ZƏVVARLARA TÖVSİYƏ
Qurban bayramı ərəfəsində həccə gedəcək olan zəvvarlarımızı xoş bir həyəcan bürüyür.
Bir tərəfdən mübarək bölgələrə getməyin sevinc qarışıq həyəcanı, digər tərəfdən həcc ibadətini layiqincə etməyin təlaşı. Orada nələrə diqqət etməli, özümüzlə nələr götürməli, hansı xüsusları göz önündə tutmalıyıq? Həcc və ümrə mali və bədəni bir ibadətdir. Elə isə hər şeydən əvvəl dinimizin bu əmri haqda kifayət qədər məlumat almalı, həccin və ümrənin ediliş şəklini, fərzlərini, vaciblərini, sünnə və müstəhəblərini öyrənməliyik. Bu barədə müvafiq kitablardan, dini ədəbiyyatlardan oxuyub öyrənmək mümkündür. Eyni zamanda daha əvvəl həccə gedən tanışlarımızdan lazımi məlumatları ala bilərik.
Burada qeyd edəcəyimiz bir sıra fərdi və ictimai xüsusları göz önündə tutun:
- Səfərə çıxmazdan əvvəl bütün tanıdıqlarınızla halallaşın. Aranızda inciklik və küsülülük olanlarla barışın. Ümumiyyətlə müsəlmana yaraşmayan bu kimi neqativ halların aradan qaldırılması xüsusi ilə həcc kimi mənəvi bir səfər hazırlığında ilk tədarük olmalıdır.
- Həccə gedəcəyiniz dəqiqləşdikdən sonra hər gün müəyyən qədər piyada gəzin. Çünki qarşıda sizi uzun müddət ayaq üstə qalacağınız və piyada gəzəcəyiniz bir ibadət gözəyir.
- Digərləri ilə qarışma ehtimalını nəzərə alaraq çantanızı işarələyin.
- Mütəmadi olaraq qəbul etdiyiniz dərmanlarınız varsa, onları artıqlaması ilə götürün. Həmçinin ehtiyat məqsədi ilə ağrıkəsici, qan təzyiqini tənzimləyici, ishal kəsici və s. kimi dərmanlar götürün.
- Ayağınıza rahat olan ayaqqabı və başmaqdan istifadə edin.
- Təmizliyə riayət edin və tez-tez əlinizi sabunla yuyun. Unutmayın ki, milyonlarla adamın ziyarətə gəldiyi bir yerdə hər kəs kiçik bir çöp atsa, ətrafda təmiz yer qalmaz. Ona görə dinimizin əmri olan təmizliyə riayəti burada da ön planda tutmalıyıq.
- Mümkün mərtəbə dəstəmazı oteldə alın. İbadət üçün getdiyiniz yerlərdə qələbəlik olduğu üçün ayaqyolu ehtiyacınızı təmin etmək və dəstəmaz almağınız üçün çətinlik yarana bilər. Həmçinin təvaf əsnasında həddən artıq zəmzəm içməyin ki, rahat hərəkət edə biləsiniz. Zəmzəm suyunun bədəndən yalnız tər vasitəsi ilə çıxdığı tibbi cəhətdən sübut olunmuşdur. Bu xüsusu diqqətə alın.
- Hər gün qüsl almağa çalışın. Bu həm sizin təmizliyiniz, həm də ətrafdakıları tər qoxusu ilə narahat etməməniz üçün zəruridir.
- Pulunuzun hamısını özünüzlə götürməyin. İzdihamda pulunuzu və qiymətli əşyalarınızı itirmə təhlükəsi hər zamankından çoxdur.
- Vaxtınızı alış-verişə deyil, mənəvi olaraq mübarək məkanlardan faydalanmağa ayırın. Hədiyyə üçün zəmzəm və xurma kifayət edər. Unutmayın ki, bəlkə də ömrünüzdə bir daha həcc etmə imkanınız olmayacaq. Elə isə Məscidi-Həram və Məscidi-Nəbəvidə, mübarək məkanlarda çox zaman keçirməyə çalışın, bu mübarək yerlərin hər daşından istifadə edin.
- Səbirli olun. Hər cür və müxtəlif xasiyyətli insanın gəldiyi bir məkanda razı qalmayacağınız bir çox mənzərə ilə qarşılaşa bilərsiniz. Hətta gözünüzə natəmizlik kimi bir çox mənzərələr dətə bilər. Bu kimi hallarda səbirli olun, özünüzdən çıxmayın. Unutmayın ki, dünyanın istənilən ölkəsinə, istənilən şəhərinə bir gündə hər biri ayrı-ayrı mədəniyyət və xarakterə mənsub millətlərdən milyonlarla qonaq gəlsə, həmin şəhərin mənzərəsi eyni olacaq. Elə isə kimisə günahlandırmadan, başınızı aşağı salıb ibadətinizlə məşğul olun. Həcc ibadəti insanın öz nəfsini hesaba çəkəcəyi bir ibadətdir.
- Dünyanın harasından gəlməsindən asılı olmayaraq hər kəsin qardaşımız olduğunu bilməliyik. Həcc milli kimliklərin bir kənara qoyulduğu və ümmət şüurunun ön planda tutulduğu bir ibadətdir. Bunu nəzərə alın.
- İmkanınız daxilində Həzrət Peyğəmbərin sünnələrini işləməyə çalışın, İslam böyüklərinin tövsiyələrini diqqətə alın.
- Qafilə başçısına tabe olun. Özbaşına hərəkət etməkdən, qafilədən uzaqlaşmaqdan çəkinin. Unutmayın ki, qafilə rəhbəri də hər şeydən əvvəl sizin kimi həcc ibadətini yerinə yetirir. Bu məsuliyyətli işdə onlara yardımçı olun.
- Təvaf, səy və diğər ibadətlərdə insanlara əziyyət verməkdən çəkinin. Məsələn, Həcərul-Əsvədi öpəcəyəm deyə sizdən zəifləri əzib keçməyin. Hz. Peyğəmbərin tövsiyəsi bu istiqamətdədir. Həcəri-Əsvədi öpmək sünnə, başqalarına əziyyət verməməksə vacibdir. Vacib əmələ riayət sünnədən daha zəruridir.
- Təvaf əsnasında dua və zikr edərkən səsinizi çox da yüksəldərək başqalarını narahat etməyin.
Həccimizin qəbul olması, günahlarımızın bağışlanaraq ömrümüzdə yeni bir səhifənin açılması üçün bu və bu qəbildən olan məsələlərə diqqət etməliyik. Ədəb qaydalarına riayət edərək təmkinimizi qorumalı, özümüzün və başqalarının ibadətinə xələl gəlməsindən son dərəcə çəkinməliyik. Həcciniz qəbul olsun!
ŞƏRHLƏR