SUAL CAVAB
1. Siqaretin İslamda hökmü nədir? İşlətdiyimiz mağazada siqaret satmaq caizdirmi?
Cavab: Əvvəla qeyd etmək lazımdır ki, siqaret və ya tütün əsri-səadət (Hz. Peyğəmbər və səhabə dövrü), yaxud müctəhid imamlar dövründə olmadığı üçün, onun barəsində birbaşa nə bir ayə, nə bir hədis, nə də məzhəb imamlarının ictihadları var. Məlum olduğu kimi, tütün ilk dəfə Amerikadakı Antil adalarından birində tapılmışdır. Məhz bu səbəbdən siqaretin caiz olub-olmadığı hökmünü ortaya qoymaq üçün, sonrakı İslam alimlərinin, xüsusilə də, tibb elminin siqaretin zərərləri ilə bağlı apardığı tədqiqatlara müraciət edən və bunun əsasında fətva verən müasir İslam alimlərinin fikirlərini mütaliə etmək lazımdır.
Zəmanəmizdə tibb elmi tərəfindən aparılan tədqiqatlar nəticəsində tütünün insan orqanizminə verdiyi zərərlər təfərrüatı ilə ortaya qoyulmuşdur. Belə ki, içəri çəkilən tüstü ağciyərin çəpərindəki hüceyrələri zədələyərək qalınlaşdırır. Hüceyrələrin elastikliyi öz əhəmiyyətini itirdiyi üçün bərk öskürmə və asqırmə nəticəsində həmin divarlar partlayaraq, artıq öz funksiyasını yerinə yetirməz vəziyyətə gəlir. Daxilə çəkilən siqaret tüstüsü damar divarlarının qalınlaşmasına səbəb olur və damar sərtliyi inkişafını sürətləndirir. Bundan əlavə, siqaretin ağciyər xərçənginə tutulma ehtimalını 20 qat artırdığı və infarkt riskini iki qat çoxaltdığı, xroniki bronxit və digər xəstəliklərə səbəb olduğu tibb tərəfindən ortaya qoyulmuşdur. Tütündəki nikotin hədsiz dərəcədə zəhərli bir maddədir. Az miqdarda qəbul olunduqda insanda stimullar əmələ gətirir, müxtəlif toxumaların sekresiyalarını artırır, qan təzyiqini yüksəldir. Siqaret tüstüsündən zəhərlənmə olmamasının səbəbi, siqaretin yanma əsnasında tütündə mövcud olan nikotinin 1/3 – 1/7 – nin istilik təsiri ilə buxarlaşaraq tüstü ilə getməsi, geri qalanın da yalnız kiçik bir qisminin divarlara və qana çatmasıdır.
Odur ki, insan sağlamlığı üçün bu qədər mənfi təsiri olan siqaretin hökmü mövzusunda cahanşümul bir din olan İslamın bir fikir səsləndirməsi labüddür. Əvvəlki əsrlərdəki İslam hüquqşünaslarının əksəriyyəti siqaret haqqında ayə və hədis olmadığına və yuxarıda qeyd olunan zərərlərindən də xəbərsiz olduqlarına görə, “əşyada əsas olan mübahlıqdır” qaydasına əsasən siqareti mübah (halal) hesab edirdilər. Lakin günümüzdə siqaretin zərərsiz olduğunu iddia etmək tibbi nöqteyi-nəzərdən qeyri-mümkün olduğuna görə, bunun mübah olduğu fikrini irəli sürmək də düzgün deyildir. Vurğulamaq lazımdır ki, zərərin dərhal və ya tədricən gerçəkləşməsi hökmü dəyişdirmir. Hz. Peyğəmbər: “Nə zərər vermək, nə də zərərə qarşı zərər vermək olar” (İbn Macə, Əhkam, 17; Malik, Muvatta, Əqziyə, 31) buyuraraq, bir şəxsin özünə və başqasına zərər verməsinin yolverilməz olduğunu vurğulamışdır. İslam ağıl, din, mal, həyat və nəsil olmaqla beş dəyəri qorumağı əsas məqsəd kimi qəbul etmişdir. Beləliklə, həyatı və sağlamlığı qorumaq, eləcə də bunun üçün lazımi tədbirləri görmək dinin ən mühüm məqsədlərindən biridir. Bununla yanaşı, siqaretə sərf olunan xərclərin israfçılıq çərçivəsinə daxil olmasında da şübhə yoxdur.
Nəticə etibarilə, müasir İslam alimlərinin əksəriyyəti, siqaretin insan orqanizminə və ətraf-mühitə verdiyi ziyanı və zərərləri nəzərə alaraq, caiz olmadığına, eləcə də caiz olmayan bir şeyin satışının da, caiz olmadığına hökm vermişlər.
2. Qəza namazı olanlar sünnə namazlarını qılmalıdırlar?
Cavab: İlk növbədə onu qeyd etmək lazımdır ki, əlbəttə ki, qəza namazları ilə məşğul olmaq nafilə namazlarla məşğul olmaqdan daha əfzəldir. Lakin beş vaxt namaza bağlı olan sünnələr, xüsusilə müəkkəd sünnələr bundan istisnadır. Yəni müəkkəd sünnələri tərk edərək, bunların yerinə qəzaya niyyət edilməsi məqsədəuyğun deyildir. Hətta, təhəccüd və duha namazı kimi, haqqında hədis olan namazlar da, bu qəbildəndir. Ona görə də, bu kimi namazları qəza namazları bəhanəsi ilə, tamamilə tərk etmək düzgün deyildir. Çünki bu kimi müəkkəd və ya qeyri-müəkkəd nafilə namazlar fərz namazlarını tamamlayır və onların başqa vaxt yerinə yetirilməsi qeyri-mümkündür. Qəza namazlarının isə, müəyyən vaxtları olmadığı üçün məkruh vaxtlar istisna olmaqla, hər vaxt yerinə yetirilməsi mümkündür.
Odur ki, fərz namazını qəzaya saxlayaraq, günaha girən kimsənin, bu günahdan qurtulmaq üçün sünnələrdən boyun qaçırması düzgün deyildir. Əksinə, müsəlman ibadət edərək uca Allahdan bağışlanmasını istəməli, eləcə də namazlarını qəza etməklə yanaşı, müəkkəd və qeyri-müəkkəd olmaqla, sünnə namazlarını qılmağa da davam etməlidir.
Onu da qeyd etmək lazımdır ki, sonradan İslamiyyəti qəbul edən şəxsin əvvəlki namazlarını qəza etməsinə ehtiyac yoxdur. Çünki Allah-Təala belə buyurur: “(Ya Rəsulum!) Kafir olanlara de: "Əgər onlar (öz küfrlərindən) əl çəksələr, keçmişdəki günahları bağışlanar” (Ənfal, 8/38). Bundan əlavə, Hz. Peyğəmbər də bir hədisində belə buyurmuşdur: “İslam daha əvvəli silər” (İbn Hənbəl, IV, 199, 204, 205).
3. Namaz qılarkən qadınların bəzi hərəkətləri kişilərdən fərqli etmələrinin səbəbini öyrənmək istərdim.
Cavab: Xüsusilə Hənəfi məzhəbində qadınlar namaz qılarkən bəzi hərəkətləri kişilərdən fərqli şəkildə yerinə yetirirlər. Məsələn, “iftitah təkbirini” qadınlar barmaqlarının uclarını çiyinləri səviyyəsinə çatacaq şəkildə sinələrinin önünə qaldıraraq edirlər. Həmçinin, iftitah təkbirindən sonra qadınlar əllərini sinə üstündə bağlayırlar və iki əllərini sinə üstünə halqa etmədən qoyurlar. Bundan əlavə, təhiyyatda oturarkən qadınlar sol ayaqlarını sağ tərəfə qoyaraq otururlar. Bu oturuşa “təvərrük” deyilir.
Nəticə etibarilə, bu və digər şəkildəki fərqliliklərin yeganə səbəbi “qadının örtünməsinə daha müvafiq” olduğu üçün qeyd olunmuşdur. Yəni hənəfilər sözügedən fərqliliklərin səbəbini fiqh kitablarında “bu, qadının örtünməsinə daha müvafiqdir” şəklində izah etmişlər.
ŞƏRHLƏR