Tariximizdə Azərbaycan qadınlarının xeyriyyəçilik fəaliyyətləri

Tariximizdə Azərbaycan qadınlarının xeyriyyəçilik fəaliyyətləri

XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın paytaxtı Bakı mədəni yüksəliş illərini yaşayırdı. 

Artıq bu dövr ərzində xeyriyyəçilik geniş miqyas almaqla forma və məzmunca dolğunlaşıb yeniləşir, hüquqi normaya çevrilməklə isə təşkilatlanırdı. Yəni Azərbaycanda 19-cu əsrin ikinci yarısından kapitalist münasibətlərinin sürətli inkişafı ölkədə ictimai-iqtisadi münasibətlərlə yanaşı, həm də əhalinin sosial-mədəni həyatına da öz təsirini göstərmişdi. Bakıda həmin  dövrlərdə mədəni-maarif sahəsində bir-birinin ardınca “Nəşri - Maarif”, “Nicat”, “Şəfa”, “Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti” kimi qabaqcıl cəmiyyətlər meydana gəldi. Toplanan vəsait dərhal təminatsız, yoxsul əhalinin ehtiyaclarına sərf olunurdu.

Öz dolğun çağlarını sürməkdə olan bu mədəni-ictimai mühitdə Azərbaycan qadınlarının çiyinlərinə götürdükləri vəzifələr də böyük idi. Xeyriyyə işlərini təkcə yoxsulluqla mübarizədən ibarət görməyən və başlıca olaraq maarifçilik yolunu seçən qadınlarımız ictimai həyata fəal şəkildə müdaxilə etməli olurdular. Bu qadınların həyat və fəaliyyətlərini izlədikcə gözlər önünə məşələ çevrilən neçə-neçə ömür gəlir.

Azərbaycanda, xüsusən Bakıda müxtəlif xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan bu fədakar qadınlarımız xeyriyyə gecələri təşkil edir, şəfqət və mərhəmət aksiyaları keçirir, aclara, kimsəsiz və yetimlərə yardım etməklə bərabər müharibə fəlakətzədələrini-əsirləri, yaralıları da himayə edirdilər. Bu zaman xüsusilə Sona xanım Tağıyevanın, Liza xanım Tuqanova-Muxtarova, Sona xanım Hacıyeva, Hənifə Zərdabinin,  İsmət xanım Aşurbəyli, Məryəm Bayraməlibəyova, Rəhilə xanım Qazıyeva, Sara xanım Vəzirova, Sürəyya Axundova, Pəri xanım Topçubaşovanın adlarına tez-tez rast gəlinirdi. Bu qadınlar məhz öz xeyirxah əməlləri ilə tarıxdə qaldılar.

Onların fəal yardımı ilə Bakıda tibb sağlamlıq ocaqları açılır, uşaq evləri və pansionlar fəaliyyətə başlayır. Xalqın ictimai-siyasi həyatında mühüm mövqe qazanan xeyriyyə cəmiyyəti I Dünya müharibəsi illərində coşqun işə keçir; müharibənin başlaması ilə onların fəaliyyət meydanı daha da genişlənir, buraya Qafqaz cəbhəsində əsir düşən Osmanlı dövləti əsgərlərin azad edilməsi və himayə edilməsi də daxil olur.

Respublika Dövlət Tarix Arxivində bu məzmunda materiallar sırasında əlimizdə olan sənədlər maraqlı bir hadisənin bu gün örnək olaraq diqqətə alınmasına səbəb oldu; bu yerli Bakı zənginləri cəmiyyətinə məxsus Duma üzvü kərbəlayi İsrafil Hacıyevin xanımı Sona xanım Hacıyevanın I Dünya müharibəsi hərbzədələrindən olan Nargin adasında saxlanan Osmanlı ordusu zabitlərinin buradan qaçırılmasında iştirakçı, bəlkə də onun təşkilatçılarından biri olmasındadır. Məhz belə fədakar insanların səyi ilə əsir zabitlər gizli şəkildə Təbriz yolu ilə Anadoluya qaçırılır və ya azad edilən bu zabitlər gələcək Azərbaycan əskəri kadrını hazırlamaqdan ötrü ölkədə qalmalı olurdu.

Burada Azərbaycanın maarifpərvər qadınlarından olan Həmidə xanım Cavanşir haqqında ayrıca danışılmağa layiq bir həyat yolu keçmiş xeyriyyəçi qadınlarımızdan biridir.

Həmidə xanım sırf xeyriyyəçilik tədbirləri ilə yanaşı bu işi həyat idealına çevirən və daha geniş miqyasda irəlilədən mərd, mübariz bir qadın olmuşdur. Qarabağ xanları nəslindən gələn Həmidə xanım atası Əhməd bəy Cavanşirin ölümündən sonra Qarabağda təkbaşına ailə mülkünü idarə etməli olmuşdu. Taleyini böyük demoktat yazıçı-mühərir Mirzə Cəlillə bağladıqdan sonra tezliklə onun yaxın maarifçi silahdaşına, vəfalı dostuna çevrilir. Həmidə Cavanşir Azərbaycan maarifinin inkişafında müstəsna əhəmiyyəti olan "Molla Nəsrəddin" jurnalını himayə etmiş, bu yolda bir an olsun maddi dəstəyini kəsməmişdir. Onun həyat tarixçəsi əliaçıqlıq, xeyriyyəçilik təşəbbüsləri ilə doludur; Qarabağda yoluxucu xəstəliklər tüğyan edəndə bir tərəfə çəkilib gizlənmir; bir şəfqət bacısı kimi adamların sağlığının keşiyində durur, yaxud əkinləri çəyirtgə məhv edəndə xalqı aclıq  təhlükəsindən müdafiə edir, hər zaman öz evində də yetim və tavanasız ailələrin uşaqlarını saxlayıb onlara əsl analıq edir. “Molla Nəsrəddin”çilərdən olan hər bir ziyalını, o cümlədən böyük şair Mirzə Ələkbər Sabiri Tiflisə gətirdib müalicə etdirir. Şair ondan gördüyü yaxşılıqları unuda bilmir, Abbas Səhhətə yazırdı: "Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər! Bu neçə müddətdə təmam məxaricimi və zəhəmatımı mütəhəmmil olmuşlar. Mənim mehmanxana, ya xəstəxanada yatmağıma razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim?!"

Həmidə xanımın xatirələrindən məlum olur ki, Tiflisdə nəcib qızlar məktəbi olan “Müqəddəs Nina” məktəbində Azərbaycan dili müəllimi olmadığından dərslərin keçilməməsindən narahat olan Həmidə xanım məktəbə müəllim təyin etdirib, maaşını özü verir. Daha sonralar, 1909-cu ildə Həmidə xanım Kəhrizlidə öz vəsaiti hesabına tibb məntəqəsi, toxuculuq emalatxanası, 30 oğlan və 10 qızın oxuduğu məktəb açdırmışdır. Bu yorulmaz fədakar qadın burada işə cəlb etdiyi müəllimlərlə bir sırada özü də dərs deyir. Yenə xatirələrindən məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyəti qurulma ərəfəsində Qarabağda milli qarşıdurmada öz vəsaiti hesabına yerli döyüşçü dəstələri təşkil edir.

Həmidə xanım Tiflisdə yerləşən Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin (1906-1917) yaradıcılarından idi.  Xatirələrində göstərdiyi kimi Qafqaz canişini, general, qraf Voronsov-Daşkovun sərəncamı ilə yaradılan bu cəmiyyətdə Tiflisin adlı-sanlı qadınları- Sofiya xanım Şahtaxtinskaya, Mələksima Qacar, Gövhər Qacar, xanım Alixanova-Avarski birləşmişdilər. Cəmiyyət 1910 -cu ilin əvvəllərində Qafqaz Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinə çevrilir. Artıq cəmiyyətin işinə Tiflisin adlı-sanlı ailələrinə mənsub olan çoxlu sayda ziyalı qadın cəlb olunmuşdur; burada indi Gövhər xanım Qacar, Nigar xanım Şıxlinskaya, Məsumə xanım Talışinskaya, Mina xanım Talışinskaya, Həmidə xanım Cavanşir, Səltənət xanım Əhmədova geniş fəaliyyət göstərməkdədir. Çox keçmir ki, cəmiyyətin nəzdində bir neçə qız məktəbi yaradılır. Bu hərəkat çox keçmir ki, Azərbaycanın hər bir yerində maarifçilik məşəllərini alovlandırdı. Gəncə Müsəlman Qadın Komitəsi üzvlərindən Mədinə xanım Vəkilova-Qiyasbəyli 1906-cı ildə Salahlı kəndində öz evində qadın məktəbi açır. Həmin ildə Gövhər Cəfərzadə-Şövqiyyə də Şamaxıda öz evində qadınları məktəbə cəlb edir.

Azərbaycanda maarifçilik ideyalarının yayılmasına və milli oyanışına təkan verən müsəlman xeyriyyə cəmiyyəti olan “Nicat”dan (burada ilk açılmış qadın bölmələriindən) doğan, onların təcrübəsi əsasında meydana gələn Müsəlman Qadın Xeyriyyə cəmiyyəti öz ətrafında ölkənin parlaq simalarını birləşdirməklə bu cəmiyyətin fəaliyyət tarixi bu gün görkəmli qadınlarımızın pak amalından, xeyirxah əməlindən xəbər verən bir etibarlı sənəddir. Bu ənənənin dirçəldilməsi, ona geniş ölçüdə rəvac verilməsi düşünürəm ki, Azərbaycan cəmiyyəti daxilində davamlı bir harmoniyanın yaranmasına, halallığın təbliğ olunmasına, hümanizm prinsiplərinin geniş şəkildə əks olunmasına və eyni zamanda sosial ədalətin, həmrəyliyin bərqərar olunmasına yardım edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı zamanı sahibkarların sosial təşəbbüslərə daha da fəal qoşulmalarının vacibliyini nəzərdə tutmaqla: “Bu gün Azərbaycanda çox böyük, regional, yəni, transmilli mahiyyət daşıyan şirkətlər vardır. Onların böyük dövriyyələri, böyük kapitalı vardır. Mən bunu ancaq alqışlayıram. Yəni, biznesin, sahibkarlığın sosial məsələlərin həllində də iştirakı, hesab edirəm ki, həm iş adamlarına mənəvi bir qida verəcək, həm də ölkəmizin inkişafına səbəb olacaq. Bu proseslər gedir və xüsusilə, bölgələrdə sahibkarlar öz maliyyə resurslarını məktəblərin tikintisi sahəsində işə salırlar. Mən istərdim ki, bu işlər başqa sahələrdə də, əlbəttə ki, imkan daxilində görülsün. Bu işlər, əlbəttə ki, məcburi xarakter daşıya bilməz. Ancaq imkanlı firmalar, şirkətlər, iş adamları ağır vəziyyətdə yaşayanlara əl uzatsalar yaxşı olar” Azərbyacandan xaricdə minlərlə tələbəmiz oxuyur. Onların müəyyən hissəsi dövlət proqramı çərçivəsində oxuyursa, müəyyən hissəsi dövlət proqramı çərçivəsində oxumur, kömək lazımdır. Azərbaycanda müalicəsi olmayan xəstələr var ki, onların vəsaiti yoxdur. Və yaxud da özəl xəstəxanalarda son texnologiyaları tətbiq etməyə ehtiyac duyurlar. Bütün bunların hamısının hüquqi əsaslarını yaratmaq lazımdır və ümumi bir məxrəcə gətirməkdən ötrü xeyriyyəçilik qanunun qəbul olunmasına ehtiyac var... Azərbaycandakı Heydər Əliyev fondu (2004) prezidenti Mehriban Əliyeva) ümummilli lider Heydər Əliyevin ideyalarının yaşadılması niyyətilə təsis edilmişdir. Məhz böyük öndərin ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsini təbliğ etmək məqsədilə təsis edilmiş və fəaliyyətinin əsas istiqamətləri təhsil, səhiyyə, mədəniyyət,
sosial, idman, elm - texnologiya, ekologiya və nəşrlər sahələrinə yönəlmişdir. Artıq Azərbaycanda qürurla: mükəmməl bir xeyriyyəçilik institutu yaradılmaqdadır deyilə bilər. Ənənələr yaşayır, yaşadılır...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz