Qulluğa dəvət
Həcc və qurban… Hər biri başlı-başına bir ibadətdir.
Eyni zamanda bir-birindən ayrılmaz iki ibadət. Belə ki, həcc Qurban bayramı günlərində əda edilir və kəsilən qurbanın ardından saçların təraş olunması ilə ehramdan çıxılır. Əslində həccin də məqsədi qurbandır. Belə ki, qurban demək yaxınlaşmaq deməkdir. Allaha yaxınlaşmaq mənasına gələn qurban əslində Yaradana yaxınlaşmaq üçün atdığımız hər addım, bu niyyətlə aldığımız hər nəfəsdir. Bu mənada həccin özü də bir qurbandır. Ehram Allah üçün bütün sahib olduqlarından vaz keçməyin simvoludur, bir qurbandır. Qızmar günəş altında Ərəfatda gözləmək Haqqın yazdığı qədərə təslimiyyətin simvoludur, bir qurbandır. Daşdan tikilmiş Kəbənin başına dolanmaq bir ömür ilahi əmr və qadağalara bağlılığın etirafı, eşqin pərvanəsinə çevrilməyə dair verilən sözün isbatıdır və bu da bir qurbandır. Saçların təraş olması bir mənada “bütün zərrələrimlə yoluna qurban olmağa hazıram”, deməkdir. Minada şeytan daşlamaq eyni zamanda Haqq-Təalaya gedən yolda nəfsin arzu və istəklərini qurban etməkdir. Bir sözlə, bütün ibadətimizdən məqsəd qurbandır. Namaz qurbandır, sədəqə qurbandır, zəkat qurbandır, oruc qurbandır…
Qurban bayramında Allah üçün kəsdiyimiz qurbanlar bizə bu şüuru vermək baxımından Ona itaətimizin, yaxınlığımızın simvolik şəklidir bir növ. Qurban kəsərkən dua niyyəti ilə oxuduğumuz bir ayə var: “De ki: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!”[1] Qurbanın məqsədi biz qullara bu ayədə açıq-aydın göstərilir. Həyatı və ölümü Ona həsr etmək… Mövlana bu şüurdan məhrum qalan və işi sadəcə qan axıtmaqdan ibarət sananlar üçün nə gözəl xəbərdarlıq edir: “Keçinin kölgəsini qurban etmə!”.
Rəbbimiz Qurani-Kərimdə buyurur: “Kəsdiyiniz qurbanların nə əti, nə də qanı, əlbəttə, Allaha çatar. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir)”.[2] Bu ayənin möhtəvasından bixəbər olanlar və qurbanı sadəcə heyvanın boğazına bıçaq çəkməkdən ibarət olduğunu sananlar təqvadan da uzaqdırlar, təqvanın çatacağı Allahdan da. Əslində bu düstur bütün ibadətlər üçün keçərlidir. Qurbanla yanaşı zikr etdiyimiz həcc ibadətindən də məqsəd insanda təqva duyğusunun baş qaldırması və bu hissiyyatla Rəbbinə yaxın olmasıdır. Bu mənada həcc ibadətindən maksimum istifadə edə bilmək təfəkkürlə bu ibadətin dərinliklərinə nüfuz etməyə bağlıdır. İnsan ilk növbədə düşünməlidir ki, həcc bir hicrətdir. İnsanın nəfsindən Rəbbinə hicrətidir. Günahlardan qaçış, həyatın geri qalan qismini yaxşı insan olaraq yaşamağa niyyətlənməkdir. Ərəfatda nəfsi ilə baş-başa qalaraq Rəbbini düşünməkdir. Qurban bayramından, dolayısıyla Kəbəni ziyarət təvafdan bir gün əvvəl hacıların Ərəfat adlanan dağda gecələməsi, dualar və zikrlər edərək ilahi nizamı təfəkkür etməsi bir növ insanın özünü bilməsi, tanıması və dərk etməsidir. Hz. Əlinin buyurduğu kimi “Özünü bilən, Rəbbini bilər” gerçəyinə əsasən də Ərəfatda özünü dərk edən bir insan həmçinin Rəbbini layiqincə tanımaq yoluna addımını atmış olur. Ərəfat kəlməsi tanımaq, tanış olmaq, qovuşmaq mənalarına gəlir. Hz. Adəmlə Həvva anamızın məhz bu yerdə bir-birinə qovuşmasına görə belə adlanan bu məkanda həmçinin insan özünü Rəbbinin hüzurunda hiss edir, Ona qovuşur, Onu dərk edir və tanıyır. Elə isə Ərəfat Allahı qəlbən tanımaqdır.
Rəsulullahın və əshabi-kiramın gəzdiyi Məkkə, Mədinə küçələrində gəzmək, hər daşında, torpağında mübarək izlər olan bölgədə bir neçə gün yaşamaq, o havanı tənəffüs etmək insanda müxtəlif halların yaranmasına səbəb olur. İslam tarixinin acılı-şirinli xatirələrinə şahidlik edən bu torpaqlar hər bir müsəlman üçün ana vətən qədər əzizdir. Hədisi-şərifdə buyurulan “Möminlər bir divarın hörülmüş daşları kimidir” həqiqətinin insanlara aşılanmasıdır həcc. Həcc rənglərin qardaşlığıdır. Uca kitabımızda buyurulan “ilahi boya”ya boyandıqdan sonra bütün rənglərin mənasını itirdiyi və beləliklə də əslində yeni məna qazandığı bir məkandır Kəbə. Bütün rənglərin qara rəngdə yox olması kimi insanların da rəng fərqi qara örtülərə bürünmüş Kəbənin başına dolanarkən, Həcərül-Əsvədi, yəni qara daşı salamlayarkən yox olur, aradan qalxır. Dilindən, irqindən, millətindən asılı olmayaraq hər kəs yekvücud halda, hər gün namazda yönəldiyimiz Kəbənin ətrafına dolanaraq insanlıq adına birləşir bu yerdə. Bu, eyni zamanda müsəlmanların bir kəlmə ətrafında, bir amal uğrunda birləşməsinə zəmin hazırlayır. İslam mənsublarını birliyə səsləyir. Kəbənin ətrafında etdiyimiz təvaf birliyin nişanəsidir.
Kəbəni təvaf edən insan əsrlər öncəsinə qayıdır. Eyni məkandan əsrlər öncəsində Allah Rəsulunun bir gecə Məscidi-Əqsaya, oradan da meraca yüksəldiyini düşünür. Deməli, Kəbə eyni zamanda Həzrət Peyğəmbərin merac yolçuluğuna başladığı yerdir. Bəlkə elə buna görə də “möminin meracı” adlanan namaz ibadətimizi yerinə yetirmək üçün Kəbəyə yönəlməyimiz vazkeçilməz fərzlərdən biridir. Bir sözlə; dərk edib anlayan üçün saymaqla qurtarmayacaq qədər təcəllilərlə doludur o mübarək torpaqlar.
Kəbəni həcc etməyin bir hikməti də insanlara könül almağı öyrətməkdir. Belə ki, İslam anlayışına görə məscidlər Allahın evləridir. Kəbə üçün də “Beytullah – Allahın evi” deyilir, insanın qəlbi üçün də. Elə isə insan gözlə görünən Kəbəni təvaf edə-edə, qəlb almağın zərurətini anlayır. Hər şeyin əslində bir heç olduğunu, kəfənə bründükdən sonra bütün dünyəvi ləzzət və ehtirasların yox olduğunu dərk edir. Zənginlə kasıb, ağla qara arasında heç bri fərqin olmadığını, rütbə və sinfi fərqin aradan qalxdığını anlayaraq əslində insanın könüldən ibarət olduğunu görür. Beləcə Mövlananın bu kəlamı səslənir qulağında “Əgər sənin könlün varsa, könül Kəbəsini təvaf et. Zira torpaqdan tikilmiş sandığın Kəbənin əsl mənası könüldür”.
ŞƏRHLƏR