HƏYAT DƏFTƏRİNDƏN
SÜPÜRMƏK MƏNDƏN, SULAMAQ SƏNDƏN
Neçə aydan bəri idi ki, bircə damcı da olsun yağış yağmamışdı. Heyvanlar üçün qurumuş gölməçədəki palçıqdan başqa su qalmamışdı. İnsanlar isə tükənmək üzrə olan quyu suları ilə birtəhər dolanırdılar. Çarəsizlik içində Allaha yalvarmaqdan başqa çıxış yolunun olmadığına inanırdılar. Neçə gündür ki, yağmur duasına çıxılmış, qurbanlar kəsilmiş, sədəqələr verilmiş, yetimlər sevindirilmiş, lakin istədikləri həyata keçməmişdi.
Çarəsiz qalmışdılar. Bir neçə kənd bir yerə yığışdı. Yenidən yağmur duasına çıxdılar. Bütün kənd camaatı böyük-kiçik demədən kəndin xırmanına yığışdı. Qəsəbənin və ətraf kəndlərin dindarları gəldi, Yasinlər və mövludlar oxundu, sədəqələr paylandı, qurbanlar kəsildi. Saatlarla dua edildi. Bütün gözlər səmaya dikildi. Yenə də göy üzündə bircə dənə də olsa qaraltı görünmürdü.
Ertəsi gün təkrar yağmur duasına çıxılacaqdı. Günəş çıxmış, hər tərəf aydınlanmışdı. Bu gün hava bir az da isti olacaqdı. Qadınlar səhər erkəndən quyunun başında növbəyə durmuş, su götürmək üçün gözləyirdilər. Kəndin kişiləri də evlərindəki işləri görüb qurtarmışdılar. Bir azdan yağmur duası üçün xırmana gedəcəkdilər. Bu gün şəhərdən müftü və dindarlar da gələcəkdilər.
Duha vaxtına az qalmış ətraf kəndlilər gəlməyə başladılar. Dua ayini başlamaq üzrə idi. Elə bu zaman yaşlı bir qadın belini tutaraq evinin qapısına çıxdı. Xəstəliyi və yaşlılığı səbəbi ilə dua yerinə gedə bilmirdi. Yağışın yağmamasına çox kədərlənir, durmadan tövbə və istiğfar edirdi. Ümidini heç itirmir, Allahın qullarına qarşı mərhəmətli olduğunu, bir gün mütləq yağış yağacağını düşünürdü.
Yaşlı qadın bükülmüş belinə baxmayaraq əlinə aldığı süpürgə ilə çöl qapısının qabağını çətinliklə süpürdü. Belini yavaşca dikəldərək nəm gözlərlə göyə baxırdı. Evinin qabağını süpürmədən əvvəl toz qalxmaması üçün hər zaman yerə su səpərdi. Lakin kənddəki susuzluq səbəbindən bu dəfə yerə su səpə bilməmişdi. Qalxan tox burnunu qıcıqlandırdı. Kim bilir, bir azca suya sahib olmağı nə qədər də çox istəyərdi. Məhz o an dilindən bu ifadələr töküldü: “Ya Rəbb! Süpürmək məndən, sulamaq Səndən!”
Hələ çöl qapısından içəri girməmişdi ki, göy üzündə, ta uzaqlarda qara bir nöqtə göründü. Bir neçə dəqiqə içində bütün göy üzü buludla dolmuşdu. Yarım saat içində elə bir yağış yağmağa başladı ki, tut ucundan çıx göyə. Yağmur duasına gedən camaat isə hələ duaya başlamadan qara buludların peyda olmasına təəccüb etməklə yanaşı əməlli-başlı islanmışdılar.
DOĞRULUQ TOXUMUNUN MEYVƏSİ
Bir zamanlar ölkələrin birində yaşlı bir kral vardı. Övladı olmayan kral yaşlanıb əldən düşdükdə öz yerinə kimi vəliəhd təyin edə biləcəyini düşünməyə başlamışdı. Özündən sonra dürüst, doğruluqdan əsla ayrılmayan birinin kral olmasını istəyirdi. İstədiyi keyfiyyətə sahib olan bir adam tapmaq üçün bu yolu seçir:
Adamlarına tapşıraraq ölkədəki bütün oğlan uşaqlarına çiçək toxumu paylatdırır. Kral bu toxumlardan çıxacaq çiçəklərdən ən yaxşısını kim gətirərsə onun vəliəhd olacağını bildirir.
Kralın paylatdırdığı toxumlardan biri də İr adlı gəncin payına düşür. İr toxumu böyük hörmətlə saxsı qaba əkir, ona qulluq edir. Lakin toxum cücərmir.
Anası toxumun əkildiyi dibçəyin düzgün seçilməmiş olma ehtimalını dedikdə toxumu başqa dibçəyə əkir və torpağını da dəyişir. Lakin bu dəfə də heç bir nəticə alınmır.
Nəhayət kralın vəd etdiyi gün gəlib çatır. Bütün oğlan uşaqları əllərində rəngarəng çiçəklərlə sarayın qabağında sıraya düzülürlər. Yalnız İr əliboş idi. Əlindəki boş dibçək ilə kədərli halda bir kənarda gözləyirdi. Kral bir-bir uşaqların yanından keçərək əllərindəki güllərə baxmış, bəzilərinə iltifat edərək keçib getmişdi.
İrin yanına gəldikdə onun boş dibçəyinə baxıb: “Oğlum, sənin dibçəyində heç gül yoxdur ki!” –soruşur. İr ağlamsınaraq: “Təəssüf ki, mənim toxumum cücərmədi.” –deyə cavab verir.
Bu cavabı alan kral İri qucaqlayaraq onu oğulluğa götürdüyünü və özündən sonra onun kral olacağını bildirir.
Meydandakılar heyrətdən donub qalmışdılar. Əlində bir-birindən gözəl çiçəklər olan uşaqlar bir kənarda qalmış, boş dibçəklə gələn biri isə vəliəhdliyə layiq görülmüşdü. Təəccüblə baxan camaatın marağını kral belə cavablandırır:
“Mənim paylatdırdığım çiçək toxumlarının hamısı qaynar suya salınmışdı. Yəni heç birindən çiçək çıxma ehtimalı yoxdu. Amma sadəcə bu uşaq dürüst davranaraq gerçəyi olduğu kimi mənə anlatdı. Məhz buna görə də məndən sonra kral olmağa o layiqdir.”
(Koreya xalq nağılı)
ŞƏRHLƏR