SƏTİRLƏRDƏN KÖNÜLLƏRƏ…

SƏTİRLƏRDƏN KÖNÜLLƏRƏ…

Həzrət Peyğəmbərin dünyasını dəyişməsi ilə bağlı Hz. Ömərin tövrü çox diqqətçəkicidir. Bu tövr qarşısında Hz. Əbu Bəkrin cavabı da bir o qədər ibrətlidir. 

Bir anlıq yada salaq:

Peyğəmbərimizə canları bahasına bağlı olan əshabi-kiram uzun illər Onun ətrafında pərvanə olmuş, Onu sevmiş, Onunla kədərlənmiş, Onunla sevinmiş bir cəmiyyət formalaşdırmışdı. Başlarında Allah Rəsulu vardı. Onun şəxsində özlərinə və ümmətə nazil olan vəhy. Rəsulullahın formalaşdırdığı yeni xarakterlər. Cəhalət bataqlığından çıxarıb İslamın nuruna qərq etdiyi məkkəli, mədinəli və digər bölgələrin insanları. Əsri-səadət adlanan bir dövrün zirvə şəxsiyyətləri.

Allah Rəsulu ilə bütünləşmiş bir həyat. Elə bir həyat ki, ona istiqamət verən hər zaman O olmuşdur. Allah Rəsulu səhabələrin həyatına, evinə, ailəsinə, iş dünyasına qədər nüfuz etmişdi. Onlar üçün Rəsulullahın hər işarəsi bir ölçü olmuşdu. Bu qədər dərin bir sevgi-məhəbbət.

Və günlərin birində hər canlı üçün yazılmış olan ölüm Peyğəmbərimiz üçün də təcəlli edir. Rəsulullah onu canlarından çox sevən səhabələrinin arasından yenə onu çox sevən Rəbbinin hüzuruna köçür. Rəfiqi-Əlaya yüksəlir. Əshabi-kiram bəlkə də uzun illərdən sonra ilk dəfə bu qədər kədərə qərq olurlar. Dağılmış təsbeh dənələri kimi hər biri bir tərəfə sovrulur sanki. Bu, Rəsulullahın vəfatının ilk təsirləridir. Ürəkləri yandırır, gözləri yaşardır. Keçmişdə aşananları film kimi gözlər önünə gətirir. Bir növ səhabələrə “hey gidi günlər” dedirdir.

Səhabənin o ankı hərəkəti insani bir refleksdən irəli gəlir. Dünən var olan Allah Rəsulu bu gün aralarında yoxdur. Dünən onlara namaz qıldıran, söhbətlər edən, üzlərinə baxan, təbəssüm edən, onlara adları ilə xitab edən Rəsulullah bu gün yoxdur. Əbədi aləmdə hicran bitənə qədər yoxdur.

Günlər necə əvvəlki kimi ola bilərdi? Məsciddə namazlar necə əvvəlki kimi coşqulu ola bilərdi? Onun mübarək ağzından çıxan hər sözü başlarının üstündə quş varmış kimi necə diqqətlə dinləyəcəkdilər?

Ruhlarda baş verən təlatümlər zaman-zaman hərəkətlərə də sirayət edir.

Hz. Ömərin nərəsi bütün Mədinə küçələrini lərzəyə salır, Rəsulullahın vəfatı ilə bağlı heç kimin bir söz belə söyləməsinə izin vermir.

“Kim Rəsulullah öldü” desə boynunu vuraram. Həzrət Ömərdəki bu inkar əslində səhabələrin təhtəl-şüurunda var olan bir duyğu idi. Bəlkə də onlar Ömərin istədiyinin həyata keçməsini çox istəyirdilər.

Amma elə deyildi. Allah Rəsulu artıq bədən olaraq yox idi. O da hər fani kimi dünyadakı ömrünü bitirmiş və Rəbbinə qovuşmuşdu.

Digər tərəfdən Hz. Əbu Bəkr səslənir. Hz. Ömərin bu təhlükəli hərəkətinə cavab verir. Və o da nərə çəkir:

“Kim Rəsulullaha iman gətirmişsə, bilsin ki, O artıq yoxdur. Vəfat etmişdir. Kim Allaha iman gətirmişsə, bilsin ki, Allah əbədidir.”

Rəsulullahın yoxluğuna dözə bilməyən onlarla səhabə. Məsələn, Bilal (r.a). Hz. Peyğəmbərin yoxluğuna heç cür dözə bilmir. Tərki-diyar olur. “Onun nəfəs almadığı yerlərdə mən necə nəfəs alaram?!” –deyir. Divanə olub diyar-diyar dolaşır. Uzun illərdən sonra Mədinəyə qayıdır. Hıçqırıqlara boğularaq bir azan oxuyur. Səsi yarıda kəsilir. Hər kəs Rəsulullahın gəldiyini zənn edir. Bilal, azan və Rəsulullah. Nə qədər eyniləşmişlər ki, hər kəs yerindən sıçrayıb Məscidi-Nəbəviyə tərəf axışır. Səhabələr sanki ilğım görürlər. Bir  daha göz yaşlarına boğulurlar. O yoxdur…

Peyğəmbərimizin dünyanı şərəfləndirməsindən tam 1441 il keçib. Hər anı dolu olan 63 il ömür sürüb Rəsulullah. Dastanlaşan bir mücadilə həyatı. Müşrik bir cəmiyyəti əsri-səadətə çevirmək üçün nəbəvi bir mücadilə. Öz qövmü ilə mücadilə. İşgəncələr, sürgünlər və s. Təcridolunmalar, nəhayət hicrət. Ən ali qardaşlıq nümunəsi – mədinəlilər. Sonra İslam dövləti. Döyüşlər, fəthlər. Məkkənin fəthi. Dünən haqqında ölüm hökmü verdikləri insandan aman istəyirlər. Müşriklər böyük bir məğlubiyyət yaşamış, kimisi əfv istəyir, kimisi qaçacaq bir yer axtarır. Rəsulullah hər zaman olduğu kimi təvazökar, şəfqətli və mərhəmətli.  

Onun dünyaya gəlişi bizi nə qədər sevindirirsə, vəfatı da bir o qədər hüznə qərq edir. Onu görmədik, amma Onun sevgisi uğrunda yazılan hər sətir ürəyimizdə yeni üfüqlər açmalıdır. Onun sətirlərdə tərif olunan mənəvi şəxsiyyəti bizi Ömər kimi sarsıtmalı, Əbu Bəkr kimi etidala çağırmalıdır. Bizə bir səhabə səviyyəsi qazandırmalıdır. Yazılan hər bir söz Onu tərif etməyə güc yetirməz bəlkə. Amma ürəklərimizdə Ona olan isti sevgimizi hiss edə bilərik. Mübarək Doğum günlərini aylara, illərə, hətta bir ömür boyu həyat tərzi halına gətirməyi düşünə bilərik. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz