Həcci-məbrur üçün

Həcci-məbrur üçün

Şərtlərinə riayət edilərək ixlasla edilən həccə “həcci-məbrur” deyilir.

  Bildiyimiz kimi, həcc islamın beş şərtindən biri olaraq mal və bədənlə edilən bir ibadətdir. Yəni ibadət olduğuna inanılaraq edilən həcdə həm imkanlı olmaq, həm də həcc ibadətini yerinə yetirə bilmək üçün fiziki baxımdan sağlam olmaq lazımdır.  Bununla yanaşı həcc insan təfəkkürünün dərinləşdiyi ümdə bir ibadətdir. Əslində, həcci-məbruru anlaya bilmək üçün həccin mənəvi cəhətini  anlamaq lazımdır. Həcc bizə nələri xatırladır və biz həcdən hansı ibrətlərlə dönürük.  Həcdə Uca Allah bizdən fədakarlıq istəyir. Hz. İbrahim Haqq-Təalanın rizasını qazanmaq üçün bir cox fədakarlıqlar etmişdir. Hələ uşaq ikən bütlərlə mübarizə aparmış, Nəmrud tərəfindən alova atılmaq istənmiş, oğlu İsmayılı qurban kəsmək kimi bir imtahanla qarşı-qarşıya qalmışdır. Nəhayət, şeytanla mübarizə edərək nəfsinin pıçıltılarını daşlamış və bunun sayəsində Uca Yaradanın rizasına nail olmuşdur. Bu gerçəklər Qurani-Kərimdə “Saffət” surəsində öz əksini tapır.[1]

Həcdə edilməli olan bir başqa fədakarlıq isə normal şərtlərdə edilə bilən bir sıra şeylərin orada qadağan olduğunu bilməkdir. Qurani-Kərimdə belə buyurulur: Bu aylarda həcci yerinə yetirməyi niyyət edən kəs həcc ziyarəti əsnasında qadınıyla yaxınlıq etməməli, günah işlər görməməli və mübahisələrə qoşulmamalıdır”.[2] Bundan əlavə, hər kəsə və hər şeyə qarşı mərhəmətli olmaq lazımdır. Ehram paltarı geyinən hacılar heyvanlara, həşəratlara, hətta bitkilərə belə ziyan verməməlidirlər.

Başqa bir xüsus isə həccin insana axirəti xatırlatmasıdır ki, insan bunun sayəsində həcc əsnasında daha da diqqətli hərəkət edir. Məhşər meydanına bənzəyən təvaflar, Ərəfat meydanı və digər bütün izdihamlar insana hesab meydanını xatırladır. Bunun üçün də həcc əsnasında qəlbimizi bütün çirkablardan təmizləməyə çalışmalıyıq. Məhz belə bir ibadət şüurunda olan insan həcc əməllərini maksimim səviyyədə diqqətlə yerinə yetirməlidir ki, günahlarından təmizlənmiş bir şəkildə geri dönə bilsin. Hədisi-şərifdə həcci-məbrurla əlaqədar olaraq belə buyurulur: “Kim Allah üçün həcc edərsə, cinsi münasibət və fasiqliyi tərk edərsə,anasından doğulmuş kimi dönər”.[3] Başqa bir hədisi-şərifdə isə:“Həcci-məbrurun qarşılığı ancaq cənnətdir”,[4]-buyurulmuşdur.

Həmçinin həcc bizə bir ümmət şüuru aşılayır. Rəngindən, irqindən və dilindən asılı olmayaraq hər növ insanla rastlaşır və onların da sənin bir parçan olduğunu idrak edirsən. Minlərlə insanın yeganə məqsəd və məram üçün orada olduğunu anlayırsan. O məqsəd – Allahın əmrinə itaət və boyun əyməkdir!

Həcci-məbrur arzulayan insan bəzi xüsuslara diqqət etməlidir:

- Təbii ki, getmədən əvvəl həcci bizə ətraflı izah edən kitab və digər materiallardan orada ediləcək ibadət qaydalarını yaxşıca mənimsəməliyik.

- Həcc üçün ayrılan pul halal olmalı və həccə gedən kimsə üzərində haqqı olan insanlarla imkan daxilində halallaşmalıdır. Həcc əsnasında dedi-qodudan, qeybətdən və lazımsız söhbətlərdən uzaq durmaq lazımdır.

- Oradakı zamanı yaxşı dəyərləndirmək lazımdır. Çünki saylı günlərdə edilən həccin bərəkəti elə həmin günlərdədir. Məkkə və Mədinənin bizə Allahı və Rəsulunu daha yaxşı anladan məkanlarını ziyarət edərək təfəkkürümüzü dərinləşdirməliyik. Təvaflarımızı artırmalı, Quran tilavətini çoxaltmalıyıq. Səy edərkən Hz. Həcər anamızın təlaşını yaşamalı, ehtiyac anında insanın Allaha nə qədər dərindən yalvarıb-yaxarmalı olduğunu anlamalıyıq. Ərəfatdakı vəqfəmizdə birlik və bərabərliyimiz üçün dualarımızın sayını çoxaltmalıyıq. Minada şeytan daşlayarkən bunun nəfsin arzu və istəklərinə bir rədd olduğunu düşünməliyik. Mədineyi-Münəvvərədə yer alan Məscidi-Nəbini, Cənnət Bağçasını, Tövbə Sütununu, Cənnətül-Baqini tək-tək anlamağa çalışmalıyıq.

- Vaxtımızı daha çox ibadət və itaətlə keçirməliyik. Alış-veriş yerlərində həddən artıq vaxtımızı israf etməməliyik. Oradan dönərkən çoxlu hədiyyələr yerinə Məhəmməd İqbal demiş: “Hz. Əbu Bəkrin sədaqətini, Hz. Ömərin ədalətini, Hz.Osmanın həyasını və Hz. Əlinin irfan və şücaətini gətirməyə çalışmalıyıq”.

- İstər təvaflarda olsun, istər otellərdə və digər yerlərdə olsun qadın-kişi münasibətlərində islami ölçüyə diqqət edilməli və insanlara əziyyət verən davranışlardan uzaq durmalıyıq. Rəsuli-Əkrəm (s.ə.s) Hz. Ömərə təvafda insanlara əziyyət edərək Həcərül-Əsvədi öpməkdənsə, uzaqdan salam verməyin daha uyğun olduğunu söyləmişdir.[5] Bu xüsus İslam hüquq prinsiplərində belə yer alır: "Dəfi məfsədət, cəlbi mənafedən övladır" (fəsadı aradan qaldırmaq, yaxşılığı etməkdən daha mühümdür).

- Həmçinin bugünün müasir texnologiyasından da istifadə məsələsində ifrata varmamaq lazımdır. Kəbədə, Məscidi-Nəbidə və s. yerlərdə vaxtımızı coxlu şəkil çəkmək və internetdə dolaşmaqla zay etməməliyik.

- Bundan əlavə, həcc vaxtı önəmli olduğu kimi, həcdən döndükdən sonra da bu adı layiqli şəkildə təmsil etmək də bir o qədər mühümdür. Çox təəssüflər olsun ki, bəzi hacılar bu xüsusda hacı adından sui-istifadə edirlər. Halbuki bir insanın həccinin qiyməti etdiyi həcdəki səmimiyyət nisbətindədir. İnsan orada qazandıqlarını həyatı boyunca yaşamalı və keçən hər gün ixlas və səmimiyyətini daha da artırmalıdır.

 

 


[1] Bax. əs-Saffət, 37/102-111

[2] əl-Bəqərə, 2/197

[3] Buxari, Həcc, 4.

[4] Nəsai, Mənasikül-həcc, 3.

[5] Əzraqi, Əxbəri-Məkkə, I/333.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz