Səndən Xəbərsiz
Vaxt var idi bu torpaqlarda Leninizm hökm sürürdü. Hər sözümüz ona hörmət, ona təriflə başlayırdı və ona təzimlə qurtarırdı. Belə etməsək sonumuzun nə olacağı hər kəsə məlum idi.
Böyüklər işin iç üzünü bilsələr də kiçiklərə ondan bəhs etməyə çəkinir və qorxurdular. Biz, o vaxtkı kiçiklər bəzi böyüklərimizin Leninə aid yazdığı şeir, hekayə və romanları oxuyub onu həmişə üstün tutar və hörmət edərdik. Tez-tez kitab, jurnal və qəzetlərdə “Moskvadan doğan günəş” adlı hekayələr dərc olunar və yanında gənc Ulyanovun çalışqan, qurtarıcı və nümunəvi şəklini verərdilər. Bizlər onu müqəddəs bildiyimiz üçün onun şəkildə dayandığı kimi dayanmağa çalışardıq.
Amma heç bilməz və xəbərdar olmazdıq ki, bizim unutduğumuz bir şəxs əsrlər əvvəl bizi xatırlayıb bizə ümmətim demişdi. Bəs niyə unudulmağa məhkum biri həmişə xatırlanır, sevilib örnək alınacaq bir şəxs isə unudulurdu? Bir sözlə onsuz və ondan xəbərsiz olduğumuzdan belə, xəbərimiz yox idi. Elə bir cəmiyyətdə yaşayırdıq ki antropomorfist düşüncə ilə inanırdıq hər inandığımız və müqəddəs tutduğumuza. Ümməti olan bizlər üçün “Qardaşlarım üçün darıxdım” deyən bir insanın sevgisi yox idi bizlərdə. Çünki biz sadəcə görə bildiyimizi sevə bilərdik. Görmədən sevməyi bilmirdik və bacarmırdıq. Nəhayət, o imansız və tərəfkeş quruluş dağıldı, insanlar “manqurt” kimi düşünməkdən xilas oldu. Düşüncəsində sərbəst olan insanlar qəlbini və vicdanını dinləyərək zəif qalan imanlarının tozunu silməyə müvəffəq oldular.
Ey Rəsul! Sonralar səniz, səndən xəbərsiz olduğumuzu yavaş-yavaş anladıq. Gec də olsa sənə elə bağlandıq ki, sənin o səadət əsrinin tarixini vərəqləyəndə özümüzü sənin yanında hiss etdik. Biz sənə elə bağlandıq ki, sənə olan hər bir əziyyətin ağrı-acısını ürəyimizin ən dərin yerində hiss etdik. Sənə elə bağlandıq ki, sənin vəfatın hz Ömərə, hz Əliyə, hz Osmana və digər əshabına necə təsir etmişdisə bizə də elə təsir etdi. Hz Bilalın sənin yoxluğun səbəbiylə azan oxuya bilməməsi qədər bizə də təsir etdi. Biz səni görməsək də görmüş və yanında olmuş kimi sevdik. Biz səni görmədən sevdik. Sənsizliyi indi anladıq gec də olsa.
Məndən böyük qardaşım Xatəmul-Ənbiya adlı kitabdan möminlərin anası hz Xədicə və sənin himayədarın Əbu Talib vəfat etdikdən sonra üstünə kül atılmış vəziyyətdə evə gələrkən sevimli qızın hz Fatimənin ağlayaraq üstünü təmizləməsini oxuyarkən ağlamaqdan oxumağa davam edə bilməməsini xatırlayanda, ağlamaqdan özümü tuta bilmirəm. Biz səni görmədən sevdik və elə bağlandıq ki, bir gün peyğəmbər sizə gəlsə deyiləndə həyəcandan ürəyimiz titrədi. Sənin sevgindən xəbərsiz bir cəmiyyətdə doğulub böyüsək də sənə olan sevgimiz ifadə edilə bilməz dərəcədə çoxdur. Bir çox insanın il boyu ana və atasını unudub, yalnız 8 mart və atalar günündə xatırlaması kimi, səni sadəcə mövlud vaxtı xatırlamaq sənə olan sevginin əskikliyindən irəli gəlir hər halda. Sən o 63 illik mübarək ömrün və xüsusən də 40 yaşından sonra gələn 23 illik təbliğ həyatında o qədər səmimi yaşayıb, səmimi davranıb, könüldən təbliğ etdin ki, səni tanımayan, sevməyən və örnək almayan yoxdur.
Səni ilk dəfə görənlər sənə aşiq olardı. Səni bir dəfə sevən bir daha unuda bilməzdi. Sən bizi görmədən sevdiyin üçün biz də səni görmədən sevdik.
Allahım! Sənin Rəsulunun sevigisindən yoxsul qəlbdən, sünnəsindən məhrum əməldən sənə sığınırıq. Amin!
ŞƏRHLƏR