İslamın Orta Əsrlər Avropasına Təsiri
İslam dünyasının orta əsrlər Avropasına necə təsir etməsi alimlər və tədqiqatçılar tərəfindən araşdırılmış və bu tədqiqatların nəticələri bir çox elmi kitab və məqalələrdə dərc olunmuşdur. Ancaq İslamın təsirini tam şəkildə ələ alan heç bir əsər yoxdur. İslamın Avropaya töhfəsini qiymətləndirmək və Avropanın bu töhfəyə təşəkkürünü dilə gətirmək üçün çox az səy göstərilmişdir. Bu cür məruzələrin əsas məqsədi bu təsir və ona verilən reaksiya haqqında geniş məlumat verməkdir. Ancaq onu da qeyd etmək lazımdır ki, bu məlumatlar orta əsrlər Avropa tarixçisinin gözü ilə deyil, qərbli İslam tədqiqatçısının gözü ilə incələnmişdir.
Bu, iki mənaya gəlir. Birincisi mən Avropa tarixi barədə heç bir səlahiyyətim olmadığı halda bir həvəskar kimi danışıram. Buna görə də edəcəyim xətaları xoş qarşılamanızı təmənni edirəm. İkincisi mənim baxış tərzim avropalı tarixçinin baxış tərzindən fərqli olacaqdır. Müsəlmanların bir daha dəvət olunmadan Avropaya gələcəklərini zənn etmirəm. Onları daha çox yer üzünün böyük bir hissəsinə faydası toxunan və töhfəsi Fransaya qonşu olan ölkələrə qədər gəlib çatan mədəniyyətin təmsilçiləri sayıram. Mən İslam mədəniyyətinin sadəcə Qərbi Avropa və ya Latın Xristian dünyasına vermiş olduğu töhfələrin üzərində duracağam.
Müsəlmanlarla xristianların, ərəblərlə avropalıların “bir dünya” içərisində getdikcə qaynaşdıqları bu zəmanədə, İslamın Avropaya təsirini araşdırmaq çox yerində atılmış bir addımdır. Orta əsr xristian müəlliflərinin zehinlərində formalaşdırdıqları İslam anlayışının tamamilə iftiraya əsaslandığı çoxdan hər kəsə məlumdur. Hələ yeni-yeni, keçən əsrdə tədqiqatçıların apardıqları tədqiqatların nəticəsi olaraq qərblilərin önünə daha obyektiv bir mənzərə ortaya çıxır. Ancaq biz avropalıların kor gözü İslam mədəniyyətinə olan borcumuzu görməyə mane olur. Keçmişdən günümüzə gələn mirasımıza İslamın təsirinə ya xor baxırıq, ya da baxmaq istəmirik. Müsəlmanlar və ərəblərlə daha yaxşı münasibət qurmaq üçün borclarımızın hamısını etiraf etməyə məcburuq. Onu gizlətmək və inkar etmək təkəbbür əlamətidir.
Almanlarla macarların, slavyanlarla skandinaviyalıların işğallarından bəhs edən bir tarixçi, sıra müsəlmanların İspaniyanı tutmasına gəldikdə bunu digərlərindən fərqli olaraq “barbar” işğalı kimi təqdim etməyə çalışır. Bu gün Avropanın barbar istilaçıların siyasi və ictimai ənənələri üzərində yüksəldiyi qəbul edilir. Elə isə müsəlman ərəblərin digər barbar millətlərlə eyni göstərilməsinə son qoymaq lazımdır. Düzdür, fəthlər zamanı müsəlman ərəblərlə onların müttəfiqi olan barbarların mədəniyyətləri digər işğalçıların mədəniyyətlərindən üstün deyildi. Lakin aralarında ciddi fərqlər vardı. O işğalçılar qəbiləçiliyə əsaslanan və mədəniyyətin təkamülü ilə əlaqədar heç bir şey bilməyən toplumlara mənsub idilər. Halbuki müsəlman ərəblər I və II əsrlərdə (hicri) elə bir dövləti təmsil edirdilər ki, bu dövlət Afrikadan Əfqanıstana kimi çox geniş bir ərazidə ən yüksək mədəniyyətə sahib idi.
İslam mədəniyyətinin yüksəlməsində bəzi önəmli faktorlar vardır ki, bu faktorlardan biri qədim Orta Şərq mədəniyyətinin İslam mədəniyyəti ilə qaynaşmasıdır. Hz. Məhəmmədin (s.ə.s.) vəfat etdiyi və böyük fəthlərin hələ başlamadığı 632-ci ildə ərəblər bəzi sahələrdə geri qalmışdılar. Maddi sərvətləri az idi. Ədəbi zənginlikləri Hz. Məhəmmədin onlara təbliğ etdiyi Qurani-Kərim, şeir və xitabətdən ibarət idi. Müsəlmanlar 80 il sonra İspaniyanı fəth etdiklərində də mədəniyyətləri çox yüksək səviyyəyə çatmamışdı. Hətta İslam ordusundakı bir çox barbarın mədəni səviyyəsi daha da aşağı idi. Lakin müsəlmanlar İraq, Suriya və Misiri fəth etdikdən sonra Orta Şərqin mühüm elm mərkəzlərini ələ keçirdilər. Başqa mədəniyyətlərə mənsub olan bir çox insan İslam dinini qəbul etdi. Bunun nəticəsində də əsrlərlə davam edəcək “intellektual mayalanma” başlandı. Ərəblər Firon dövründəki Misirin, akkad və şummerlərin 1000 illik şəhər mədəniyyəti təcrübələrini əldə etdilər. O dövrlərdən gələn mədəniyyət nümunələri ərəb dilində ifadə olunmağa başladı.
IX əsrdə əsasən dini elmləri tədris edən bəzi ali təhsil müəssəsələri meydana gəlmişdi. Bu əsrin sonlarında bir çox böyük şəhərlərdə bugünkü universitetlərə bənzər müəssəsələr qurulmuşdu. Bunlardan biri də Qahirədə yerləşən Camiul-Əzhərdir (Əzhər Universiteti). Bu universitet min ildən çoxdur ki fəaliyyət göstərir.
Müsəlmanlar dini elmlərlə yanaşı, “əcnəbi elmləri” adlandırdıqları yunan fəlsəfəsi, tibb, astronomiya və digər elmlərdə də irəliləyişə nail oldular. İraq müsəlmanlar tərəfindən fəth olunduğu zaman xristianlar oradakı məktəblərdə bu elmləri tədris edirdilər. Digər tərəfdən də yunan dilində yazılmış bir çox qaynaq əsər elm dili olan süryani dilinə tərcümə olunmuşdu. Bu əsərlər 800-cü ildən əvvəl ərəb dilinə tərcümə edilməyə başlansa da, bunların tərcüməsi ilk dəfə xəlifə Məmun (813-833) tərəfindən sistemləşdirilmişdir. Yunan dili bir müddət daha çox xristian məktəblərində tədris olunurdu. Lakin X əsrdə müsəlmanlar və yaxud da sapıq sayıldıqları üçün “sözdə müsəlmanlar” orjinal əsərlər yazmağa başladılar. Onların qələmə aldıqları bu orjinal əsərlər yavaş-yavaş İslam düşüncəsinin nüvəsini meydana gətirdi.
İslam mədəniyyəti təqribən X əsrin ortalarında yüksək səviyyəyə çatdı və XVII əsrə qədər bu səviyyəni qorudu. Sadəcə İslam dövlətinin hər hansı bir bölgəsi ilə məhdudlaşmayan bu mədəniyyət İslam dininin güclü olduğu bütün bölgələrə yayıldı. İslam alimləri məşhur alimlərlə görüşmək üçün səyahətlər təşkil edirdilər. Əndəlüs Əməvi dövləti Bağdad Abbasi xəlifəsini qəbul etməsə də, mədəni cəhətdən müsəlman şərqi ilə əlaqələrini kəsmədi. Şərqdəki kitablar bir neçə il ərzində İspaniyaya da çatdı və Əndəlüs alimləri İslam elminin və ədəbiyyatının inkişafına böyük töhfə verdilər. VIII əsrin əvvəlində ərəblərlə barbarlardan ibarət olan müsəlmanlar İspaniyanı fəth etdikdə, İspaniyanın can atdığı və qarşılaşdığı mədəniyyət məhz belə bir mədəniyyət idi.
ŞƏRHLƏR