Müsahibə-Qurban ƏLİYEV
İrfan: Həcc və qurbanın İslamdakı yeri nədir və bu ibadət müsəlman üçün nə məna kəsb edir?
Qurban Əliyev: Allah-Təala "Ali-İmran" surəsinin 97-ci ayəsində belə buyurur:
"...Onun yoluna gücü çatan hər bir kəsin Həccə gedib, o Evi ziyarət etməsi insanların Allah qarşısında borcudur...".
Bu, mübarək ayədə Allah-Təala ərzaq, minik və sağlamlıq baxımından gücü çatan müsəlmanlara Həcc ibadətinin vacib olduğunu bildirir.
Həcc peyğəmbərlər silsiləsinin ilki Həzrət Adəmdən son Peyğəmbər Həzrət Muhammədə (s.ə.s) qədər davam edən və bu dünyada Məhşəri, yəni Qiyamət gününü canlandıran çətin bir ibadətdir. Buna görə də onun yerinə yetirilməsi yüksək mənəvi hazırlıq və kamil iman tələb edir.
Həcc insanı günahlarından təmizləyir. Bu barədə Həzrət Peyğəmbər (s.ə.s) belə buyurmuşdur.
“Kim Həcc etsə və Həcc edərkən pis söz və davranışlardan və Allaha üsyan etməkdən çəkinsə, (qul haqqından başqa) anasından doğulduğu kimi, günahlarından təmizlənib (Həcdən), qayıdar”.
Qurbana gəldikdə isə, qurban sözü ərəb dilində “yaxınlaşmaq, Allaha yaxınlaşmağa vasitə” mənasına gəlir. Qurbanlıq ifadəsi isə ibadət niyyəti ilə Qurban bayramı günlərində Uca Allahın rizası üçün kəsilən heyvana verilən addır.
Qurban ibadətinin tarixinə nəzər saldıqda onun insanlıq tarixi ilə həmyaşıd olduğunu, Qurani-Kərimdə qurban ibadəti barədə tarixi məlumatların mövcudluğunu görürük. Müqəddəs Kitabda “Qurban” sözü üç yerdə işlənsə də, bu ibadətlə bağlı iyirmidən çox ayədə müəyyən məlumatlar vardır. Bir ayədə Həzrət Adəmin oğlanları, Habil ilə Qabilin qurban gətirdiyini və onlardan yalnız Uca Allahdan çəkinənin qurbanının qəbul edildiyi bildirilir. Başqa bir ayədə isə qurban hökmünün İslamdan əvvəlki ilahi dinlərin hamısında mövcud olduğu qeyd edilir.
Qurban bayramı günlərində qurbanlıq kəsmək ibadəti isə Həzrət İbrahimlə (ə.s) başlamışdır. Məhz bu səbəblə qurban ibadəti İbrahim peyğəmbərdən (ə.s) gələn sünnələrdəndir.
Qurban ibadəti İslam dinində hicrətin ikinci ilindən başlayaraq yerinə yetirilmişdir. Həzrət Peyğəmbər (s.ə.s) bu tarixdən etibarən hər il qurban kəsmiş və bu ibadəti heç vaxt tərk etməmişdir.
Qurban ibadəti insana özünü Allah-Təalanın razı olduğu işlərə həsr etmək şüurunu aşılayır, bəşər övladını Uca Allaha yaxınlaşdırır.
- Həccə gedən bir insanın mənəvi hazırlığı necə olmalıdır?
- Bütün məxluqatın Uca Allaha iman etməsinin əməli təzahürü olan ibadətlərin əsas məqsədi, hər şeydən əvvəl, Yaradana ehtiram və təşəkkür, yaradılanlara isə sevgi və mərhəmət duyğuları bəsləməkdir. Bu xüsusiyyətlər həcc ibadətində də öz əksini tapır.
Həccin əsas məqsədi insanı mənəvi çirkinliklərdən təmizləmək, onu ilahi keyfiyyət olan təqvaya qovuşdurmaqdır. Bu keyfiyyətə nail olmanın yeganə yolu nəfsani duyğulardan uzaq durmaq, günaha düşməkdən qorunmaq, insanlarla yaxşı rəftar etməkdir. Bunun üçün insanın səbirli və təmkinli olması əsas şərtdir. Həcc də insana məhz səbir və təmkini təlqin edən bir təlimdir.
Həcc edən müsəlman, yəni hacı ona normal şərtlər daxilində halal olan şeyləri müvəqqəti olaraq qadağan edən ehram libasını geyinməklə səbrini nümayiş etdirir.
Bitki və heyvanlar daxil bütün varlıqlara qarşı mərhəmət sahibi olmaq, onlara zərər verməmək və onları incitməmək hacının əsas vəzifələrindəndir.
Həmçinin hacı bütün varlıqlara Xaliqin nəzəri ilə baxmağı öyrənməli, ehramlı ikən tətbiq etdiyi bu prinsipləri vətəninə geri döndükdən sonra da davam etdirməlidir. O, bunları yerinə yetirərsə, bu böyük ziyarətində məqsədinə çatmış olar, Həcc məktəbində keçdiyi təlimlər isə onun fərdi və ictimai həyatında öz təsirini göstərər .
Həcc məqsədi ilə müqəddəs bölgələri ziyarətə gedən müsəlmanlar səbir, çətinliklərə dözüm, yardımlaşma və müəyyən qaydaları öyrənərək tətbiq edə bilmə vərdişlərini qazanırlar.
- Həcc ibadətinin birlik və bərabərliyimizə nə kimi töhfələri var?
- Məlumdur ki, həcc ayini kütləvi və birgə icra edilən ibadət formasıdır. Bu ibadətə dünyanın hər yerindən gələn müsəlmanlar əməl etməkdədirlər. Artıq müasir dövrdə texnologiyanın inkişafı ilə əlaqədar olaraq altı qitənin hər bir yerindən dəst-dəstə müsəlmanlar həcc vaxtı müqəddəs Məkkə torpağına toplaşırlar. Dünyanın hər yerindən insanların bir araya toplaşması onların arasında müəyyən münasibətlər yaradır ki, bu da təbii ki, müsəlmanların mədəniyyətinin yayılmasına, təbliğ olunmasına və dünyaya inteqrasiya edilməsinə şərait yaradır. Həmçinin dünyanın hər bir bölgəsindən gəlib təxminən bir ay bir yerdə olmaq eyni zamanda müsəlmanların sosial və siyasi həyatlarına da mühüm təsir göstərməkdədir. Müxtəlif təbəqələrdən olan müsəlmanların Məkkəyə cəm olmaları onların bir-birinə də müəyyən təsirlərinin olduğunu aşkar edir. Belə ki, müxtəlif təbəqələrdən olan insanlar bir-birini həm siyasi cəhətdən, həm mədəni cəhətdən, həm iqtisadi cəhətdən, həm də digər cəhətlərdən zənginləşdirib, məlumatlandırır və problemlərini həll edirlər. Eyni zamanda müsəlmanlar arasında olan məzhəb müxtəlifliyi bir kənara qoyulur və dünyanın qlobal problemləri qarşısında birləşib, birlikdə fəaliyyət göstərmələrinə zəmin yaranır.
- Deyə bilərikmi ki, həcc ibadəti insan üçün yeni bir başlanğıcdır? Elə isə yeni mənəvi həyatın astanasında Rəbbimizə hansı sözü verməliyik?
- Bir çox mühüm sosial əhəmiyyəti olan həcc ayinində hər bir müsəlmanın öz Rəbbi ilə vədələşməsi baş tutur. Mənəvi həyatın yeni başlanğıcında olan bir bəndəyə öz Rəbbi tərəfindən bütün günahlardan bağışlanma vədi verilirsə, bunun da müqabilində bəndə öz Rəbbinə bir daha Onun əmrlərindən çıxmayacağına, Ona qarşı asi olmayacağına, bir sözlə halal-harama düzgün riayət edəcəyinə dair söz verir.
ŞƏRHLƏR