ELMLƏ XİDMƏT ETMƏ EŞQİ
İnsanların yaşamaq üçün ən mühüm ehtiyacları su və aşdır. Başqa bir ifadəylə desək; çörəkdir, qidadır. Biz insanlar həyat mücadiləmizi ən yaxşı şəkildə davam etdirə bilmək, bizdən gözlənilənləri maksimum səviyyədə yerinə yetirə bilmək, bu məqsədə çata bilmək üçün elm vasitələrindən yaxşı istifadə etməliyik. Həm özümüz üçün, həm ətrafımızdakıların daha rahat bir həyat yaşaya bilməsi üçün elmimizdən davamlı surətdə istifadə etməliyik. Elmi təbliğ etməyin qarşısına keçmək istəyənlərin bizə doğru atdığı zəhərli oxlara qarşı öyrəndiklərimizi üzümüzə qalxan edərək özümüzü qorunmağı bacarmalıyıq.
Heç vaxt “armud biş, ağızıma düş” atalar sözünü özümüzə ideal, çıxış nöqtəsi görməməliyik. Ağacın altında saatlarla yataraq o ehtiyacımızın bizə sarı gəlməsini gözləməməliyik. Elmimizi, ağlımızı işlədərək ona biz özümüz nail olmalıyıq.
Hədəflərimiz olmalıdır. Gələcəyin qayğısını çəkib, ölümün o xoş qorxusuyla diksinməliyik və həyata; belə demək olarsa dörd əllə sarılmalıyıq. Planlarımızı bu iki ana faktor çərçivəsində hazırlamalıyıq. İctimai həyatımızın bizə təqdim etdiyi imkanlar ilə elmimizdən ən yüksək səviyyədə istifadə etməliyik ki, cəmiyyətimizə, mədəniyyətimizə bir faydamız olsun.
Bayaqdan elmdən, savaddan danışırıq. Təbii ki, hər şeydən əvvəl bu elmi öyrənməliyik. Tənbəlliyi, məsuliyyətsizliyi həyatımızdan çıxarmalıyıq. İkinci olmaqdan və ya pis nəticələr əldə etməkdən qorxmamalıyıq. Yolumuza davam etməliyik. Müxalifət olduq deyə iqtidar olma ehtirasımızı heç bir zaman itirməməliyik. Davamlı olaraq birincilik kürsüsündə adımızı görə bilmək üçün elə hey çalışmalıyıq. Bu prosesdə elmə yetişməkdə bizə maneə törədən xüsusları ağlımız və marağımız sayəsində aşmalıyıq. Elmi özümüzə can yoldaşı bilib onun zirvəsinə çatmalıyıq. Bizdən əvvəl edilən kəşflərdən, icadlardan istifadə etməliyik.
Bəzən də qorxmalıyıq. İçimizdə elmə sahib ola bilməməyin ürpərtisini yaşamalıyıq. “Birdən olmasa, birdən öyrənə bilməsəm, birdən faydalı ola bilməsəm” -deyə düşünüb tüklərimiz biz-biz olmuş halda gəzməliyik. Elmə nail olana, əldə etdiyimiz elmdən cəmiyyətimiz üçün faydalı şəkildə istifadə edənə qədər rahat yuxu yatmamalıyıq. Yuxularımızda görməli, bu düşüncə ilə yuxumuzdan oyanmalıyıq. Elmə doğru yol qət etməliyik. Mücadiləmizə davam etməliyik. Lazım gəlsə adət-ənənələrimizin, cəmiyyətin önümüzə qoyduğu qaydaların, insan təbiətinin, vərdişlərin hüdudunu aşmalıyıq. Elmdən cəmiyyətimizdə istifadə edə bilmək üçün etdiyimiz işlərdə hər şey mübah olmalıdır bizim üçün.
Yox, o qədər də şişirtməyək. Dinimizə, təbiətimizə, sənətimizə, mədəniyyətimizə, mentalitetimizə zərər verməməliyik. Bəli, elmdən istifadə etməliyik. Cəmiyyətə faydalı olmalıyıq, amma xoşbəxtliyimizi arxa planda tutmamalıyıq. Özümüzə laqeyd yanaşmamalıyıq. Ən doğru şəkildə çalışmalıyıq. Müvazinəti də qorumalıyıq. Çünki elm bizə gündəlik həyatımızda lazım olan ehtiyaclarımızdan tutmuş, illik planlarımızı həyata keçirə bilməmizə qədər köməkçi olacaq birinci amildir. Onun üçün bəzən elə, bəzən belə deyərək tərəzini heç vaxt balanssız qoymamalıyıq.
Yeri gəldikdə fəlsəfə yürütməliyik, mübahisəyə girişməliyik, araşdırma aparmalıyıq. Mədəniyyətimizin incəliklərindən faydalanmalıyıq.
Bu qədər çalışmadan sonra əldə etdiyimiz elmdən cəmiyyətimizin və insan oğlunun faydası üçün istifadə etməliyik. İnsanların həyatını, yəni onların, özümüzün həyatını asanlaşdırmalıyıq. O qədər əziyyət çəkərək əldə etdiyimiz elmi Edison kimi cəmiyyətin, gələcəyin faydasnı üçün istifadə etməliyik. Əgər Edison öz elmini bizimlə paylaşmasaydı bu dəqiqə hamımızın başının üstündə bir şam ilə hər an bir fəlakətin baş verə bilmə ehtimalını (yanğını) düşünərək işlərimizə davam edərdik.
Bu kəşfdə elmin, əldə olunan elmi paylaşmağın cəmiyyət və insan oğlu üçün nə qədər əhəmiyyətli olduğunu Edison uzun illər bundan əvvəl bizə çox açıq bir şəkildə göstərmişdir.
Haydı, hərəkətə keçmə vaxtıdır. Öyrəndiklərimizi cəmiyyətimiz, çevrəmiz və insanlar üçün bazara çıxarma vaxtıdır. Onların daha da rahat bir həyat sürmələri üçün mühit hazırlamaq lazımdır. Mən gedirəm, sizə də insanlığa xidmət üçün arxadamdan gəlməyi tövsiyə edirəm. Bəlkə də bu etdiklərimizə görə qurtuluşa çatanlardan olarıq.
ŞƏRHLƏR