ÇİN MALI KƏBƏ

ÇİN MALI KƏBƏ

Yeni aldığı yataq dəstindən ilk dəfə istifadə edəcəkdi. Yatağa girərkən “inşallah bu yeni yataq dəsti üzərində sevdiklərimi doya-doya yuxuda görərəm”,- deyə dua edərək yatdı.

Bir söhbətdə dərvişlərin həsrətini çəkdikləri böyüklərini tez-tez yuxuda gördüklərini eşitmişdi. Dərvişlər nə zaman sevdiklərini yuxuda görməsələr “görəsən, nə günah işlədim, hansı xətam oldu ki, gözəli görməkdən məhrum oldum”, - deyə özlərini məzəmmət edərlərmiş. Uzandığı yerdə öz-özünə “özünü nə isə zənn etmə, dərvişlik hara, mən hara?” – desə də sevdiklərini yuxuda görmə ümidi hələ də canlı idi.

Bir neçə gündən sonra yuxuda heç gözləmədiyi və görməyə ümidinin olmadığı bir zamanda Məkkəni gördü.

Kəbənin ətrafında yeni ucaldılmış saat qülləsi, ətrafındakı nəhəng otellər, asfalt, elektrik dirəkləri, açılıb-bağlanan günəşliklər və maşınların heç biri yox idi. Sanki zamanda yolçuluğa çıxmışdı. Məkkə milyonlarla insanın yaşadığı şəhər olmaqdan çox uzaqdı. Kiçik bir qəsəbəyə bənzəyirdi. Kəbə uzaqdan bütün ehtişamı ilə görülür, dəvələr gəzir, yer qum və torpaq, qoyun çobanları tozu dumana qataraq sürünü bir yerdən başqa yerə aparırdı.

Kəbəyə yaxınlaşırdı. Xurma ağaclarının Mövlana kimi “gəl-gəl” deməsini belə eşitmirdi. Şəhərin ən yüksək tikilisi Kəbə idi. Nə qədər də möhtəşəm görsənirdi.

Evlərinin yaxınlığında şırhaşırla axan kanalda üzdüyü zaman öyrənmişdi. Üzərkən az enerji sərf edib çox məsafə qət etməyin yeganə yolu axıntıya təslim olmaqdı. Özünü axıntıya təslim edən insan yorulmaz, axıntı onu bir yerdən başqa bir yerə sürətlə çatdırar. Az enerji ilə sürətli məsafə qət etmək istəyənlər üçün dənizdə və göldə üzməyin demək olar ki caibəsi yoxdur. Dənizdə və göldə sərf etdiyin enerji nisbətində məsafə qət edirsən. Çox vaxt dağlaların ucbatından yerində eşən maşın kimi yerində saymaq da mümkündür. Kəbəyə doğru az enerji sərf edərək çox sürətli getdiyini hiss edirdi. Sanki ayaqları yerdən kəsilmişdi. Kəbəyə yaxınlaşdı. Nəfəs alıb-almadığından xəbərsizdi. Artıq vücudunu hiss etmirdi. Bir dəfə kanalda üzərkən arxası üstə uzanıb axıntı istiqamətində üzərkən özündən getmişdi. Gözlərini açanda xeyli irəlilədiyini fərq etmişdi. Suda yaşadığı yuxu ilə özündəngetmə arası şüur itkisini, zaman və məkandan uzaqlaşmağı Kəbəyə yaxınlaşarkən yaşayırdı.

Kəbə ətrafındakı rəvaqları gördü. 600 il dünyaya hökm edən dövlətin Osman qazidən başlayaraq bütün fərdləri orada hazır dayanmışdılar sanki.

Kəbənin qapısını gördü. Qapıda əlindəki balta ilə içəridəki 360 bütü sındıran peyğəmbərlər sultanı gözləyirdi sanki.

Həcərul-Əsvədi gördü. Yanında Hz. İbrahim, Hz. İsmayıl vardı sanki. Bir az irəlidə Hz. Adəmdən bəri bütün möminlər orada idi sanki. Bütün zaman və məkanlar Kəbəni sevənlərlə birlikdə sanki Kəbənin ətrafına dürülmüşdü.

Beytullahı təvafa başladı. Zəmin televizorda və sənədli filmlərdə gördüyü kimi mərmərdən deyildi. Yağmağa başlayan yağışla Kəbənin ətrafını torpaq ətri bürümüşdü. “Nə gözəl torpaq”, - dedi. Yer yamyaşıl çəmənlik də olsa pis olmazdı. Təvaf zamanı yerdəki qarışqaları gördü. “Nə gözəl”, - dedi, “Kəbə sadəcə bizim deyil ki”. Qarışqalar da müsəlmandır. Bunların üstünü mərmərlə örtmək zülmdür. Torpaqdan yaradılanın torpaq üzərində təvaf etməsinin ayrı bir gözəllik olduğunu bütün hüceyrələrinə qədər hiss etmişdi.

Kəbəyə yaxınlaşdı. Qara örtüyündən tutub öpdü. Anasının ətrini və onun bəyaz baş örtüsünü xatırladı. Anasından yapışıb onu öpmüş kimi oldu. Ağlamağa və örtüyə sarılmağa başladı. Kəbə getdikcə böyüməyə və ucalmağa başlayarkən o gecədə qeyb olurmuş kimi Kəbənin qara örtüyü içində əriyirdi.

Öz-özünə “Həyat Kəbədir, həyat Kəbədir, həyat sarılmaqdır, həyat ağlamaqdır, həyat sevməkdir”, - deyirdi.

Kəbənin örtüyündən yapışıb əlini, üzünü ona sürtərək ağlayarkən gözü Kəbənin aşağı sağ küncündə daşa həkk olunmuş “made in china” yazısına və supermarketlərin vazkeçilməzi olan böyük bir barkoda sataşdı. Beynindən vuruldu sanki. Göy qübbə başına uçdu. Axıntısına qapıldığı su bir anda durğunlaşmışdı. Yerdən kəsilərək havada uçan ayaqları üstə sərt düşərək bədəninin varlığını hiss etmişdi. Nəfəs aldığını duymağa, yaşadığını, fani olduğunu hiss etməyə başlamışdı. Havada uçan quşları fərq etdi. Uzaqdan bomba səsləri, motor səsləri, fabriklərin fasilə zəngi, əsgərlərin ahəngli addım səssləri də gəlirdi.

Kəbə və “made in china” nə demək idi? Gözlərini açdı və pəncərənin kənarından süzülən işığı gördü.

Çinlilərin milçək, ilan, qurbağa, tısbağa və köpək yediyini xatırladı. Ürəyi bulandı. Bu bulantının qat-qat artığı qəlbində baş qaldırmışdı. Öz-özünə: “Çin yox ikən də Kəbə vardı. Çin malı Kəbə ola bilməz. Olsa-olsa mənim Kəbəyə olan sevgim Çin malı keyfiyyətindədir”, - dedi. Çin malı olmayan günəşin işıq saçdığı keçələrdə yeni bir gün başlamışdı.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz