşmən gülləsi də ola bilərdi. Buna qarşı tədbir isə, qar-yağış, çovğun külək demədən daim silah çiynində, əl tətikdə hazır vəziyyətdə düşməni müşahidə altında saxlamaq və postu qorumaq idi. Bu əsgərlər sanki insan bədənini viruslardan və kənar müdaxilələrdən qoruyan, virusun digər orqanlara sızmasının qarşısını alan hüceyrələrin vəzifəsini icra edirdilər. Vətəni qoruyurdular.

Öz aralarında söhbət edən əsgərlərdən bəzisi: “səngərin içi belə-belə döşənsəydi palçıq olmazdı.” Bəzisi: “səngərin üstü belə-belə örtülsəydi qar və yağış səngərin içinə yağmazdı,” Bəzisi də məsələyə daha geniş baxaraq: “Xeyr! düz demirsiniz. 15 il əvvəl bu səngərlər yox idi. Gördüyünüz düşmən tapdağındakı bu dağların hamısı, 2 km uzaqlıqdakı işıqları yanan bu kəndlər, kəndlərdəki bütün evlər bizimdir. Torpaqlarımız geri alınmalıdır. O zaman səngəri döşəməyə də, üstünü örtməyə də ehtiyac olmayacaq” deyirdi.

Bu çətin şəraitdə sərhəddə, səngər içərisində keşik çəkərək yatmayan və düşməni müşahidə edən əsgərlərə Hz. Peyğəmbərimizin (s.ə.s) bir müjdəsi var. O, bir hədisində belə buyurur:

İki cür gözü cəhənnəm atəşi yandırmayacaq: Biri Allah qorxusundan ağlayan göz, digəri Allah yolunda yumulmadan səhərə çıxan gözdür.” (Tirmizi, Fəzailul-Cihad 12)

Yəni düşmən müdaxiləsinin qarşısını almaq üçün növbə çəkərək səhərə qədər yumulmayan göz.

Bu hədis ölkəmizdə hər üç aydan bir hərbi xidmətə çağırılan gənclərimizə, həmçinin səngərlərdə yay-qış, isti-soyuq demədən torpaqlarımızın keşiyini çəkən, düşməni nəzarət altında tutan əsgər qardaşlarımıza böyük bir müjdə, mənəvi güc və ruh yüksəkliyi vermək baxımından çox əhəmiyyətlidir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz