Azərbaycanda Xeyriyyə Vəqfləri - Seyid Camal Əzimbəyli
Azərbaycanda xeyriyyəçilik ənənələrinin tarixi olduqca qədimdir.
Əhalisinin əksəriyyəti müsəlman olan millətimizin şərəfli tarixinə nəzər saldıqda müqəddəs dinimizin gətirdiyi dəyərlər içərisində xeyriyyəçilik ənənələrinin qorunub saxlanılmasında və mühafizə olunmasında vəqflərin ayrıca xidmətləri olmuşdur. Azərbaycanda Xalq Cümhuriyyəti illərində həqiqi inanc adamlarının sosial-iqtisadi durumunun müəyyən edilməsi milli hakimiyyətin dövlət siyasətinə çevrilmişdir. Milli hökumət bu sahədə müntəzəm olaraq tədbirlər həyata keçirərək gerçək din adamlarının sevgisini və etibarını qazana bilmişdir. Xalq Cümhuriyyəti illərində mövcud hökumət vəqf mülklərinin idarə olunması, dini vergilərin, sədəqə və ianələrin toplanmasına heç bir müdaxilə etmirdi. Belə mühüm sahələr hökumət tərəfindən din xadimlərinin ixtiyarına verilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti tarixində milli hakimiyyət bütün vəqf mülklərinin dövlət qeydiyyatına alınmasına cəhd etmişdi.
Bolşevik rus və milli dönüklərin işğalı nəticəsində müsəlman ruhanilərinin vəqf mülkləri müsadirə olundu. Bununla da ölkə ruhaniliyinin sosial-iqtisadi vəziyyəti çətin duruma düşdü. Azərbaycanda hələ xanlıqlar çağında ruhanilərlə yanaşı xalqın kasıb təbəqəsinin iqtisadi vəziyyəti vəqf mülklərindən əldə olunan gəlirlər hesabına yüksəlmişdir. Belə bir şəraitdə hətta ali ruhani zümrənin təmsilçiləri bəylərlə, ağalarla eyniləşirdi. Ali təbəqədən olan ruhanilərə xanlar tərəfindən xüsusi imtiyaz vəsiqəsi verilirdi. Həmin illərdə Fətəli xan tərəfindən Hacı Çələbi Əfəndiyə verilmiş təliqədə deyilirdi: “Hörmətli cənab, yaxşı axund, xeyirxah insan, atam yerinə hesab etdiyim Hacı Çələbi Əfəndi! Sizin məktubunuzu aldım… Məktubunuzda Taxta Körpü qışlağı haqqında yazırsınız… Mənim bütün mülklərim sizindir, sizdən heç nə əsirgəmərəm. Siz Taxta Körpü qışlağını istəyirsiniz və mən onu sizə əbədi olaraq bəxş edirəm və heç kəs ona toxunmağa cürət edə bilməz”. Axirətini öz malı və mülkü hesabına qazanan millətimizin yüzlərlə belə örnək zəngin kişilərini bu gün də rəhmətlə anırıq. Vəqfin lüğəvi mənası “qoruyub saxlamaq”, hüquq mənası isə “əmlakın saxlanılması və mənfəətin qaydaya salınması” deməkdir. Həmin dövrdə vəqf mülklərinə ayrı-ayrı kəndlər, torpaq sahələri, bağlar, evlər, dükanlar, hamamlar, daxil idi. Məhz orta əsrdə vəqflər hesabına çoxlu məscidlər, mədrəsələr və məktəblər inşa edilirdi. Azərbaycanda orta əsrlərdə minlərlə alim, filosof, şair, yazıçı və həkim vəqflərin gəliri hesabına fəaliyyət göstərən elm mərkəzlərinin layiqli yetirməsi olmuşlar. Həmin zamanda bir sıra kənd və şəhərlərdə vəqf əmlakından bəhrələnərək yoxsul təbəqənin ehtiyacları naminə pulsuz olaraq hamamlar, su anbarları, böyük yol ayrıclarında isə körpülər və karvansalar yoxsulların ixtiyarına hədiyyə olaraq verilmişdir. Orta əsr Azərbaycan mədəniyyəti və elminə nəzər saldıqda vəqflərin gəlirləri hesabına xeyli sayda təhsil ocaqlarının dirçəlişinə səbəb olduğuna şahid olmaqdayıq. Nəsrəddin Tusinin səyi nəticəsində Marağa rəsədxanası, Qazan xan tərəfindən təsis edilən Təbriz rəsədxanası, Səmərqənddə yaradılan Uluğbəy rəsədxanası və II Sultan Murad tərəfindən İstanbulda inşa edilən rəsədxana vəqf əmlakından toplanan gəlirlər hesabına xidmət göstərmişdir. Vəqf mülkiyyətindən ictimai əhəmiyyətiylə təkcə inanc adamları deyil, həm də həmin dövrdə cəmiyyətin digər üzvləri də bütünlüklə faydalana bilmişlər. Orta çağda islami hökmlərə görə vəqf haqqında islami qaydalar bərabər hüquqla xristan və yəhudi məbədlərinin vəqf torpaqlarına da aid edilirdi. Bununla bağlı zamanın müctəhidi Mirzə Mehdinin 1812 ci ildə imzaladığı fətva mövcuddur. Burada zəruri qeyd etməliyəm ki, mübarək dinimizin mərhəmət və sevgi dəyərlərinə müdrik xalqımızın əsrlər boyunca sadiqliyinin, vəfasının sübutunu görməkdən qürur duymaqdayam. Ölkəmizin ərazisində tarixən onlarla müqəddəs ziyarətgahlar mövcud olmuşdur. Əksər hallarda belə müqəddəs qəbul edilən məkanlarda mübarək insanların, seyyidlərin, şeyxlərin qəbirləri yerləşmişdir. Qədir bilən, Əhli-Beytə vəfada sadiq olan müsəlman əhalimiz yüz illərdir ki, müqəddəs və toxunulmaz qəbul etdikləri belə ünvanları ziyarət etməklə öz mənəvi duyğularını qidalandırmaqdadır. Hələ xanlıqlar zamanında vəqflərin gəlirləri hesabına belə müqəddəs qəbirlərin yanında müridlərin yaşaması və qəriblərin rahat gecələmələrindən ötrü xüsusi binalar inşa edilərək xalqa ərməğan edilmişdir. Belə ən böyük vəqflərdən biri 7-ci imam Əli Rzanın bacısının qəbri olan Bibi Heybət məqbərəsinin vəqfi sayılırdı. Bibi Heybət məqbərəsi vəqfinin yerləşdiyi ərazi böyük torpaq sahələri, otlaqlar, Şıx kəndində 3 neft quyusu, Zığ kəndində bağlar və s. bu vəqfə məxsus idi. Bu məqbərənin və vəqfin başçısı Şeyx Bünyad nəslinin bu vəqfin gətirdiyi qazancın yarısından istifadə etmək hüququ vardı. Gəlirin yarısı isə Bibi Heybət məscidinə xərclənirdi. Qubalı Fətəli Xan burada dəfn olunduqdan sonra vəqfin torpaq sahələri daha da genişləndi. Belə olduqda vəqfin mütəvəllisi toxunulmaz elan edildi. Azərbaycanda məşhur vəqflər arasında Bakı yaxınlığında Şeyx Əbu Səid məqbərəsi də böyük vəqflərdən sayılırdı. Qarabağ xanlığında ən böyük vəqf Cövhər Ağa vəqfi qəbul edilirdi. Belə ki, Qarabağ xanı İbrahim Xanın qızı Cövhər Ağanın tikdirdiyi Cövhəriyyə məscidinə məxsus olan 4 kənd mövcud idi. Gəncə xanlığında “İmamzadə” vəqfi, Təbriz xanlığında Seyid İbrahim, Seyid Həmzə, Sahibul Əmir, Eynalı-Zeynalı və digər məşhur ziyarətgahların ixtiyarında xeyli vəqf mülkləri vardı. Bu gün ölkəmizdə dövlətimiz tərəfindən xeyriyyəçilik ənənələrinin, milli və mənəvi irsimizin mühafizə olunması sevindirici haldır. Son illər tarixi müqəddəs memarlıq abidəsi sayılan binaların dövlət qayğısıyla yüksək səviyyədə təmir edilməsi dövlətimizin xalqımızın keçmişinə göstərilən hörmətin əlamətidir.
Qeyd: yazıda göstərilən faktlar R. Hüseynlinin “Azərbaycan Ruhaniliyi” əsərindən götürülmüşdür.
ŞƏRHLƏR