Dr. Abbas Qurbanovla Reportaj

Dr. Abbas Qurbanovla Reportaj

İrfan: Bildiyimizə görə bu yaxınlarda “Qardaş Köməyi” .............. keçirməyi planlaşdırırsınız. Belə bir tədbirin keçirilməsi hansı səbəbdən irəli gəlir?

Dr. Abbas Qurbanov: Azərbaycan və Türkiyə xalqı çətin günlərdə çiyin-çiyinə verərək qardaş köməyini bir-birlərindən heç vaxt əsirgəməmişlər. İlahi qədər bu iki qardaş ölkəni bir-birinə dərindən bağlamışdır. Belə ki, Azərbaycan dünyaya Türkiyə üzərindən, Türkiyədə Qafqazlara və Orta Asiyaya Azərbaycan üzərindən açılmaqdadır. Yəni mərhum Prezidentimiz Heydər Əliyevin “Biz bir millət iki dövlətik” sözü tarixən özünü göstərmişdir. Bu birlik sadəcə iqdisadi cəhətdən deyil, milli-mənəvi cəhətlərdə də yaxınlığı özü ilə gətirmişdir.

Bu gün Azərbaycan xalqı istər əsrin əvvələrində, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətini, istərsə də əsrin sonunda, 1991-ci ildə dövlət müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasını tanıyan ilk dövlətin qardaş Türkiyə olduğunu böyük bir minnətdarlıq hissi ilə xatırlamaqdadır. 1915-ci ildə Bakıda Anadolu Türkünün Qurtuluş Mübarizəsinə dəstək vermək məqsədiylə Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti liderliyində “Qardaş Köməyi (Yardımı)” fəaliyyəti başlamışdır. Bu təşkilatın “Qardaş Köməyi” jurnalını nəşr etmə təşəbbüsü nəticəsində Anadolunun qurtuluş müharibəsinə dəstək məqsədiylə Bakıda minlərlə şəxs toplanmış, toplanan bu insanlar pullarını, qızıllarını və ailələrinin ziynət əşyalarını Anadoluya çatdırmaq üçün adı zikr olunan təşkilata vermişlər. Heç bir qarşılıq gözləmədən edilən qarşılıqlı yardımların tarixi dərinliklərdən real işlərlə gün üzünə çıxarılması lazımdır. Adı keçən bu layihə Türkiyə ilə dərin tarixi, mədəni, din və dil əlaqələri olan Azərbaycanla yaxın dövrdə də bu bağların güclənməsində tarixən var olan qardaşlıq və dostluq hisslərinin daha da möhkəmləşməsinə ciddi bir dəstək olacaqdır.

İrfan: Tədbirin təşkilatçıları haqda məlumat verin zəhmət olmasa.

Dr. Abbas Qurbanov: Tədbiri Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupu və onun rəhbəri Prof. Dr. Nizami Cəfərov, Türkiyə Böyük Millət Məclisi Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupu, Türkiyə Cumhuriyyəti Türk İşbirliği və Kalkınma İdarəsi Başkanlığı (TİKA), Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu (GYF), Azərbaycan Türk Sənayeci və İşadamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB) və Azərbaycan Dillər Üniversiteti (ADU) təşkil edir. “Qardaş Köməyi” kitabının transliterasiya,  sadələşdirmə və nəşrini isə İpəkyolu nəşriyyatı həyata keçirir.

 

İrfan: “Qardaş Köməyi”nin Azərbaycandakı xeyriyyəçilik ənənəsindəki rolu nədir?

Dr. Abbas Qurbanov: Çar Rusiyasının hakimiyyət qurduğu digər türk ellərində olduğu kimi, Azərbaycanda da hərbi və siyasi islahatlarla yanaşı türk əhalini xristianlaşdırmaq, ruslaşdırmaq və kölə halına gətirmək siyasəti aparılmış və bunun nəticəsində də XIX əsrin ikinci yarısından etibarən Azərbaycan türkləri arasında “Milli Oyanış Hərəkətləri” başlamışdır. Bu dövrdə daha çox mədəni sahədə özünü göstərən milli oyanış hərəkətləri XX əsrin əvvəllərində siyasi sahədə də özünü hiss etdirmişdir.

Azərbaycan türkləri arasında milli oyanışın başlaması, “millət olma” şüurunun inkişafı, təbii olaraq eyni irqdən gəldiyi, eyni dili danışdığı, eyni din və mədəniyyətə sahib olduğu Türkiyə türklərinə qarşı əlaqənin artması və qardaşlıq duyğularının ön plana çıxması nəticəsini də doğurmuşdur.

Bundan sonra Türkiyədə yaşanan hər hadisə, hər inkişaf Azərbaycanda əks-səda göstərməyə başlamışdır. Necə ki, bu inkişaflar Balkan Döyüşləri əsnasında ilk meyvələrini vermişdir. Bu döyüşlər əsnasında, Azərbaycan türkləri istər maddi, istərsə də mənəvi olaraq Türkiyəyə kömək etmiş, bir qisim Azərbaycan türkləri könüllü olaraq Türkiyəyə gələrək Balkan dövlətlərinə qarşı döyüşmüşlər.

26 Yanvar 1915də Bakıda “Müsəlman Cəmiyyəti-Xeyriyyə”nin Başçısı Mirzə Əsadullayev başçılığında edilən yığıncaq ilə kömək fəaliyyətləri başladıldı. Toplantıda bu işin Bakı Müsəlman Cəmiyyəti Xeyriyyəsi tərəfindən icra ediləcəyini, kömək etmək istəyənlərin Cəmiyyəti-Xeyriyyəyə qəbz qarşılığında köməklərini təslim edə biləcəkləri ifadə edilərək, doğrudan cəmiyyətin başçısının idarəsi və nəzarəti altında işləyəcək xüsusi bir kömək komitəsi qurulması qərarlaşdırıldı. Mirzə Əsadullayevin başçılığında 9 üzvdən ibarət “Hərbzədə Müsəlmanlara Muavənət Komitəsi” yaradıldı.

Döyüş boyunca hər təbəqədən insanların qatıldığı bu kömək fəaliyətlərinə ən böyük yardımı təqdim edənlərin başında Azərbaycan türk mətbuatı gəlmişdir. İlk günlərdən etibarən Azərbaycanda çıxan qəzetlərdə Anadolu fəlakətzədələrinə kömək edilməsi üçün yüzlərlə məqalələr yazılaraq, Azərbaycan xalqının bu mövzuda məlumatlandırılması və şüurlandırılmasına təşəbbüslər olunmuşdur.

1917-ci ilə gəlindiyində isə Bakıda bir yığıncaq təşkil edən azərbaycanlı yazarlar, gəliri “hərbzədələrə” xərclənmək üzrə “Qardaş Köməyi” adıyla bir jurnal çıxarmağı qərarlaşdırdılar. Azərbaycanlı türk yazarlar tərəfindən bir ədəd olarak 1917-ci ilin mayında çıxarılan jurnalın sorumlu müdiri eyni zamanda Cəmiyyəti-Xeyriyyənin də başçısı olan Mirzə Əsadullayev idi. Əski əlifba ilə çıxarılan “Qardaş Köməyi” jurnalının baş qismində çıxarılma məqsədi bu şəkildə ifadə edilməkdə idi:

“Hasilatı hərbzədələr faidəsinə getmək üçün mühərrirlər tərəfindən nəşr olunmuş siyasi, ədəbi, ictimai bir məcmuədir.”

İrfan: Bu gün belə bir məcmuənin geniş oxucu kütləsinə çatdırılması cəmiyyətimizə nə kimi töhfələr verəcəkdir?

Dr. Abbas Qurbanov: Bu toplu sözün ən yüksək anlamında nəcib və ülvi insaniyyət vəzifəsinin, təmənnasız qardaşlıq borcunun, yurdundan-yuvasından didərgin düşmüş, məşəqqətli qaçqın həyatı sürən, min bir izdiraba düçar olmuş biçarələrə vicdanlı ziyalıların mənəvi və maddi yardımının parlaq örnəyi idi.

Məcmuədə verilmiş yazıların bir çox baxımdan bu gün də aktual olduğunu, müəlliflərin ədəbiyyat, siyasət, mədəniyyət sahəsindəki nüfuzunu nəzərə alaraq, qardaş Türkiyəylə qarşılıqlı yardım əlaqələrimizin bariz rəmzi, çətin gündə dost köməyinin nəcib timsalı olan bu kitab var olan əlaqələrin daha da möhkəmlənməsinə səbəb olacaqdır. “Qardaş köməgi” bir çox cəhətdən unikal, misilsiz kitabdır. Birincisi ona görə ki, bu topluda yazıları dərc olunmuş müəlliflər XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının, elminin, siyasətinin ən mümtaz simalarıdır. Bu fikri təsdiq etmək üçün onlardan bir neçəsinin adlarını çəkmək yetər:

Hüseyin Cavid, Talıbzadə Abdulla Şaiq, Ömər Faiq Nemanzadə, Əhməd Cavad, Məmməd Əmin Rəsulzadə, Abbas Səhət, Salman Turxan (Mümtaz), Məmməd Səid Ordubadi və s.,

Bəs bu qədər müxtəlif əqidəli, müxtəlif yaşlı, müxtəlif sosial duruma malik olan, müxtəlif, hətta ən uzaq şəhərlərdə yaşayan insanları birləşdirən ümumi məqsəd nə idi? Yüksək humanizm amalı, məzlumlara, əziyyət çəkənlərə, ehtiyacı olanlara qardaş əli uzatmaq, yardım göstərmək, maddi və mənəvi dəstək olmaq istəyi...

Doğrudur, qanlı müharibələr, işğallar zamanı qaçqınların qisməti çeşidli millətlərin taleyinə düşür. Ancaq qaçqınların aqibətinə indi olduğu kimi o vaxt da dünya, özəlliklə, Qərb, Avropa və Rusiya ictimaiyyəti ikili standartlarla yanaşırdı. Məcmuədə dərc olunmuş yazılarda bu açıq-aydın göstərilir.

Bu yazılarda qaldırılan məsələlər bu gün də o vaxtkı kimi gündəmdədir. Bu gün qarşımıza çıxan bir çox problemlərin səbəbini və kökünü də bu məcmuədə tapa bilərik. “Tarixi unudanlar onu bir daha yaşamağa məhkumdurlar” -deyiblər. Tariximizin acı səhifələrini unutmamağımız onları bir daha yaşamayacağımızın xəbərçisidir.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz